Qlobal güc paritetinin dəyişən koordinatları

post-img

ABŞ–Çin kontekstində liderlik və strateji qarşıdurma

VII MƏQALƏ

XXI əsrdə beynəlxalq münasibətlər sistemində müşahidə edilən ən mühüm və həlledici transformasiyalardan biri Amerika Birləşmiş Ştatları ilə Çin Xalq Respublikası arasında dərinləşən və kompleks xarakter daşıyan strateji qarşıdurmadır. İkitərəfli münasibətlər artıq sadəcə iqtisadi rəqabət, ticarət müharibəsi və texnoloji liderlik uğrunda mübarizə ilə məhdudlaşmır; məsələ daha dərinə – qlobal normativlərin, idarəetmə modellərinin və beynəlxalq düzənin gələcək forması uğrunda ideoloji və struktur mübarizəyə yönəlmişdir. Yəni, bu qarşıdurma iki müxtəlif dünya nizamı vizyonunun toqquşması kimi çıxış edir. Bir tərəfdə Qərbin təşviq etdiyi liberal-demokratik və açıq bazara söykənən beynəlxalq sistem, digər tərəfdə isə Çin tərəfindən təqdim edilən “avtoritar modernləşmə” modeli və alternativ qlobal idarəetmə yanaşması.

Siyasi analiz və beynəlxalq münasibətlər nəzəriyyəsi çərçivəsində bu dinamikanı başa düşmək üçün əsasən realizm və struktur realizm (neorealizm) yanaşmalarına istinad edilir. Realist baxışa görə, beynəlxalq sistemdə anarxik mühit hökm sürdüyündən dövlətlər öz milli maraqlarını qorumaq üçün güc axtarışında olurlar. Məhz bu prizma ilə Çin – yüksələn güc kimi – öz iqtisadi və siyasi təsirini genişləndirməyə çalışarkən, mövcud hegemon güc olan ABŞ bu yüksəlişi öz qlobal liderliyinə təhdid kimi qəbul edir. Bu vəziyyət klassik “Fukidid tələsi” nəzəriyyəsi ilə uyğunluq təşkil edir: yüksələn güc (Çin) mövcud hegemonun (ABŞ) üstünlüyünü təhdid etdikdə, tarixən bu dinamika tez-tez qarşıdurma ilə nəticələnmişdir. “Fukidid tələsi” anlayışı qədim yunan tarixçisi Fukididin Peloponnes müharibəsi ilə bağlı apardığı təhlildən qaynaqlanır. Fukidid yazırdı ki, “Spartanı müharibəyə sövq edən əsas səbəb Afina gücünün artması və bu yüksəlişin Spartada yaratdığı qorxu idi”. Həmin fikir beynəlxalq münasibətlər nəzəriyyəsində əsas realist tezislərdən birinə çevrilib: mövcud hegemon güc ilə yüksələn güc arasındakı sistemli qarşıdurma.

Nəzəriyyəyə əsasən, beynəlxalq sistemdə hegemon gücün statusu dəyişməyə başladıqda, yeni güc mərkəzinin yüksəlişi sabitliyi pozur və tərəflər arasında qarşılıqlı şübhə və strateji qorxu yaranır. Bu isə müharibə və ya ciddi qarşıdurma riskini artırır. Yəni, məsələ yalnız yüksələn gücün niyyətləri ilə deyil, həm də mövcud hegemonun bu yüksəlişə necə reaksiya verməsi ilə bağlıdır. Tarixdə bu cür dinamikaların çox zaman açıq münaqişə ilə nəticələndiyi müşahidə olunub.

Bu konsepti müasir dövrə tətbiq edən Harvard Universitetinin professoru Qraham Ellison “Fukidid tələsi”ni sistemli şəkildə öyrənib və ABŞ–Çin münasibətləri kontekstində geniş şəkildə təhlil edib. Ellisonun Harvard Belfer Mərkəzində apardığı araşdırmada son 500 ildə hegemon gücün dəyişməsi ilə bağlı 16 əsas hal təhlil olunur və bunlardan 12-nin münaqişə ilə nəticələndiyi göstərilir.

ABŞ hazırkı beynəlxalq sistemin əsas iqtisadi, hərbi və texnoloji lideri kimi çıxış edir. Lakin son onilliklərdə Çinin sürətli iqtisadi inkişafı, hərbi gücünü artırması, qlobal miqyasda diplomatik və texnoloji təsirini genişləndirməsi ABŞ tərəfindən ciddi strateji təhlükə kimi qiymətləndirilir. Bütün bunlar ABŞ-ın Çinlə bağlı siyasətində daha sərt mövqeyin yaranmasına səbəb olub. Çin isə öz növbəsində, bu reaksiyanı “saxlanma strategiyası” kimi qəbul edir və öz maraqlarını daha qətiyyətli şəkildə müdafiə etməyə başlayır.

Çin və ABŞ arasında dərinləşən geosiyasi və ideoloji qarşıdurma artıq təkcə güc balansına əsaslanan mübarizə deyil; bu rəqabət getdikcə daha çox mədəni, sivilizasiya və idarəetmə modelləri səviyyəsində qlobal normativ çərçivələrin üzərində aparılan mübarizəyə çevrilir. Əgər ABŞ öz liberal-demokratik dəyərlər sistemini – insan haqları, azad bazar iqtisadiyyatı və çoxtərəfli beynəlxalq əməkdaşlıq prinsipləri ilə müdafiə edirsə, Çin bunun əksinə olaraq, dövlət nəzarətinin üstünlük təşkil etdiyi, iqtisadi inkişafla siyasi sabitliyin uzlaşdırıldığı avtoritar modernləşmə modelini irəli sürür.

Modelin əsas fərqi ondadır ki, o, inkişaf üçün mütləq şəkildə demokratik institutlara ehtiyac olmadığını, əvəzində güclü və səmərəli mərkəzləşdirilmiş idarəetmə, uzunmüddətli planlaşdırma və sosial sabitlik kimi amillərin eyni dərəcədə uğur gətirə biləcəyini göstərməyə çalışır. Çin bu yanaşmanı ideoloji ekspansiya alətinə çevirməklə, xüsusilə, Qlobal Cənubda – Asiya, Afrika və Latın Amerikası ölkələrində – öz təsirini artırır. Deməli, bu regionlarda liberal modernləşmə modellərinin bəzən uğursuzluqla nəticələnməsi və Qərb tərəfindən təqdim olunan yardım və islahat şərtlərinin daxili suverenliyə zidd olması Çin modelinə marağı artırır.

Pekin öz inkişaf yolunu “özünəməxsus Çin xüsusiyyətləri daşıyan sosializm” kimi təqdim etsə də, əslində, bu yanaşma daha geniş miqyasda “alternativ modernləşmə” ideyasını təmsil edir. Burada əsas ideya ondan ibarətdir ki, inkişaf etmiş iqtisadiyyat və yüksək texnologiyalar yalnız liberal-demokratik sistemlər daxilində mümkün deyil. Çin modeli siyasi avtoritarizm ilə iqtisadi dinamizmin birgə mövcud ola biləcəyini sübut etməyə çalışır ki, bu da ABŞ-ın uzun illər təbliğ etdiyi “demokratiya və inkişaf əl-ələ verir” tezisini şübhə altına alır.

Bu mənzərə Çin – ABŞ qarşıdurmasını, sadəcə, ticarət, texnologiya və ya hərbi sahədəki rəqabətdən çıxarıb, normativ və ideoloji səviyyəyə qaldırır. Artıq söhbət hansı dövlətin daha güclü olmasından deyil, hansı inkişaf yolunun daha legitim və universal model olaraq qəbul ediləcəyindən gedir. Qlobal dəyərlər sistemi, normativ hakimiyyətin kimin əlində olacağı və beynəlxalq münasibətlər sistemində “doğru idarəetmə”nin necə təyin olunacağı kimi fundamental suallar gündəmə gəlir.

Çin və ABŞ arasındakı mövcud mübarizə XXI əsrin geopolitikasında yeni ideoloji dualizmin yaranmasına səbəb olur: bir tərəfdə demokratiya, insan haqları və liberal kapitalizm, digər tərəfdə isə stabillik, inkişaf və milli suverenlik üzərində qurulan dövlət mərkəzli model. Bu dualizm beynəlxalq nizamın gələcək strukturuna, beynəlxalq hüququn inkişaf trayektoriyasına və qlobal norma və dəyərlərin kim tərəfindən müəyyən olunacağına dair dərin transformasiyaların siqnalını verir.

Belə bir geosiyasi mənzərədə beynəlxalq münasibətlərdə sabitlik və normativ ardıcıllıq yerini qeyri-müəyyənliyə, qarşılıqlı şübhələrə və gücə əsaslanan siyasətə verir. Bu da qlobal sistemin idarə olunmasını daha da mürəkkəbləşdirir, beynəlxalq hüququn effektivliyini zəiflədir və diplomatiyanın qarşısında yeni çağırışlar yaradır. Deməli, XXI əsrdə Çin–ABŞ münasibətləri qlobal siyasətin yalnız iki güc arasında məhdudlaşan rəqabəti deyil, həm də dünya düzəninin gələcək strukturunu müəyyən edəcək əsas siyasi mübarizə nöqtəsidir. Qarşıdurmanın mahiyyətini anlamaq üçün yalnız iqtisadi və hərbi göstəricilərlə kifayətlənmək olmaz. Buraya ideoloji üstünlük uğrunda informasiya müharibələri, texnoloji rəqabət, diplomatik manevrlər və beynəlxalq təşkilatlarda təsir uğrunda mübarizə də daxildir.

ABŞ və Çin arasındakı sistemli qarşıdurma gələcək qlobal güc paritetinin necə formalaşacağını və beynəlxalq münasibətlər sisteminin hansı prinsiplərə əsaslanacağını müəyyən edəcək əsas geosiyasi meyar kimi çıxış edir. Nəticə etibarilə, bu iki yanaşma arasında yaranan ideoloji qarşıdurma beynəlxalq sistemdə yeni bir mərhələnin başlanğıcını göstərir. Qlobal Cənub ölkələri artıq tək bir normativ mərkəzdən – Qərbdən – asılı deyil. Onlar alternativ model kimi Çin nümunəsinə baxaraq fərqli inkişaf trayektoriyalarını müzakirə etmək imkanına sahibdirlər.

Bütün bu amillər isə beynəlxalq sistemdə əvvəllər hökm sürən normativ monolitin parçalanması və çoxtərəfli ideoloji plüralizmin meydana çıxması deməkdir. Beləliklə, XXI əsrdə ideoloji rəqabət, sadəcə, siyasi rejimlərin deyil, həm də inkişafın mənası və yolunun necə təyin olunacağına dair qlobal mübahisənin əsasına çevrilib.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru



Siyasət