Aprelin 11-də Baş prokuror Kamran Əliyev BMT-nin qanunun aliliyi və təhlükəsizlik məsələləri üzrə Baş katibinin köməkçisi Aleksandr Zuyev ilə görüşüb.
Baş prokuror 2024-cü ilin noyabr ayında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Bakıda təşkil olunmuş COP29 konfransının böyük uğurla keçirilməsini və onun mühüm nəticələrini vurğulayıb.
Aleksandr Zuyev COP29-un yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, konfrans çərçivəsində Azərbaycan Respublikasının Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC), həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi tərəfindən birgə təşkil olunmuş hüquq-mühafizə orqanlarının iqlim dəyişikliyi ilə mübarizədə roluna həsr olunmuş yüksəksəviyyəli plenar iclasın uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırıb.
Görüşdə, həmçinin 2025-ci ildə Braziliyanın Belem şəhərində keçiriləcək COP30 Konfransı ilə bağlı hazırlıq prosesi müzakirə olunub, “Troyka” prinsipi əsasında BƏƏ, Azərbaycan və Braziliya arasında əməkdaşlığın davam etdirilməsi və bu çərçivədə hüquq-mühafizə orqanlarının iştirakını təmin edən növbəti yüksəksəviyyəli tədbirin təşkili ilə bağlı məsələlərə toxunulub.
Görüşdə Azərbaycanın prokurorluq əməkdaşlarının BMT-nin müxtəlif institutlarında təlim keçməsi və ezam olunması imkanları da nəzərdən keçirilib.