Nitq qüsurlarının islahına aid kitab yenidən işıq üzü görüb

post-img

“Elm və təhsil” nəşriyyatı tərəfindən yeni tərtibatda hazırlanmış bu dəyərli vəsaitin müəllifi ixtisasca həkim, loqoped, psixoloq olmuş mərhum pedaqoji elmlər namizədi Muxtar Abbasovdur (1906–1962). Hələ 1948-ci ildə ilk dəfə Uşaq və Gənclər Ədəbiyyatı Nəşriyyatında buraxılmış kitab nitq nöqsanlılığının müalicəsi mövzusunda Azərbaycanda yazılmış ilk elmi nəşr olub.

Elə buradaca təəssüf hissi ilə qeyd edək ki, kitab çıxandan düz 50 il son­ra – 1998-ci ildə biri riyaziyyatçı, di­gəri isə mədəniyyətşünas olan iki “elm adamı” plagiatlıq edərək əsərdən gen-bol istifadə ilə onu öz imzaları ilə nəşr etdiriblər. Başqa sözlə desək, nə riyaziyyatçı kimi riyazi dəqiqlik prinsi­pinə məhəl qoyublar, nə də başqasının irsinə qarşı mədəni davranış nümayiş etdiriblər. Beləcə, bu dünyada varisi qalmayan müəllifin əsəri “Uşaq tər­biyəsinin bəzi aktual problemləri” adı altında mənimsənilib.

Nə yaxşı ki, haqq nazilsə də, üzül­mədi və indi, budur, Muxtar Abbasovun halal haqqı olan “Təlim-tərbiyə işin­də nitq nöqsanlarının islahı (ata-ana və müəllimlərə rəhbər)” kitabı özünün ikinci həyatına qovuşdu. Nəşrin ön söz yerində onun redaktoru, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, mərhum professor Əbdüləzəl Dəmir­çizadənin 1946-cı ildə yazdığı maraqlı qeydləri də yer alıb. Görkəmli alimin həmin qeydlərindən bəzi fikirləri yada salmaq yerinə düşər: “Dilimizdə nitq nöqsanlarının islahına aid olan bu ilk əsəri yazmaqla xeyirli bir işə qədəm basmış olan M.Abbasov yoldaşın əsə­rində bir sıra orijinal cəhətlər də vardır. Xüsusən burada Azərbaycan dilinə xas olan səslərə aid verilən izahat və bun­larla əlaqədar olan nöqsanların islahı yolları diqqəti cəlb edən və maraqlı cəhətlərdir”.

Muxtar Abbasov Bakıda ali tibb təhsili almış, uzun illər pedaqoji insti­tutda müəllim işləmişdir. Onun adıçı­kilən əsərdən başqa, əlifba və savad təliminin psixoloji aspektləri haqqında kitabları da olub. Muxtar Abbasov uzun illər uşaqların erkən yaşlarında təsadüf edilən pəltəklik, kəkələmə kimi qüsurla­rın müalicəsi ilə məşğul olub və dürüst, aydın nitqli vətəndaşlar yetişdirməklə məşğul olmalı mütəxəssislərə belə bir yardımçı vəsait yazaraq araya-ərsəyə yetirib. Qeyd edək ki, onun sözügedən kitabı bu gün də nitq qüsurlarının müa­licəsində aktuallığını itirməyib və indi latın qrafikası ilə təkrar çapı təqdirəla­yiqdir.

Əsərdə verilən bir sıra sxemlər – səslərin məxrəcini göstərən palyatoq­ram və sair dərin təcrübi müşahidələrin nəticələri kimi dəyərli sayıla bilər. Müəl­lif loqopedlərin valideyn və müəllimlər­lə qarşılıqlı fəaliyyəti zamanı nitq nöq­sanlarının tezliklə islahı baxımından kitabın gərəkli olacağını bildirib.

Əsərdə həm nitq qüsurlarının profi­laktikası, həm də yazı nöqsanları, disqrafiya və onların islahı üsulları, eşidən lallıq (alaliya) kimi məsələlər araşdırı­lıb. Əsəb sistemi və psixika əsasında baş verən nitq pozuntularından da bəhs olunub.

Kitabı ikinci nəşr çapa hazırlayan Nizami Gəncəvi adına Ədəbiyyat İns­titutunun baş mütəxəssisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Elm və hə­yat” jurnalının redaktor müavini Ülkər Hüseynovadır. Xüsusi vurğulamaq lazımdır ki, böyük zəhmət bahasına başa gələn kitabın nəfis tərtibatda yeni nəşri həm müəllif hüquqlarının bərpa­sı və ədalətin zəfər çalması baxımın­dan gərəkli bir addımdır. Vacib olan bir cəhət də bundan ibarətdir ki, aktuallı­ğını itirməmiş araşdırmalar valideyn–müəllim–loqoped üçbucağının, eləcə də ali məktəb tələbələrinin geniş istifa­dəsinə verilən bir töhfədir. 

 

Ə.DOSTƏLİ, “Xalq qəzeti”

Sosial həyat