“2023 – Heydər Əliyev ili” ilə bağlı Goranboyda bir-birindən maraqlı, məzmunlu silsilə tədbirlərin keçirilməsi artıq ənənə şəklini alıb. Növbəti belə tədbir Heydər Əliyev Mərkəzində keçirilib.
“13 sentyabr 2002-ci il – Heydər Əliyev Goranboyda” mövzusuna həsr olunan tədbir iştirakçıları əvvəlcə ümummilli liderin mərkəzin qarşısındakı abidəsi önünə təzə tər çiçəklər düzüblər.
Mərkəzin Akt zalında rayon ictimaiyyəti nümayəndələrinin, şəhid ailələrinin, qazilərin, hüquq-mühafizə orqanları rəhbərlərinin, ağsaqqalların və ziyalıların iştirak etdiyi tədbirdə maraqlı çıxışlar oldu, Heydər Əliyevin əziz xatirəsi ilə bağlı xoş təəssüratlar söylənildi. Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev çıxış edərək Ulu öndərin parlaq, mənalı ömrünün bir məktəb olduğunu dedi. Rayon rəhbəri qeyd etdi ki, həyatımızın bütün sahələrində Heydər Əliyev, sözün əsl mənasında, bir nümunə, parlaq sima, bütün dünyanı özünə cəlb edən böyük şəxsiyyət kimi dayanır, dünyanın hər yerində dahi insanın irsi öyrənilir.
Ümummilli liderin 21 il qabaq sentyabr günlərində Goranboya tarixi səfəri isə indi də hər bir rayon sakininin xatirindədir və o səfərin yaratdığı xoş təəssürat heç vaxt unudulmayacaq. Vaxtilə erməni qəsbkarların qarğa-quzgun kimi toplaşdıqları və sonradan azad etdiyimiz əraziyə – Ağcakəndə gələrək sakinlərlə səmimi görüşməsi, dəyərli söhbətləri, məsləhətləri və Azərbaycanın işğal altında olan digər ərazilərinin də azad olunacağına böyük ümid bəslədiyini dilə gətirməsi hamının yaxşı yadındadır.
AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev çıxış edərək dedi ki, həmin günlər mənim də yaxşı yadımdadır. Ulu öndər Goranboya bir gün əvvəl Gəncəyə səfərindən sonra gəlmişdi. Gəncədə Olimpiya İdman Kompleksinin, bir sıra digər obyektlərin açılışında iştirak etmişdi, şəhər fəalları ilə görüşmüş, şəhərdə abadlıq-quruculuq işlərinin ləng aparılmasını ciddi tənqid etmişdi.
Akademik demişdir ki, təkcə bu il bölmə tərəfindən Ulu öndərə həsr olunmuş 8 tədbir keçiriblər, “Heydər Əliyev və Gəncə” kitabını nəfis şəkildə çap etdiriblər. Fuad Əliyev belə bir kitabın Goranboy rayonu üzrə də çapına hazırlıq getdiyini bildirmişdir. Çünki Ulu öndər hakimiyyətinin birinci dövründə də bir neçə dəfə Goranboyda olub və bu rayonun inkişafında xidmətləri əvəzsizdir.
Tədbirdə digər çıxış edənlər – rayon ziyalıları, xüsusilə dahi şəxsiyyətlə görüşmüş goranboylular, ümummilli liderimizin 1978, 1982 və 2002-ci illərdə rayona etdiyi tarixi və unudulmaz səfərlərdən xoş xatirələrini söylədilər.