Avropa İttifaqının Azərbaycan–Ermənistan şərti sərhədinin Ermənistan tərəfindəki mülki müşahidə missiyasının ofisi, sanki, pirdir. Avropalı diplomatlar, eləcə də Ermənistana səfər etmiş xaricilər oranı ziyarət edirlər. Deyə bilmərik, orada hansısa konkret ayin icra edirlər ya yox, amma bu adamların missiyanın ofisinə baş çəkmələri Bellonaya sitayişdir. Xatırladaq ki, Bellona qədim Romada müharibə tanrısı sayılırdı.
Bəli, Niderland Krallığının Ermənistandakı səfiri Mariek Monro-Vinter də Aİ-nin Ermənistandakı müşahidəçilər missiyasının ofisində olub. Bu barədə məlumatı missiya özünün saytında yayıb. “Niderlandın Ermənistandakı səfiri xanım Mariek Monro-Vinteri Aİ missiyasının ofisində qəbul etmək mənim üçün böyük şərəfdir”, – deyən missiyanın rəhbəri Markus Ritter razılığını bildirib. Sən demə, Hollandiyanın Aİ missiyasının nəzdində ayrıca qərargahı da var imiş və səfir Monro-Vinter həmin qərargahda olub. O, eyni zamanda, Xaçik kəndi ərazisində patrul dəstəsinə qoşulub. Məlumatda, habelə, hazırda Aİ missiyasında 7 hollandiyalı ekspertin çalışdığı bildirilib.
Qeyd etdiyimiz kimi, Bellona müharibə tanrısıdır və Aİ-nin sözügedən missiyası da məhz savaş gündəliyini rəhbər tutan təsisatdır. Fikrimizi əsaslandıracağıq. Amma əvvəlcə bir məqama diqqət yetirərək deyək ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev dekabrın 12-də jurnalistlərə açıqlamasında Ermənistan ərazisində hansısa üçüncü ölkənin qüvvələrinin yerləşdirilməsini narahatlıq doğuran faktor kimi qiymətləndirmişdi. H.Hacıyev bildirmişdi ki, Azərbaycan tərəfi qarşılıqlı anlaşma və sülh şəraitində aparılan delimitasiya prosesində üçüncü tərəfin iştirakına ehtiyac görmür: “Ermənistan–Azərbaycan sərhədindəki Avropa İttifaqının missiyasının fəaliyyəti artıq başa çatmalıdır. Missiyanın yerləşdirilməsi Praqada Azərbaycan Prezidenti İlham Əliyevin, Fransa prezidenti Emmanuel Makronun, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə razılaşdırılmışdı. O missiya qısamüddətli olmalı idi. Biz gördüyümüz kimi, bu, davamlı bir missiyaya çevrilir və tərkibi, habelə coğrafi mandat ərazisi genişləndirilir. Ermənistan və Azərbaycan arasında qarşılıqlı anlaşma və sülh şəraitində aparılan delimitasiya prosesində üçüncü tərəfin iştirakına hər hansı ehtiyac görmürük. Biz Avropa İttifaqının missiyasının regionda sülhün möhkəmləndirilməsinə xidmət edən faktor olduğunu hesab etmirik. Bu, narahatlıq doğuran faktordur".
Qeyd edək ki, cənab Hacıyev bu ilin sentyabrında da Aİ-nin sərhəd missiyasına ehtiyacın duyulmadığına dair fikirlər səsləndirmişdi. Bildirmişdi ki, hazırda iki dövlət arasında nizamlama prosesinin sülh, qarşılıqlı anlaşma şəraitindəki gedişatı var. Bu səbəbdən Aİ-nin sərhəd missiyasının Ermənistan tərəfdən Azərbaycan sərhədi yaxınlığında fəaliyyət göstərməsinə ehtiyac yoxdur, təsisatın işinə xitam verilməsinin zamanı yetişib.
Prezident İlham Əliyev isə 2024-cü il oktyabrın 14-də Belçika Krallığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən, Bakı ilə İrəvan arasındakı sülhyaratma prosesində Aİ-yə etimadsızlıq doğuran faktorlardan biri kimi, məhz sözügedən missiyanı önə çəkmişdi. Dövlətimizin başçısı belə bir təsisatın qalmasının Azərbaycan–Aİ münasibətlərində də etimadsızlıq yaratdığını vurğulamış və əlavə etmişdi ki, 2023-cü ildə “Avropa müşahidəçilər missiyasının” müddəti ölkəmizin razılığı olmadan, hətta bizimlə məsləhətləşmədən uzadılıb. Dövlətimizin başçısı “Binokl diplomatiyası”nın qəbuledilməz olduğunu, normal siyasi mədəniyyət standartlarından kənarlığını bildirmiş, habelə, Azərbaycanın Aİ ilə təmaslarında bu məsələnin qaldırılacağını dilə gətirmişdi.
Bəli, bütün bunlardan, xüsusən,
H.Hacıyevin sonuncu açıqlamasından sonra Niderland Krallığının Ermənistandakı səfirinin Aİ-nin missiyasının gərargahına baş çəkməsi o deməkdir ki, qurum Azərbaycanın mövqeyinə etinasız yanaşdığını göstərir və onun özünün məxsusi gündəmi var. Heç şübhəsiz, gündəmi müəyyənləşdirən Fransadır. Yeri gəlmişkən, Fransanın Ermənistandakı səfiri Olivye Dekotini də dekabrın ilk ongünlüyündə şərti sərhəddə olmuş, holland səfir Monro-Vinter kimi o da Xaçik kəndində missiyanın patrul dəstəsinə qoşulmuşdu. Hər iki səfirin məhz sözügedən kənddə olmaları isə ayrıca maraqlı məqamdır. Məsələ ondadır ki, Xaçik sivilizasiyadan təcrid olunmuş ərazidə, dağlıq bölgədə, dəniz səviyyəsindən 1900 metr yüksəklikdə yerləşir. Hazırda ərazi qar örtüyünə bürünüb. Belə başa düşmək olar ki, istər Fransanın, istərsə də Hollandiyanın səfirlərinin Xaçikə baş çəkmələrində məqsəd qarlı şəraitdə ekstrim yaşamaq, adrenalin almaq olub.
Başlıca məqsəd isə Aİ-nin şərti sərhəddəki missiyanın vacibliyini göstərməkdir. Vaciblik müşahidəçilərin başa çatmaqda olan müddətlərinin uzadılması üçün gündəmə gətirilir. Axı 2023-cü ilin fevralından fəaliyyətdə olan missiyanın üzvləri hazırda NATO-nin Cənubi Qafqazdakı emisarları kimidirlər. Bu səbəbdən əminliklə deyə bilərik ki, regionun sülh gündəmi Qərb üçün heç bir önəm daşımır. İstər Dekotininin, istərsə də hazırda Monro-Vinterin missiyanın ofisini ziyarət etməsi və onun üzvləri ilə patrul fəaliyyətinə qoşulması belə söyləməyə əsas verir.
Sonda onu da deyək ki, Aİ-nin sərhəd missiyası sırf qlobal siyasi məqsədə, regional miqyasda rəqabətin formalaşmasına hesablanmış təsisatdır. Səmərəsizlik baxımdan onu ATƏT-in vaxtilə mövcud olmuş Minsk qrupu ilə eyniləşdirmək mümkündür. Çünki hər iki format, mahiyyətcə, qeyri-müəyyənliyi saxlamaq məramından qaynaqlanır. Minsk qrupu vaxt uzatmaqla işğalı leqallaşdırmaq istəyirdisə, nəticə etibarilə nə sülh, nə müharibə məntiqini rəhbər tuturdusa, Aİ-nin missiyası da oxşar funksiyanı yerinə yetirir. Fərq ondadır ki, Qarabağda erməni avantürası canını tapşırdığından, ATƏT-in Minsk qrupunun ermənipərəst təəssübkeşlik dövrü tarixə çevrilib. Sözügedən missiya isə hələlik illüziya qaynağıdır. Ermənistan rəhbərliyi və onun havadarları avropalı müşahidəçilərin timsalında özlərinin indiyədək itirdiklərinin bərpasına dəstək verəcək söz sahiblərini görürlər. Ona görə rəsmi İrəvan Aİ-nin missiyasının müddətinin uzadılmasında maraqlıdır və böyük etimalla müəyyən vaxtdan sonra müşahidəçilərin regionda qalma müddətinə aydınlıq gələcək.
Deməli, 2025-ci ildən də sülh gözləməyə dəyməz. Sülhsüzlüyə gəlincə, bu mühitin qalması müharibə təhlükəsinin mövcudluğu deməkdir. ATƏT-in Minsk qrupunun təcrübəsi bunu sübuta yetirdi. Elə isə Avropanın səfirləri Xaçikdə Bellonaya sitayiş etmələrində, qartopu oynamalarında, buzda sürüşmələrində olsunlar.
Ə.CAHANGİROĞLU
XQ