Azərbaycan iqlim dəyişikliyi ilə mübarizəni fəallaşdırır

post-img

2050-ci ilədək karbon emissiyasının həcmini 40 faiz azaltmaq nəzərdə tutulur

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunan və Prezident İlham Əliyevin də açılış mərasimində iştirak etdiyi Dünya İqlim Fəaliyyəti Sammitinə beynəlxalq miqyasda böyük maraq göstərilməsi təsadüfi deyil. Bu barədə müəyyən fikirləri diqqətə çatdırmazdan əvvəl xatırladaq ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı 1995-ci ildən etibarən hər il keçirilib. Bu tədbirin reallaşdırılmasında əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirmək olub. 

Yeri gəlmişkən, ötən əsrin 90-cı illəri­nin ortalarından başlayaraq keçirilən və ənənə halını alan konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdı­rılması ilə bağlı icbari hüquqi öhdəlikləri nəzərə çarpdıran Kyoto Protokolu müza­kirə olunub. 2011-2015-ci illərdə isə real­laşdırılan sessiyalarda isə iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris Sazişi müza­kirə edilib və 2015-ci ildə qəbul olunub. Bu günədək 195 ölkə, o cümlədən Azər­baycan bu razılaşmaya qoşulub. Qeyd edək ki, respublikamız 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyası­nın 35 faiz azaldılması, 2050-ci ildə isə bu hədəfin 40 faizə çatdırılacağına dair öh­dəliyi təsdiqləyib. Azərbaycan hökuməti 2015-ci ildə qəbul edilən Paris Sazişi üzrə öhdəlikləri yerinə yetirmək vəzifəsini prio­ritet istiqamət kimi daim diqqət mərkəzin­də saxlayıb. 

Ümumiyyətlə, bu məsələyə xüsusi önəm verilməsi Ümumdünya Meteoro­logiya Təşkilatının (ÜMT) hesabatında da öz əksini tapıb. Sənəddə bu ilin iqlim sahəsində rekordlar ilə yadda qalması və müşahidələrin bütün tarixində ən isti il ol­duğu bildirilib. 

ÜMT-nin həmin hesabatında diqqət istixana qazlarının konsentrasiyasının artması, dəniz səthində temperaturun yüksəlməsi və dəniz səviyyəsinin qalx­ması və Antarktidada dəniz buzlaqlarının sahəsinin ən aşağı həddə düşməsi üzrə rekord göstəricilərə yönəldilib. 

Hesabatda ifadə edilən bu fikrin təs­diqi məqsədilə oktyabrın sonuna olan məlumatlara əsasən, vurğulanır ki, bu il havanın temperaturu 1850–1900-cu illə­rin sənayeyə qədərki baza səviyyəsindən təqribən 1,40 dərəcə Selsi yuxarı olub. Bununla da 2023-cü ilin əvvəllər ən isti dövr hesab edilən 2016–2020-ci illərdən fərqi aydın şəkildə nəzərə çarpıb.

Ekspertlər bildirirlər ki, 2015-ci il­dən bu ilə kimi, Şimal yarımkürəsində 2023-cü ilin yazında ortaya çıxan və yay­da sürətlə inkişaf edən istiləşmə yaradan El Nino hadisəsi, çox güman ki, 2024-cü ildə istiliyi daha da artıracaq, çünki El Nino adətən öz zirvəsinə çatdıqdan sonra qlobal temperatura ən çox təsir edir. Dün­yada istixana qazlarının konsentrasiyası rekord həddə qeydə alınıb. Qlobal tem­peratur rekord səviyyəyə yüksəlib. Dəniz səviyyəsinin qalxması rekord səviyyədə qiymətləndirilib. Antarktidada dəniz buz­larının səviyyəsi yüksək göstəricilərlə ifa­də olunan səviyyədə azalıb. 

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşin bildirdiyinə əsasən, 2023-cü il ərzində dünyada baş verən yanğın, daşqın hadisələri ilə və qızmar istilərlə yadda qalıb. BMT-nin Baş katibi Ümumdünya Meteorologiya Təş­kilatının iqlim hesabatını müşayiət edən videomesajında dünya liderlərini iqlim dəyişikliyi ilə bağlı təcili tədbirlər görməyə çağırıb. A.Quterreş daha sonra deyib: “Bi­zim qlobal temperatur artımını 1,5 dərəcə Selsiyə qədər məhdudlaşdırmaq və iqlim xaosunun ən pis təsirlərindən yayınmaq üçün yol xəritəmiz var. Lakin iqlimlə bağlı fəaliyyət planlarının növbəti raundunda aydın gözləntilər müəyyənləşdirmək və onları gerçəkləşdirmək zəruridir. Bu za­man əsas məqsəd isə 1,5 dərəcə Selsi limitini qorumaq və qazıntı yanacaqlarını mərhələli şəkildə ləğv etməkdir. 

Mütəxəssislər bildirirlər ki, istiləşmə­nin gələcəkdə də davam edəcəyi gözləni­lir. Bu dəyişiklik isə əsrlərdən minilliklərə qədər zaman miqyasında geri dönməz prosesdir. Okeanların istiləşmə sürətinin son 20 ildə, xüsusilə, davamlı şəkildə art­ması da bunun bariz ifadəsidir. Yeri gəl­mişkən, cari il qlobal orta dəniz səviyyəsi 1993-cü ildən bəri ən yüksək həddə çatıb ki, bu da okeanların davamlı istiləşməsi, habelə buzlaqların və buz təbəqələrinin əriməsini əks etdirir. Son on ildə (2013–2022) qlobal orta dəniz səviyyəsinin qalx­ma sürəti peyk müşahidələrinin birinci onilliyindəki (1993–2002) dəniz səviyyə­sinin qalxma sürətindən iki dəfə çoxdur.

Emin BAĞIROV,
ETN Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, fəlsəfə doktoru

Ətraf mühitin və ekoloji tarazlığın qorunmasına həssaslıqla yanaşan Azərbaycan bununla bağlı qoşulduğu bir sıra beynəlxalq sazişlərin tələblə­rinə daim ciddi şəkildə riayət edir. Bu baxımdan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasını və Paris Sazişini xüsusi qeyd etmək lazımdır. 

2016-cı ilin aprelində imzalanan və həmin il oktyabrın 28-də Milli Məclis tərəfindən ratifikasiya olunan həmin sazişinə əsasən, respublikamız in­diyədək əldə etdiyi yüksək nəticələ­ri adıçəkilən konvensiya katibliyinə təqdim edib. Ölkəmiz qlobal iqlim də­yişmələrinə təsirlərin yumşaldılması təşəbbüslərinə özünün töhfəsi olaraq baza ili ilə (1990-cı il) müqayisədə 2030-cu ilədək istilik effekti yaradan qaz emissiyalarının 35 faiz azalma sə­viyyəsində saxlanılmasını hədəf kimi götürüb. 

Ökəmizdə atmosferə atılan is­tixana qazlarının azaldılması və de­karbonizasiya sahəsində mühüm layihələr həyata keçirilir. Bu baxım­dan “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda respublika­mızın təmiz ətraf mühit və “yaşıl artım ölkəsi”nə çevrilməsi ilə bağlı çoxsaylı tədbirlərin reallaşdırılması nəzərdə tutulur. Sənəddə qeyd olunduğu kimi, yaxın illərdə ölkəmizdə təbii resurs­lardan dayanıqlı və davamlı istifadə təmin olunacaq, tullantıların səmərəli idarə olunması sistemi inkişaf etdirilə­cək. Bunun da nəticəsində tullantıların təkrar emalı prosesinin əhatə dairəsi ölkə üzrə 20 faizə, regionlarda isə 10 faizə çatdırılacaq. 

Qeyd edim ki, qarşıdakı 5 il ərzin­də ölkəmizin sosial-iqtisadi inkişafının sürətləndirilməsini nəzərdə tutan stra­tegiyada tullantıların yaranması, təkrar emalı və zərərsizləşdirilməsi ilə bağlı uçotun təkmilləşdirilməsi, məlumat bazasının və elektron informasiya sis­teminin yaradılması, bu sahədə kadr potensialının gücləndirilməsi planlaş­dırılır. 

“Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi in­kişaf Strategiyası”na əsasən, növbəti illərdə regionlarda bərk məişət tullan­tılarının mərkəzləşdirilmiş idarə olun­ması sistemi yaradılacaq, bu sahənin maddi-texniki bazası gücləndiriləcək, təhlükəli tullantı poliqonlarının infrast­rukturu müasirləşdirilərək mərkəzləş­dirilmiş zərərsizləşdirmə qurğularının tətbiqinə diqqət artırılacaq. 

Ekologiya və Təbii Sərvətlər Na­zirliyinin məlumatına görə, ölkəmizdə atmosferə atılan istixana qazlarının azaldılması, karbon kreditləri və kar­bon ticarəti sisteminin yaradılması və tənzimlənməsi məsələsi hazırda diqqətdə saxlanılır. Bu məqsədlə icti­mai müzakirənin keçirilməsi də nəzər­də tutulur. 

Ötən il Qlazqo şəhərində keçirilən iqlim sammitində Azərbaycan 2050-ci ilə qədər istixana effekti yaradan qaz­ların emissiyasının həcmini 40 faiz azaldılması ilə bağlı şərti hədəf kimi götürüb. Bundan əlavə, ölkəmiz işğal­dan azad edilmiş ərazilərdə təmiz sıfır emissiyası zonasının yaradılması ilə bağlı planlarını bəyan edib.

Bu gün sıfır tullantı zonası hesab edilən Qarabağ və Şərqi Zəngəzur iq­tisadi rayonlarında işlər məskunlaşma planına uyğun olaraq həyata keçirilir. Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsi ilə əlaqədar “Tə­miz Şəhər” ASC tərəfindən Zəngilan poliqonu ərazisində 3 ədəd müvəqqəti tullantı hücrəsi hazırlanıb və tullantıla­rın zərərsizləşdirilməsi təşkil olunub. Ağalı kəndində məişət tullantılarının gündəlik daşınması üçün 8 meydan­çada 35 konteyner yerləşdirilib. 

Hazırda Zəngilan poliqonunda ha­zırlanmış müvəqqəti tullantı hücrələ­rində tullantıların zərərsizləşdirilməsi prosesi davam etdirilir. Yeri gəlmişkən, adıçəkilən ASC-nin korporativ struktu­runda Şərqi Zəngəzur regional bölmə­si yaradılıb. Bu da yerli sakinlər üçün iş əlavə iş imkanı deməkdir. 

 

Vaqif BAYRAMOV
XQ



İqtisadiyyat