Ermənistan hakimiyyəti özününkülərə də qənim kəsilib

post-img

Azərbaycan Ordusunun 2023-cü ilin sentyabrında dövlət suverenliyinin bərpa edilməsi üçün Qarabağın dağlıq hissəsində keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra bölgəni tərk etməkdən imtina etmiş Sarkis Qalstyanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Ermənistan kütləvi informasiya vasitələrinin ölkənin baş prokurorluğuna istinadən yaydıqları məlumata görə, Zəngəzur (Sünik) vilayətinin ümumi yurisdiksiya məhkəməsi S.Qalstyanı casusluq ittihamı üzrə 18 il müddətinə azadlıqdan məhrum edib. O da bildirilir ki, prokurorluq Qalstyanın ömürlük azadlıqdan məhrum edilməsini təklif edibmiş. Prokurorluq hökmdən narazı qalıb və cəzanın ağırlaşdırılması üçün apellyasiya şikayəti verməyi planlaşdırır.

Qeyd edək ki, S.Qalstyan ermənilərin 1988-ci ilin əvvəlindən Qarabağın dağlıq hissəsində başladıqları separatizm hərəkatının iştirakçısı olub. Bu hərəkat sonradan Ermənistan və Azərbaycan arasında tammiqyaslı müharibəyə çevriləndə, yəni Birinci Qarabağ savaşı dövründə Qalstyan da bizə qarşı hərbi əməliyyatları dəstəkləyib. O, 1994-cü ildən ta 2023-cü ilədək keçmiş separatçı rejimdə müxtəlif vəzifələrdə çalışıb. O cümlədən, Şuşa inzibati ərazi dairəsi başçısının müavini, qondarma rejimin “gənclər, idman və turizm nazirliyi”nin aparat rəhbəri, “elm və təhsil nazirliyi”nin aparat rəhbərinin müavini, daha sonra “prezident administrasiyası” rəhbərinin müavini olub. Xunta rejiminin 2020-2023-cü illərdə “qlavarı” olmuş Araik Arutyunyanın “seçkiqabağı kampaniyası” zamanı Şuşa və Kərkicahan qəsəbəsindəki qərargahlarda məsul şəxs olub. Bir müddət Şuşada yerləşən “Avan plaza” hotelinin (indiki “Qarabağ” hoteli) icraçı direktoru vəzifəsini icra edib. Sonradan isə ermənilər və azərbaycanlılar arasında əlaqələrin qurulmasını özündə ehtiva edən və şərti olaraq “xalq diplomatiyası” adı verilən prosesin iştirakçısı olub. Ermənistan mediası onun xarici qeyri-hökumət təşkilatlarının dəstəklədiyi bu proses çərçivəsində Bakıya tez-tez səfər etdiyini iddia edir. Ancaq Qalstyanın Bakıda olmasına dair heç bir sübut təqdim etmirlər.

Məlum olduğu kimi, Azərbaycan Ordusu qondarma rejimin təxribatlarına cavab olaraq, 2023-cü il sentyabrın  19-da lokal xarakterli antiterror tədbirlərinə başlamaq məcburiyyətində qalmışdır. Elə həmin günün sonuna yaxın “dqr” rəhbərliyi Rusiya sülhməramlı kontingentinin komandanlığı vasitəsilə atəşkəsə hazır olduğunu bildirmişdir. Bununla da onlar faktiki olaraq, təslim olmuşlar. Ertəsi gün saat 12:00-dan bütün hərbi əməliyyatlar dayandırılmışdır. Qarşı tərəf Azərbaycanın rejimin buraxılması ilə bağlı tələbini qəbul etmiş və onun sonuncu “qlavar”ı Samvel Şahramanyanın sentyabrın 28-də imzaladığı “fərman”la rejim 2024-cü il yanvarın 1-dən özünü buraxmışdır. Rejimin buraxılmasından öncəki “fərman”la isə Şahramanyan Sarkis Qalstyanı “dqr prezident administrasiyası rəhbərinin müavini” təyin etmişdir. Beləliklə, sentyabrın sonları və oktyabrın əvvəllərində separatçı rejimin digər hərbi və siyasi rəhbərlərinin həbs olunaraq Bakıya gətirilməsindən, 
S.Şahramanyanın Xankəndidən vertolyotla Qafana uçmasından, digər “vəzifələr”də çalışanların və qalan əhalinin “Laçın” sərhəd nəzarət-buraxılış məntəqəsindən keçməklə Ermənistana könüllü köçündən sonra S.Qalstyan bölgədə “ən yüksək vəzifəli şəxs” kimi qalmışdır. Ötən ilin oktyabrında bir sıra müstəqil mənbələr Qalstyanın Azərbaycan tərəfinin Qarabağdakı xüsusi nümayəndəsi kimi fəaliyyət göstərmək məqsədilə bölgədə qaldığını, hətta onun Xankəndinin komendantı (?) təyin edildiyini bildirmişdilər. Ancaq Qarabağda fəaliyyət göstərmiş jurnalist Tatul Akopyan və Qalstyanın qohumları bu məsələyə ­şübhə ilə yanaşdıqlarını qeyd etmişdilər.                 Qalstyan özü də bu iddianı təkzib etmişdir. Qeyd etmişdir ki, Azərbaycan tərəfi ona heç nə tapşırmamışdır və o, rejim özünü buraxana qədər “administrasiya rəhbərinin müavini” vəzifəsini yerinə yetirəcək. Onun ailə üzvləri belə xəbərləri yayanları məhkəməyə verəcəklərini bildirmişdilər.

Beləliklə, S.Qalstyan və həyat yoldaşı Marqarita Şahnazaryan Qarabağda qalmağa davam ediblər. Onlar yalnız 2024-cü ilin martın 29-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin himayəsi altında Ermənistana gediblər. Gorusa çatar-çatmaz həbs olunublar. Sonradan həyat yoldaşı sərbəst buraxılıb. Özünə qarşı isə Ermənistan Cinayət Məcəlləsinin birinci hissəsinin 
424-cü maddəsi üzrə, yəni casusluq ittihamı irəli sürülüb. Bu ittiham üzrə maksimum cəza iyirmi il müddətinə azadlıqdan məhrumetmə və ya ömürlük həbsdir. İyulun 11-də Qalstyanın işi məhkəməyə göndərilib. İş materiallarına görə, guya, Qalstyan 2020-ci ildə xarici dövlətin xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunub.

Müstəntiqlər iddia edirlər ki, müttəhim 2020–2023-cü illər ərzində Ermənistanın suverenliyinə, ərazi bütövlüyünə və xarici təhlükəsizliyinə xələl gətirməklə (?), Ermənistan və “Artsax hakimiyyət” nümayəndələrinin “Artsax” məsələsində mövqeyi barədə məlumatları toplayıb və xüsusi xidmət orqanlarına ötürüb. Onun 2020-ci ildən 2023-cü ilə qədər Qarabağın sosial-iqtisadi vəziyyəti, ictimai əhval-ruhiyyə, əhalinin hərbi əməliyyatlara münasibəti, o cümlədən, Ermənistan tərəfindən mümkün hərbi yardımın göstərilməsi barədə məlumatları ötürdüyü də iddia olunur.

Qalstyan isə irəli sürülən ittiham üzrə özünü təqsirli bilmir. Hayastanın “Past” qəzeti yazır ki, o, məhkəmə iclasında istintaqa verdiyi ifadəsindən imtina edib. Vəkili Aleksandr Koçubayev bildirib ki, bu ifadələr müstəntiqlərin təzyiqi ilə alınıb. Koçubayev bildirib ki, əməliyyatçılar onun müvəkkilinə belə bir seçim imkanı verib: Ya o, arvadı ilə birlikdə həbs olunacaq, ya da ifadə verərsə, yalnız özü həbs olunacaq. Qalstyan arvadının həbsindən yayınmaq üçün müstəntiqlərin istədiyi kimi ifadə verməyə razılaşıb.

Vəkilin sözlərinə görə, Ermənistan məhkəməsi Qalstyanın işinə baxa bilməz: “Çünki iddia olunan əməllər Qalstyan tərəfindən Qarabağ ərazisində törədilib və Ermənistan silahlı qüvvələrinin Qarabağa nəzarət etmədiyi dövrdə, guya, bölgənin suverenliyinə, iqtisadi və milli təhlükəsizliyinə qarşı yönəlib. Avropa Məhkəməsinin tanınmamış dövlətlərlə bağlı meyarı isə son dərəcə aydındır – əgər cinayət tanınmamış dövlətin ərazisində törədilibsə, o zaman tanınmamış dövlətlər üzərində siyasi, hərbi və iqtisadi nəzarəti olan dövlətin yurisdiksiyasına tabedir. Başqa sözlə, Ermənistan məhkəmələri bu işi araşdıra bilməz”.

Vəkilin qeyd etdiyi kimi, cinayət işinin başlanması üçün yeganə səbəb Qalstyanın ifadəsi, sonradan cinayətlə bağlı verdiyi və imtina etdiyi məlumat olub.

“Hraparak” qəzeti isə yazır ki, Qarabağın sonuncu “qlavarı” S.Şahramanyan istintaq zamanı S.Qalstyanla üzləşdirilib. Qeyd olunur ki, Şahramanyan bu işdə şahid qismində iştirak edir. Lakin onun ifadəsi də Qalstyana qarşı ittihamı təsdiqləməyib.

Qeyd edək ki, Qalstyan həm də qondarma rejimin “parlamenti”nin “Ədalət” fraksiyasının rəhbəri olmuş David Qalstyanın əmisidir. O qeyd edib ki, əmisinin azərbaycanlılarla heç bir əlaqəsi olmayıb: “O, Qarabağda qaldığı müddətdə azərbaycanlılarla əməkdaşlıq etməyib və heç bir vəzifə almayıb. Bizə rusiyalı sülhməramlılar vasitəsilə zəng edirdi. Mən onunla danışırdım. Sizi əmin edirəm ki, belə bir hal baş verməyib. 2023-cü ilin sentyabrından sonra Qarabağda 40-a yaxın erməni qalmışdı. Əmim onların problemlərinin həll ilə məşğul olurdu”.

Vəkilin və yaxın qohumlarının verdikləri açıqlamadan aydın olur ki, Ermənistan hakimiyyəti daxildə repressiyanı gücləndirir. Azərbaycanla ilin sonunadək sülh müqaviləsi imzalamağa hazır olduğunu bildirən baş nazir Nikol Paşinyanın göstərişi ilə hərəkət edən məhkəmə orqanları vətəndaşı saxta ittihamlarla uzun müddətə həbsə atırlar. Qarabağdan gələn “məmurlara” qarşı təqibləri getdikcə gücləndirən iqtidar və onun göstərişlərini yerinə yetirən məhkəmələr bu çirkin işdə Azərbaycanın da adını hallandırmaqdan çəkinmirlər. S.Qalstanyanın həbsi Ermənistan hakimiyyətinin Azərbaycanın adını daxili siyasi mübarizədə hallandırmasının daha bir göstəricisidir. Öz soydaşını guya, azərbaycanlılarla ünsiyyətdə olduğuna və sadəcə, antiterror tədbirlərindən sonra Xankəndidə qaldığına görə “dövlətə xəyanət” maddəsi kimi ağır ittihamla uzun müddətə həbs edən dövlət ölkəmizlə sülh istəyində səmimi ola bilərmi? Əlbəttə, yox! Bütün bunlar Paşinyan rejiminin gerçək simasını bir daha ortaya qoyur. Görünən odur ki, Paşinyan 2026-cı ildə keçiriləcək parlament seçkilərinə hazırlaşır və həmin dövrədək ona qarşı çıxa biləcək bütün qüvvələri və şəxsləri neytrallaşdırmağa çalışır.

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru, politoloq Fərhad Məmmədov XQ-yə açıqlamasında bildirdi ki, Qarabağ ermənisinin, guya, yalnız azərbaycanlılarla ünsiyyətdə olduğuna və 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirlərindən sonra Xankəndində qaldığına görə “dövlətə xəyanət” maddəsi ilə 18 il müddətinə azadlıqdan məhrum edilməsi Paşinyan rejiminin getdikcə daha repressiv olmaqda israrlı olduğunun göstəricisidir. Onun sözlərinə görə, Nikol özünü demokrat kimi təqdim edir, ölkəsini isə sülhpərvər kimi göstərmək istəyir. Ancaq onun əməlləri bunun əksini sübut etməkdədir. Maraqlıdır ki, Ermənistan istintaq komitəsinin Qalstyana qarşı cinayət işinə daxil etdiyi yeganə sübut onun evində axtarış aparılarkən tapılan türk dilindəki lüğət olub. Qalstyanın vəkilləri bildiriblər ki, o, ixtisaca türkoloqdur və onun türk dilində lüğətlə işləməsi normaldır. Erməni müstəntiqlər isə türkcə lüğəti Qalstyanın Azərbaycana casusluq etməsinin sübutu kimi göstəriblər.

Politoloq “Bəs Qalstyan Qarabağda hansı vətənə xəyanət edib?!” deyə ritorik sual ünvanlayıb. Bildirib ki, Ermənistan istintaq komitəsinin təqdim etdiyi bütün sübutlar məhkəmədə keçmiş məmurların bəraətverici ifadələri ilə təkzib olunur: “Bu işdə Qalstyanın hədə-qorxu ilə yazdığı hesabatdan başqa heç bir sübut yoxdur. Yəni adam ancaq öz hesabatı əsasında “vətən xaini” kimi ittiham olunub. Sizcə, bir şəxs Qarabağdan Ermənistana gəlib “mən casusluq etmişəm, vətən xainiyəm, məni mühakimə edin” deyə bilərmi? Əlbəttə ki, yox!”

F.Məmmədov qeyd etdi ki, baş verən hadisə Nikol Paşinyan iqtidarının hazırda yürütdüyü sülh ritorikasının nə qədər qeyri-səmimi və riyakarlıq olduğunu bir daha ortaya qoymuş olur. Ermənistanın siyasi hakimiyyəti və havadarları məhz sülh ritorikası ilə vəziyyəti dəyişməyə çalışırlar. Onlar bu yolla beynəlxalq ictimaiyyəti Azərbaycanla üz-üzə qoymaq və öz məqsədlərinə nail olmağa istəyirlər. Azərbaycan isə məhz beynəlxalq hüquq və dövlətlərin ərazi bütövlüyü prinsipini əsas tutmaqla addımlar atır.

Səxavət HƏMİD 
XQ

 



Siyasət