Qərbi Azərbaycan İcması Ermənistan Respublikasının İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Paktın icrasına dair Dördüncü Dövri Hesabatı ilə əlaqədar BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinə geniş Paralel Hesabat təqdim edib.
Bu barədə Qərbi Azərbaycan İcmasının Sözçüsü Ülviyyə Zülfiqar məlumat verib.
Sözçü bildirib ki, Komitənin 74-cü sessiyasında (25 sentyabr 2023-cü il - 13 oktyabr 2023-cü il) baxılmaq üçün təqdim olunmuş hesabatda Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə aparmasından və geri qayıtmaq hüququ da daxil olmaqla onların Pakt ilə qorunan hüquqlarının sistematik şəkildə pozulması halları barədə məlumat verilir. Hesabat Ermənistanın sözügedən Paktı və digər beynəlxalq insan hüquqları konvensiyalarını pozduğunu vurğulayır və Komitəni insan hüquqlarının pozuntularını aradan qaldırmaq üçün təcili tədbirlər görməyə çağırır.
Ülviyyə Zülfiqar qeyd edib ki, Qərbi Azərbaycan İcması hesabatda Ermənistan hökumətindən qovulmuş azərbaycanlıların Ermənistana təhlükəsiz və ləyaqətlə qayıtmasını, onların reinteqrasiyasını, qayıtdıqdan sonra onların orada hüquq və təhlükəsizliyini təmin etməyi, Azərbaycan mədəni irsinə vurduğu zərərin beynəlxalq qurumlar tərəfindən qiymətləndirilməsinə imkan yaratmağı və onu bərpa etməyi, azərbaycanlılara məxsus əmlakı geri qaytarmağı və Paktdan irəli gələn digər öhdəliklərinə əməl etməyi tələb edir. Sözçü vurğulayıb ki, Qərbi Azərbaycan İcması Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququnun bərpa edilməsi istiqamətində beynəlxalq konvensiyalar çərçivəsində səylərini davam etdirəcək.