Yeni içməli su standartı qüvvəyə minib

post-img

Ölkəmizdə “İçməli su. Gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət” AZS 929:2023 dövlət standartı qüvvəyə minib. Yeni standart BMT-nin “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi” üzrə Konvensiyasının “Su və Sağlamlıq Protokolu”na əsasən Azərbaycan Respublikası tərəfindən rəsmi qəbul edilmiş Məqsədli Göstəricilərin icrası ilə əlaqədar Səhiyyə Nazirliyinin əmri ilə yaradılmış işçi qrup tərəfindən hazırlanıb. Aidiyyəti dövlət qurumlarının, elmi müəssisələrin, vətəndaş cəmiyyəti institutunun müsbət rəyini almış yeni standart İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Standartlaşdırma İnstitutunun (AZSTAND) qərarı ilə təsdiq edilib. 

AZS 929:2023 “İçməli su. Gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət” stan­dartına mərkəzləşdirilmiş və mərkəzləşdi­rilməmiş su təchizatı sistemlərində içməli suyun təhlükəsiz idarə edilməsinə dair tələblər, içməli suyun keyfiyyət göstəri­ciləri və onların yol verilən qatılıq hədlə­rinin siyahısı daxildir. Bu standart Ümum­dünya Səhiyyə Təşkilatının Avropa ofisi tərəfindən təqdim olunan işçi sənədin tövsiyələri, insan istehlakı üçün nəzərdə tutulmuş suyun key­fiyyətinə dair 16 dekabr 2020-ci il tarixli 2020/2184 saylı Avropa Par­lamenti və Avropa Şurası Direktivi, ГОСТ 2874-82, СанПин 2.1.4.1074-02, USEPA standartları nəzərə alı­naraq tərtib olunub.

Yeni standarta əsasən, içmə­li suyun mikrobioloji (8 göstərici), orqanoleptik, fiziki-kimyəvi (100 göstərici) və radioloji (2 göstərici) göstəriciləri öyrə­niləcək. Qeyd edək ki, indiyə qədər ölkə­mizdə içməli suyun keyfiyyətinə nəzarət SSRİ dövrü qəbul olunmuş ГОСТ 2874-82 standartları əsasında aparılırdı. 

“Xalq qəzeti”

İqtisadiyyat