Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son prezident seçkilərində parlaq qələbəsi bu görkəmli siyasətçinin şəxsiyyətinə və fəaliyyətinə olan marağı beynəlxalq səviyyədə daha da artırıb. Qardaş ölkə yüksək seçki mədəniyyəti və xarizmatik və müdrik liderinə sayğısı ilə gündəmə gəlib və böyük nüfuz qazanıb.
Bəs, rəsmi Ankaranın qazandığı siyasi dividendləri yeni iqtisadi yüksəlişə çevirmək mümkün olacaqmı? Dünyanın Türkiyədən budəfəki gözləntiləri məhz bununla bağlıdır. Daha sadə dildə və konkret desək, Ərdoğan Türkiyəsi yaxın aylar, illər ərzində bu gün üzləşdiyi iqtisadi və sosial çətinliklərin öhdəsindən gələ biləcəkmi?
Əlbəttə, gələcək! Çağdaş Türkiyənin qarşısında duran problemlər subyektiv deyil, bir çox obyektiv səbəblər üzündən yaranıb. Məlum olduğu kimi, qardaş ölkənin iqtisadiyyatında turizmin xüsusi yeri var. Son üç-dörd ildə pandemiya səbəbindən qlobal turizm sənayesində, eləcə də Türkiyədə böyük çətinliklər meydana çıxıb. Lakin artıq bu istiqamətdə canlanma müşahidə olunur, deməli, büdcə gəlirlər artacaq.
Digər bir problem qaçqınlarla bağlıdır. Müxtəlif illərdə İraqda, Suriyada, Liviyada gedən və bəzi ölkələrdə hələ də davam edən vətəndaş müharibələri səbəbindən Türkiyəyə son illər ərzində milyonlarla qaçqın axışıb. Bəzi mənbələr hazırda ölkədə 13 milyona yaxın miqrantın məskunlaşdığını iddia edir. Bu gün Türkiyə dünyada ən çox qaçqına qucaq açan ölkədir.
Türkiyə hökuməti və xalqı böyük humanizm nümayiş etdirərək “qaçqın yükü”nün ən ağır hissəsini öz çiyninə götürüb. Lakin hökumət problemin həlli üçün əlindən gələni edir. Son iki ildə 600 minə yaxın suriyalı təhlükəsiz ərazilərə köçürülüb və bu proses davam etdirilir. Göründüyü kimi, bu ağır problem də tədricən öz həllini tapmaq üzrədir.
Bu il fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələ də ölkə iqtisadiyaytına ağır zərbə vurub. Faktiki olaraq, 100 min kvadratkilometr ərazidə yüzlərlə şəhər və minlərlə kənd dağılıb. 50 mindən çox sakin həyatını, on minlərlə insan əmək qabiliyyətini itirib. Bütün bu dağılmış əraziləri tezliklə bərpa etmək lazım gələcək və Türkiyə hakimiyyəti bu istiqamətdə ciddi işlər görür.
Türkiyə Prezidenti öz yeni komandasını yaradıb və ictimaiyyətə təqdim edib. Komanda üzvlərinin hər biri səriştəli və dövlətçiliyə sədaqətli kadrlardır, cəmiyyətdə hörməti və nüfuzu olan şəxslərdir. İqtidar böyük məsuliyyət hissilə öz üzərlərinə düşən vəzifələrin icrasına başlayıb.
Dövlət başçısı bu günlərdə Ankarada Nazirlər Kabinetinin səkkiz saat davam edən iclasını keçirib və qeyd edib ki, onun komandasının əsas məqsədi Türkiyəni dünyanın 10 ən güclü iqtisadiyyata malik ölkəsindən birinə çevirməkdir.
Türkiyə Prezidenti yeni sivil Konstitusiyanın işlənib hazırlanmasının və ümumxalq müzakirəsinə verilməsinin əhəmiyyəti barədə də danışıb. R.T.Ərdoğan vurğulayıb ki, “Biz Cümhuriyyətin yaradılmasının ikinci yüzilliyinə qədəm qoyuruq. Bizim sivil, demokratik prinsiplərə əsaslanan konstitusiyaya ehtiyacımız var”.
Dövlət başçısının sözlərinə görə, Əsas Qanunun yeni mətnində cəmiyyətin bütün təbəqələrinin hüquqları nəzərə alınmalıdır. Türkiyə planetin ən sivil, demokratik və ədalətli ölkəsi olmalıdır! Xatırladaq ki, mövcud konstitusiya 1980-ci ildə baş verən hərbi çevrilişdən sonrakı illərdə qəbul edilib və bir çox maddələrin yenilənməsi tələb olunur.
R.T.Ərdoğan ölkədə parlament, yaxud prezident üsul-idarəçiliyinin üstünlüyü ilə bağlı yaranan fikir ayrılıqlarına da münasibət bildirərək deyib: “Bizim xalqımız bu il mayın 14-də və 28-də prezident seçkilərində öz siyasi iradəsini nümayiş etdirməklə, köhnə sistemə keçməyin əleyhinə çıxıb”. Yeri gəlmişkən, 1917-ci ildə Türkiyədə keçirilən ümumxalq referendumunda seçicilərin çoxu ölkədə prezident üsul-idarəçiliyinə səs veriblər. Son altı ilin təcrübəsi bu addımın daha düzgün olduğunu sübut edir.
Prezident çıxışında 28 may seçkilərindən sonra ilk səfərlərini Şimali Kipr Türk Respublikası və Azərbaycana etdiyini vurğulayıb. Deyib ki, Ankara bundan sonra da Şimali Kiprdə yaşayan soydaşlarımızın probleminin həlli hər cür dəstəyini göstərəcək: “Biz heç cür razı ola bilmərik ki, bizim Şimali Kiprdə yaşayan türklərin hüquqları ilə manipulyasiya etsinlər.
R.T.Ərdoğan qardaş Azərbaycana səfəri zamanı isə ölkə Prezidenti İlham Əliyev ilə ikitərəfli əlaqələrin genişlənməsi istiqamətində vacib qərarlar qəbul edildiyini qeyd edib. Vurğulayıb ki, tərəflər qarşılıqlı ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaq əzmindədir. Dövlət başçısı deyib: “Türkiyə–Azərbaycan birgə universitetinin yaradılması əsas prioritetlərdən biridir. Ankara Cənubi Qafqazda davamlı sülhün bərqərar olunması istiqamətində öz səylərini bundan sonra da davam etdirəcək”.
Türkiyə lideri Zəngəzur dəhlizinin açılmasının vacibliyini, bu layihənin regionun bütün ölkələri və xalqları üçün böyük önəm daşıdığını da xüsusi vurğulayıb. Onun sözlərinə görə, müəyyən çətinliklərə rəğmən, bu dəhliz mütləq açılacaq və regionun inkişafına, davamlı sülhün bərqərar olunmasına böyük töhfə verəcək.
Məsaim ABDULLAYEV, “Xalq qəzeti”

