Doğma ellərdəki qərib yurdumuz...

post-img

Qərbi Azərbaycandan zaman-zaman didərgin düşmüş soydaşlarımızın acı fəryadları, üzləşdikləri fəlakətlər yaxın tarixin erməni üzqaralıqları sırasında yer alıb. Doğma ellərdəki qərib yurdumuzun – Qərbi Azərbaycanımızın bir zamankı gözəl günləri, erməni zülmünün acı xatirələri, işağl altında qalan yerlərin həsrəti və s. sənədli və bədii əsərlərdə, qoşulan şeirlərdə, tarixi araşdırmalarda dərin izlər qoymuş, əbədiləşmişdir.

Bizim çox əziz müəllimlərimizdən olmuş professor Həsən Mirzəyevin min bir zəhmətlə ərsəyə gətirdiyi və çap et­dirdiyi “Qərbi Azərbaycanın Dərələyəz mahalı” irihəcmli əsəri bu yurd yerimi­zin tarixini, toponimikasını, etnoqra­fiyasını, mədəniyyəti və ədəbiyyatını öyrənmək baxımından çox qiymətli bir əsərdir. 860 səhifəlik irihəcmli bu kitab Qərbi azərbaycanlıların bəlalı taleyi barədə əhatəli salnamədir. Mərhum müəllifin uzun illərin tədqiqatlarına dayanan dəyərli tapıntıları, fikir, mü­lahizə və qənaətləri bu nəşrdə geniş yer almışdır. Kitabın “Aşıq, şair və şair təbiətli adamların şeirlərində Dərələyə­zin, Vətən və yurd həsrətinin tərənnü­mü” fəsli maraqlılığı ilə yanaşı, ciddi tarixi önəm də daşıyır. 

Dərələyəz azərbaycanlıların ya­şadıqları Qərbi Azərbaycanın bir his­səsidir. Əsərdə Dərələyəz ədəbi mü­hiti kontekstində həm aşıq mühitinin nümayəndələri, həm də bölgənin şair və yazıçıları barədə məlumatlar, onla­rın yaradıcılığından nümunələr təqdim edilmişdir. Bu əsərlərdə müəlliflərin Dərələyəzə sevgisi, el-oba məhəbbəti, yurd nisgili, torpaq həsrəti, qayıtmaq ümidləri parlaq əksini tapmışdır.

Alim Aşıq Cəlil, Aşıq Mehdi, Aşıq Qəhrəman, Aşıq Fətulla, Aşıq Bəhman, Aşıq Qulu və başqa saz-söz sənətinin davamçıları haqqında danışmaqla bə­rabər, onların bədii irsindən örnəklər də vermişdir. Ustad aşıqların ləyaqətli davamçısı olan Aşıq Cəlil bütün kəş­məkəşli həyatı, taleyi və əsərlərinin ruhu ilə Qərbi azərbaycanlıların başına gəti­rilən müsibətləri təcəssüm etdirən ustad el sənətkarıdır. 

Dərələyəz mahalının məşhur Sallı kəndində doğulan, “Cəlili” və “Naxçıva­ni” havalarının müəllifi olan Aşıq Cəlil 1918-ci il erməni zülmü və müsibətləri­nin nəticəsi olaraq öz doğma torpağın­dan didərgin düşərək Şərur rayonuna pənah gətirmiş, burada Vətən nisgili ilə yaşamış, yurd həsrəti ilə dünyası­nı dəyişmişdir. Aşıq “Hardasan” rədifli qoşmasında doğma vətənindən didər­gin düşməyinin acı kədərini belə ifadə etmişdir:

Üzülübdür doğma yurddan ayağım,

Gecələr zülmətdir, sönüb çırağım.

Alınmaz səngərim, arxam, dayağım.

Dilim, ağzım, söhbət-sözüm hardasan?

Aşıq Mehdinin “Dığa”, “Düşdü” kimi şeirlərində, müəllifli bayatılarında insan­lıqdan uzaq, vandal ermənilərin zülm və sitəmləri, tərk edilərək boş qalan Vətən torpaqları və yurd həsrəti poetik əksini tapmışdır:

Əzizim, əlim çıxıb,

Vətəndən əlim çıxıb.

Bulaqlar haya qaldı,

Susuzdan dilim çıxıb. 

“Dərələyəzin güvəndiyim, Torpa­ğına zəhər düşdü” deyən nisgilli şair qorxaq və mənfur erməni dığalarının bir zaman cavablarının veriləcəyinə inamı­nı belə bildirmişdir:

Qarabağdan əl çək, əlin kəsilər,

Papa, mama deyən dilin kəsilər.

Xacodur, Vartazar əlin kəsilər,

Leşiniz itlərə pay olar, dığa. 

“Oğulluq etmədim sənə, bağışla, Vətən, günahımdan keç – keçə bilsən” deyən dərələyəzli şair Vahid Əziz isə baş vermiş faciələri belə bədiiləşdirmiş­dir:

Gör nələr əkmişdim, nələr göyərdi?

Gör kimlər ömrümün barını dərdi?

Hər yanda boy atıb tikan cücərdi,

İndi bu “zəmini” biç, biçə bilsən.

Dərələyəzli şairlərdən Əli Əkbər Dərələyəzli də “Vətən hey” şeirində Vətən həsrətini, könül qubarını yanğı ilə dilə gətirmişdir:

Nə vaxtdır ki görəmmirəm üzünü,

Gəzəmmirəm yaylaqların düzünü.

Söndürən yox ürəyimin közünü,

Mən qalmışam yana-yana, Vətən hey!

Şair Dərələyəzin görkəmli ziyalısı Həsən Mirzəyevə müraciətlə yazdığı şeirində isə Vətən həsrətini belə nəzmə çəkmişdir:

Çıxmır xəyalımdan doğma yurdumuz,

Axır gözlərimdən çay, Həsən müəllim.

Gəzsən yer üzünün bütün hər yerin,

Tapılmaz yurduma tay, Həsən müəllim! 

Ümumiyyətlə, Dərələyəz mahalının şairlərindən olan Rəhman Mustafayev, Şair Rzaqulu, Alim Dərələyəzli, Valeh Şahquliyev, Alı Dərələyəzli, Umud İsmayılov, Şəkil Dərələyəzli, Xırda xanım Dərələyəzli, Ballı Dərələyəz­li, Mənsurə Dərələyəzli, Narıngül Dərələyəzli, Əli Qozulcalı və başqa­larının yaradıcılığında da Qərbi Azər­baycanımızdan didərginliyin müsibət və nisgili poetik dillə əks olunmuşdur. Həm də gözəl şair olan dilçi profes­sor Həsən Mirzəyev də Vətən dərdi­ni bədii yaddaşa çevirmişdir. Onun “Dərələyəz”, “Dağlar” rədifli şeirlərin­də, “Dərdimi” qoşmasında, Aşıq Mehdi ilə deyişmələrində el həsrətinin ağrılı xatiratı əbədiləşmişdir. “Dərələyəz” rə­difli şeirində şair el göynərtisini belə ümumiləşdirmişdir:

Düşmən əlindəsən, gələ bilimirəm,

Axan göz yaşını silə bilmirəm.

Dərd məni öldürür, ölə bilmirəm.

Aylarım olubdu il, Dərələyəz!

Sənsiz lal olubdur dil, Dərələyəz!

Sinəsi dərdli olsalar da, dərələyəzli el şairlərimiz həm də ümidli, inamlı gö­rünürlər. İnanırlar ki, qəhrəman və yurd məhəbbətli soydaşlarımız mütləq öz elinə, obasına dönəcək, müxənnətdən, qarı düşməndən öz yurdunu təmiz­ləyəcək. Bir də o ellərə bahar gələcək, ağaclar çiçək açacaq, təbiət güləcək. Yurdlarımız doğma sakinlərinin gəlişinə sevinəcək. El də, oba da dirçələcək, hə­yat yenilənəcək. Həsən müəllimin dediyi kimi:

Mütləq gələcəyəm, bil, Dərələyəz,

Çox ötüb keçsə də il, Dərələyəz!

Hər bir azərbaycanlı əmindir ki, Azərbaycana Qarabağ və Şərqi Zəngə­zurda böyük Zəfər bəxş edən müzəffər Ali Baş Komandan İlham Əliyev ümum­milli lider Heydər Əliyevin Qərbi Azər­baycanla bağlı arzu və istəklərini də inamla gerçəkləşdirəcək. İnanırıq ki, 35 ildir ki, qaçqınlıq taleyi yaşayan soydaş­larımız tezliklə didərgin düşdükləri qərib elimizə – Qərbi Azərbaycanımıza da qa­yıdacaqlar.

 

Ramiz QASIMOV,
filologiya üzrə fəlsəfə doktoru, dosent



Sosial həyat