Amansız “Aprel işğalı”

post-img

Fəzail İBRAHİMLİ,
Milli Məclisin deputatı, professor

(əvvəli https://www.xalqqazeti.az/az/siyaset/223460-amansiz-aprel-isgali

Azərbaycan Xalq Cümhuriyyətinin faciəli süqutu

Müasir tarixşünaslıqda bu əlaqələrin qurulmasına Rusiya tərəfinin göstərdiyi cəhdlər əsasən Azərbaycan Xalq Cümhuriyyəti hökumətini Sovet Rusiyasının Azərbaycanı işğal etdiyi bir ərazi gözü ilə deyil, əməkdaşlıq qurmaq istədiyi bir ölkə kimi görməsinə inandırmağa çalışması kimi izah edilir. Bu, eyni zamanda, hökuməti müdafiə tədbirləri görməkdən yayındırmaq, daha təmkinli davranmağa sövq etmək və hərbi müdaxilənin olmayacağına inandırmaqla sayıqlığının yatırdılması məqsədini daşıyırdı.

Sovet Rusiyasının Qafqaz siyasətinin formalaşdırılmasında Xalq Komissarları Sovetində millətlər komissarı İ.Stalin, Azərbaycan, Gürcüstan və Ermənistanda yerli milli hakimiyyətlərin devrilməsində xüsusi xidmətləri, anti-Azərbaycan mövqeyi ilə seçilən Q.Orconokidze olmuşlar. Qafqaz istiqamətində gedən hərəkətləri əlaqələndirmək üçün Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin 8 aprel 1920-ci il qərarı ilə yaradılmış Qafqaz Bürosuna Q.Orconikidzenin başçılıq etməsi də təsadüfi deyildir. Yaradılmış büronun üzvləri S.Kirov, A.Nazaretyan, N.Nərimanov, Y.Stasova və başqaları idi. Onlar xüsusilə 1920-ci ildə Cənubi Qafqaz regionunun işğalı istiqamətində “səylər” göstərmişlər.

Qırmızı ordunun işğalına hazırlıq kifayət qədər möhkəm və etibarlı vasitələrlə dəstəklənirdi. Hələ ordu hissələri Bakıya gəlməzdən əvvəl silahlı üsyanın uğur qazanması üçün lazım olan materiallar və ləvazimatlar Bakıya daşınmışdı.

Qafqaz Bürosuna, həmçinin Qafqaz qırmızı ordusunun fəaliyyətinə rəhbərlik etmək tapşırılmışdı. 1920-ci ilin 28 martında RSFSR silahlı qüvvələrinin ali baş komandanı S.Kamenev V.İ.Leninə hesabat verirdi ki, Qroznı şəhəri tutulmuşdur və növbəti istiqamət kimi hökumətin direktivləri əsasında Bakı istiqamətində Qafqaz əməliyyatının inkişaf etdirilməsinə başlanılır. Sonradan bu plana bəzi düzəlişlər edildi. 1920-ci ilin 23 aprelində XI qırmızı ordunun komandanlığına teleqram göndərilərək əmr edilirdi ki, XI qırmızı ordunun son məqsədi təkcə Bakı quberniyasının tutulması deyil, bütöv Azərbaycan ərazisinin işğalı olmalıdır. Göründüyü kimi, sovet qoşunlarının irəliləməsi tam işğal məqsədi daşımışdır və bunu həyata keçirmək üçün, guya, türklərə bolşevik Rusiyasının Azərbaycan ərazisindən keçməklə yardıma getməsi bəhanəsindən məharətlə istifadə edilmişdir.

Bolşevik qoşunlarının Cənubi Qafqaza yaxınlaşması xəbəri Avropada narahatlıq doğursa da, İngiltərə hökuməti o dövrdə Sovet Rusiyası ilə siyasi və iqtisadi münasibətlərin yaxşılaşdırılması xəttini götürmüşdü. 1920-ci ilin aprelində Antanta liderləri Cənubi Qafqaza yardımın göndərilməsi məsələsini müzakirə etsələr də real addımlar atılmadı.

Beləliklə, Avropa ölkələrinin söz verdikləri hərbi yardımı göndərməməsi, Sovet Rusiyasının hərbi müdaxiləsinə qarşı Azərbaycan və Gürcüstan hərbi qüvvələrinin birləşərək birgə mübarizə aparmaq səylərinin nəticə verməməsi, ermənilərin Qarabağda qaldırdıqları qiyam və bunun nəticəsində milli qoşun hissələrinin ora cəlb edilməsi ilə şimal sərhədlərinin müdafiəsiz qalması, o dövrdə istiqlal mübarizəsinə girişmiş Türkiyənin Avropanın “imperialist” dövlətlərinə qarşı Sovet Rusiyası ilə əlaqələr qurması və nəhayət, Azərbaycan Xalq Cümhuriyyətinin özünün daxilində siyasi vəziyyətin durulmaması şimal qonşunun hərbi təcavüzü ilə Azərbaycanı meydanda tək qoydu.

RK(b)P Qafqaz Diyar Komitəsinin Bakı Bürosu yerli Azərbaycan hakimiyyətinə təqdim ediləcək ultimatumu müzakirə edərək, eyni zamanda, üsyanın da başlanmasına qərar verdi. 1920-ci il 26 aprel tarixində Müvəqqəti Azərbaycan İnqilab Komitəsi təşkil edildi.

Qırmızı ordu qüvvələri artıq Azərbaycan sərhədlərinə yaxınlaşmışdı. Artıq neftlə zəngin torpaqların işğalı real görünürdü. Əməliyyat Qafqaz cəbhəsinin hərbi rəhbərliyinin 21 aprel 1920-ci il tarixli 490 saylı direktivinə əsasən, XI ordunun komandanı M.Levandovskinin başçılığı altında həyata keçirildi. İranın şimal hissəsində yerləşən ingilis hərbi hissələrinin və Gürcüstandan gələ biləcək köməyi əngəlləmək üçün əməliyyat qısa müddətə cəmi beş günə başa çatdırılmalı idi.

Azərbaycanın daxili və xarici düşmənlərinin qabaqcadan hazırlanmış və konkret bir xətt üzrə inkişaf etdirilən plana uyğun işlərə başlanıldı. Yalama-Bakı əməliyyatı yerinə yetirilməyə başladı. Aprelin 26-dan 27-nə keçən gecə XI ordu hissələrinin Azərbaycana hərbi əməliyyatı başladı. Bu, beynəlxalq hüquq normalarının kobudcasına pozulması idi.

Aprelin 27-də səhər tezdən qoşunların aparıcı zirehli qatarı Azərbaycan sərhədini keçdi. Azərbaycan Ordusunun göstərdiyi müqavimət dəf edildi.

Hökumət çox ağır bir vəziyyətə düşmüşdü. İşğalçı qoşunlarının ölkə hüdudlarını keçib paxtaxta gəlməsi Azərbaycan Xalq Cümhuriyyətinin müqəddəratını həll etmiş oldu. Aprelin 27-si axşam açıq hərbi təzyiq altından qalmış Azərbaycan Parlamenti qısa, lakin gərgin bir iclasda Azərbaycan Kommunist Partiyası MK, Rusiya Kommunist (b) Partiyası Qafqaz Diyar Komitəsinin Bakı Bürosu adından təqdim olunmuş hakimiyyəti N.Nərimanovun rəhbərlik etdiyi fəhlə-kəndli hökumətinə təslim edilməsi barədə ultimatumu gündəliyə qoydu.

Həmin tarixi iclasdan əvvəl M.H.Hacınski, M.Ə.Rəsulzadə, Q.Qarabəyov, A.Səfikürdski, A.Qardaşov, Ağamalıoğludan ibarət komissiya yaradılmışdı. Bu komissiya təqdim edilmiş ultimatuma cavab vermək üçün Azərbaycan Parlamentinin şərtlərini hazırlamış oldu. M.Ə.Rəsulzadə ölkənin düşdüyü durumu xalq kütlələrinə çatdırmaq, xalqdan xəbərsiz qərarlar almamaq üçün iclası xalq kütlələrinə açıq keçirməyi təklif etdi. Ultimatumun mətnini sosialistlərə və bolşeviklərə rəğbət bəsləyən M.Hacinski oxudu. O, Sovet hərbi hissələrinin Azərbaycanı işğal etmək üçün deyil, Anadoluya getmək üçün Bakıya girmədən keçmək niyyətinə inandığını bildirdi. Gərgin keçən iclasda Azərbaycan Parlamentinin müxtəlif fraksiyalarının nümayəndələri çıxış etdilər. Çıxış edən “Hümmət”, “İttihad”, Sosialist bloku, “Əhrar” partiyalarının nümayəndələri onun fikirləri ilə razılaşaraq hakimiyyətin təhvil verilməsinə razı olduqlarını bildirdilər. Göründüyü kimi, Parlamentin tərkibinə daxil olmuş bu qüvvələrin amalı Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasına söykənməmişdi. Qızğın müzakirələrin nəticəsi olaraq axşam saat 11-də Parlament buraxıldı. Parlament aşağıdakı şərtlərlə hakimiyyəti təhvil vermişdi:

1. Sovet hökuməti tərəfindən idarə olunan Azərbaycanın tam istiqlaliyyəti mühafizə edilir;

2. Azərbaycan kommunist firqəsinin yaratdığı hökumət müvəqqəti orqan olacaqdır;

3. Azərbaycanın son idarə formasını hər hansı bir xarici təzyiqdən asılı olmayan fəhlə, kəndli və əsgər deputatları sovetləri şəxsində Azərbaycanın ali qanunverici orqanı müəyyənləşdirir;

4. hökumət idarəsinin bütün xidmətçiləri öz yerlərində qalır, ancaq məsul vəzifə tutanlar dəyişdirilir;

5. yeni yaradılan müvəqqəti kommunist hökuməti Parlamentin və hökumət üzvlərinin həyatının və əmlakının toxunulmazlığına təminat verir;

6. qırmızı ordunun Bakı şəhərinə döyüşlə daxil olmasına yol verməmək üçün tədbir görüləcək;

7. yeni hökumət haradan baş verməsindən asılı olmayaraq Azərbaycanın istiqlalını sarsıtmaq məqsədi güdən bütün xarici qüvvələrə qarşı qəti tədbirlər görəcək və öz sərəncamında olan bütün vasitələrlə mübarizə aparacaqdır.

28 aprel 1920-ci ildə Azərbaycan İnqilab Komitəsi “Bakı və bütün Azərbaycan əhalisinə” müraciətlə çıxış etdi. Müraciətdə bildirilirdi ki, Azərbaycan İnqilab Komitəsi Azərbaycan zəhmətkeşlərinin iradəsi ilə ona verilmiş hakimiyyətə və səlahiyyətlərə malikdir.

Beləliklə, müstəqil Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Azərbaycanın işğalı uzun müddət hazırlanan mərkli bir siyasətin reallaşdırılması idi. Cəmi iyirmi üç ay mövcud olmuş və bunun da on doqquz ayını Bakıda yerləşmiş Azərbaycan milli hökuməti milli ideyanın inkişafı, milli dövlətçilik ənənələrinin xalqın yaddaşına həkk edilməsi, millətin, ölkənin və bütövlükdə Azərbaycan cəmiyyətinin inkişafı, ölkə həyatının müxtəlif sahələrində əsaslı islahatların aparılması və davamlı inkişaf platforması yaratmaq üçün müqayisəolunmaz işlər görmüşdür. Bu işlər Azərbaycan milli hökuməti tərəfindən qısa zaman kəsiyində və stabil olmayan siyasi şəraitdə həyata keçirilmiş və Azərbaycan xalqı qarşısında çox şərəfli bir vəzifəni yerinə yetirmişdir.

Təəssüf ki, Azərbaycan xalqı XX əsrin əvvəllərində çoxəsrlik mücadilənin nəticəsi kimi əldə etdiyi, xalqın düşüncəsində dərin kök salmış müstəqillik və dövlətçilik nemətinin şirinliyini qısa müddət dada bildi. Çətinliklə qazanılmış müstəqillik sovet imperiyasının idealogiyasının buxovuna çevrilmiş oldu.

Azərbaycan 70 il imperiya əsarətində yaşamaq məcburiyyətində qaldı. Lakin bu illərdə xalqımızın iradəsi və milli ruhu qırılmadı. 1990-cı illərin əvvəllərində yaranmış münbit siyasi şəraitdə Azərbaycan öz müstəqilliyini bərpa etdi. Bu dövrdə də Azərbaycanın başı üstünü yenə qara buludlar aldı. Şimaldan, cənubdan, şərqdən və qərbdən Azərbaycana mənhus baxışlar dikildi və iti caynaqlar uzandı. Xalqın tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycanın xilaskarına çevrildi. Onun siyasi rəhbərliyi ilə ölkənin iqtisadi və siyasi gələcəyinə tuşlanmış strateji kurs müəyyən edildi. Bu siyasi kursu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev davam etdirərək, ölkəmizi Cənubi Qafqazda ən güclü respublikaya çevirdi. İqtisadi qüdrətimizə, güclü ordumuza və xalqın birliyinə söykənən cənab Prezident tariximiz üçün iki yüz illik niskilə çevrilən Qarabağ məsələsini həll etdi. Tarixi ədalət və respublikamızın suveren hüquqları bərpa edildi. Bu gün Azərbaycan nəinki regionda, hətta Qafqaz geosistemindən kənarda qlobal məsələlərin həllində söz sahibidir.

 



Siyasət