Rusiya Ermənistana 1 milyard dollarlıq silah-sursatı “hədiyyə” elədiyini niyə unudur?
Ölkəmiz müharibənin vurduğu maddi-mənəvi acıları özünün 30 illik acı təcrübəsindən yaxşı bilir. Ona görə müharibədən ziyan görən bütün ölkələrə və xalqlara yardım əlini uzatmağı özünün xeyirxahlıq missiyasi hesab edir.
Ədalətsiz müharibənin, işğal siyasətinin fəsadlarını yaşayan Azərbaycan bu gün eyni aqibətlə üzləşmiş ukraynalıların yanında olduğunu gizlətmir, bunu açıq bəyan edir. Yardımların hərbi deyil, yalnız humanitar xarakter daşıdığı hamıya məlumdur. Amma buna baxmayaraq hökumətə yaxın media vasitələri feyk-xəbərlər yaymaqda davam edirlər. Azərbaycanın müharibədən əziyyət çəkən ölkəyə ancaq humanitar yardım etdiyini Rusiyada hamı yaxşı bilir.
Son vaxtlar Rusiyanın bəzi elektron media seqmentlərində Azərbaycanı hədəfə alan yazılar çoxalmaqdadır. Zatulinçilərdən, valuyevçilərdən sonra hökumət tapşırıqlarının “yumşaq” icraçısı kimi tanınan oliqarx Konstantin Malofeyevin kurasiyasında olan “Tsarqrad” qəzeti Azərbaycana və onun rəhbərliyinə daha çox “diqqət ayırmağa” başlayıb. Bu haypərəst nəşr az qala hər gün anti–Azərbaycan məzmunlu məqalələr dərc edir. Rusiyada yaşayan ermənilərin, zəngin hayların anti-Azərbaycan lobbisi həmişə aktiv fəaliyyətdə olub. Bu ölkədə rəsmi Bakının bölgədə və dünyada artan nüfuzunu, suveren siyasətini həzm edə bilməyən qüvvələr təkcə ölkəmizə qarşı deyil, postsovet respublikaların hamısına münasibətdə radikal mövqe sərgiləyirlər. Onlar Azərbaycanı nədəsə ittiham etmək üçün daim bəhanə axtarırlar. Ukrayna ilə hərbi münaqişə başlanandan Şimal qonşumuzda neoimperialist, şovinist meyillərin xeyli gücləndiyini, bəzən isterik hala çevrildiyini müşahidə edirik. Bəli, müharibə millətçiliyi gücləndirir, rusofobiyanı şişirdir.
Rusiyadakı haypərəst düşərgə isə son vaxtlar iki ölkə arasında münasibələrdə müşahidə olunan sərinliyi fürsət bilərək, yaranmış vəziyyətdən maksimum istifadə etməyə çalışır. Reallıqda isə Rusiya–Azərbaycan əlaqələrinin inkişafına mane ola biləcək səbəb yoxdur. Azərbaycan Rusiyaya qarşı heç bir hərbi–siyasi blokda yer almır, Qərbin tətbiq etdiyi sanksiyalara qoşulmur. Əslində, Bakının buna sağlam və balanslı yanaşması Ukrayna münaqişəsi prizmasından indi daha qabarıq görünməkdədir.
Azərbaycanın Ukraynaya, guya, hərbi yardım etməsini ictimai rəyə sırımağa çalışan şəbəkənin “menyusuna” bəzi fakt və sübutları çatdırmağımız yerinə düşər. Bunu biz yox, 2003-2016-cı illərdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi olmuş Nikolay Bordyuja deyir. Altı ay əvvəl Ermənistanın təşkilata üzvlüyünü dayandıracağı barədə bəyanatlarını böyük səhv adlandıran Bordyuja KTMT ilə yanaşı, Rusiyanın İrəvana böyük kömək göstərdiyini belə izah edib: “Ermənistanın silahlı qüvvələri, o cümlədən bütün güc strukturları illər boyu Rusiyadan hərtərəfli – hərbi texnikadan tutmuş elmi və texniki dəstəyə qədər yardım alıblar. Sadəcə, rəqəmlər gizli saxlanılıb. Amma onu deyə bilərəm ki, Rusiya Ermənistanın silahlı qüvvələrinə və bütövlükdə, Ermənistana kifayət qədər maliyyə xərcləyib. Burada söhbət böyük rəqəmlərdən gedir”.
Bakı onu da gizlətmir ki, son üç ildə valideynləri silahlı münaqişədə həlak olmuş və ya əsir götürülən 273 ukraynalı uşaq Azərbaycanda reabilitasiya keçib. Onu da yada salaq ki, Rusiya mediası iki il bundan əvvəl də Azərbaycandan Ukraynaya silah tədarükü ilə bağlı məlumatlar yaymışdı. İddia olunurdu ki, 2022-ci ildə Bakıda istehsal olunan 120 millimetrlik “40M11” minaları Ukraynaya satılıb. Rusiya mediası ötən ilin iyununda da Ukrayna silahlı qüvvələrinin arsenalında Azərbaycan istehsalı olan 82 millimetrlik “20N5” minaatanların olduğunu yazmışdı. Azərbaycanda bu minaatanların istehsalına təxminən on il əvvəl başlandığı barədə informasiya rəsmi mənbələrdə yer alır. Azərbaycan BMT-nin silahlara nəzarət rejiminin tələblərinə uyğun şəkildə, bunun üçün müvafiq sertifikata malik olan “20N5” minaatanlarını Yaxın Şərqin bir sıra ölkələrinə də satıb. Rəsmi mənbələrin açıqlamasına görə, Azərbaycan Ukraynaya heç bir silah, o cümlədən minaatanlar satmayıb və ötürməyib. Yəni, əsasən hay mənbələrin yaydığı, Rusiya mediasının da tirajladığı bu tip məlumatların heç bir əsası yoxdur.
***
Rəsmi Bakının Ukraynaya humanitar yardımı, bu ölkənin ərazi bütövlüyünü dəstəkləməsi müharibənin ilk günündən elan olunan xətdir. Bu mövqe bütün platformalarda, hətta Rusiya rəhbərliyi ilə görüşlərdə də dəfələrlə nəzərə çatdırılıb. Görünən odur ki, Rusiyada bəzi dairələr, media subyektləri Azərbaycana qarşı münasibətdə müttəfiqlik və tərəfdaşlıq əlaqələrimizi pozan mövqe sərgiləyirlər. Elə indi aparılan anti-Azərbaycan kampaniyası da yeni bir şey deyil.
İndi aparılan anti–Azərbaycan kampaniyasının Prezident İlham Əliyevin 9 mayda Rusiyaya parad səfərindən imtinası, Xarici işlər naziri Sergey Lavrovun Ermənistana məlum səfəri və Rusiya–Ermənistan münasibətlərində müşahidə edilən son istiləşmə fonunda baş verməsi təsadüfi deyil. Bununla Moskva bir daha əsl niyyətini, daha doğrusu, Cənubi Qafqaza köhnəlmiş siyasətindən əl çəkmədiyini, üzdə görünən fikir ayrılığına baxmayaraq, bölgədə əsas müttəfiqinin Ermənistan olduğunu bir daha ortaya qoyur. Bu, artıq hamıya məlum olan həqiqətin etirafıdır.
Yəqin, sonda bu xatırlatmaya da ehtiyac var: “Sülhməramlı kontingenti”nin ərazimizdə olduğu müddətdə erməni quldur dəstələrinin Ermənistandan silah, mina daşımalarına şərait yaratması sənədləşdirilən xronikadır. Bəlkə Moskva belə çirkin dezinformasiya, ideoloji kampaniya ilə Bakıya təzyiq göstərə biləcəyini, haqlı mövqeyindən geri çəkiləcəyini düşünür? Elədirsə, onda yanılır və bu cür zərərli addımların onun özünün maraqlarına zərbə vuracağı tezliklə üzə çıxacaq.
Elxan ŞAHİNOĞLU,
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi icmalçı
– Ermənistan müstəqilliyini qazandıqdan İkinci Qarabağ müharibəsinə, hətta ondan sonrakı dövrə qədər Rusiyadan milyardlarla dollar həcmində silah-sursat alıb. Rusiyanın keçmiş illərdəki hərbi komandanlığı Ermənistana Birinci Qarabağ müharibəsində Azərbaycan torpaqlarının işğalının planlamasında da kifayət qədər dəstək verib.
Rusiya Ermənistanı həm rəsmi, həm də qeyri-rəsmi kanallarla silahlandırıb. Rusiya Dövlət Dumasının keçmiş deputatı, müdafiə komitəsinin sabiq sədri, general Lev Roxlin 1990-cı illərin ortalarında Rusiyanın Ermənistana qeyri-qanunu yollarla 1 milyard dollar civarında silah və hərbi texnika göndərdiyini bildirmişdi. Lev Roxlin bunu açıqladıqdan bir müddət sonra evində ölü tapıldı. Roxlinin açıqlaması o zaman rəsmi Bakını ciddi narahat etmişdi. Prezident Heydər Əliyev rusiyalı həmkarı Boris Yeltsinlə görüşdə bu məsələnin araşdırlmasını tələb etmişdi. İkitərəfli komissiya yaradıldı, ancaq Kreml bu məsələni araşdırmaqda maraqlı deyildi. Vladimir Putin hakimiyyətə gəldikdən sonra Ermənistana hərbi yardım dayandırılmadı, əksinə, Serj Sərkisyanın prezidentliyi dövründə İrəvana Rusiyadan hərbi texnika almaq üçün 200 milyon dollar kredit ayrıldı. Kremlin Nikol Paşinyana mənfi münasibətinə baxmayaraq, onun hakimiyyəti dövründə də Rusiyadan Ermənistana hərbi texnika daşınırdı. İndi Rusiya mediasının Azərbaycanı Ukraynaya hərbi yardımda suçlaması absurddur.
İkinci Qarabağ müharibəsi dövründə Rusiya Mərkəzi Asiya və İran üzərindən Ermənistana hərbi texnikanı ötürməkdə davam edirdi. 44 günlük müharibə dövründə Azərbaycana qarşı istifadə edilən Rusiyanın “İsgəndər-M” raketləri Ermənistana eyni marşrutla çatdırılmışdı. Bütün bunlardan məlumatlı olan Nikolay Bordyuja Rusiyanı və KTMT-ni tənqidinə görə İravanın naşükürlük etdiyini, Kremlin yaxşılığını tez unutduğunu bildirib.
Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq
– “Tsarqrad” rusiyanın millətçi dairələrinə məxsus, şovinist mövqeyi ilə seçilən qəzetdir. Onu oliqarx Konstantin Malofeyevin maliyyələşdirdiyi məlumdur. Azərbaycanın Ukraynaya yardımı ilə bağlı mövqeyi gizli deyil. Bu mövqe ondan ibarətdir ki, Azərbaycan dövlətlərin ərazi bütövlüyü prinsipinə dəstək verir. Məhz bu baxımdan, Ukraynanın beynəlxalq hüququn təsbitlədiyi bu haqqını tanıyır və onun tərəfindəyik. Rəsmi Bakı bunu prinsipial mövqeyi kimi açıq nümayiş etdirir. Bəli, MDB ölkələri arasında Ukraynaya ən böyük humanitar yardımı Azərbaycan göndərib. Axı, bu dövlətin energetika sistemi darmadağın olmuşdu. Bakı Kiyevi ciddi ehtiyac duyduğu elektro-generatorlarla, xüsusi kabellərlə təmin edib. Yəni, Azərbaycan dinc əhalinin normal yaşayışını təmin etmək məqsədilə yanacağı, ilkin tələbat mallarını Ukraynadan əsirgəməyib.
Azərbaycan bu istiqamətdə humanitar fəaliyyətini heç vaxt gizlətməyib. İndi durub kiminsə bu fəaliyyətimizə görə bizi qınamağa haqqı yoxdur. Axı, bizdən fərqli olaraq, milyardlarla dollar dəyərində sulahları Ermənistana müftə verən Rusiya olub. Ermənistanın həmin silahlardan Azərbaycan torpaqlarının işğalı üçün istifadə etdiyini xarici işlər naziri Sergey Lavrov özü etiraf etdi. Artıq o da sirr deyil ki, 44 günlük müharibədə Moskva İran ərazisindən Ermənistana bir milyardlıq yeni silahlar ötürüb. Rusiyanın Gümrüdəki hərbi bazasının cəbbəxanası da hayların ixtiyarına verilmişdi. Hərbi yardın buna deyirlər. Biz hələ işğalçıya verilən və torpaqlarımızı darmadağın edən “İsgəndər” və “Smerç” raketlərini demirik.
Bütün bunları “Tsarqrad”a xatırlatmaq lazımdır ki, Azərbaycanı Ukraynaya göstərdiyi humanitar yardıma görə qınamağı unutsun. Bakı Moskva ilə daim qonşuluq, strateji tərəfdaşlıq münasibətlərini qoruyub saxlamağa çalışıb. Amma bu o demək deyil ki, Rusiya xarici siyasətini, digər ölkələrlə münasibətləri necə qurması barədə Azərbaycana göstəriş versin.
İmran BƏDİRXANLI
XQ