Adını dünya diplomatiya və hərb tarixinə yazdırmış lider

post-img

(əvvəli https://www.xalqqazeti.az/az/siyaset/208392-adini-dunya-diplomatiya-herb-tarixine)

“Azərbaycan Respublikası regionlarının 2014–2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək, innovativ və yüksək texnologiyalara əsaslanan sənaye müəssisəsi təşkil etmək, bu sahədə sahibkarlığı dəstəkləmək və istehsal sahəsində məşğulluğu artırmaq məqsədilə ölkədə yüzlərlə istehsal və emal müəssisəsi, iri sənaye mərkəzləri, parkları və məhəllələri yaradılmışdır. Görülən bütün bu işlər, həmçinin Azərbaycan məhsullarının ixrac coğrafiyasını genişləndirmək imkanı yaratmış yüksək keyfiyyət standartlarına malik yerli məhsulların “Made in Azerbaijan” brendi adı altında xarici bazarlara çıxışını genişləndirmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu il yanvarın 29-da imzaladığı “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” nın təsdiq edilməsi haqqında” fərman ölkə regionlarının davamlı və tarazlı inkişafının təmin olunması, o cümlədən yerlərdə dayanıqlı inkişaf prinsiplərinə əsaslanan rəqabətqabiliyyətli iqtisadiyyat, yüksək standartlara cavab verən sosial rifah, təbii resursların səmərəli istifadəsi və ətraf mühitin etibarlı mühafizəsini təmin edən ekoloji təhlükəsizlik sisteminin formalaşdırılmasına imkan verən əlverişli mühit yaratdı.

Prezident İlham Əliyevin diqqət və qayğısı, eyni zamanda, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bilavasitə təşəbbüsü və dəstəyi ilə ölkə üzrə təhsil, səhiyyə və mədəniyyət ocaqlarının tikintisi və yenidən qurulması sahəsində irimiqyaslı layihələr həyata keçirildi. Dövlət büdcəsindən təhsilə ayrılan xərclər 17,6 dəfə artırıldı, müəllimlərin orta aylıq əməkhaqqı 830 manata çatdırıldı. 2003-2023-cü illərdə paytaxtda və regionlarda 3630 məktəb, 760-dək səhiyyə müəssisəsi tikildi və ya əsaslı təmir olundu.

Əhalinin sosial müdafiəsi, xüsusilə ən həssas kateqoriyadan olan insanların sosial təminat məsələləri, bütövlükdə, əhalinin sosial-iqtisadi rifah halının yaxşılaşdırılması məqsədilə 2003-2023-cü illərdə sosial təyinatlı büdcə xərcləri 20 dəfədən çox, orta aylıq nominal əməkhaqqı 12 dəfə, minimum əməkhaqqı isə 38 dəfədən çox artırıldı. Son 20 ildə orta aylıq pensiya 18 dəfəyə yaxın, minimum pensiya məbləği isə 14 dəfə yüksəldi.

Yoxsulluğun azaldılmasına, məşğulluq imkanlarının artırılmasına, işsizliyin aradan qaldırılmasına, qaçqın və məcburi köçkün ailələrinin güzəranının yaxşılaşdırılmasına yönəlmiş ardıcıl tədbirlər nəticəsində 20 il əvvəl yoxsulluq şəraitində yaşayan insanların sayı 45 faizə yaxın idisə, aparılan işlər nəticəsində hazırda cəmi 5,5 faiz təşkil edir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar yaralanmış və əlil olmuş şəxslərin müalicəsi, şəhid ailələrinin və müharibə iştirakçılarının sosial-məişət şəraitinin yaxşılaşdırılması daim dövlət başçısının və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzində olmuşdur.

Səhiyyə sahəsinin inkişafı istiqamətində islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən biri olmuşdur. 2003-2023-cü illərdə 300-dək yeni Ailə Sağlamlıq Mərkəzi yaradılmışdır. 2019-cu ildən ölkədə geniş tətbiqinə başlanılan icbari tibbi sığorta bu gün xidmətlər zərfinə daxil olan 3300-dən artıq tibbi xidmət sayı ilə bütün ölkə əhalisinə şamil edilir.

2003-2023-cü illərdə Azərbaycan gəncliyinin fiziki və mənəvi inkişafı, gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində dövlət tərəfindən ardıcıl və sistemli tədbirlər həyata keçirilmişdir. İntellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə “Yüksəliş” müsabiqəsi təsis olunmuşdur və hər il müntəzəm keçirilir.

Mədəni quruculuqda yeni mərhələ

İlham Əliyev ölkə Prezidenti vəzifəsinə seçildikdən sonra Azərbaycanın mədəniyyət tarixində yeni dövr başlandı. Bakının müasir panoramı tamamilə yeniləndi. Paytaxtın müxtəlif yerlərindən görünən “Alov qüllələri” Bakının vizit kartına çevrildi, “Fəvvarələr meydanı”nın inşasını bakılılar böyük ruh yüksəkliyi ilə qarşıladılar. Milli park statusu almış Dənizkənarı bulvar tamamilə yeniləndi. Muğam mərkəzi (2008), “Azadlıq prospekti” metro stansiyası (2009), “Natəvan” biznes mərkəzi, “Park-Rezidans”, “Bulvar-Palace”, “Grand Park - 1,2,3”, “Saatlı Qüllə”, Beynəlxalq avtovağzal (2010), Heydər Əliyev Mərkəzi (memar Zaha Hadid, 2013), Xalça muzeyi (memar Frans Yants, 2014), Beynəlxalq Hava Limanı (2014) binaları inşa edildi.

Heydər Əliyev Sarayı tamamilə yenidən quruldu, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Opera və Balet Teatrı, Gənc Tamaşaçılar Teatrı, Musiqili Komediya Teatrının binaları əsaslı təmir edildi, “Üns” teatrı, Muğam Mərkəzi kimi yeni teatr və konsert məkanları yaradıldı.

Bakı yüksək səviyyəli, çoxsaylı humanitar forumlara, “Avroviziya-2012” mahnı müsabiqəsinə, “Muğam dünyası” beynəlxalq festivalına ev sahibliyi etdi. 2009-cu ildə Bakı “İslam mədəniyyəti paytaxtı” elan edildi. 2016-cı ilin “Azərbaycanda multikulturalizm ili”, 2017-ci ilin “İslam həmrəyliyi ili” elan olunması ölkəmizin dünyanın humanitar mərkəzinə çevrildiyini təsdiq etdi.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə muğam UNESCO-nun “Qeyri-Maddi Mədəni İrs inciləri” siyahısına daxil edildi. 2009-cu ildən başlayaraq “Muğam aləmi” Beynəlxalq Muğam Festivalına Bakı evsahibliyi etməyə başladı. Heydər Əliyev Fondunun “Muğam-irs”, “Muğam-dəstgah”, “Muğam-ensiklopediya”, “Muğam-internet”, “Muğam-antologiya”, “Muğam aləmi” və “Muğam mərkəzi” kimi irimiqyaslı layihələri muğam yaradıcılığının hərtərəfli inkişafına yönəlmişdir.

Dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycan Respublikasının beynəlxalq mədəni əlaqələrində də ciddi dəyişikliklər baş verdi. D.Şostakoviç, Q.Qarayev, Ü.Hacıbəyli, Rostropoviç festivalları, Bakı Beynəlxalq Caz, Beynəlxalq Teatr Konfransı, Beynəlxalq Teatr Festivalının İpək yolu mərhələsi, “Muğam aləmi” Muğam Festivalı və başqa beynəlxalq incəsənət tədbirləri Azərbaycanın beynəlxalq mədəni əlaqələrinin inkişafına müsbət təsirini göstərdi. 2017-ci ildən başlayaraq Qəbələ şəhəri Beynəlxalq Musiqi festivallarına ev sahibliyi etməyə başladı.

Azərbaycan dövlətinin xalqımızın qeyri-maddi mədəni irsinin qorunması və təbliği ilə bağlı həyata keçirdiyi məqsədyönlü işlərin nəticəsində Qız qalası və Şirvanşahlar sarayı ilə birgə İçərişəhər kompleksi (2000-ci il), Qobustan Dövlət Tarix-Bədii Qoruğu (2007-ci il), 2008-ci ildə Azərbaycan muğamı UNESCO tərəfindən “Bəşəriyyətin şifahi və qeyri-maddi şah əsərləri Siyahısı”na, 2009-cu ildə aşıq sənətimiz və Novruz bayramı, 2010-cu ildə xalçaçılıq sənəti, 2012-ci ildə tar ifaçılıq sənəti, çövkən Qarabağ atüstü oyunu, 2014-cü ildə qadın baş örtüyü kəlağayının düzəldilməsi və geyinməsi ənənəvi incəsənəti və onun simvolizmi, 2015-ci ildə Lahıc misgərlik sənəti, 2016-cı ildə lavaş, 2017-ci ildə dolma, 2017-ci ildə kamança UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmişdir.

2017-ci il Azərbaycanın mədəni həyatında Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsi ilə yadda qaldı. 2018-ci ildə “Dədə Qorqud” dastan mədəniyyəti, nağılları və musiqisi, 2018-ci ildə Naxçıvanın ənənəvi qrup rəqsləri Yallı (Köçəri, Tənzərə) “Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısı”na daxil edildi. 2019-cu ilin 30 iyun – 10 iyul tarixlərində Bakı şəhərində dünyanın 140 ölkəsindən 2500 nümayəndənin qatıldığı UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü iclası keçirildi. İclasda Şəki şəhəri və Xan sarayının UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilməsi Azərbaycan maddi mədəniyyət abidələrinin dünyada daha geniş tanıdılması istiqamətində mühüm hadisə oldu. 2020-ci ildə Nar bayramı və miniatür sənəti “Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısı”nda öz yerini tutdu.

2003-2023-cü illərdə Azərbaycan bir sıra regional təşkilatlarla, o cümlədən Demokratiya və İqtisadi İnkişaf Təşkilatı (GUAM), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) çərçivəsində mədəni əməkdaşlığı davam etdirdi. Azərbaycan Prezidentinin təşəbbüsü və rəhbərliyi altında keçirilən Mədəniyyətlərarası Dialoq Forumu BMT-nin Sivilizasiyaların Alyansı, Avropa Şurası və UNESCO tərəfindən dəstəkləndi. Azərbaycan Respublikası Prezidentinin 27 may 2011-ci il tarixli fərmanına uyğun olaraq Bakı şəhəri 2013-cü ilin 29 may – 1 iyun tarixlərində II, 2015-ci ilin mayın 18-19-da III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, 2017-ci ildə 4-6 may tarixində “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, 2018-ci il oktyabrın 25-26-da Bakı şəhərində “Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusunda keçirilmiş VI Bakı Beynəlxalq Humanitar Forumuna ev sahibliyi etdi.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2010-2014-cü illərdə həyata keçirilən Xalq yaradıcılığı paytaxtları” proqramı çərçivəsində Gəncə (2010), Qazax (2010), Şəki (2010), Şabran (2011), Lənkəran (2011) , İsmayıllı (2011), Quba (2012), Gədəbəy (2012), Masallı (2012), Xaçmaz (2013) “Azərbaycanın əfsanələr paytaxtı”, Göygöl (2013), Zaqatala (2013), Abşeron (2014) “Sənətkarlıq paytaxtı”, Balakən (2014) “Folklor paytaxtı” seçilmiş, 2015-ci ildə Şamaxı şəhəri “Ədəbiyyat paytaxtı”, Qax şəhəri “Milli mətbəx paytaxtı” elan edilmişdir. Bakı şəhərində “Bölgələrdən paytaxta” adlı tanıtım layihəsi respublikanın bütün bölgələrini əhatə etmişdir.

Respublikada formalaşan multikultural mühitin nəticəsidir ki, 2014-cü il dekabrın 26-da Bakıda Ulu öndərin adını daşıyan Heydər Məscidinin açılışı keçirildi. Bibiheybət məscid-ziyarətgah kompleksi, Təzəpir məscidi, İçərişəhər cümə məscidi, Həzrəti Məhəmməd məscidi, Əjdərbəy məscidi və başqaları bərpa edildi və ya yenidən quruldu. Qafqazda İslamın yayılmasının ilk yüzilində, 743-cü ildə inşa edilmiş, sonralar dağıntıya məruz qalmış Şamaxı Cümə məscidi öz bünövrəsi üzərində yenidən inşa edilərək dindarların istifadəsinə verildi. 2016-cı ilin iyun ayında 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaqların iştirakı ilə Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayı diaspor sahəsində sistemli və davamlı işlərə yeni məzmun gətirdi.

Azərbaycan Prezidentinin 9 fevral 2018-ci il tarixli sərəncamı ilə Bakı İslam Universitetinin və BDU-nun ilahiyyat fakültəsinin bazasında İlahiyyat İnstitutu yaradıldı.

Prezident İlham Əliyevin 6 iyul 2018-ci il tarixli sərəncamı ilə yaradılan Azərbaycan Diasporuna Dəstək Fondu və xarici ölkələrdə diasporun təşkilatlanmasına xidmət məqsədilə, ümumilikdə, 26 ölkəni əhatə edən 12 Koordinasiya Şurası Ermənistan –Azərbaycan münaqişəsinə dair həqiqətlərin dünyaya çatdırılmasında fəal iştirak etdi. 2020-ci ildə dünyanın 30 ölkəsindən toplaşmış diaspor təşkilatlarının koordinasiya şuralarının təşəbbüsü ilə Ümumavropa Qarabağ mitinqi keçirildi.

Strateji siyasətin zirvəsi

Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2023-cü il tarixli 4193 nömrəli sərəncamı ilə 2024-cü ili fevralın 7-də ilk dəfə olaraq bütün ölkə ərazisində Prezident seçkiləri elan edildi. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179.2-ci maddəsinə və həmin sərəncama uyğun olaraq, seçkilərə start verildikdən sonra 17 nəfərin namizədliyinin irəli sürülməsinin təsdiqi üçün müvafiq sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim edildi və namizədliklərinin irəli sürülməsi təsdiq olunaraq onlara imza vərəqələri verildi. Namizədliyinin irəli sürülməsi təsdiq olunanlardan yalnız 7 nəfərin imza vərəqələrini və ona əlavə olunmuş sənədləri geri qaytardı və onların hamısının namizədliyi qeydə alındı. Qeydə alınmış namizədlərdən 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən irəli sürülmüş, 2 nəfər isə öz təşəbbüsü ilə seçkilərə qatılmışdı. Seçkilərdə xalqın 92,12 faiz səsini qazanan İlham Əliyev 5-ci dəfə Prezident seçildi. Fevralın 14-də Azərbaycan Respublikası Prezidenti seçilmiş İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirildi.

Azərbaycan Prezidenti İlham Əliyev andiçmə mərasimində geniş və proqram xarakterli nitqində ötən dövrə yekun vurdu, qarşıda duran hədəfləri, prioritetləri açıqladı, Azərbaycan Respublikası üçün yeni dövrün başlandığını elan etdi.

İlham Əliyevin andiçmə mərasimindəki nitqindən aydın olur ki, “Güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi” tezisi həyata keçirilərək 2024-2031-ci illərdə Azərbaycan Respublikasının inkişaf hədəflərinin əsas istiqamətlərində ordu quruculuğu, iqtisadi və sosial sahədə inkişaf– yoxsulluq və işsizliyin aradan qaldırılması, Böyük Qayıdış hərəkatı proqramı üzrə azad edilmiş ərazilərin bərpası–məcburi köçkünlərin doğma yurdlarına qaytarılması, yanacaq-energetika, nəqliyyat–kommunikasiya və enerji dəhlizləri yaradılmasında və Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu, texnoloji və süni intellekt sahələrinin inkişafı kimi prioritet istiqamətlər müəyyənləşdirilmişdir.

Prezident andiçmə mərasimində yeni dövrün prioritetlərini açıqlayaraq Azərbaycanın hərbi sənayenin inkişafının birinci mərhələsini artıq uğurla başa çatdırdığını, ikinci mərhələsinin daha genişmiqyaslı olacağını, 2024-cü ildə bu məqsədlər üçün həm özəl, həm dövlət müəssisələri tərəfindən ən azı bir milyard manat sərmayə qoyulacağını növbəti illərdə qarşımızda duran əsas vəzifələrdən biri olduğunu bildirdi.

Prezidentin andiçmə mərasimindəki nitqindən irəli gələn vəzifələrdən biri də işğaldan azad olunmuş ərazilərin, Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması istiqamətində işlərin davam etdirilməsidir. Dövlət başçısı bildirdi ki, erməni faşistlərinin darmadağın etdiyi, xarabaya çevirdiyi doğma torpaqlarımızda yenidən quruculuq işlərinə başlanılıb, Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq, 2026-cı ilədək 34 min 500 ailənin doğma torpaqlarda layiqli şəkildə yaşayışı təmin ediləcək, həmin ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası istiqamətində mühüm addımlar atılacaq, tezliklə bu yerlərə həyat qayıdacaq.

2024-2031-ci illərdə təhsil və səhiyyə sahələrinin inkişafını, yeni nəslin tərbiyəsini və azərbaycançılıq məfkurəsinin inkişafı ön plana çıxarılmışdır.

Azərbaycan Prezidentinin Türk dünyası ilə bağlı irəli sürdüyü strateji tezis (“Bizim ailəmiz Türk dünyasıdır” və “bizim başqa ailəmiz yoxdur”, ona görə də Türk Dövlətləri Təşkilatının gücləndirilməsi zəruridir) mahiyyətinə və məqsədinə görə 2024-2031-ci illərin strateji hədəfləri sırasındadır. Sürətli dəyişikliklərlə yaşayan cəmiyyətə tətbiq edilən hər yeni elmi ixtira və ya kəşf diqqətlə izlənilməli, yeniliklərin fəlsəfi, siyasi, tarixi, mənəvi, əxlaqi, iqtisadi, sosial, kulturoloji, aksioloji, ideoloji və psixoloji təsirləri geniş araşdırılmalı, qarşıdakı illər üçün milli ideya və gənc milli kadrların yetişdirilməsi və proqramı hazırlanmalı, bir sözlə, yeni inkişaf strategiyası müəyyənləşdirilməlidir.

Cənubi Qafqazın söz sahibi

2020-ci il üçtərəfli 10 noyabr Bəyanatına imza atan Ermənistan rəhbərliyi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək əvəzinə, son üç ildə terror aktlarını davam etdirdi. Qarabağın dağlıq hissəsindəki separatçı qüvvələri silahlandırmaqla məşğul oldu. Bu səbəbdən də Azərbaycan dövləti terror aktlarının qarşısının alınması, Qarabağda qalan separatçı qüvvələrin və erməni silahlı birləşmələrinin zərərsizləşdirilməsi məqsədilə 2023-cü il sentyabrın 19-dan 20-nə keçən gecə lokal antiterror tədbirləri həyata keçirdi. Qısa müddətdə ərazilər terrorçulardan və onların miras qoyduğu silahlardan və minalardan təmizləndi. Oktyabrın 15-də Qarabağ bölgəsinin Xocalı, Xocavənd, Ağdərə rayonlarında, Əsgəran qəsəbəsində və Xankəndi şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldıldı.

Müasir tariximizin 20 ilində – 2003-2023-cü illərdə Azərbaycan misilsiz inkişaf yolu keçmişdir. 1918-ci ildən başlanan 105 illik tariximizə möhtəşəm dövr kimi yazılan 2003-2023-cü illərdə Azərbaycan Prezidenti İlham Əliyevin apardığı milli maraqlara söykənən daxili və xarici siyasət, yüksək idarəçilik məharəti nəticəsində respublikamızda güclü iqtisadi sistem formalaşdırılmış, maliyyə sabitliyi, enerji, ərzaq təhlükəsizliyi kimi məsələlər həllini tapmış, həyata keçirilən ordu quruculuğu, hərbi sənayenin qurulması və inkişaf etdirilməsi, iqtisadi inkişaf, ən əsası cəmiyyətdə sabitlik və təhlükəsizliyin hökm sürməsi dövlətimizin dünya birliyində yerini müəyyənləşdirmiş, onun liderini söz sahibinə çevirmişdir.

Azərbaycan lideri özünəməxsus, tamamilə orijinal dövlətçilik təfəkkürü nümayiş etdirərək ölkənin ərazi bütövlüyünü bərpa etmək məqsədilə tarixdə çoxlu örnəyi olan “ildırımsürətli” yanaşmanı deyil, uzunmüddətli hazırlıq taktikasını seçərək bir-birinin ardınca keçirilən 5 prezident seçkisində (2003, 2008, 2013, 2018, 2024) qələbəsini təmin etdiyi halda, Ermənistanda 3 dövlət və hökumət başçısı dəyişmişdir. Azərbaycan rəhbəri Ermənistanın bir-birinin ardınca yeniləşən 3 başçısına qarşı təkbaşına dayanmış, onları məğlub etməyə nail olmuşdur.

44 günlük II Qarabağ müharibəsindəki Zəfər Cənubi Qafqazın və bütövlükdə, region ölkələrinin gələcək inkişafı üçün də yeni imkanlar açmışdır. Azərbaycan Respublikası Qafqaz bölgəsinin yeni və dayanıqlı təhlükəsizlik sistemini yaratmaqla bərabər, Avrasiya məkanında etibarlı təhlükəsizlik mühitinin formalaşmasına əməli töhfələr verir, qlobal miqyasda təhlükəsizliklə bağlı təhdidlərin aradan qaldırılmasında lider mövqeyi tutur və bu statusunu son dövrlərdə daha da möhkəmləndirir.

Prezident İlham Əliyev ölkəmizin davamlı inkişafı üçün mühüm tədbirlər həyata keçirmişdir. Onun təsdiq etdiyi milli və Dövlət proqramlarında ekoloji problemlərin həlli üçün zəruri olan bütün vəzifələr elmi əsaslarla müəyyənləşdirilmişdir. Ölkəmizdə ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi sahəsində əsaslı dönüş yaranmış, təbii ehtiyatların, faydalı qazıntıların, su, torpaq, hava kimi əvəzsiz sərvətlərin, meşələrin və biomüxtəlifliyin mühafizəsi, bərk sənaye və məişət tullantılarının tələb olunan səviyyədə idarə olunması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmiş, aparılmış məqsədyönlü dövlət siyasəti, beynəlxalq təcrübədən istifadə nəticəsində ətraf mühitin mühafizəsi sahəsində ciddi nailiyyətlər əldə edilmişdir. Bu uğurların nəticəsidir ki, 2024-cü ilin noyabrında Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a ev sahibliyi edən Azərbaycanın diplomatik mövqeyinin güclənib geniş miqyas alması, xalqımızın tərəqqisi üçün önəmli olan bu konfrans həm də dünyada dayanıqlı və “yaşıl” gələcək qurulmasına zəmin yaratmışdır.

İlham Əliyev indi yalnız ölkəmizin deyil, ümumilikdə, Cənubi Qafqazın yeni təhlükəsizlik sistemini və bu sistemin tərkib hissəsi kimi yeni geosiyasi və geoiqtisadi xəritəsini formalaşdırır. Qafqaz bölgəsi tədricən sülhə, etibarlı təhlükəsizlik mühitinə qovuşur.

Mais ƏMRAHOV,
AMEA Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, professor

Siyasət