“Türkiyə ilə Azərbaycan dövləti arasındakı əlaqələr dostluq əlaqələrindən çox yüksəkdir. Bunun tarixi dərinlikləri vardır. Çünki bizim tarixi soydaşlıq və qardaşlıq əlaqələrimiz mövcuddur.”
Bu fikirləri “Xalq qəzeti”nin Türkiyə təmsilçisinə Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Əlaqələr Şurasının üzvü, professor İsmail Safi bildirib.
İsmail Safinin fikrincə, bu səbəbdəndir ki, Azərbaycanla Türkiyə arasındakı müttəfiqlik başqa ölkələrlə müqayisə olunmayacaq qədər fərqlidir: “Yaxın keçmişə nəzər salaq: 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan öz hərbi gücü ilə torpaqlarını işğaldan azad etsə də, Türkiyənin və şəxsən Rəcəb Tayyib Ərdoğanın Azərbaycana verdiyi siyasi dəstək nəticəsində “Qarabağ Azərbaycandır, türk yurdudur” faktı bütün dünyada sübut olundu və bu zəfər təkcə Azərbaycanın deyil, bütün türk dünyasının zəfəri kimi dəyərləndirildi. Ondan sonra qəbul edilən Şuşa Bəyannaməsi isə Türkiyə ilə Azərbaycanın əlaqələrinin strateji müttəfiqlik səviyyəsinə qədər yüksəltdi. Məhz bu baxımdan Şuşa Bəyannaməsi bölgədə yeni geosiyasi və geoiqtisadi münasibətlərin başlanğıcını qoydu.
2021-ci ilin yayında baş verən kütləvi yanğın fəlakətində Azərbaycan Türkiyəyə ilk dəstək verən ölkə oldu.
Bu ilin fevralında Türkiyədə 11 vilayətimizi viranə qoyan zəlzələ fəlakətində yaşadığımız ağır, iztirablı günləri Azərbaycan dövləti və xalqı bizimlə barəbər yaşadı və bütün qüvvəsilə köməyini əsirgəmədi.
Bu ilin aprelində Türkiyədə keçirilən TEKNOFEST, bizim üçün bir elm, bilim bayramı idi, Azərbaycan ən yüksək səviyyədə iştirak etdi.
Yeri gəlmişkən, onu da deyim ki, bütün dünyanın da diqqət mərkəzində olan birinci turu 14 may, ikinci turu 28 mayda keçirilən prezident seçkiləri prosesində Azərbaycanın verdiyi mənəvi dəstək demokratik seçkinin qələbəsinə verilən dəstək kimi qəbul edilməlidir. Çünki bu, həqiqətən, səmimi bir dəstək idi.
Prezidentimizin yeni prezidentlik dövrü üçün səlahiyyətlərinin icrasına başlama mərasimində Azərbaycan dövlət başçısına və xanımına verilən mötəbər yerdən də hər birimiz qürur duyduq. Yəni, bütün bunlar ilk növbədə, hər iki dövlətin eyni soydan olan xalqları tərəfindən arzulandığı üçün baş tutur və heç bir qüvvə bundan sonra iki qardaş xalqın münasibətlərinə xələl gətirə bilməz”.
R.T.Ərdoğanın Azərbaycana son rəsmi səfərini şərh edən professor deyib ki, Türkiyədə prezident seçildiyi zaman ilk səfər etdiyi ölkənin birincisi Şimali Kipr Türk Cümhuriyyəti, ilkincisinin isə Azərbaycan olması bir ənənə halını alıb: “Şimali Kipr bizim yavru vətənimizdir. Təkcə Türkiyənin deyil, bütün türk dünyasının, eləcə də Azərbaycanın. Amma Kıbrıs türkləri mövzusu bizim üçün nə qədər əhəmiyyətlidirsə, Azərbaycan türkləri də o qədər əhəmiyyətlidir.
Bu gün Türkiyə ilə Azərbaycan arasında əlaqələrin bütün türk dünyasında çox konstruktiv təsiri var, bu da bizi vaxtilə xəyalımıza belə gətirə bilmədiyimiz Türk Dövlətləri Təşkilatının qurulması ilə nəticələnən bir nöqtəyə gətirib çıxardı. Bütün bunlar isə Cənab Ərdoğanla Cənab Əliyevin liderliklərinin və xidmətlərinin nəticəsidir. Odur ki, növbəti dəfə prezident seçildikdən sonra Cənab Ərdoğanın Azərbaycana etdiyi rəsmi dövlət səfərində bütün dünyaya verilən çox ismarışlar vardı”.
Mehparə SULTANOVA,
Ankara


