Ukrayna cəbhədə təşəbbüsü ələ keçirir

post-img

Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı davam edir. İlk günlərdə itkilər böyük olsa da, Ukrayna ordusu Rusiyanın əsas müdafiə xəttinə çatmayıb. 

Eyni zamanda, Ukrayna ordusu­nun hücumlarını dəf edərkən Rusiya piyada qoşunlarının daha böyük itkilər verdiyi bildirilir. Könüllü təslim olan və jurnalistlərlə söhbət edən əsirlər rusla­rın əhval-ruhiyyəsinin aşağı olduğunu bildirirlər. Dağlıq Altaydan olan Anato­li adlı müqaviləli əsgər deyib ki, onun bölməsindəki insanlar ukraynalıların irəliləyişini gözlədikləri günlərdə demək olar ki, bir-biri ilə danışmayıblar. "Hər kəs susurdu, ukraynalı hərbçilərin han­sı tərəfdən gələcəklərini düşünürdülər. Biz çox qorxurduq”.

Anatoli daha sonra bildirib: “Heç kim ölmək istəmirdi. Ümid edirdik ki, əks-hücum olmayacaq. İki gün ərzin­də hər şey sakit idi. Amma sonra güc­lü hücum başladı. Hər şey xaotik idi, güllələr, mərmilər başımızın üstündən uçurdu, səngərdə olanlar qaçırdılar. Artilleriya və minaatanların atəşi ara­sındakı fasilədə tarlalara baxaraq düş­məni tapmağa çalışırdım. Amma heç kimi görmədim... Bir neçə dəqiqədən sonra Ukrayna Silahlı Qüvvələri meşə zolağına girdi və mənim olduğum sən­gərə əl qumbaraları atdılar. Yanımda olan beş nəfər, o cümlədən yaxın dos­tum Georgi öldürüldü. Mən səngərdən çıxaraq əllərimi qaldırıb qışqırmağa başladım: Təslim oluram, təslim olu­ram!” 

Öz növbəsində, Uzaq Şərqdən olan rusiyalı çağırışçı Dmitri isə əlavə edib ki, uzun müddət səngərdə olsa da, növbəsi dəyişdirilməyib. “Bizim böl­mədə tanklar və zirehli maşınlar üçün ekipajlar çatışmırdı. Onlar (Ukrayna Silahlı Qüvvələri - UNİAN) tanklardan, minaatanlardan, artilleriyadan bizə atəş açırdlar”, - deyə o bildirib.

Rus qoşunları isə Ukrayna hərbçilə­rinin irəliləməsini dayandırmaq üçün Ukraynanın cənubuna 20-dən çox heli­kopter yerləşdirib. “Ukrayna əks-hücum əməliyyatlarına başlayandan bəri Ru­siya bölgədəki hücum helikopter qüvvələrini gücləndirib", – Britaniya Müda­fiə Nazirliyi “Twitter”-də bildirib.

Kəşfiyyat rəsmilərinin fikrincə, heli­kopterlər işğalçılara Ukraynanın cənu­bunda qismən üstünlük əldə etməyə kömək edib. Yer hədəflərinə qarşı daha uzaq mənzilli raketlərdən istifadə edən hücum helikopterləri döyüşlərdə güclü rol oynayıb. Bu, Kiyevin hücumunu bir qədər səngidib. 

Ukraynanın hücumunun tez bir za­manda uğura çıxaracağı isə mütləq deyil, münaqişə uzun müddət davam edə bilər. "Ukraynada dərhal həlledici nəticənin olacağı barədə təminat yox­dur. Biz bunu dərk etməliyik. Biz dərk etməliyik ki, Ukraynanı tələb olunan qədər dəstəkləməliyik, çünki söz ver­mişik", – Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli deyib.

Ukrayna Müdafiə Nazirliyi isə bu­nunla belə bildirib ki, əks-hücum əmə­liyyatı uğurludur, müdafiə qüvvələri bütün istiqamətlərdə iki kilometrə yaxın məsafədə irəliləyir və orada möhkəm­lənirlər. “Son 24 saat ərzində Ukray­na hərbçiləri Tavriçesk istiqamətində irəliləyərək ruslara xeyli itki verib. Xü­susilə, rusların beşdən çox bölüyü və 90-a yaxın rus texnikası məhv edilib”,– “Tavriya” əməliyyat-strateji qoşun qrup­laşmasının komandiri, briqada generalı Aleksandr Tarnavski bildirib.

Müdafiə nazirinin müavini Vladimir Qavrilovun bildirdiyinə görə isə, hazır­da Ukrayna ordusu ruslarla müharibə­də təşəbbüsü ələ alır. “Amma qələbə üçün düşmənə uzaqdan zərbələr en­dirməliyik. Bunun üçün isə uzaqmənzilli silahlara ehtiyacımız var. Ukraynanın bütün hərbi planları hesablamalara uyğun gedir. F-16 qırıcı təyyarələrinin yaxın zamanlarda Ukraynaya təhvil ve­riləcəyinə inanırıq”.

Hadisələrin bu fonunda Rusiya qo­şunları Ukraynaya yenidən hava zər­bələri endirib. Bu dəfə daha çox ballistik raketlərdən istifadə olunub. Rusiyanın 6 “Kinjal”, 6 “Kalibr” tipli qanadlı raket­ləri və 2 pilotsuz uçuş aparatı (PUA) zərərsizləşdirilib. Ən çox isə Xersonda dağıntılar olub. Nəticədə 2 nəfər mülki şəxs həlak olub, 25 sakin yaralanıb.

 

Pünhan ƏFƏNDİYEV, “Xalq qəzeti”

Dünya