“Real sülhdən danışmaq hələ tezdir”

post-img

Sabiq xarici işlər naziri bu qənaətini necə əsaslandırır?

Son vaxtlar bölgədə və dünyada baş verənlər özünün təzadlı və müəmmalı xarakteri ilə diqqəti cəlb edir. Azərbaycan üçün isə Ermənistanla sülh sazişinə gedən yolda İrəvanın ortaya atdığı süni maneələr, prosesə kənar müdaxilələr xüsusi önəm daşıyan məsələlərdir. Bu zaman nəzərdən qaçırılmamalı əsas məqam sülh üçün çərçivə sazişinin, yoxsa real barışığı ehtiva edəcək sülh müqaviləsinin imzalanmasıdır. Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bu və digər mövzular ətrafında elektron mediaya geniş müsahibə verib. Həmin müsahibənin qısa variantını XQ oxucularının diqqətinə çatdırırıq.

Müsahibəsində iki ölkə arasında sülh prosesinə cəlb edilmiş diplomatların son açıqlamalarına diqqət çəkən T.Zülfüqarov onların, eləcə də kənar siyasilərin danışıqlarla bağlı şərhlərində sərbəstliklə müşayiət olunan bir qədər qeyri-dəqiqliklərə də yol verildiyini vurğuladı. İlk sual bununla bağlı idi.

– Sülh danışıqlarının indiki mərhələsini necə xarakterizə edərdiniz. Sizcə, burada hər şey aydındırmı?

– Kifayət qədər uzun müddət ərzində, ən azı, son üç-dörd ayda Ermənistan hakimiyyəti sülh sazişinin mətnini yekun sənəd kimi təqdim etməyə çalışır. Hətta deyirlər ki, razılığa gəldiyimiz bəndlər kifayətdir, gəlin müqaviləni imzalayaq. Mahiyyət etibarı ilə İrəvan real sülh danışıqlarını, münasibətlərin nizamlanmasını hansısa imitasiya ilə əvəzləmək yolunu tutub. Hesab edirəm ki, məhz buna görə bütün suallara nöqtə qoyacaq xüsusi şərhə ehtiyac yaranmışdır. Danışıqlar prosesinin texnologiyasına əsasən, tərəflərin hazırda hansı mərhələdə olmasını dəqiqliklə göstərmək lazımdır. Bu məsələlərə Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə keçmiş köçkünlərlə söhbətlərində aydınlıq gətirdi.

Qarabağ münaqişəsini yalnız erməni sakinlərin geriyə qayıtmaq hüququ kontekstində interpretasiya etmək cəhdlərini görürük. Aydın məsələdir ki, Azərbaycan sülh sazişi çərçivəsinə bu tip mövzuları salmaq təşəbbüslərini qətiyyən qəbul etmir. Bəli, bu, Ermənistanın torpaqlarımıza hərbi təcavüzü nəticəsində əmələ gəlmiş münaqişədir. Böyük hesabla, istənilən böyük razılaşma həmin dövrdə ölkənin mövcud geosiyasi vəziyyətini, ictimai rəyini özündə əks etdirir. Bu səbəbdən yekun sülh sənədindən danışmaq hələ tezdir.

– Hazırda çoxlarını belə bir sual düşündürür: Bakının ilkin şərtləri yerinə yetirilmədən sülh sazişini imzalaması, nəzəri cəhətdən, mümkündürmü?

– Yadınıza salım ki, sülh sazişini çərçivə sənədi kimi ilk dəfə səsləndirən Nikol Paşinyan olub. İndi isə ermənilər, dediyim kimi, sazişi yekun sənəd kimi gündəmə sırımağa çalışırlar. Bir məntiqi başa düşməliyik ki, müzakirə edilən, yaxud ediləcək hər bir razılaşmanın öz vəzifələri var. Bu, bir növ diplomatik texnologiyadır. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatı götürək. Misal üçün, orada status məsələsi öz əksini tapmamışdı. Mahiyyət etibarilə həmin bəyanat hərbi-texniki razılaşma kimi Ermənistan silahlı qüvvələrinin işğal etdikləri torpaqlarımızdan çıxarılması cədvəlini nəzərdə tuturdu. Sonra qeyd olunan proses baş verdi. Ardınca Azərbaycan hakimiyyəti Qarabağda qalmış erməni sakinləri ilə, necə deyərlər, dil tapmağa çalışdı. Hətta onların təhlükəsizliyinin təmini üçün sülhməramlı kontingentin ərazimizdə yerləşdirilməsinə razılıq verdi. Bakı reinteqrasiya ilə bağlı erməni icması ilə təmaslar qurmağa cəhdlər göstərdi. Təəssüf ki, yerli separatçılar və onlara kənardan gəlib qoşulanlar hər vasitə ilə bu prosesə mane olmaq, onu tormozlamaq üçün fəaliyyətə başladılar. Sonda, 2023-cü ilin sentyabrında onlar öz seçimlərini etdilər. Beləliklə, münaqişənin nizamlanmasının ikinci mərhələsi start götürdü. Yəni, sülh danışıqlarının predmetli müzakirəsində konkret olaraq, kommunikasiyaların açılması, Zəngəzur dəhlizinin işə düşməsi məsələləri gündəmə gəldi. Bu zaman Bakının irəli sürdüyü əsas şərt ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi idi. Məsələyə hər tərəfin öz baxışı vardı. Sərhədlərin müəyyən edilməsi istiqamətində hökumətlərin komissiyalar yaratmaları irəliyə doğru addım sayılmalıdır. Bu, ikinci mərhələdir. Üçüncü mərhələni isə humanitar trek adlandıra bilərik. Vurulan ziyanın ödənilməsi, kompensasiya məsələsi bura daxildir. Təcrübə onu göstərdi ki, biz tet-a-tet əyləşəndə bir çox məsələlər üzrə daha tez razılığa gəlməyi bacarırıq.

– Tofiq müəllim, əgər tərəflər qarşılıqlı anlaşma nöqtələrini tez bir zamanda tapsalar və dediyiniz çərçivə sənədində qeyd olunanlar reallaşsa, ən sonda yekun sülh müqaviləsinin imzalanmasına ehtiyac qalacaqmı?

– Ən sonda qarşılıqlı razılaşma sülh müqaviləsinin imzalanması deməkdir. Həmin imzalar həm sərhədlərin delimitasiya və demarkasiyası, sonra iki ölkənin parlamentləri tərəfindən ratifikasiyası, eləcə də digər sənədləri qəbulu üçün vacibdir. Axı, sülh müqaviləsində BMT Nizamnaməsində öz əksini tapmış əsas prinsiplər qeyd olunub. Burada beynəlxalq hüququn norma və qaydalarına riayət olunmalıdır.

Hazırladı:
İ.HƏSƏNQAIA
XQ



Siyasət