Qərbi Azərbaycana qayıtmaq soydaşlarımızın əzəli haqqıdır

post-img

Son 2 əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən kütləvi sıxışdırma, davamlı etnik təmizləmə və genişmiqyaslı soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. 

Mərhələ-mərhələ gerçəkləşdirilən belə amansız, cinayətkar siyasət nəticəsində azərbaycanlılar min illər boyu yaşadıqları tarixi-etnik torpaqlarından didərgin salın­mış, kütləvi qırğınlara məruz qalmışlar. Xalqımıza məxsus minlərlə tarixi-mədə­ni abidə və yaşayış məskənləri dağıdılıb viran edilmişdir. Tarixi mənbələrdən də aydın göründüyü kimi, erməni millətçiləri heç bir əsası olmayan “dənizdən-dənizə” böyük imperiya xülyasına qapılaraq on­lara öz torpaqlarında yer vermis azər­baycanlılara qarşı misilsiz xəyanətkarlığı fasiləsiz davam etdirmişlər. 

1828-ci ildə Rusiya imperiyasının Qərbi Azərbaycanı işğal etməsini rəs­miləşdirən Türkmənçay sülh müqavilə­sindən sonra Qacarlar səltənətinin bu alçaldıcı razılaşmanı qəbul etməsinin şərtlərindən biri kimi, 15 illik müdətdə ələ keçirilmiş torpaqlarda demoqrafik vəziyyəti dəyişmək üçün İrandan və Os­manlıdan İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərinə ermənilərin küt­ləvi surətdə köçürülməsi siyasəti həyata keçirilmişdir. Bu ərazilərdə çarizmin məs­kunlaşdırdığı və yerli əhaliyə qarşı düş­mənçiliyə təhrik etdiyi gəlmə ermənilər XIX əsrin 60-70-ci illərindən başlayaraq düşmənçilik hərəkətlərini siyasi mübarizə səviyyəsinə qaldırmışlar.

Rusiya imperiyasının kommunist­cəsinə yeniləşdirilməsinə başlandığı 1905–1907 və hərəkatın gerçəkləş­dirildiyi 1918–1920-ci illərdə erməni millətçi partiyalarının rəhbərliyi altında azərbaycanlılar Qafqazın hər yerində kütləvi soyqırımına və deportasiyaya məruz qalmışlar. Nəticədə, qırmızı im­periya Qərbi Azərbaycanda Ermənistan adlı oyuncaq dövlət, Qarabağın dağlıq hissəsində isə erməni muxtariyyəti ya­ratmaqla ölkəmizin ərazi bütövlüyünə qarşı tarixi xəyanətkarlıq aktını gerçək­ləşdirmişdir. 

Xalqımıza qarşı ayrı-seçkilik siyasə­tini davam etdirən ermənipərəst sovet rəhbərliyinin xeyir-duası ilə 1948–1953 və 1988–1991-ci illərdə isə Qərbi Azər­baycandan soydaşlarımızın tamamilə qovulub-çıxarılması prosesi amansızlıqla başa çatdırılmışdır. 1988–1991-ci illərdə SSRİ dövlətinin himayəsi altında Ermə­nistan dövləti indiki Ermənistan ərazi­sindən 250 mindən artıq azərbaycanlını ata-baba torpaqlarından deportasiya et­mişdir. Ümumiyyətlə, XX əsrdə 2 milyon­dan çox azərbaycanlı Qərbi Azərbaycan­da soyqırımına və deportasiyaya məruz qalmışdır. 

Beləliklə, xalqımız Rusiyanın işğalçı­lıq siyasəti nəticəsində iki yerə parçalan­dıqdan sonrakı dövrdə tarixi torpaqlarının böyük bir hissəsini də tamamilə itirmiş­dir. Qərbi Azərbaycan adlanan bu bölgə azərbaycanlılarsız qalmışdır. Tarix isə bu qədim türk diyarının mövcudluğunu və xalqımıza məxsusluğunun silinməz-po­zulmaz, təkzibedilməz izlərini-sübutlarını qoruyub saxlamışdır.

Soydaşlarının müstəqil dövləti olan Azərbaycan Respublikasına sığınmış Qərbi Azərbaycan İcması qədim və zən­gin bir tarixi irsin sahibi olaraq doğma yurda qayıtmaq haqqını gerçəkləşdirmək üçün inadlı mübarizəsini davam etdirir. Azərbaycan dövləti bu hərəkatı himayə etməklə Ermənistanın millətçi-separat­çı rəhbərliyini beynəlxalq aləmdə seçim qarşısında qoymuşdur.

Ermənistan dövləti isə minilliklərdən qaynaqlanan tarixi, zəngin mədəniyyəti, adət-ənənəsi olan Qərbi Azərbaycanda qurulmuşdur. Bu bölgənin dərin kökləri və özünəməxsus siması olan memarlı­ğı, xalq sənəti, musiqi ənənələri forma­laşmışdır. Elmə, təhsilə böyük həvəs və hörmət, mütərəqqi mədəniyyətə rəğbət bölgənin insanları arasında görkəmli si­yasətçilərin, elm və mədəniyyət xadimlə­rinin yetişməsinə səbəb olmuşdur. 

Bu gün Qərbi Azərbaycan adlandır­dığımız ərazidə Səfəvi dövləti tərkibində Çuxursəd bəylərbəyliyi yaradılmışdır. Nadir şahın qətlindən sonra bu ərazidə Azərbaycan feodal dövlətlərindən biri olan İrəvan xanlığı qurulmuşdur. Bu xan­lıq da birmənalı olaraq xalqımıza məxsus olduğuna görə mübahisəsiz Azərbaycan ərazisidir. 1828-ci il rus işğalına qədər bu əraziyə gələn səyyahlar, tarixçilər, tacirlər bölgəni türk torpağı kimi görmüş və tanı­mışlar. Bu ərazidəki bütün tarixi və dini abidələr azərbaycanlı əhaliyə məxsus olmuşdur. XX əsrdə isə erməni millət­çilərinin torpaqlarımızın mənimsənilmə­sinə yönəlmiş düşmənçilik siyasəti, sovet hakimiyyəti tərəfindən həyata keçirilən deportasiyalar Qərbi azərbaycanlıları öz yurd-yuvalarından didərgin salmış və çoxsaylı insan tələfatı ilə nəticələnmişdir. 

Dövlət başçısı İlham Əliyev öz çıxış­larında dəfələrlə Qərbi Azərbaycanın, İrəvanın, Zəngəzurun və Göyçənin ta­rixi Azərbaycan torpaqları olduğunu vurğulamışdır. Ölkə rəhbəri Qərbi Azər­baycandan olan bir qrup ziyalı ilə görü­şündə bir daha dünyaya bəyan etmişdir: “Əfsuslar olsun ki, ermənilər Qarabağ­dakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yek­san ediblər, dağıdıblar, azərbaycanlıla­rın tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstə­rir ki, Qərbi Azərbaycan tarixi Azərbay­can diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bili­rik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb”.

Xalqımızın taleyində faciəvi rol oy­namış bağışlanılmaz əməllərdən biri də Rusiyanın 1 əsr əvvəl işğal etdiyi ərazidə 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə tarixi şəhəri­miz İrəvanın paytaxt olaraq Ermənistana bağışlanması olmuşdur. Bundan sonra erməni milliyətçiləri daha da iştahlanaraq min bir fitnə-fəsadla tarixi Azərbaycanın digər ərazilərinə yiyələnməyə başlamış­lar. 1920-ci ildə düşmənlərimiz Qərbi Zəngəzuru və Azərbaycanın bir sıra di­gər torpaqlarını da Ermənistana birləş­dirməyə nail olmuşlar. 

1987-ci ilin noyabrında ümummilli li­der Heydər Əliyevin hakimiyyətdən uzaq­laşdırılmasından istifadə edən erməni millətçiləri və onların sovet rəhbərliyin­dəki havadarları həyata keçirdikləri sis­temli və gizli cinayətləri açıq müstəviyə çıxararaq Azərbaycana qarşı yeni ərazi iddiaları ilə geniş təcavüzkarlıq aktları törətmişlər. Hərtərəfli himayədarlıqla Qa­rabağ və Şərqi Zəngəzur müharibə yolu ilə işğal edilmiş, ölkənin 20 faiz ərazisinin 800 min əhalisi 30 il müddətində öz vətə­nində məcbiri köçkün halına salınmışdır. 

Ötən illər ərzində insanlıq simasını itirmiş erməni millətçiləri qəsb etdiklə­ri Qərbi Azərbaycanda, Qarabağda və Şərqi Zəngəzurda xalqımızın maddi-mə­dəni irsinə qarşı da soyqırımı siyasəti hə­yata keçirmişlər. Əzəli torpaqlarımız İrə­vana, Zəngəzura, Göyçə mahalına zorla yiyələnən ermənilər özlərinə saxta tarix quraşdırmaq üçün, ilk növbədə, o əra­zilərdəki qədim yer adlarını da bütünlüklə dəyişdirmişlər. 

Tarixi həqiqəti isə dəyişdirmək müm­kün deyil. Qərbi Azərbaycanın əsl sa­hibi xalqımızdır və soydaşlarımızın bu əraziyə qayıdıb orda yaşaması isə on­ların əzəli insanlıq haqqı və beynəlxalq hüquqla müəyyən edilən hüququdur.

 

Arzu ABDULLAYEV,
tarix üzrə fəlsəfə doktoru

Siyasət