Cənubi Qafqazı “masa”larla qarışdırmaq cəhdinə sözardı
Bəlkə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli özünün sosial şəbəkə paylaşımında ABŞ-nin ölkəmizdəki keçmiş səfiri və aktiv anti-Azərbaycan mövqeyi ilə seçilən Riçard Kozlariçdən sitat gətirməsəydi, onun dediklərini bir o qədər diqqətə almaq lazım gəlməyəcəkdi. Əslində, bu qeydlərimiz o demək deyil ki, Kərimliyə, yaxud Kozlariçə hansısa formada reaksiya veririk. Çünki hər ikisi ilə bağlı hər şey aydındır. Ancaq bəzi məqamları vurğulamağa ehtiyac var.
Son zamanlar Qərbin Azərbaycana qarşı, belə demək mümkünsə, daha aqressiv kökləndiyini görürük. Elə təəssürat yaranır ki, sanki ölkəmizə qarşı “səlib yürüşü” başlanıb. Əlbəttə, bu “yürüşün” məqsədləri aydındır. Bilirik ki, Qərb cəbhəsinin anti-Azərbaycan ritorikasının arxasında rəsmi Bakını Ermənistanla ədalətsiz sülhə məcbur etmək əzmi dayanır. Daha doğrusu, Qərb, o cümlədən, ABŞ çalışırlar ki, Cənubi Qafqazda erməni avantürizmini diri saxlasınlar.
Rəsmi İrəvanın təmsilçiləri ölkəmizlə sülh gündəliyindən söz açarkən, bir qayda olaraq, “Dünyanın kəsişməsi” ideyası üzərində dayanırlar. Bu ideyanın məğzi Ermənistanı regional kommunikasiyaların açar fiquruna çevirməkdir. Yəni, istək budur ki, ölkə Qərbdən Şərqə, Şimaldan Cənuba daşımaların kəsişən nöqtəsinə çevrilsin. Bəs belə bir düzən nə üçün vacibdir?
Birincisi, Qərb ölkədə 2018-ci il inqilabının nəticələrini, necə deyərlər, əlini cibinə salmadan qorumaq niyyətindədir. Nəzərə alaq ki, Ermənistan tranzit habına çevrilsə, xeyli gəlir əldə edəcək.
İkincisi, ortada işlək sistem olacaq ki, onun nəticəsində müxtəlif maraqlı qütblər əvvəlcədən öz gəlirlərini proqnozlaşdıracaq və həmin gəlirlərdən hansı faydaları götürmələrini hesablayacaqlar. Təsəvvür edin, İrəvan açar fiqur kimi istənilən an bütün hesablamaları pozmaq imkanı əldə edəcək. Bu, Qərbə imkan yaradacaq ki, qlobal nəqliyyat habının iştirakçılarını fakt qarşısında qoysun, onlara özünə sərfəli istənilən gündəmi sırısın. Bir sözlə, Qərb Ermənistanın əli ilə region dövlətlərinin, o cümlədən, regiona maraqlı qütblərin müstəqil, bərabərtərəfli münasibətlər sistemindən faydalanma imkanlarını şübhə altına alacaq.
Üçüncüsü, regionda açar fiqur statusu Ermənistana, necə deyərlər, sırf şəxsi planda da dividend gətirəcək. İrəvan avantürizminin yeni mərhələyə qədəm qoyması üçün tədbirlər görmək şansı qazanacaq, avantürizm naminə qlobal kommunikasiya setini daim tükdən asılı vəziyyətə gətirəcək. Tutalım, Azərbaycana qarşı hansısa iddia irəli sürəcəksə, o zaman bunu həmin setin işini iflic hala salmaqla gerçəkləşdirəcək ki, qlobal marşrutun digər iştirakçıları status-kvonun pozulmaması üçün Bakıya İrəvanın şərtlərini qəbul etmək üçün təzyiq göstərsinlər.
Bir sözlə, Qərbin dəstəklədiyi “Dünyanın kəsişməsi”nin Ermənistana hərtərəfli faydaları var. Əvvəldə də vurğuladığımız kimi, layihə, ümumən, erməni kartını aktiv saxlamaq məramına söykənir. Lakin bütün bunlar Bakı ilə İrəvan arasında sülh mümkün olmadan reallaşa bilməz. Ona görə də ABŞ və Qərbin digər aktorları Azərbaycanı ədalətsiz sülhə məcbur etmək istəyirlər. Nəzərə alaq ki, Qərbin diktə etdiyi sülh şərtləri Cənubi Qafqazdakı tarixi maraqların üzərindən xətt çəkilməsini də hədəf seçib. Yəni, sülh bölgədə Rusiyanın, Türkiyənin və İranın maraqlarını arxa plana atmağa hesablanıb. Həmin maraqları nəzərə almamaq, balanslı siyasətdən uzaqlaşmaq, siyasi oyun qaydalarını pozmaq isə son dərəcə təhlükəlidir ki, məsələ Qərb üçün elə bir əhəmiyyət daşımır. Çünki regiondan uzaqdır, bölgənin Liviyanın və ya Suriyanın, yaxud İraqın gününə düşməsi, xarabazara çevrilməsi onun üçün heç bir önəm daşımır. Əsas olan özünün maraq və mənafelərinin hansısa ön şərt olmadan təmin edilməsidir.
***
Bəli, Qərb Azərbaycana Ermənistanla sülh gündəmini diktə etmək əzmindədir və bunun üçün ən müxtəlif təzyiq üsullarına əl atır. Bakıda ötən ay keçirilmiş nüfuzlu COP29-la bağlı da həmin üsullar gündəmə gəldi. Çox çalışıldı ki, toplantıyadək sülh sazişi imzalansın. Daha doğrusu, elə zənn edildi ki, Azərbaycan COP29-un dividend prezumpsiyasını sülh sazişindən üstün tutacaq. Lakin ölkəmizin rəhbərliyi prinsipiallığı əldən vermədi, məsələləri bir-birindən ayrı saxladı və çox doğru da etdi.
Hazırda özünün bütün təsir imkanlarından məhrum duruma düşmüş Qərb dünyası ənənəvi “üsullara” əl atmaqdadır. Nədir həmin “üsullar”? Guya, Azərbaycanda söz və ifadə azadlığı pozulur, sərbəst toplaşmaq imkanı yoxdur, ölkə həbsxanalarında siyasi məhbuslar var, müxalif fəallara qarşı repressiv metodlar tətbiq edilir və sair. Bir sözlə, cəfəngiyyatlar gündəmə gətirilir. Üstəlik, bu cəfəngiyyatların Bakı həbsxanalarında qeyri-qanuni saxlanıldığı iddia edilən “erməni məhbuslar” istiqaməti də var.
Maraqlıdır ki, son günlər Ermənistan iqtidarı və ona yaxın siyasi çevrələr də eyni məsələləri qaldırmaqdadırlar. Amma ikincilərdən fərqli olaraq, baş nazir Nikol Paşinyanın komandasının üzvləri subliminal mesajlarla kifayətlənirlər. Yəni, istər yuxarıda qeyd etdiklərimizi dilə gətirərkən, istərsə də ölkəmizin, guya, irqi, dini, milli ayrı-seçkilik yaratdığına dair tezisləri qabardarkən, ad çəkmirlər. Ad çəkən isə Ə.Kərimlidir. Yoxsa, niyə səssizliyi pozsun ki?
Əlbəttə, Kərimli üçün müəyyənləşdirimiş “tezis” bir qədər fərqlidir. O, Azərbaycanla Gürcüstanın müqayisəsini aparır və bildirir ki, ABŞ və Avropa İttifaqı Gürcüstanın siyasi xadimlərinə, ayrı-ayrı rəsmilərinə sanksiya tətbiq etdiyi halda, Azərbaycanın məmurlarına münasibətdə eyni tədbiri görmür. Sən demə, bu, ikili yanaşma imiş. Belə təsəvvür yaranır ki, partiya sədri Qərbi qınayır. Əslində isə onun fikirlərində qınaq yoxdur. Ə.Kərimli, sadəcə, Qərbin direktivlərini çatdırır. Ona səssizliyi pozmağı əmr edənlər AXCP sədrinin dili ilə Azərbaycanı şantaj edir və bildirirlər ki, gürcü siyasilərlə bağlı görülmüş tədbirlər azərbaycanlı siyasilərə, daha doğrusu, ölkəmizin iqtidarının təmsilçilərinə də tətbiq edilə bilər. Beləcə, rəsmi Bakının nəyəsə məcbur ediləcəyi düşünülür. Nəyə? Artıq bu barədə söz açdıq və bildirdik ki, Azərbaycanın Ermənistanla ədalətsiz sülhə razılaşmasını istəyənlər fəaldırlar.
***
Ermənistan da öz növbəsində, “fəallıq” göstərir və Ə.Kərimlinin söylədikləri hazırda erməni mediasının başlıca mövzusudur. Xüsusun, onun qondarma siyasi məhbus məsələsi ilə bağlı bildirdikləri. Erməni tərəfi Qarabağdakı keçmiş separatçı rejimin Azərbaycanda saxlanılan rəhbərlərinin durumunu da həmin məsələnin tərkib hissəsinə çevirib. Ötürülən mesaj budur: Azərbaycanda bütün məhbusların, o cümlədən, erməni məhbusların saxlanılması qeyri-qanunidir. Beləliklə, hüquq anlayışı məqsədli şəkildə arxa plana atılır. Saxlanılan şəxslərin günahkar olduqları, konkret olaraq, aratunyanların, saakyanların, vardanyanların və digərlərinin qanlı cinayətlər törətdikləri heçə sayılır. Yaxşı, bəs görəsən, Ə.Kərimli bütün bunları görmür? Yoxsa, o, hansı məqamda, hansı mövzu ilə gündəmə gəldiyinin fərqinə varmır? Əslində, suallar çoxdur. Hamısının üzərində dayanmaq istəməzdik. Nə də ki, partiya sədrinə nəyi necə etmək barədə məsləhət vermək niyyətimiz var. Təkcə onu deyək ki, bu şəxs Azərbaycanda hakimiyyətə gəlmək istədiyini açıqlayanlardan biridir. Bu düşüncə, bu mövqe iləmi? Kozlariçdən sitat gətirib keçmiş səfiri ortaya atanların xoşuna gəlməkləmi?
Ə.RÜSTƏMOV
XQ