Zəfərlərin davamı ili

post-img

Bu il Qazaxın kəndlərinin qaytarılması və Xocalıya qayıdışın başlanması ilə də əlamətdar oldu

Başa çatmaq üzrə olan 2024-cü il də ölkəmiz üçün böyük uğurlarla yadda qaldı. İlin uğurlarından danışarkən Qazax rayonunun uzun illər erməni işğalı altında olan 4 kəndinin (Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı) qaytarılmasına nail olunması xüsusi vurğulanmalıdır.

Qeyd edək ki, erməni işğalı altında olan Qazax rayonunun kəndlərinin və Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Kərki kəndinin azad olunması məsələsi hər zaman Azərbaycan dövlətinin gündəmində idi. Bu məsələ bütün beynəlxalq instansiyalarda qaldırılırdı.

Ancaq dövlətin əsas diqqəti, gücü və potensialı, təbii ki, Ermənistan ordusunun işğal etdiyi Dağlıq Qarabağ Muxtar Vilayətinin və onun yaxınlığında yerləşən 7 rayonumuzun azad olunmasına yönəldilmişdi.

2020-ci ilin payızında Vətən müharibəsi nəticəsində işğal altındakı torpaqlarımızın çox böyük hissəsi – təxminən 7 min kvadratkilometr ərazi azadlığına qovuşdu. 2023-cü ilin sentyabrında isə keçmiş xunta rejiminin tapdağı altında olan digər torpaqlarımız, yəni 3 min kvadratkilometrdən böyük ərazi üzərində də suverenliyimiz bərpa edildi. Bundan sonra Azərbaycan dövləti əsas diqqəti işğal altındakı eksklav kəndlərin qaytarılması məsələsinə yönəltdi.

Prezident İlham Əliyevin 2022-ci il 23 may tarixli sərəncamı ilə Azərbaycan və Ermənistan arasında Dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası yaradıldı. Ancaq hər zaman vaxt uzatmaqla, status-kvo yaradıb onu möhkəmləndirməklə məşğul olan rəsmi İrəvan bu dəfə də eynu üsuldan istifadə etmək istədi. Belə olan təqdirdə 2024-cü il martın 10-da, yəni sərhəd komissiyalarının yeddinci iclasından üç gün sonra, komissiyanın sədri, Baş nazirin müavini Şahin Mustafayevin xidməti Ermənistandan Qazax rayonundakı dörd qeyri-anklav kəndi dərhal geri qaytarmağını tələb etdi. Nəhayət, aprelin 19-da Ermənistan tərəfi 30 ildən çox işğal altında saxladığı 4 kəndin qaytarılması ilə razılaşdı. İki ölkə arasında yaradılmış komissiyaların səkkizinci görüşündə bununla bağlı razılığa gəlindi.

Sözsüz ki, 4 kəndin qaytarılması heç də Ermənistan iqtidarının, o cümlədən baş nazir Nikol Paşinyanın xoş niyyətinin təcəssümü deyildi. Məhz Prezident İlham Əliyevin qəti iradəsi və prinsipial addımları Ermənistan hakimiyyətini həmin kəndləri qaytarmağa məcbur etdi. Dövlətimizin başçısı qeyri-anklav kəndlərin qaytarılması məsələsini hər zaman qaldırırdı və məsələ ötən müddət ərzində daim gündəlikdə saxlanılırdı. Azərbaycanın bir qarış torpağından, o cümlədən Qazax rayonunun işğal altındakı kəndlərindən də imtina etməyəcəyi hər kəsə aydın idi. Bu istiqamətdə ardıcıl və məqsədyönlü iş aparılırdı. Yada salmaq yerinə düşər ki, hələ 2023-cü il oktyabrın 7-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Prezident İlham Əliyevə zəngi zamanı dövlətimizin başçısı ölkəmizin 8 kəndinin hələ də Ermənistanın işğalı altında olduğunu deyərək, bu kəndlərin işğaldan azad olunmasının vacibliyini vurğulamışdı.

Prezident 2024-cü ilin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi zamanı məsələni yenidən gündəmə gətirərək demişdir: “Bizim mövqeyimiz çox ədalətli və məntiqlidir. Ya siyasi metodologiya əsas götürülməlidir, ya xronologiya götürülməlidir, ya da biz bütövlükdə heç bir xəritə əsasında işimizi qurmamalıyıq. Komissiya yaradılıb. Komissiyanın işini fəallaşdırmaq üçün ekspert qrupları yaradılmalıdır. Getsinlər qarış-qarış o yerləri gəzib o sərhədi müəyyən etsinlər. Çünki bu gün bizim sərhədimiz şərti xarakter daşıyır.

O ki qaldı, işğal altında olan kəndlərə, hesab edirəm ki, bizim təklifimiz də çox məntiqlidir. Bildiyiniz kimi, orada anklav və qeyri-anklav kəndlər var. O kəndlər ki, anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır. O kəndlər ki, anklav kəndlərdir, – çünki Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir, – həmin kəndlərlə əlaqədar ayrıca bir ekspert qrupu yaradılmalıdır və o, müzakirə edilməlidir. Biz hesab edirik ki, bütün anklavlar qaytarılmalıdır. Bu anklavlara gedən yollarda şərait olmalıdır və bu anklavlara orada yaşayan insanlar yerləşdirilməlidir. Yəni, bizim mövqeyimiz bundan ibarətdir...”

Birmənalı şəkildə demək mümkündür ki, Qazaxın kəndlərinin bir güllə atılmadan qaytarılması Prezident İlham Əliyevin qətiyyətli siyasətinin və iradəsinin nəticəsidir. Bu, 2016-cı ilin Aprel döyüşləri ilə əsası qoyulan, 2020-ci ildə Vətən müharibəsi və 2023-cü ildə lokal xarakterli antiterror tədbirləri ilə davam etdirilən zəfərlərimizin davamıdır. Məlum hadisə Prezident İlham Əliyevin xalqımız və dövlətimiz qarşısında növbəti mühüm tarixi xidmətidir. Çünki məhz Prezident İlham Əliyevin hərbi və siyasi-diplomatik sahədə müəyyənləşdirdiyi xətt üzrə hərəkət edən Azərbaycan dövləti Ermənistanı beynəlxalq hüquqa hörmətlə yanaşmağa məcbur etdi. Bu hadisə “Sözümüz imzamız qədər dəyərlidir” kəlamının müəllifi olan Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağı ilə bağlı hələ 2003-cü ildə doğma xalqına verdiyi sözə sadiqliyinin nümayişi oldu.

2024-cü il mayın 10-da Şuşada birinci yaşayış kompleksinin açılış mərasimində çıxış edən Prezident İlham Əliyev delimitasiya və demarkasiya prosesinə də toxundu. Prezident bildirdi ki, bu gün təkcə bizim tələbimizlə heç bir başqa, necə deyərlər, vasitəyə əl atmadan Qazaxın dörd kəndi bizə qaytarılır: “Bir tələbimlə qaytarılır, bax, belə də olmalıdır. Bundan sonra belə də olacaq. Burada söz sahibi bizik, Qafqazda aparıcı dövlət bizik, iqtisadi, siyasi, hərbi, hər cəhətdən aparıcı dövlət bizik, bizimlə hər kəs hesablaşmalıdır. Həm Ermənistan, həm onun arxasında duran, onlara yalançı vədlər verən xarici dairələr bizimlə hesablaşmasalar peşman olacaqlar. Bu gün Qazaxın 1990-cı və 1992-ci illərdə işğal edilmiş torpaqları bir güllə atılmadan bizə qaytarılır. Delimitasiya, demarkasiya bizim şərtlərimiz əsasında həyata keçirilir və bu, bizim növbəti zəfərimizdir”.

Tarixi yaddaşımızı təzələmək üçün qeyd edək ki, 1980-ci illərinin sonlarında başlanan Ermənistan–Azərbaycan münaqişəsinin ilkin mərhələsində Qarabağdan kənarda gərginlik yaşayan sərhədyanı ərazilərdən biri Qazax rayonu idi. Azərbaycan və Ermənistan kəndlərinin qonşu olduğu Qazaxda unikal sərhəd vəziyyəti və bu kəndlərin bəzilərindən ermənilər üçün mühüm olan yolun keçməsi gərginliyin artmasına səbəb oldu. Sərhədin bu hissəsində ilk insident 1990-cı ilin martında Bağanıs Ayrım kəndində baş verdi. Ermənistanı Gürcüstanla birləşdirən yollardan biri, eləcə də Ermənistanın şimal-şərqindəki Tavuş bölgəsində bir neçə mühüm kəndi birləşdirən əsas yol boyunca yerləşən Bağanıs Ayrım qonşu kəndlərdə ermənilər tərəfindən potensial təhlükə hesab edilirdi. Buna görə də, erməni quldurları martın 4-də kəndə silahlı basqın edərək, iki nəfəri öldürmüş, iki nəfəri isə yaralamışdılar.

Bundan 20 gün sonra, yəni martın 23-dən 24-nə keçən gecə Bağanıs Ayrım kəndi əvvəlcədən qurulan plan əsasında hücuma məruz qalıb və martın 24-ü səhər saatlarında ermənilər tərəfindən işğal olunub. Bununla da Bağanıs Ayrım ermənilərin işğal etdiyi ilk Azərbaycan kəndi kimi tarixə düşüb. İşğal zamanı kəndin əli silahsız, mülki əhalisinə qarşı qətliam törədilib. Səkkiz soydaşımız qətlə yetirilib. Onlardan 5 nəfəri diri-diri yandırılıb. Yüzdən çox evi olan kənd talan edilib, əhalinin kənddən çıxara bilmədiyi ev əşyaları və mal-qara ermənilər tərəfindən aparılıb. Ümumiyyətlə, ermənilər Qarabağ müharibəsinə başlayarkən ilk qırğını Bağanıs Ayrımda törədiblər.

1992-ci ildə isə Qazaxın üç qeyri-eksklav (Xeyrımlı, Aşağı Əskipara və Qızılhacılı) və üç eksklav (Yuxarı Əskipara, Barxudarlı və Sofulu) kəndi də ermənilər tərəfindən işğal olunub. Xeyrımlı 1992-ci il martın 8-də, Aşağı Əskipara martın 12-də, Qızılhacılı mayın 11-də, Yuxarı Əskipara iyunun 8-də, Barxudarlı və Sofulu isə aprelin 27-də ermənilərin nəzarəti altına keçib.

İlin önəmli hadisələrindən biri də Xocalıya qayıdışın başlanması oldu. Mayın 28-də – Müstəqillik Günündə xocalıların şəhərə ilk qayıdışı başladı. Həmin gün Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocalı şəhərində 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar. Qeyd edək ki, həmin gün 20 ailə 32 ildən sonra doğma yurduna qayıtdı. Bu qayıdışın Müstəqillik Günündə olmasının təsadüfi olmadığını Prezident İlham Əliyev özü vurğuladı: “Əlbəttə ki, bu qayıdışın Müstəqillik Gününə təsadüf etməsi təsadüfi deyil. Çünki bildiyiniz kimi, keçən il Müstəqillik Günündə mən Laçın şəhərində laçınlılara evlərinin açarlarını təqdim etmişdim. İki il bundan əvvəl Müstəqillik Günü ərəfəsində – mayın 27-də Ağalı sakinləri ilə görüşmüşdüm. Onlar da məhz o gündə köçmüşdülər. Bu gün isə xocalılılar qayıdırlar. Bu, gözəl tarixi hadisədir. Xocalı da gördüyünüz kimi, gözəlləşir, yenidən qurulur”.

Soyuq qış gecəsində amansız düşmənin güllə yağışı altında, soyqırımına məruz qalıb, çoxsaylı şəhidlər verərək doğma yurdu tərk etməyə məcbur olmuş xocalılar bu il günəşli bir yaz günündə qalib dövlətin vətəndaşı kimi geri qayıtdılar. Onlar şəhid qanı ilə müqəddəsləşmiş Xocalıda yeni həyatın təməlini məhz 2024-cü ildə qoydular. Həm Qazax rayonundakı kəndlərin bir güllə atılmadan qaytarılması, həm də Xocalıya qayıdışın başlanması, heç şübhəsiz, ölkəmizin növbəti uğurları, ardıcıl qələbələr qazanan Azərbaycanın və onun dövlət başçısının növbəti parlaq Zəfəridir. Bu uğurların 2025-ci ildə davam edəcəyi də şəksizdir.

Bu istiqamətdə fikirlərini XQ ilə bölüşən politoloq İlyas Hüseynov bildirdi ki, il ərzində ölkəmizin həyatında bir sıra mühüm hadisələr baş verdi. Onun sözlərinə görə, bu sırada Qazax rayonunun 4 kəndinin qaytarılması ölkəmizin siyasi-diplomatik uğurudur. Çünki həmin dövrdə gərgin vəziyyət hökm sürürdü. Hər iki tərəf müharibə ehtimalını nəzərə alaraq, qoşunlarını sərhədə cəmləşdirmişdi: “Belə bir vəziyyətdə Azərbaycan çox rasional davrandı, təmkin nümayiş etdirdi və nəticədə Qazax rayonunun 4 kəndi ölkəmizin nəzarətinə qaytarıldı. Hazırda dövlət bayrağımız bu kəndlərdə dalğalanır və ölkəmizə strateji üstünlük qazandırır. Bu, hərbi-strateji nöqteyi-nəzərdən önəmli nailiyyətdir Prezident İlham Əliyevin qəti iradəsi və prinsipial siyasəti nəticəsində həmin kəndlər qaytarıldı”.

İ.Hüseynov dedi ki, bu hadisə heç də N.Paşinyanın “humanizmi”, yaxud etimad mühitinin yaradılması üçün atdığı addımlar kimi dəyərləndirilməməlidir. Bölgənin qalib dövləti Azərbaycan bütün müvafiq tədbirləri həyata keçirir ki, təhlükəsizliyin dayanıqlılığı təmin olunsun. Paşinyan iqtidarını demokrat, liberal, azad düşüncə tərəfdarı kimi qələmə vermək də absurddur və tamamilə nonsensdir”.

Politoloq bildirdi ki, bu mənada Azərbaycan mühüm təhlükəsizlik arxutekturası yaradır və işğaldan azad edilmiş ərazilərə keçmiş məcburi köçkünlər qayıdırlar. Biz böyük fərəh hissi ilə müxtəlif yaşayış məntəqələrinə keçmiş məcburi köçkünlərin qayıdışının şahidi olmuşuq. O cümlədən qan yaddaşımız olan Xocalıya qayıdış da xalqımızın ən çox gözlədiyi günlərdən biri idi. Çünki Xocalı erməni vandalizminin, vəhşiliyinin simvoluna çevrilmişdi. İndi isə soydaşlarımız azad Xocalıya qayıdırlar və bu hadisə, şübhəsiz ki, Azərbaycan tarixinin mühüm mərhələsini təşkil edir.

Səxavət HƏMİD
XQ



Siyasət