Sentyabrın 19-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasının açılışında iştirak məqsədilə Nyu-York şəhərinə işgüzar səfəri çərçivəsində İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani ilə görüşüb.
Nazir İtaliyadan olan həmkarını regiondakı son vəziyyət və Azərbaycan tərəfindən başladılan lokal antiterror tədbirləri barədə məlumatlandırıb, bu tədbirləri şərtləndirən amilləri diqqətə çatdırıb. Ermənistan və onun tərəfindən Azərbaycanın suveren ərazilərində yaradılmış qanunsuz rejim tərəfindən son günlər ərzində hərbi təxribatların xüsusilə intensivləşdiyi, hərbi-quruculuq işlərinin geniş miqyas aldığı və döyüş mövqelərinin davamlı şəkildə gücləndirilməsinin müşahidə edildiyi, bütün bunların Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələri tərəfindən növbəti dəfə irimiqyaslı hərbi təxribata hazırlıq gördüyünə dəlalət etdiyi vurğulanıb.
Silahlı qüvvələr tərəfindən həyata keçirilən lokal antiterror əməliyyatının müstəsna olaraq legitim hərbi hədəflərə qarşı aparıldığı, Ermənistanın qanunsuz hərbi infrastrukturunu zərərsizləşdirmək məqsədi güddüyü qeyd edilib. Nazir diqqətə çatdırıb ki, bölgədə vəziyyətin sabitləşməsi üçün Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən tam çıxarılması, qanunsuz erməni silahlı birləşmələrinin tərk-silah edilməsi, qanunsuz rejimin bütün ünsürlərinin buraxılması labüddür.
Görüşdə qarşılıqlı maraq doğuran digər beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
XQ