Müdriklik fəlsəfəsi

post-img

Bizi Heydər Əliyev dövründən ayıran illər ərzində onun dərin zəkası, fenomenal yaddaşı, polad iradəsi, təcrübi dəyərlərə söykənən sözləri ən güclü silah kimi xatirələrdə geniş yer tutur. Heydər Əliyev hər kəsin bacarmadığı halda,   xalqla elə danışırdı ki, hər bir vətəndaş deyilənləri şəxsən ona müraciət kimi qəbul edirdi. İncə psixoloq və diplomat həmsöhbətinin əhval-ruhiyyəsinin ən xırda nümunəvi  anlarını belə tutmağı bacarırdı.

Böyük siyasi təcrübəyə malik olan Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyi ənənələrinin inkişafında, xalqın milli mənlik şüurunun oyanmasında əvəzsiz rol oynamışdır. O, müxtəlif illərdə dövlət vəzifələrində çalışaraq, ölkənin iqtisadi və mədəni inkişafı məsələlərini ardıcıl olaraq təhlil etmişdir. Hələ ötən əsrin 70-ci illərində onun səyləri ilə Azərbaycanın həm iqtisadi, həm də ictimai-siyasi həyatında baş verən dəyişikliklər öz əksini tapmışdır.  Heydər Əliyevin sayəsində Azərbaycan xalqının tarixi keçmişinə maraq artmış, milli özünüdərk yüksəlmiş, mənəvi dirçəliş başlamışdır. Azərbaycanlıların şüurunda milli ruh, milli qürur oyanmağa başlamış, azadlıq, müstəqillik hissləri canlanmışdır. Heydər Əliyevin dövründə, Azərbaycan hələ SSRİ-nin tərkibində olarkən azərbaycanlılar rəhbər vəzifələr almağa, respublikanın iqtisadi həyatında fəal iştirak etməyə başladılar, onların özlərinə inamları gücləndi. 1980-ci illərin əvvəllərində Heydər ­Əliyev Moskvada yüksək vəzifə tutanda da milli dövlətçilik maraqlarını, lakin daha yüksək səviyyədə müdafiəsini davam etdirmişdir.

1990-cı illərin əvvəllərində Sovet İttifaqının dağılmasından sonra Azərbaycan süqut və vətəndaş müharibəsi astanasında idi. Ermənistanın Azərbaycan xalqına qarşı təcavüzü geniş vüsət almışdı. İqtisadiyyatda, siyasətdə və digər sahələrdə böhran genişlənməkdə idi. Belə çətin bir zamanda o vaxt hakimiyyətdə olan rəhbərliyin təcrübəsizliyi və peşəkarlığının olmaması ucbatından ölkə çox çətin vəziyyətə düşmüşdü. Bu dövrdə Azərbaycanın qarşısında iki seçim vardı: ya müstəqil dövlət olacaq, ya da daxili çəkişmələr, separatçı qüvvələrin təxribatçı fəaliyyəti nəticəsində parçalanıb sıradan çıxacaq. Azərbaycan “olum və ya ölüm” seçimi qarşısında qalmışdı ...  

Bundan əvvəl Azərbaycan Konstitusiyasına ölkə prezidenti vəzifəsində işləmək üçün yaş həddi ilə bağlı maddə daxil edilmişdi ki, bu da Heydər Əliyevin yaşının bilavasitə ahıl olmasını nəzərdə tuturdu. Lakin baş verən hadisələrə görə heç kim bu maddənin dəyişdirilməsinə şübhə etmirdi.

Azərbaycan xalqı ölkəni gözlənilən fəlakətdən xilas etmək üçün o vaxt Kreml hakimiyyətinin qısqanclıqla  qarşıladığı ümummilli liderini Naxçıvandan dəvət etdi. Azərbaycanın dahi oğlu ölkənin taleyinin həll olunduğu çətin məqamda doğma xalqına sədaqətini nümayiş etdirdi. Azərbaycanlılar öz liderinin ətrafında cəmləşərək ölkəni keçmiş rəhbərliyinin girdiyi dərin problemlər girdabından çıxara bildilər. Əslində, 1988-ci ildən 1993-cü ilə qədər beş il ərzində altı rəhbərin dəyişdiyi ölkəni dağılmaqdan Heydər Əliyev xilas etdi.

Surət Hüseynovun əli ilə dövlət çevrilişinə cəhd edildi. Ona dəstək verən satqın dairələr öz qanunsuz əməlləri ilə Azərbaycan dövlətçiliyini ciddi təhlükə həddinə çatdırdılar. Heydər Əliyev özünəməxsus  siyasi məharəti ilə dövləti də bu sınaqdan çıxardı.

Ulu öndər Azərbaycan xalqının dəvətini şərəflə qəbul edərək müdrikliklə iyunun 9-da Bakıya gəldi, ayın 15-də isə Azərbaycan Respublikası Milli Məclisinin sədri seçildi, eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.

1993-cü il oktyabrın 3-də isə Heydər Əliyev ölkə prezidenti seçildi və özlərinə tarix yazan qlobal siyasi oyunçuların ssenarilərinin həyata keçirilməsində kiçik dövlətlərin mübahisəsiz rolu ilə bağlı postulatları təkzib etdi.

Respublika prezidenti kimi hakimiyyətə gələn Heydər Əliyev Azərbaycanda daxili siyasi sabitliyə nail olmaqla yanaşı, həm də ölkənin iqtisadi müstəqilliyinin əsasını qoydu.  1993-cü il oktyabrın 10-da andiçmə mərasimində dediyi sözlərlə qarşıda onu gözləyən ağır fəaliyyətin yol xəritəsini bəyan etdi: “Azərbaycan xalqı öz tarixinin ən ağır, faciəli dövrünü yaşayır. Bu çətin zamanda mənə həvalə edilmiş məsuliyyətin dərəcəsini dərindən dərk edir və sizi əmin etmək istəyirəm ki, bütün fəaliyyətimlə, bütün həyatımla xalqın yüksək etimadını və ümidlərini doğrultmağa çalışacağam”.

Ümummilli lider çox qısa müddətdə Azərbaycanı inkişaf və tərəqqi yoluna çıxardı. İstehsalın bərpası, maliyyə vəziyyətinin yaxşılaşdırılması, investisiyaların cəlb edilməsi üçün antiböhran proqramları hazırlandı. Üstəlik, iqtisadiyyatı bərpa etdi, xalqın hakimiyyət hüququnu təmin etdi, hüquqi vətəndaş cəmiyyəti qurdu.  

Heydər Əliyevin həyat və fəaliyyəti haqqında çoxları məlumatlıdır. Dünyanın istənilən yerində onun haqqında danışanda dərhal Azərbaycanı xatırlayırlar, Azərbaycandan danışanda isə mütləq Heydər Əliyev yada düşür. O, sadəcə öz dövrünün qəhrəmanı deyildi, həm də zəmanənin adamı oldu. Onun tarixi mahiyyətli və böyük tərbiyəvi əhəmiyyətə malik ibrətlərlə dolu ömür yolunun tədqiqi keçmişimizə qiymət verməklə yanaşı, gələcəyə gedən yolumuzu da müəyyənləşdirərək siyasət və diplomatiya müstəvisində Heydər Əliyevin yaşadığı kimi yaşamaq, Vətəni ­Heydər Əliyev kimi  sevmək istiqamətlərinə yönəldildi.

Xalq Heydər Əliyevdən böyük və müdrik siyasətçi kimi danışır. Ondakı parlaq natiqlik istedadı aydın və möhkəm, addım-addım, qarşıya qoyulan məqsədə əməl etmək bacarığı ilə birləşirdi. Ən yüksək intellektual potensiala malik dövlət rəhbəri, həm də mükəmməl insani keyfiyyətli bir insan xarakterlərini təsdiqlədi. Onun prinsiplərə sadiqliyi və fədakarlığı, xeyirxahlığı və nəcibliyi hər addımda hiss olunurdu. O, həmişə əmin idi ki, “həyatda hər kəs şöhrət və ya alçaqlığı, şəxsi rifahı və ya ictimai mənafeyi, tamah və ya vicdanı seçir”. Bu barədə ümummilli liderimizin mənalı, aydın, ziyalı, dəmir məntiqli, qətiyyətli ictimai çıxışları hamımızın yadındadır.

Məşhur bir məsəl var ki, insan həyatında üç şey etməlidir: ev tikmək, ağac əkmək, oğul böyütmək. Yalnız bundan sonra onun həyatını başa çatmış hesab etmək olar. Heydər Əliyev bu mənada şərəfli ömür yaşadı: müstəqil Azərbaycanı qurdu, onu cənnət timsallı bağ-bağata– gülüstana çevirdi, ölkənin tərəqqi və səadət yolunu davam etdirən layiqli davamçı yetişdirdi.

O həmişə Vətənə, xalqına hədsiz məhəbbət, onu xoşbəxt, əmin-amanlıq və mehriban yaşamaq, insanpərvərlik və ədalətli görmək arzusunu rəhbər tuturdu. Bu gün elə bir sahə yoxdur ki, Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən islahatlar ona toxunmasın. O, çox böyük siyasi irs qoyub, öz siyasi kursunun layiqli davamçılarını yetişdirib. Bu gün Azərbaycan dövləti, xalqımız ulu öndərin göstərdiyi yolla Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə gələcəyə doğru inamla addımlayır.

Ulu öndərin ruhunun ən dəyərli rəmzi vasitəsi kimi üçrəngli bayrağımız Ali Baş Komandanın və Azərbaycan xalqının yekdilliyi ilə 30 illik müddət ərzində suveren və ərazi bütövlüyümüzün tam təminatını, BMT Təhlükəsizlik Şurasının 30 illik  4 Qətnaməsini yerinə yetirərək, “Qarabağ Azərbaycandır” sözlərini təsdiqləyərək, işğaldan azad edilən  bütün Qarabağımızda  ucaldıldı.

Azərbaycan – demokratik, dünyəvi və hüquqi dövlət

Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra milli ideologiyada öz əksini tapmış dövlətçilik konsepsiyası işlənib hazırlandı. 1990-cı illərin ­əvvəllərində Azərbaycanın müstəqilliyini itirmək təhlükəsi aradan qaldırılaraq öz qüvvələrini gənc dövlətin müstəqilliyini əldən verməməyə yönəldildi. Bununla da Azərbaycanın inkişafında və müstəqil demokratik hüquqi dövlət kimi formalaşmasında yeni mərhələ başlandı.  

Xüsusilə, ümummilli lider Ermənistan–Azərbaycan münaqişəsi kimi mühüm problemin həlli istiqamətində mühüm addımlar atdı. 1994-cü ilin sentyabrında isə Xəzər dənizinin zəngin neft-qaz strukturlarının istismarı üçün neft şirkətləri ilə “Əsrin müqaviləsi” adlanan tarixi sənəd imzalandı. Bu, Azərbaycanın iqtisadiyyat sahəsində daha da inkişafına töhfə verməklə yanaşı, onun müstəqilliyinin təmin edilməsi istiqamətində uğurlu tədbirlərin həyata keçirilməsinə də imkan yaratdı. 

Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan xalqının qarşısında duran həyati vəzifələrdən biri də ölkənin gələcək inkişafının əsas istiqamətlərinin müəyyən edilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi idi. Ölkənin gələcək inkişafının konseptual əsaslarını və fundamental prinsiplərini əks etdirən yeni qanun lazım idi. Lakin həmin dövrdə ölkədə siyasi sabitliyin və xalqın mənafeyini əks etdirən siyasi iradənin olmaması qarşıya qoyulan vəzifələrin həyata keçirilməsini mümkünsüz edirdi. 

Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra lazımi ictimai-siyasi mühit formalaşdı ki, bu da dövlətin və cəmiyyətin həyatının bütün sahələrində geniş miqyaslı islahatlara start verməyə imkan verdi. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə müstəqil suveren dövlətin Əsas Qanunu – Azərbaycan Konstitusiyası qəbul edilərək  müstəqil demokratik hüquqi cəmiyyətimizin təminatına çevrildi. 

  Ümummilli liderin rəhbərliyi və gərgin əməyi sayəsində hazırlanmış Əsas Qanun çoxəsrlik Azərbaycan dövlətçilik ənənələrinə, milli və ümumbəşəri dəyərlərə əsaslanır. Yeni Konstitusiya demokratik və hüquqi dövlət quruculuğuna, Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatının inkişafına güclü təkan verdi.

Konstitusiyanın qəbulu yeni ictimai quruluşun hüquqi tanınmasını təsdiq edən fakt olmaqla yanaşı, həm də Azərbaycan Respublikasının inkişafının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasının göstəricisi idi. 

Konstitusiyanın preambulasında Azərbaycan xalqının çoxəsrlik dövlətçilik ənənələrinin davamı kimi, keçmiş, indiki və gələcək nəsillər qarşısında məsuliyyətindən irəli gələn ali niyyətlər sadalanır. Əsas Qanun aşağıdakı prinsipləri ifadə etdi:

– Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması;

– Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin qurulmasına nail olmaq, xalqların iradəsinin ifadəsi kimi qanunun aliliyini təmin edən hüquqi, dünyəvi dövlət quruculuğu;

– ədalətli iqtisadi və sosial nizama uyğun olaraq hamı üçün layiqli həyat səviyyəsinin təmin edilməsi, ümumbəşəri dəyərlərə sadiq qalaraq digər xalqlarla dostluq, sülh və təhlükəsizlik şəraitində yaşamaq və bu məqsədlər üçün qarşılıqlı fəaliyyətin həyata keçirilməsi.

Azərbaycan Konstitusiyası müasir sivil cəmiyyətlərin inkişaf istiqamətlərini müəyyən edən mütərəqqi ideya və dəyərləri geniş şəkildə əks etdirir. Bunlardan insan şəxsiyyətinə və ləyaqətinə hörmət, dövlət hakimiyyəti orqanlarının demokratik şəkildə formalaşdırılması, insan hüquqlarının müdafiəsinin səmərəli mexanizmlərinin mövcudluğu, siyasi sistemdə plüralizmin təmin edilməsi, sosial ədalətə nail olunması, ictimai ədalətin təmin edilməsi, dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin gücləndirilməsi, insan hüquqlarının müdafiəsi üçün səmərəli mexanizmlərin mövcudluğu, ümumbəşəri dəyərlərə sadiqlik, milli qanunvericiliyin beynəlxalq hüquqa və digər prinsip və dəyərlərə uyğunlaşdırılması və s. xüsusi əhəmiyyət kəsb edir. 

Konstitusiya Azərbaycan xalqını Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi elan edir, onun öz müqəddəratını azad və müstəqil şəkildə təyin etməsini və dövlət idarəçiliyi formasının yaradılmasını təmin edir. Konstitusiya Azərbaycan xalqının öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi–referendum yolu ilə və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında seçilmiş nümayəndələri vasitəsilə azad, gizli və şəxsi səsvermə yolu ilə həyata keçirməsini təmin edir.

Konstitusiya qanunun aliliyinin fundamental prinsiplərindən biri kimi dövlət hakimiyyətinin hakimiyyət bölgüsü prinsipi əsasında təşkilini təsbit etdi. Konstitusiyaya uyğun olaraq, qanunvericilik, icra və məhkəmə hakimiyyətləri öz səlahiyyətləri daxilində qarşılıqlı fəaliyyət göstərir və müstəqildirlər.

Ölkə Konstitusiyasında konstitusiya quruluşunun xüsusiyyətlərindən biri kimi iqtisadi fəaliyyət azadlığı, mülkiyyət növlərinin müxtəlifliyi və onların bərabər qorunmasının təminatı, əhalinin layiqli həyat şəraitinin təmin edilməsinə yönəlmiş rifah dövləti konsepsiyası geniş şəkildə öz əksini tapmışdır. Konstitusiya xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalmaq vəzifəsini dövlətə həvalə edir. Əsas Qanunda qeyd olunduğu kimi, Azərbaycanda müxtəlif mülkiyyət növlərinə əsaslanan iqtisadiyyatın inkişafı xalqın rifahının yüksəldilməsinə xidmət edir, Azərbaycan dövləti bazar münasibətləri zəminində iqtisadiyyatın inkişafına şərait yaradır. Sosialyönümlü iqtisadiyyat, mədəniyyətin, təhsilin, səhiyyənin, elm və incəsənətin tərəqqisinə kömək edir, xalqımızın tarixi, maddi və mənəvi irsini qoruyur.

Konstitusiyada insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin, ölkə vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsinin Azərbaycan dövlətinin ali məqsədi kimi müəyyənləşib. Əsas Qanunda dövlətin qarşısında duran vəzifələr qoyulub. Həmçinin hər kəsin hüquq və azadlıqlarının müdafiəsinin təminatı müstəsna əhəmiyyət kəsb edir. 

Ümummilli lider Heydər Əliyevin bilavasitə nəzarəti və gərgin əməyi sayəsində hazırlanmış və ümumxalq səsverməsi ilə qəbul olunmuş Konstitusiyanın hüquq fəlsəfəsinin, onun bütün norma və müddəalarının əsasını məhz demokratik, haqlı və qanuni prinsiplər – sosial dövlət, insan hüquq və azadlıqlarının təminatı təşkil edir. Ötən dövrdə Azərbaycanın hərtərəfli tərəqqisinin, ölkə həyatının müxtəlif sahələrində aparılan genişmiqyaslı islahatların mənbəyi də məhz 1995-ci il Konstitusiyası olmuşdur. Orada göstərilən ümumi prinsiplər və istiqamətlər ölkədə hüquqi, iqtisadi və digər islahatların həyata keçirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının səmərəli müdafiəsi mexanizmlərinin yaradılması üçün möhkəm zəmin yaratmışdır.

(ardı var)

Arif QULİYEV,
hüquq elmləri doktoru, Kiyev Əqli Mülkiyyət və Hüquq Universitetinin professoru, Ukrayna  Ali Təhsil akademiyasının akademiki

 

Sosial həyat