İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dövlətləri Təşkilatının (TDT) katibliyi ilə birgə hazırladığı “Türk dövlətləri iqtisadiyyatı” kitabının daha bir təqdimatı Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilib.
Mərkəzdən verilən məlumata görə, TDT-nin Macarıstan nümayəndəliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin dəstəyi ilə reallaşan tədbirdə İİTKM-in Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Ayhan Satıcı qonaqlara kitab haqqında ətraflı məlumat verib.
Tədbirdə Azərbaycan Respublikasının Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə, Türk dünyası ölkələrinin diplomatik korpus təmsilçiləri, Macarıstan Xarici İşlər Nazirliyinin Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə nümayəndəsi, Macarıstan Beynəlxalq Münasibətlər İnstitutunun elmi işçiləri, Metropolitan Universitetinin nümayəndələri və Macarıstan “Daily News” xəbər agentliyinin jurnalistləri iştirak ediblər.
TDAM-ın rəhbəri A.Satıcı “Türk dövlətləri iqtisadiyyatı” kitabının 7 ölkədən 35-dən çox müəllifin iştirakı ilə hazırlandığını, TDT-nin Macarıstan nümayəndəliyinin rəhbəri Talaibek Kydyrov isə kitabın türk dünyası üçün yeni bir yol xəritəsi olduğunu və növbəti birgə araşdırmalara stimul verdiyini bildirib.
XQ