Komandamız III Avropa Oyunlarına hazırdır

post-img

İlk məşəlini “Odlar yurdu” Azərbaycanda alovlandıran “qoca qitə”nin adı ilə bağlı növbəti – III Avropa Oyunlarının başlamasına cəmi 2 gün qaldı. Tarixi Bakıda başlayan dördilliyin möhtəşəm Oyunları Avropa idmanının inkişafına yeni töhfələr verməyə hazırlaşır. 

Bəs Azərbaycan komandası iyunun 21-də Polşanın Krakov şəhərində start götürəcək yarışlara hazırdırmı? Bu­dəfəki Avropa Oyunlarında komanda­mızın 86 üzvü idmanın 13 növü – oxat­ma, badminton, çimərlik futbolu, boks, qılıncoynatma, cüdo, karate, muay-tay, kikboksinq, padel, atıcılıq, taekvondo və triatlon üzrə yarışlarda mübarizə aparacaqlar. Azərbaycan III Avropa Oyunlarında 86 idmançı ilə təmsil olu­nacaq. Bəs onlardan hansı nəticələri gözləyirik? 

Milli Olimpiya Komitəsinin vit­se-prezidenti Çingiz Hüseynzadə jur­nalistlərə müsahibəsində III Avropa Oyunlarının proqramına salınan id­man növlərinin bizim üçün o qədər də uğurlu olmadığını deyib. Bunu onunla əsaslandırıb ki, əsas idman növlərimiz Polşada təmsil olunmayacaq. Bununla belə, vitse-prezident bildirib ki, Azər­baycan millisi ölkələrin sıralamasında ilk onluğa düşməyə əsas namizədlər­dəndir: “Biz buna layiqik və inanırıq ki, komandamız uğurlu çıxışı ilə xalqımızı sevindirəcək”. 

Qeyd edək ki, əsas dayaq idman növlərimizdən biri güləş budəfəki yarış­da yer almayıb. Onu da xatırladaq ki, “Bakı–2015”-də qazanılan 56 medalın 6-sı qızıl olmaqla 15-i güləşçilərin pa­yına düşüb. Minsk Oyunlarında isə 28 medalın 10-nunu güləşçilərimiz qaza­nıblar. İkinci Avropa Oyunlarında 5 qızıl medaldan 3-nə pəhləvanlarımız sahib olmuşdular. İlk Avropa Oyunlarında ümumi hesabda ikinci, növbəti yarışda isə 10-cu pillədə qərarlaşdıq. 

Komandaların hazırlığına gəldik­də, birinci oyunlarda güləşdən sonra ən yaxşı nəticə qazanan boks koman­damız (11 medal) Minskdə 2 medala sahib olmuşdu. Yığmanın məşqçisi Nəriman Abdullayev “Xalq qəzeti”nə müsahibəsində budəfəki yarışlara hazırlıq məqsədilə həm kişi, həm də qadın boksçulardan ibarət milli koman­dalarımızın təlim-məşq toplanışını ölkə xaricində keçdiklərini dedi: “Komanda­mız Assizidə İtaliya, Avstriya, Belçika, Serbiya, İrlandiya, Böyük Britaniya, Ni­derland, Estoniya, Finlandiya və Slova­kiya ilə birgə hazırlıq keçdi. Boksçuları­mız yaxşı formadadırlar. Ümid edirik ki, nəticələr yaxşı olacaq”.

Dayaq idman növlərimizdən biri olan taekvondo üzrə yığmamızın hazır­lığı ilə maraqlandıq. Taekvondo Fede­rasiyasının vitse-prezidenti Niyaməd­din Paşayev həm kişi, həm də qadın komandalarımızın Avropa Oyunlarına hazırlığı ilə bağlı son məşqlərin keçi­rildiyini diqqətə çatdırdı. Qeyd etdi ki, komandanın üzvlərinin öz potensialın­dan maksimum istifadə etmələri üçün lazımi işlər görülür. Bakıda keçirilən dünya çempionatında uğursuzluqdan sonra yığma özünü toparlayıb yaxşı nəticə göstərməlidir. Vitse-prezident komandanın üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəyinə ümid et­diyini bildirdi. 

“Minsk-2019”da 5 medal qazanan cüdoçularımız bu dəfə də nailiyyətlə­ri ilə xalqımızı sevindirmək istəyirlər. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinin rəhbəri Ülkər Ab­basova 11 cüdoçunun (6 kişi, 5 qa­dın) ölkəmizi Polşada təmsil edəcəyini bildirdi: “Oyunlara hazırlıq məqsədilə təlim-məşq toplanışı uzun zamandır davam edir. İdmançılarımızın oyunla­ra maksimum səviyyədə hazırlaşması üçün federasiya tərəfindən bütün təd­birlər görülüb. Yığmamızdan yaxşı nə­ticələr gözləyirik”. 

Kişi karateçilərdən ibarət Azərbay­can yığma komandasının baş məşq­çisi Qurban Tağıyev Avropada kumite növü üzrə yarışlara ən çox lisenziyanı komandamızın qazandığını bildirdi: “Həm qadın, həm də kişi karateçiləri­mizə ümidimiz çox böyükdür. Düzdür, idmanda qələbələr olduğu kimi, məğlu­biyyətlərdən də bəzən qaçmaq olmur. Komanda yüksək ruha köklənib. Polşa­ya qələbə üçün gedəcəyik”. 

İkinci Avropa Oyunlarının qalibi və üçqat Avropa çempionu Asiman Qur­banlı Polşada keçiriləcək Oyunlarda ölkəmizi təmsil edəcək. İdmançı ya­rışların komandamız üçün yaxşı keçə­cəyinə inanır: “Gündə 2, bəzən 3 dəfə məşq edirik. Yarışda potensialımızdan maksimum istifadə etməyə çalışaca­ğıq. Yüksək nəticə ilə ölkəyə qayıdaca­ğımıza ümid edirəm”. 

Kikboksinq, atıcılıq, qılıncoynatma, badminton, muay-tay və digər idman idman növləri üzrə də komandalarımı­zın hazırlığı ilboyu diqqət mərkəzində olub ki, onlardan da yaxşı nəticələr gözləyirik. 

Xatırladaq ki, 2023-cü il üçün Azər­baycan milli komandalarının vahid id­man geyim forması ilk dəfə Polşada ke­çiriləcək III Avropa Oyunlarında istifadə olunacaq. İdman formasının təqdimat mərasimində çıxış edən gənclər və id­man naziri Fərid Qayıbov deyib: “Döv­lətimizin başçısı İlham Əliyevin idmanla bağlı tapşırıqları var. Bunlardan biri də vahid idman formasının olması idi. Artıq idmançılarımızın gözəl və ən əsası key­fiyyətli idman geyimi var. İdmançılarımız fəxr edə bilərlər ki, milli brendimizlə bey­nəlxalq arenalara çıxacaqlar”. 

Komandamız artıq Oyunlara hazır­dır. Azərbaycan nümayəndə heyəti bu nüfuzlu yarışda iştirak etmək üçün iyu­nun 20-də çarter reysi ilə Polşaya yola düşəcək. 

Belə mötəbər yarışlarda böyük qələbə əldə etmək üçün güc və peşə­karlıqla yanaşı, qələbə əzmi, fədakar­lıq və Vətənə sevgi lazımdır. İnanırıq ki, həmişə böyük əzmkarlıqla mübarizə aparıb adını ən güclü komandalar sı­rasına yazdıran vətənpərvər idmançı­larımız bu dəfə də Vətənə qələbə ilə qayıdacaqlar!

Leyla QURBANOVA, “Xalq qəzeti”





İdman