Zərif məxluq müstəmləkəçiliyə qarşı güclü qüvvədir

post-img

Bakıda keçirilən “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda beynəlxalq konfrans çərçivəsində, həmçinin Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Dekolonizasiya: qadınların gücləndirilməsi və inkişafı” mövzusunda iclas keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycan Pre­zidenti İlham Əliyevin iştirakçılara mü­raciəti oxunub. Müraciəti Prezidentin köməkçisi – Prezident Administrasiyası­nın Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev səsləndirib. 

Sonra çıxış edən “Lagazetteaz.fr” qə­zetinin baş icraçı direktoru Jan-Mişel Brun Fransanın müstəmləkə siyasətindən və bu siyasətdən əziyyət çəkən insanların hüquqlarının pozulmasından danışıb. O deyib: “Azərbaycan qadına azadlığı hələ əsrlər bundan əvvəl verib. Fransaya isə bu, 5 əsr sonra gəlib. Biliklərin dekoloni­zasiyası qadınların dövlətin, ictimaiyyətin həyatına müsbət təsirini göstərməkdədir. İnanıram ki, Bakı konfransı bu istiqamət­də öz töhfəsini verəcək. 

Fransa bütün dünyanı gəzərək öz bayrağını asmağa çalışıb və çətin şərait­də yaşayan xalqları öz əsarətində saxla­yıb. Bu müstəmləkəçilik siyasəti əsrlərdir davam edir. Fransa 1958-ci ildə Əlcəza­irdə qadınları bir araya yığaraq çadrala­rını atmalarını dedi. Amma bu, “azadlıq” adı altında bir hiylə idi.

Azərbaycan gender bərabərliyi möv­zusunda örnəkdir. Bu ölkədə qadınlar ki­şilərlə birgə çiyin-çiyinə çalışır”, – deyə o əlavə edib. 

Korsikada qadınların hüquqlarının pozulduğunu diqqətə çatdıran Martini­kanın Azadlıq Partiyasının nümayəndəsi Luk Fransis Karol bu adada qadınların ağır formada zorakılığa məruz qaldıqla­rını qeyd edib. 

Seneqal "YDNA VITA" LTD təşki­latının rəhbəri olan İbrahima Diagne müstəmləkəçiliyin insanları tam təcrid et­mək olduğunu bildirib. O deyib ki, domi­nantlığa son qoyulmalı və irqi ayrı-seçki­lik başa çatmalıdır.

“Fransa qardaşlıqdan, bərabərlikdən, azadlıqdan danışır, amma bu hüquqların kimin üçün olduğunu anlamır. Çünki ta­rix də sübut edir ki, bu ölkəmin müstəm­ləkəçilik siyasətindən əziyyət çəkən xalqlarımız həmişə ayrı-seçkiliyə məruz qalıblar”, – deyə Qvadelupanın Bey­nəlxalq Reparasiya Hərəkatının Birinci vitse-prezidenti Viktorin Cinna iclas işti­rakçılarının diqqətinə çatdırıb. 

Fransanın öz maraqlarından çıxış edərək Afrika ölkələrini istismar altında saxladığını vurğulayan nümayəndə qitə ölkələrini müstəmləkəçilik siyasətinə qarşı birliyə, həmrəyliyə çağırıb. 

Digər çıxış edənlər də müstəmləkəçi­lik siyasətinə qarşı mübarizənin vacibli­yini bildirib, səyləri birləşdirməyə çağırış ediblər. Qeyd olunub ki, özünü dünyada humanist, demokratik ölkə kimi qələmə verən Fransa XXI əsrdə müstəmləkəçilik siyasəti yürütməkdə davam edir və buna son qoyulmalıdır.

“Dekolonizasiya: qadınların gücləndi­rilməsi və inkişafı” mövzusunda iclasdan sonra fləşmob nümayiş etdirilib. Fləşmob çərçivəsində Fransa yürütdüyü müstəm­ləkəçilik siyasətindən əziyyət çəkən ölkələrin konfransdakı nümayəndələri xəritə üzərinə öz bayraqlarını sancaraq beynəlxalq ictimaiyyətə çağırış ediblər.

Xatırladaq ki, Azərbaycan BMT Baş Assambleyasından sonra ən böyük bey­nəlxalq təsisat olan Qoşulmama Hərəka­tına (QH) 2019-cu ildən etibarən rəhbərlik edir. Ölkəmizin təsisata sədrliyi dövrün­də gördüyü işləri yüksək qiymətləndirən Hərəkata üzv dövlətlərin yekdil qərarı ilə Azərbaycanın sədrliyi daha bir il uzadılıb.

XQ

Sosial həyat