Azərbaycanlıların həmrəyliyi

post-img

II məqalə

Qafqaz nümunəsi

1989-cu ildə Naxçıvanda sərhəd hərəkatının canlı şahidlərindən olan, tarix elmləri doktoru Eynulla Mədətli yazdığı məqalələrindən birinin başlığına “Sərhəd hərəkatından həmrəylik və azərbaycançılığa” tezisini çıxarmışdı. Sərhəd hərəkatından həmrəylik və azərbaycançılığa aparan yolun bu cür dərki olduqca vacibdir və biz “həmrəyliyin Naxçıvan sinerjisi” deyəndə həmin məqamı nəzərdə tuturuq. Nəzəri olaraq bu məsələ əsaslı təhlil tələb edir. Yəni azərbaycanlıların həmrəyliyinin daxili məntiqi Qafqaz miqyasında orijinal yanaşmadır. Onun dörd xüsusiyyətini  I məqalədə vurğulamışıq. 

Bir daha xatırlatmaq istərdik ki, 1) həmrəyliyin Naxçıvan sinerjisinin həmin dövrdə həm də siyasi düşərgələri bir araya gətirməsi; 2) II Qarabağ müharibəsində Prezident İlham Əliyevin bəyan etdiyi “tarixi ədalətin bərpası”nın ideya təməlində 1989-cu ildən formalaşan həmrəyliyin Naxçıvan sinerjisinin mənəvi, ideya, ruhsal və məqsəd özəlliklərinin ayrıca yer tutması; 3) həmrəyliyin Naxçıvan sinerjisi faktiki olaraq sonrakı mərhələlərdə kollektiv miqyasda milli ləyaqətin yenidən dirçəlişinin stimullaşdırıcı mexanizmi olması; 4) tarixi baxımdan qısa bir müddətdə Avrasiya məkanında bir müstəqil dövlətin sosial, siyasi, mənəvi-ideoloji həmrəyliyi bir ölkənin bölgəsi miqyasından ölkə səviyyəsinə, oradan isə daha geniş əhatədə birgəyaşam məkanına (Türk dünyası) nəzəri və praktiki transformasiya etməsi, sistemli şəkildə vahid tədqiqat məntiqi çərçivəsində araşdırılmalıdır. 

Siyasi qüvvələrin həmrəyliyi

Sərhəd hərəkatının bu istiqamətdə motivəedici rol oynaması çox əhəmiyyətli məqamdır. Bu məsələnin bir ölkənin ayrıca bölgəsi miqyasında deyil, bütövlükdə ölkə, region və hətta, qlobal miqyasda yerini və rolunu dərk etmək gərəkdir. 

Əsas sual müasir dünyada liderliyin hansı səbəblərdən böhran keçirdiyinə politoloji və fəlsəfi cavab axtarışları ilə də bağlıdır. Yəni lider elə mövzular tapa bilər ki, siyasi kimliyindən asılı olmayaraq, bütöv cəmiyyət onun ətrafında birləşər, həmrəy olar! 

Filosof Y.Habermas bu suala Avropa üçün cavab axtarır. Postsovet məkanında  filosoflar və politoloqlar da müxtəlif kontekstlərdə eyni suala cavab axtarışındadırlar. Azərbaycan (Naxçıvan) nümunəsi bu baxımdan çox ibrətverici və faydalı təcrübədir.   

Problemin politoloji aspektdə maraqlı və aktual tərəfi ondan ibarətdir ki, müasir Azərbaycan tarixində ilk dəfə olaraq azərbaycanlılar praktiki fəaliyyətdə həmrəyliyin səmərəli üsulunu müəyyən edə bildilər. Yəni Y.Habermasdan fərqli olaraq nəzəriyyədən praktikaya deyil, praktikada alınan nəticədən nəzəri dərkə istiqaməti seçildi. 

Əlbəttə, burada kimsə azərbaycanlıların öncədən şüurlu surətdə hər şeyi nəzəri olaraq müəyyən edib sonra sərhəd hərəkatına (bizim işlətdiyimiz mənada – həmrəyliyin feili formuluna) keçmədilər. Bu proses spontan, özü-özünə təbii olaraq cəmiyyətin sifarişi kimi başladı və sona çatdı. Dövlətçilikdə həmrəylik baxımından əsas məqam da bundan ibarətdir. Onun fəlsəfəsi çox dərindir. Lakin onun bir sıra ümumi müddəaları üzərində dayanmaq zəruridir.

Əgər bir toplum öncədən heç bir xüsusi hazırlıq olmadan meydana gələn kəskin böhranlı situasiyada konkret problemin həllini kollektiv fəaliyyətdə görə bilirsə, onun həmrəylik bacarığının kökləri qədimlərə gedir və artıq müəyyən ənənəsi vardır deməkdir. Naxçıvanlılar sürətlə dəyişən situasiyada intriqalara deyil, birləşib ayırıcı sərhəd məkanını aradan qaldırmağa elliklə qərar verimişlərsə, bu, Azərbaycanın həmin qədim diyarında dövlətçilik, birlik, vətənsevərlik kimi keyfiyyətlərə malik olmaq ənənəsindən və böhranlı vəziyyətlərdə siyasi baxışından asılı olmayaraq, hər fərdin bir ideya ətrafında birləşə bilmək keyfiyyətindən xəbər verir. 

Bu keyfiyyətin kökü isə yalnız həmin regionla bağlı deyildir – elmi mənbələr göstərir ki, qədimdən türklər (o cümlədən, Azərbaycan türkləri) tarixən özlərinə xas olan həmrəylik, birlik və sürətlə kollektivləşmə nümunələrinə malik olmuşlar. Müstəqil dövlətçilik baxımından bizim üçün bu tarixi gerçəklik prinsipial məna kəsb edir. Çünki bir sıra bədxah dairələrin azərbaycanlıların dövlət qura bilmək qabiliyyətinə şər-böhtan atmalarına tutarlı elmi cavab vermək mümkün ola bilər. Bu mövqeyimizi bir qədər də konkretləşdirək. 

Son bir neçə yüz ildə başqa ölkə və cəmiyyətlərin alimləri, tarixçiləri, “sanballı ekspertləri” tənənəli poza alıb, bağırmışlar ki, “Azərbaycanda dövlət olmamışdır, onlar ticarətçidirlər, etnik mənsubluqları qeyri-müəyyəndir və s.” Bundan başqa, azərbaycanlılar “mədəniyyəti başqalarından almışlar, özləri isə yalnız dağıtmaq və oğurlamaqla məşğul olmuşlar” kimi uydurmalara tuş gəlmişik. Hətta qaraçılardan dönmə ermənilər belə aşağılayıcı nağıllar uydururdular, bizə “alverçi” ayaması qoşmağa çalışırdılar. 

Bu kimi qiymətləndirmələrin qərəzli, qondarma, düşməncəsinə uydurulmuş iş olduğunu cəmi bir neçə gündə sərhəd hərəkatının qəhrəman iştirakçıları darmadağın etdilər. Bəli, 1989-cu ilin dekabrında SSRİ-nin bütün müttəfiq respublikaları “şirin yuxuda” özlərinə nağıllar uydururdu, Naxçıvanda isə yüz minlərlə türk sərhəd dirəklərini söküb “Azərbaycan bütövdür”, deyə hayqırırdı! Özlərindən razı olan çox sayda SSRİ xalqları yuxudan oyanana qədər Azərbaycan türkləri ayırıcı dirəkləri, tikanlı məftilləri tarixin arxivinə gömdülər! Və bunun təməlində bütöv bir tarixi təcrübə, möhtəşəm həmrəylik ənənəsi durur! Buna şərti olaraq “azərbaycanlıların özünütəşkiletmə üsulu” deyək.

 Azərbaycanlıların özünütəşkili   

Çox sayda mənbələr göstərir ki, indiki Azərbaycanın siyasi-coğrafi sərhədindən də dəfələrə geniş bir məkanda azərbaycanlıların özəl toparlanma, özünü ailə, tayfa, xalq və millət kimi “yaratmaq” fəlsəfəsi olmuşdur. Onun təməlində üç motivəedici, istiqamətverici, məzmunlaşdırıcı və müəyyənedici faktor durmuşdur. Onlar hökmdar (xan, bəy, dövlət başçısı, lider) qanunu, divan (parlament) qanunu və Yosun qanunudur (“yosun” el arasında “mamır” da adlandırılır). Burada iki mühüm özəllik türk təfəkküründə qədimdən vəhdət təşkil etmişdir. 

Birincisi, qədimdən türklər “hüquq” və “qanun” anlayışını eyniləşdirmişlər. Buna görə də türklərdə qədimdən qanunlara əməl etmək kimi yüksək fəzilətlilik əsas yer tutmuşdur. Məhz buradan türklərin “ədalət” anlayışını fərdi səviyyədə mənəvi-etik faktordan dövlət miqyasında mütləq əməl edilməli hüquqi, qanuni, mənəvi-feili fəzilət səviyyəsinə yüksəltməsi özəlliklərinin səbəbi aydın olur. 

Bununla türklər heyrətamiz şəkildə tarixi kontekstdə iki mühüm müsbət keyfiyyəti mənimsəyə bildilər. Onlardan biri “hüquq” və “qanun” anlayışlarını sinonimləşdirməklə, praktiki müstəvidə onları ontolojiləşdirmələri ilə bağlıdır. Burada “ontolojiləşdirmə” “hüquq” və “qanun” anlayışlarını təbii gerçəklik, təməldən gələn reallıq qismində dərk edilməyi nəzərdə tutur. Bu isə bir qövmün artıq konkret həyat tərzi, onun birgəyaşamaq fəlsəfəsinin mahiyyəti və həmin bağlılıqda da tarixi təcrübəsidir.

İkinci keyfiyyət bir qövmün birgə yaşamaq fəlsəfəsinin şah məqamını təşkil edir. Həmin məqam türklərin (o cümlədən, azərbaycanlıların) sosial özünütəşkil ilə dövlətçiliyi cəmiyyətin bütün kəsimləri üçün vəhdətdə anlamaq keyfiyyəti ilə bağlıdır. Bu, peşəkar elmi izah baxımından xeyli mürəkkəb mövzudur. Lakin bir sıra sadə xüsusiyyətlərini ayırmaq olar. O baxımdan bir qısa tezisi ifadə edək. Türklər (azərbaycanlılar) üçün sosial, etnik, mədəni, mənəvi və tarixi özünüyaratmaq prosesinin dövlətçilikdən kənar anlamı heç zaman olmamışdır! Türklər, hər şeydən əvvəl, nəyin naminə həmrəy olurlar? Müstəqil, asılı olmayan dövlət qurmaq naminə! 

Dövlətə sahiblik türk üçün, ümumiyyətlə, təbii mövcudluğun ilk şərtidir. Burada türk mifik təfəkkürünün özəllikləri ilə yanaşı, tarixi təcrübənin də rol oynadığını düşünə bilərik. Çünki daim ilahi ədalət izində olan türklərə real həyatda qarşılaşdıqları haqsızlıqlar, ədalətsizliklər öyrətdi ki, yalnız azad olanda ədaləti təmin etmək mümkündür. Bunun üçün cəmiyyətdə dövlət quran, qanun yaradan statusunda olmalısan. Deməli, bütün həyati mübarizələr azad olmaq eşqində, özünün dövlətinə sahib olmaq zərurətini anlamaqda birləşirlər. 

Dövlət isə heç zaman və heç bir qövm üçün fərdi məsələ olmamışdır. Bunun üçün birgə fəaliyyət, mütəşəkkil kollektivçilik lazımdır. Türklər həmin məsələni təməldən mükəmməl həll etmişlər – onlar mülki toparlanma ilə dövləti kollektivçiliyin vəhdəti üsulunu müəyyən etmişlər. Həmin üsul qanun, hüquq, ədalət və pozulmayan birlik faktorlarına bağlıdır. Təsadüfi deyildir ki, qədim türklərdə “dövlət” anlayışı ilə “el” anlayışı sinonim kimi işlənmişdir. Yəni el dövlət olanda real eldir, gerçək toplumdur, cəmiyyətdir! 

Belə çıxır ki, azərbaycanlıların tarixən həmrəylik təcrübəsi avtomatik olaraq dövlətçiliklə vəhdətdə formalaşmışdır. Ona görə də SSRİ məkanında başqalarını hansı məqsədi qarşılarına qoyduqları özlərinə belə aydın olmayanda Naxçıvanda yüz minlərlə türk siyasi baxışından asılı olmayaraq mövcud olmanın, özünü təşkil etmənin və bu mənada özünün kimliyini yaratmanın yolu kimi vahid Azərbaycan cəmiyyətini və dövlətini bölən sərhəd dirəklərini, tikanlı məftilləri söküb atdılar! Həmin hərəkatla türklər növbəti dəfə “dövlət” oldular, “el” yaratdılar! 

Bu, tarixdən qaynaqlanan sosial, siyasi, mənəvi və ideoloji “instinkt” və “artefakt faktoru” (yəni azərbaycanlıların yaradıcı fəaliyyəti nəticəsində şüurlarında formalaşan fikizi obrazlılıqla yanaşı, rəmzi mənalara da malik faktor) da adlandırıla bilər. O anlayışlarda zərrə qədər də bizə sırımaq istədikləri alverçi psixologiyası mövcud deyildir! Naxçıvanlılar (və sonra bütövlükdə Azərbaycan toplumu) tikanlı məftillərlə birgə bu böhtan və şər məqamını da tarixin arxivinə gömdülər!     

Maraqlıdır ki, tarix boyu türk toplumunda təbii olaraq bu cür birlik və həmrəylik təsəvvürləri daim dövlət tərəfindən real həyatda aktuallaşdırılmışdır. Onun mühüm vasitələrindən biri də tolerantlığın hakimiyyətlər tərəfindən cəmiyyətin bütövlüyü naminə tətbiq edilməsi olmuşdur. O cümlədən, türk dövlətlərində dini konfessiyaların dinc yanaşı yaşaması üçün hökmdar həmişə məsləhətləşmələr aparmış, cəmiyyətdə qanunlara əməl edilməsinə ciddi diqqət yetirmişlər. Bu özəllik, “Kutadğu-Bilik” və “Nizamülmülk” əsərlərində koseptual ifadə edilmişdir və dövlət idarəçiliyinin vazkeçilməz prinsiplərindən biri kimi izah olunmuşdur. Bu o deməkdir ki, Azərbaycan dövlətçilik ənənəsində həmrəylik siyasi idarəetmə aspektində də konkret məzmun almışdır. O, uğurlu idarəetmənin əsas prinsiplərindən biri kimi siyasi şüurlarda yerini tutmuşdur.

Bütün bu müddəalardan XX əsrin son onilliyində həmrəyliyin Naxçıvan sinerjisinin başlıca xüsusiyyətlərinin azərbaycançılıq və ümumtürk kontekstinin təhlilinə keçmək olar.     

Füzuli QURBANOV, 
XQ-nin analitiki, 
fəlsəfə elmləri doktoru

 

Siyasət