Müharibəni udduq, sülhü də qazanacağıq

post-img

Azərbaycanın heç kəsin yardımına ehtiyacı yoxdur

Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması, sülh prosesinin indiki statusu, eləcə də Paşinyan hökuməti ilə müxalif düşərgə arasında müşahidə edilən siyasi qarşıdurmanın yeni dalğası fonunda sülh danışıqları və hayların qarşılıqlı ittihamlarla müşahidə edilən hakimiyyət “savaşı” əsas mövzulardandır. Bu zaman iki ölkə arasında münaqişənin nizamlanması istiqamətində kənar vasitəçilərin iştirakı ilə gedən uzunmüddətli danışıqlarda İrəvanın “qazanmaq” əvəzinə itirdikləri də siyasi diskussiyaların mərkəzində yer alır. Ümumiyyətlə, sülh danışıqları dövrü, ondan sonra baş verənlər və bu zaman Azərbaycanın hərbi-siyasi uğurlarını şərtləndirən amillər barədə suallarımızı Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov cavablandırır.

– Rasim müəllim, Nikol Paşinyan son bəyanatlarının birində dedi ki, 1994-cü ildən, yəni atəşkəsdən sonra başlayan sülh danışıqlarının əsas motivi Qarabağın Azərbaycana qaytarılması olub. Buna Ermənistanın sabiq rəhbərləri – Koçaryan və Sarkisyan etiraz edərək bildirdilər ki, yox, o zaman danışıqlar “dqr”in öz müqəddaratını təyin etməsi barədə gedirdi. Həm danışıqların keçmiş dinamikasına, həm də zəfərimizlə başa çatan münaqişəyə bu kontekstdən şərhiniz oxucularımız üçün maraqlı olardı.

– Sülh danışıqlarının bütün mərhələlərində, o cümlədən “öz müqəddaratını təyin etmə” məsələsində də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi prioritet olaraq qalıb. Oxuculara xatırlatmaq istərdim ki, beynəlxalq hüquq xalqların deyil, dövlətlərin hüququ deməkdir. Yəni, beynəlxalq hüququn subyekti qismində dövlət çıxış edir. Hər bir dövlət isə müəyyənləşdirilmiş və hamı tərəfindən qəbul edilmiş sərhəddən başlayır. Bu, dünyanın bütün dövlətləri tərəfindən təməl prinsip kimi qəbul olunur. Məhz mövcud sərhədlər daxilində ərazi bütövlüyünün tanınması və suverenliyə hörmət edilməsidir.

BMT Təhlükəsizlik Şurasının qətnaməsini yada salmaq istərdim. Həmin sənəddə atəşkəs, zorakılığa son qoyulması, kommunikasiyaların açılması, Ermənistan silahlı birləşmələrinin Azərbaycanın işğal etdikləri torpaqlardan çıxarılması çağırışları ilə yanaşı, statusun müəyyənləşdirilməsi üçün dialoqa başlamaq da tövsiyə olunurdu. Əgər burada söhbət “Dağlıq Qarabağ”ı Azərbaycandan ayırmaqdan getsəydi, bu barədə legitim sayıla biləcək qərarı qəbul edən yeganə orqan məhz Təhlükəsizlik Şurası idi. Bu halda status məsələsinin müzakirəsinə ehtiyac qalmazdı. Xeyr, bu, baş vermədi. Təhlükəsizlik Şurası bütün qərarlarında, eyni zamanda, Minsk qrupu çərçivəsində statusun müəyyənləşdirilməsi üzrə müzakirələrə başlamağı təklif edirdi. Gələcək status həm Qarabağ erməniləri, həm də Azərbaycan tərəfindən qəbul edilməli idi. Yəni, beynəlxalq ictimaiyyət həmin statusu Qarabağ ermənilərinin təhlükəsizliyinin yalnız Azərbaycanın tərkibində təmin edilməsi mexanizmi kimi nəzərdə tuturdu. Digər tərəfdən, beynəlxalq hüququn elementar tələbinə görə, ölkənin sərhədi yalnız onun razılığı əsasında dəyişdirilə bilər.

– Sülh danışıqlarının müəyyən mərhələsində Ermənistan Qarabağı öz ərazisinə birləşdirmək üçün Laçın və Kəlbəcəri də tələb edirdi. Onlar keçmiş muxtar vilayətin ətrafında işğal etdikləri yeddi rayonu deyil, yalnız beşinin qaytarılması variantını irəli sürürdülər...

– Bəli, onlar başa düşürdülər ki, Kəlbəcər və Laçını Azərbaycandan qoparmadan “Dağlıq Qarabağ”ın mövcudluğu mümkün deyil. Əslində, onlara heç status da lazım deyildi. Bu ərazi “de-fakto” Ermənistana birləşdirilmişdi. “Dağlıq Qarabağ”da Ermənistan qanunvericiliyi, vergi, gömrük, maliyyə, təhsil, səhiyyə sistemləri tətbiq edilmişdi. Onlar ümid edirdilər ki, müəyyən vaxt keçdikdən sonra dünya “Dağlıq Qarabağ”ın, faktiki olaraq, Kəlbəcər və Laçınla birlikdə Ermənistana birləşməsini qəbul edəcək və Azərbaycan da “yeni reallıqla” barışacaq. İrəvanın danışıqlar prosesini ən müxtəlif bəhanələrlə uzatmaqda məqsədi məhz buna nail olmaqdan ibarət idi. Azərbaycanın öz gücü ilə ərazi bütövlüyünü bərpa edəcəyi onların yuxusuna da gəlməzdi. Çünki, “ən yaxşı döyüşçülər ermənilərdir”, dağlıq ərazidə onların “tayı-bərabəri” yoxdur, Qarabağda elə müdafiə istehkamları yaradıblar ki, “Azərbaycan ən böyük itkilərlə belə erməni cəbhəsini yarmağa qadir deyil”. Qərb isə işğal etdiyi torpaqlarımızdan çıxması üçün Ermənistana nə siyasi, nə də iqtisadi təzyiq göstərirdi. Beləliklə, İrəvan tədricən Qarabağı və iki rayonumuzu Ermənistana birləşdirəcəyinə, dünyanın və Azərbaycanın bununla barışacağına əmin idi. Ümidlər, necə deyərlər, özünü doğrultmadı.

– Minsk qrupunu xatırlatdınız. Qrupa həmsədrlik edən dövlətlər münaqişənin dinc yolla həlli üçün maraqlı variantlar irəli sürürdülər. Sizcə, “Dağlıq Qarabağ”a Azərbaycanın tərkibində, beynəlxalq hüquqda nəzərdə tutulan ən yüksək statusun verilməsi ideyasının arxasında nə gizlənirdi?

– Avropada bu statusun analoqunu tapmaq çətindir. Misal olaraq, Danimarka Krallığının Farer adalarını göstərmək olar. Bu adalar Krallığın tərkib hissəsi sayılsa da, praktiki olaraq, mütləq muxtariyyətə malikdir. Yalnız ordu və müdafiə məsələləri mərkəzin səlahiyyətlərinə daxildir. Onu da deyim ki, Ermənistanın o zamankı rəhbəri Levon Ter-Petrosyan bu məsələdə daha realist mövqedən yanaşırdı. Çünki Ermənistan iqtisadi və nəqliyyat blokadasında yerləşirdi. Bu səbəbdən, o, “Dağlıq Qarabağ”ın Azərbaycanın tərkibində yüksək muxtariyyət statusu ilə razılaşırdı. Qarabağ erməniləri bu variantdan imtina etdilər. Onda Levon Ter-Petrosyan onları məcbur edə bilməyəcəyini bildirdi. Təklif olunan ikinci layihəyə görə, ermənilər Laçından başqa, işğal altındakı rayonlarımızı qaytarır, sülh əldə olunur, status məsələsi sonrakı mərhələdə müzakirəyə çıxarılır. Oraya sülhməramlı qüvvələr yeridilir, Ermənistan və Azərbaycan arasında münasibətlər bərpa edilir və bunların fonunda hər iki tərəf üçün məqbul status variantının tapılması asanlaşır. Ter-Petrosyan bu varianta da razılığını bildirdi, amma Qarabağ erməniləri yenə tərslik etdilər. Onlar Laçınla bir yerdə Kəlbəcəri də tələb edirdilər. Aydın məsələdir ki, Bakı bununla razılaşa bilməzdi. Nə baş verdi? Levon Ter-Petrosyanı prezident kürsüsündən aşırdılar. O, “Sülh, yoxsa müharibə?” məqaləsini də həmin dövrdə yazmışdı. Azərbaycanın güclənəcəyi, münaqişənin həllinin daha da çətinləşəcəyi barədə xəbərdarlıq edirdi. Onu eşitmədilər və sonrakı iyirmi il ermənilər “Qarabağ klanı”nın idarəçiliyinə dözməli oldular.

– Və münaqişə dondurulmuş vəziyyətdə XXI əsrə adladı. Bu mərhələni necə xarakterizə edərdiniz?

– Levon Ter-Petrosyanın yazdığı kimi, Azərbaycan güclənməyə, ordumuz tammiqyaslı təlimlər keçirməyə başladı. Quru qoşunlarımızın, zirehli texnikamızın, hərbi aviasiyamızın modernləşdirilməsi prosesinə start verildi. Bəli, Azərbaycan ordunu gücləndirməkdən ötrü Rusiyadan, Türkiyədən, İsraildən müasir silahlar almağa başladı. Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti kəskin surətdə artırıldı. 2016-cı ilin dördgünlük döyüşləri göstərdi ki, Azərbaycan Ordusu ermənilərin Qarabağda qurduqları müdafiə xəttini yarmağa qabildir. Amma bu, nə İrəvana, nə də Xankəndidəki separatçılara dərs oldu. Doğrudur, məhz bundan sonra Serj Sarkisyan ATƏT-in Minsk qrupunun həmsədrlərinə sülh danışıqları ilə bağlı müəyyən vədlər verməyə başladı. Amma proses yenə uzadılırdı. Müharibə mövzusu artıq aktuallaşmışdı. Sarkisyanın hakimiyyəti asanlıqla Nikol Paşinyana təhvil verməsinin bir səbəbi o idi ki, “xalqın içindən gələn” emissarın bu ali kürsüdə uzun müddət davam gətirəcəyinə qətiyyən əmin deyildi. Həm də müharibə başlayacağı təqdirdə işğal etdikləri Azərbaycan torpaqlarının onun deyil, Nikol Paşinyanın hakimiyyəti dönəmində əldən çıxacağı ehtimalı da nəzərdə tutulurdu. Bu zaman məğlubiyyətin məsuliyyəti də Paşinyanın boynunda qalacaqdı. Nəticədə ictimai etimadı itirən baş nazir postundan getməyə məcbur olacaq və “Qarabağ klanı” yenidən hakimiyyəti ələ alacaqdı. Sarkisyan belə güman edirdi. Yaqdınızdadırsa, MDB-nin Bişkek Sammitində Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə söz verdi ki, hakimiyyətini möhkəmləndirən kimi, Qarabağ probleminin həlli yollarını bir yerdə tapacağıq. Müharibə başlananda isə tez parlamenti çağırdı və Azərbaycanın tələblərini açıqladı: Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması cədvəlini təqdim etməliyik. Yalnız bu halda müharibədən yayına bilərik. Hətta onun parlamentdəki tərəfdarları da dedilər ki, yox, döyüşmək lazımdır. Nə oldu? Azərbaycan Ordusu, bütün proqnozların əksinə olaraq, yüksək peşəkarlıq və şücaətlə Ermənistan ordusunu darmadağın etdi. Təkcə Şuşanın azad edilməsi əməliyyatını xatırlamaq kifayətdir ki, şanlı ordumuzun effektiv fəaliyyətini qeyd edəsən.

– Sonra 2020-ci il 10 noyabr Bəyanatı və sülh danışıqlarının yeni mərhələsi... İrəvanın artıq başqa məqsədlərlə prosesin uzadılmasını müşahidə edirik. Konkret olaraq, ermənilərin Qarabağa qayıdışını real sayırsınızmı?

– Onlar Qarabağı necə tərk edirdilər? Nə qədər ki, Rusiyanın sülməramlı kontingenti orada dururdu, arxayın idilər. Amma İrəvandan onlara Qarabağı tərk etmək əmri veriləndə hər şeylərini, hətta heyvanları yandırdılar. Azərbaycanın şərtlərini – qanunlarımızı qəbul etməyən, vətəndaşımız olmağı arzulamayan erməninin bizim torpaqda nə işi var?

– Sonda şərti sərhədin o üzündəki Avropa İttifaqının müşahidə missiyasının fəaliyyətinə də münasibət bildirərdiniz. Sizin fikrinizcə, bu missiyanın qalma müddətinin artırılması nəyə hesablanıb?

– Sabah Naxçıvanın Ermənistanla sərhədində Türkiyənin müşahidə missiyası peyda olsa, İrəvan buna necə baxacaq? Bu, çətin ki, onların xoşuna gələcək. Onda zəhmət çəkib iki ölkənin sərhəd zolağında xarici dövlətin qüvvələrinin olmaması barədə razılaşmanı imzalasın. Bunun nəticəsində sərhədin həm o üzündə, həm də bu üzündə gələcəkdə üçüncü ölkəyə məxsus mülki, yaxud silahlı missiyaların yerləşdirilməsi təhlükəsi aradan qaldırılacaq. Bakı deyir ki, ümumiyyətlə, hər hansı iddia qaldırılmasından imtina edilsin. Həm də bunu dövlətin adından bəyan etmək lazımdır. Sabah Ermənistanda hakimiyyət dəyişəndə başqa “mahnı” oxuya bilərlər. Bu sənəd beynəlxalq müqavilə statusuna mailk olmalıdır. Gəlin, bu bəndi sülh sazişinin mətninə daxil edək. Cavab vermirlər. ATƏT-n Minsk qrupunun ləğvi ilə bağlı Bakının təklif etdiyi ortaq qərarı isə sülh müqaviləsinə salmağa ehtiyac yoxdur. Tərəflər bununla bağlı ATƏT-ə müvafiq müraciəti sülh sazişini imzalayandan, amma ratifikasiyadan əvvəl edə bilərlər.

Sualınıza əlavə kimi iki dövlətin beynəlxalq institutlar qarşısında iddia qaldırmaqdan qarşılıqlı şəkildə imtina etməsi məsələsinə də toxunardım. Biz bu məsələyə yanaşmada da “hay fokuslarını” müşahidə edirik.

Bu gün Bakı heç kəsin qarşısında minnətçi düşmür. Kənar dəstəkçilərin yardımına da ehtiyacımız yoxdur. Azərbaycan hər şeyi beynəlxalq hüquqa uyğun şəkildə həyata keçirir. Bakı iki ölkə arasında, bütövlükdə Cənubi Qafqazda sülhün bərqərar olması üçün əlindən gələni edəcək. Necə ki, 44 günlük müharibədə qalib gəlmişik, sülhü də mütləq qazanacağıq.

Qələmə aldı:
İmran BƏDİRXANLI
XQ



Müsahibə