Çingiz xandan başlayan türk qövmü: noqaylar

post-img

Hazırda dünyanın müxtəlif bölgələrində, təxminən, 300 milyondan çox türk soyundan olan insan yaşayır. Müstəqil dövlət quruluşuna malik olan və BMT tərəfindən tanınan 6 türkdilli dövlət var. Bunlar Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandır. Bundan əlavə, dövlət qurumuna malik olmayan, muxtəlif dövlətlərin ərazisində kompakt yaşayan 40-a yaxın türk soyundan olan xalqlar da var. Bu dəfə onlardan biri – "Qaranoğay" və ya "Noğay-Qaraqaş" adlandırılan noqaylar haqqında bəhs edəcəyik.

Noqay adına tarixdə ilk dəfə orta əsr­lərdə, Monqol imperiyasının dağılmasın­dan sonra (1368) rast gəlinir. Belə ki, öz adını Qızıl Orda impеratorluğunun böyük komandanlarından olan, Çingiz xanın nə­ticəsi Noqaydan alan noqaylar bu impe­riyanın çöküşündən sonra Noqay Xan­lığını yaradaraq Volqadan İrtışa, Xəzər dənizindən Aral gölünə qədər böyük bir ərazini öz hakimiyyəti altında birləşdir­mişdi. Xanlığın paytaxtı Saraycıq şəhəri idi. Əhalisinin əsasını Qazan, Krım, Həş­tərxan və Sibir xanlıqlarında olduğu kimi, qıpçaq türkləri təşkil еdirdi. 

Noqaylar əsasən əkinçilik, köçəri maldarlıq və atçılıqla məşğul idilər. Hərb prinsipi bütün məsələlərdən öndə idi. Hər noqay gənci orduda xidmət etmə­li idi. Onların öz mədəniyyətləri, məişət formaları vardı. Kımız və keçi ətindən qovurma süfrənin şahı idi və ən hörmətli qonaqlara hazırlanardı. Böyük əksəriyyə­tin dini baxışları tenqriçilik idi. Qızıl Orda dövlətində islam dini rəsmən qəbul edilsə də, bir çox qəbilələr, tayfalar, o cümlədən noqaylar sonralar müsəlman oldular. Müasir dövrdə onların böyük hissəsi İs­lam dininin hənəfi məzhəbinə aiddirlər.

Onu da qeyd edək ki, antropolo­ji baxımdan noqaylar, kiçik güney Sibir irqinə aiddir – hansı ki, monqoloid və av­ropoid arasında keçid sayılır. Monqoloid xüsusiyyətləri noqayları öz ətraflarından kəskin fərqləndirir. Noqayların müxtəlif qrupları müəyyən dərəcədə qarışıqlıqlığa uğrayıblar. Misal üçün, kuban və kumsk noqaylarının intensiv olaraq yerli adıgey­lər (çərkəzlər) ilə qarışması nəticəsində onlarda daha çox avropoid xüsusiyyətləri nəzərə çarpır. Bir vaxtlar noqaylar Qara dənizdən Aral dənizinə qədər olan əra­zilərdə yaşayırdılar. 

1728-ci ildə noqayların bir hissə­si Qara dənizin quzey bölgələrinə köç edərək orada Osmanlıların asılılığını qə­bul etdilər. Rusların həmin ərazilərə yürü­şündən sonra isə (1771) bu türk toplumu Kubana köçürüldü. 

Tarixin sonrakı dövrlərində Rusiyada baş verən inqilablar, çevrilişlər imperiya­nın daxilində yaşayan bütün xalqlar kimi noqayların da həyatına təsirsiz ötüşmədi və onlar kütləvi şəkildə müxtəlif ərazilərə köç etməyə məcbur oldular. Nəticədə, qonşu ərazilərə keçərək digər xalqların tərkibində oturaq həyata keçdilər. Ha­zırda dünyada 230 mindən çox noqay türkünün olduğu bildirilir. Onlar əsasən, Şimali Qafqazda–Dağıstan, Stavropol, Qaraçay–Çərkəz, Həştərxan bölgələrin­də və Çeçenistan ərazisində məskunla­şıblar. Noqaylar həmçinin Türkiyə, Rumı­niya, Macarıstan, Bolqarıstan və Litvada da yaşayırlar. Moskva və Sankt–Peter­burq kimi iri şəhərlərdə noqay diasporları fəaliyyət göstərir.

Hazırda dövlət dili rusca olsa da, ya­şadıqları rayonda öz türk dillərində danı­şırlar. Onların dili türk-qıpcaq dil qrupuna aiddir. Məhrumiyyətlərə rəğmən, bir bay­raqları mövcuddur. Bayraq mavi rəngdə­dir və üzərində qanadlı Bozqurd simgəsi əks olunub. 

Beləliklə, bir vaxtlar qüdrət sahibi olan noqay ulusunun uzunmüddətli mü­haribə və qətliamlardan sonra bu gün varlıqlarını qoruması, yenə də böyüməyə can atması əsl qəhrəmanlıq nümunəsidir.

Noqay soydaşlarımıza əmin-amanlıq və əzmkarlıq arzu edirik.

 

Mahmud QƏRİBOV,
“Xalq qəzeti”

Sosial həyat