Yanvar–aprel aylarında 18 ölkəyə neft ixrac edilib

post-img

Bu ilin dörd ayında Azərbaycan 18 ölkəyə 5 milyard 715 milyon 409,95 min ABŞ dolları dəyərində 9 milyon 235 min 906,05 ton xam neft ixrac edib. Bu barədə Dövlət Gömrük Komitəsinin son hesabatında məlumat verilir. 

Azərbaycan neftinin alıcıları sırasında ilk yer İtaliyaya məxsus olub. Belə ki, yan­var-aprel ayları ərzində bu ölkəyə dəyəri 2 milyard 108 milyon 111,51 min dollar təş­kil edən 3 milyon 269 min 76 ton neft ixrac olunub. Ölkəmizin ümumi neft ixracında ikinci yerdə Hindistan qərarlaşıb. Hesabat dövründə bu ölkəyə 543 milyon 45 min 660 dollar dəyərində 922 min 967,24 ton neft ixrac edilib. İlk üçlüyü isə ölkəmizdən 526 milyon 641,07 min dollar dəyərində 826 min 905,05 ton neft alan İspaniya ta­mamlayıb.

Cari ilin yanvar-aprel aylarında Azər­baycan neftinin alıcıları sırasında sonrakı yerləri İsrail, Türkiyə, Çexiya, Almaniya, Yunanıstan, Avstriya, İrlandiya, Rumıniya, Sinqapur, Vyetnam, İndoneziya, Fransa, Portuqaliya, Xorvatiya və Tailand tutub. 

Komitənin məlumatına əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyə­rinə dair məlumatlar nəzərə alınıb. 

“Xalq qəzeti”

İqtisadiyyat