Təəssüf ki, onların sayı durmadan artır
İkinci Qarabağ müharibəsində sarsıdıcı məğlubiyyətə uğrayan, Azərbaycan Ordusunun müzəffər yürüşü qarşısında cəmi 44 gün duruş gətirə bilən Ermənistanın elə savaşdan az sonra Qərbdəki havadarlarının dəstəyi ilə yenidən silahlanmağa başladığı bir gerçəklikdir. Rəsmi İrəvan bu istiqamətdəki fəaliyyətini son vaxtlar daha da intensivləşdirib. Bununla bağlı, demək olar ki, hər həftə yeni məlumatlar açıqlanır. Məlum olur ki, Ermənistan rəhbərliyi həm aldığı silah-sursatın növlərini, həm də ona kömək edən ölkələrin siyahısını genişləndirir.
İrəvanın silahlanmasına dair yayılan sonuncu məlumat Yunanıstanın öz arsenalında olan S-300 hava hücumundan müdafiə sistemlərini Ermənistana təhvil vermək niyyəti ilə bağlıdır. Bu barədə adı çəkilən ölkənin “Enikos.gr” saytı məlumat yayıb. Məlumata görə, Afina Ermənistana S-300 zenit–raket kompleksləri ilə yanaşı, quru qoşunları üçün nəzərdə tutulan TOR-M1 və Osa-AKM zenit kompleksləri də göndərəcək. Sayt bildirib ki, sözügedən komplekslər bir qədər əvvəl Ermənistan ordusuna silah-sursat veriləcəyini bəyan edən Fransa ilə əməkdaşlıq çərçivəsində tədarük ediləcək. Bunun əvəzində rəsmi Afina dəyəri təqribən 2 milyard dollar olan İsrail istehsalı olan komplekslərin idxalını həyata keçirəcək. O da qeyd edilib ki, Yunanıstan ordusu öz arsenalından Rusiya istehsalı olan sistemləri çıxarmaq və köhnə sistemləri yeni Qərb texnologiyası ilə tam əvəzləmək niyyətindədir.
Qeyd edək ki, Yunanıstan NATO-nun və Avropa İttifaqının üzvüdür. Ermənistan isə nüvəsində Rusiyanın dayandığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqında təmsil olunur. Düzdür, İrəvan iki ilə yaxındır ki, KTMT-nin işində iştirak etmir. Nə qurumun keçirdiyi birgə hərbi təlimlərə, nə də dövlət və hökumət rəhbərlərinin görüşlərinə qatılır. Elə noyabrın 28-də Qazaxıstanın paytaxtı Astana şəhərində KTMT-yə üzv ölkələrin dövlət başçılarının sammitində, həmçinin Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və Təhlükəsizlik Şuraları Katiblərinin birgə iclasında Ermənistan iştirak etmədi. Amma Rusiya Prezidenti Vladimir Putinin bildirdiyi kimi, Ermənistan təşkilatdan çıxdığını elan etməyib, İrəvan fasilə götürüb və noyabrın 28-də qəbul edilən bütün sənədləri dəstəklədiyini bildirib. Beləliklə, Ermənistan Rusiya ilə həm də hərbi sahədə müttəfiq kimi qalmaqda davam edir. Belə bir ölkənin NATO ölkəsi olan Yunanıstandan, eləcə də Fransadan silah-sursat alması heç bir ölçüyə sığmır. Rusiyanın KTMT üzrə heç bir müttəfiqi belə bir addım atmır.
Rusiya istehsalı olan zenit–raket komplekslərinin Yunanıstandan Ermənistana verilməsi məsələsinə ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da noyabrın 27-də keçirdiyi ənənəvi mətbuat konfransında münasibət bildirib. M.Zaxarova Afinaya tədarük edilən rus silahlarının Rusiya Federasiyasının razılığı olmadan təkrar ixracını qadağan edən ikitərəfli sazişləri xatırladıb. Onun sözlərinə görə, Yunanıstan tərəfdən bu barədə heç bir müraciət olmayıb.
Əlbəttə, girişdə qeyd etdiyimiz kimi, Yunanıstanın bu addımı atması Qərbin Ermənistanı silahlandırmaq prosesinin tərkib hissəsidir. Bu ilin iyulunda Avropa İttifaqı Şurası tərəfindən qəbul edilmiş qərara əsasən, Avropa Sülh Fondu çərçivəsində Ermənistana 10 milyon avro məbləğində hərbi yardım edilməsi nəzərdə tutuldu. Fransanın Ermənistanı “Bastion” çoxməqsədli zirehli avtomobillər və “Sezar” özüyeriyən artilleriya qurğuları ilə təchiz etməsindən sonra, Avropa İttifaqının İrəvana hərbi yardım göndərməsi qərarı olduqca yanlış və təhlükəli addım idi. Bu addım regionda gərginliyin artmasına xidmət edir. Aİ tərəfindən həyata keçirilən bu cür fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır, bölgədə, necə deyərlər, ayırıcı xətlər yaratmaq siyasətinin təzahürüdür. Ermənistana edilən hərbi yardımlar və bu yardımların gələcəkdə artmasına çağırışlar Azərbaycan ərazilərinin 20 faizini 30 ilə yaxın işğal altında saxlayan, hazırda da qanunvericilik müstəvisində ərazi bütövlüyümüzə qarşı iddialardan əl çəkməyən Ermənistanın hərbi potensialını gücləndirməyə və bölgədə destruktiv fəaliyyətinə xidmət edir. Qərbin birbaşa təhriki və dəstəyi ilə İrəvanın silahlanması Cənubi Qafqaz bölgəsində vəziyyətin gərginləşməsinə, kövrək sülhün pozulmasına və yeni müharibənin başlanmasına aparır.
Digər tərəfdən, bu, son vaxtlar Ermənistanla əlaqələri, o cümlədən hərbi və hərbi-texniki əməkdaşlığı üstün səviyyəyə qaldıran Yunanıstanın ilk təxribatçı addımı deyil. Afina regionda Türkiyə–Azərbaycan tandeminə qarşı Yunanıstan–Kipr–Ermənistan oxunu formalaşdırmağa çalışır. Onların istəyi regionda Azərbaycana və Türkiyəyə qarşı fəaliyyət göstərməkdir. Afinanın hərəkətlərinin arxasında dayanan əsas məqam bundan ibarətdir. Beləliklə, Yunanıstan bu addımı atmaqla bir tərəfdən ordusunun arsenalında olan köhnə silahlardan xilas olursa, digər tərəfdən gərgin münasibətdə olduğu Türkiyənin müttəfiqi olan Azərbaycana qarşı xəbis niyyətlərini ortaya qoyur. Ancaq Afina bu kimi addımlar atarkən Azərbaycanın Yunanıstanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rolu da nəzərə almalıdır. Yunanıstan hökuməti Azərbaycanın mümkün cavab addımları barədə də düşünməlidir.
Onu da bildirək ki, hələ 2024-cü il aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı Prezident İlham Əliyev bu məsələyə toxunmuşdu. Dövlətimizin başçısı demişdi ki, bizim üçün təsəvvür etdiyiniz kimi, əsas narahatlıq Ermənistanda potensial və mövcud revanşist meyillərdir. Bizim narahat olmağa tam haqqımız var, çünki Ermənistan bizə qarşı təcavüz edib, ərazimizi işğal edib, bir milyon insanı öz evlərindən qovub, ərazilərimizi talayıb və hər şeyi dağıdıb, ərazimizin 20 faizini yerlə-yeksan edib. Beləliklə, Ermənistanda baş verənlərin hamısına çox ciddi yanaşmaq üçün tam haqqımız var. Ancaq biz onların daxili işlərinə və ya uzaqda yerləşən başqa ölkələrlə münasibətlərinə heç bir halda qarışmırıq. Biz heç vaxt heç bir ölkənin daxili işinə qarışmırıq və bunu bütün qonşularımız bilir. Amma bu, bizim milli təhlükəsizliyimizlə bağlı məsələdir.
Cənab İlham Əliyev Ermənistanı silahlandıran digər ölkələrlə yanaşı, Yunanıstanın da adını çəkmişdi: “Biz Fransanın, Hindistanın və Yunanıstanın Ermənistanı bizə qarşı necə silahlandırdığını və bunu açıq, nümayişkaranə şəkildə etdiyini, sanki bizə nəyisə sübut etməyə çalışdığını görüb, sakit oturub gözləyə bilmərik. Biz, sadəcə, oturub gözləyə bilmərik və biz bu mövqeyi Ermənistan hökumətinə, indi Ermənistanın qayğısına qalmaq istəyənlərə açıq şəkildə bildiririk. Bizə qarşı ciddi təhlükə görsək, ciddi tədbirlər görməli olacağıq. Bəziləri təhlükəli, bəziləri isə təhlükəli olmayan, amma bu o dərəcədə vacib deyil, həmin silahlar Ermənistana çatdırılır. Ona görə bir daha bu platformadan istifadə edərək Ermənistana mesajım budur ki, bunu etməyin. Yenə deyirəm, mənim mesajım qətiyyən təkəbbürlü xəbərdarlıq kimi qəbul edilməməlidir. Xeyr! Onların nə etməsindən asılı olmayaraq, müdaxilə etməyəcəyəm. Bu, onların həyatı və onların ölkəsidir. Amma onlar bizə qarşı hərbi güc nümayiş etdirəndə, bəzən öz qoşunlarını sərhədimizdə cəmləyəndə biz sakit otura bilmərik. Bu, bizim təhlükəsizliyimizdir və narahat olmağa haqqımız var. Ona görə də mənim onlara və onlardan Azərbaycana qarşı forpost kimi istifadə etmək istəyənlərə mesajım budur ki, bunu etməyin”.
Prezident onu da bildirmişdi ki, Ermənistana nə qədər silah göndərilsə də, onların bizə qarşı heç bir şansları yoxdur. İkinci Qarabağ müharibəsi də bunu nümayiş etdirdi. Cəmi 44 gün adi insanların, sadəcə, gəzintiyə çıxa bilmədiyi dağlara çıxdıq və biz bunu yüngül silahlarla etdik, onların ordusunu tamamilə məhv etdik.
“Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri, siyasi icmalçı İlqar Vəlizadə mövzu ilə bağlı XQ-yə açıqlamasında bildirdi ki, “Enikos.gr” saytında bununla bağlı yerləşdirilmiş məqalənin çox qaranlıq məqamları var. Onun sözlərinə görə, məqalə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-da iştirak etmək məqsədilə Bakıya etdiyi səfərdən sonra sayta yerləşdirilib: “Məqalədə adı açıqlanmayan mənbə israrla bildirib ki, Yunanıstan Ermənistana S-300 qurğuları satmaq niyyətindədir. Bir müddət öncə bu məsələ başqa formada qaldırılmışdı. Yəni, S-300-lərin Ukraynaya göndəriləcəyinə dair iddialar yayılmışdı. Lakin Yunanıstan Müdafiə Nazirliyi həmin vaxt bunu təkzib etmişdi. Bildirilmişdi ki, S-300 sistemi ölkənin müdafiə qabiliyyətini gücləndirmək üçün onların özlərinə lazımdır. İndi isə vəziyyət dəyişib. Onu da qeyd etmək lazımdır ki, hazırda Fransa, həqiqətən də, hava hücumundan müdafiə sistemlərini Yunanıstana satmaq üçün Afina ilə danışıqlar aparır. Məqalədə belə bir fikir öz əksini tapmışdı ki, Yunanıstan özünün S-300-lərini Ermənistana verir və bu, Fransanın təklifi ilə baş tutur. Əslində, Fransa bunu satış məqsədilə nəzərdə tutulmuş özünün hava hücumundan müdafiə sistemini Yunanıstana gətirmək üçün edə bilər. Yəni, Parisin istəyi Afinanın S-300-ləri Ermənistana verməsidir. Bunu bir ehtimal kimi irəli sürmək mümkündür. Əlbəttə, bu ehtimalların nə dərəcədə doğru olacağını zaman göstərəcək”.
İ.Vəlizadə dedi ki, Rusiya tərəfinin verdiyi bəyanatda da haqq var. Əslində, S-300, TOR-M1 və Osa-AKM-lə bağlı Yunanıstanla alqı-satqı müqaviləsi imzalananda onların Rusiyanın istəyi olmadan üçüncü ölkələrə satışının mümkün olmadığı qeyd edilib. Yəni, belə bir müddəa müqavilədə öz əksini tapıb. Beləliklə, Yunanıstan Ermənistana bu kompleksləri tədarük edərsə, alqı-satqı müqaviləsinin şərtlərini kobud şəkildə pozmuş olacaq: “Bu məqam da bizi yunan saytının irəli sürdüyü versiyaların nə dərəcədə doğru olub-olmadığı barədə düşünməyə vadar edir. Hər halda biz bilirik ki, Ermənistanla Yunanıstan arasında hərbi əməkdaşlıqla bağlı razılaşmalar var. Ola bilsin ki, onlar bu razılaşmaları yerinə yetirmək çərçivəsində bu addımı atsınlar”.
Prezident İlham Əliyevin Ermənistanı silahlandıran ölkələrlə bağlı açıq xəbərdarlığını xatırladan İ.Vəlizadə bu prosesin davam edəcəyi, qarşı tərəfin təxribatların törədiləcəyi təqdirdə, əlbəttə, ölkəmizin oturub gözləməyəcəyini, məcburiyyət qarşısında adekvat addımlar atacağını vurğuladı: “Buna görə də yunan saytında yerləşdirilmiş bu məqalə bizim üçün hər halda bir siqnal olmalıdır. Biz hazırda prosesi çox diqqətlə izləyirik. Müvafiq reaksiyalar da qaçılmazdır”.
Səxavət HƏMİD
XQ