Elmi ideya intellektual milli sərvət kimi

post-img

III MƏQALƏ

Elm təşkil olunmuş bilikdir, müdriklik isə təşkil olunmuş həyat.
İmmanuel KANT

Elmiləşmiş cəmiyyət: Metaforadan reallığa

Əlbəttə, “elmiləşmiş cəmiyyət” ifadəsi, hər şeydən öncə, metaforadır (məcazdır). Çünki gerçəkdə elə bir cəmiyyət yoxdur ki, hər nəfəri elmli olsun. Yaxud elə bir toplum mövcud deyildir ki, tam şəkildə elmlə məşğul olsun. Lakin bu metaforanın praktiki səmərəsi olan məna yükü də vardır. Burada o nəzərdə tutulur ki, cəmiyyətin dəyişməsində aparıcı rolu məhz elm oynayır. Bunun üçün isə iki şərt ödənməlidir:

Birincisi, cəmiyyətin idarə edilməsi və inkişafı tam olaraq elmi baza əsasında həyata keçirilir. İkincisi, cəmiyyətin özü kollektiv varlıq kimi elmin bu aparıcı rolunu qəbul edir, yəni onu inklüziv legitim gerçəklik kimi tanıyır.

Cəmiyyət kollektiv birgəyaşam forması olaraq, elmin bu rolunu dərk etməsə, hər hansı elmi idarəetmə qalıcı ola bilmir. Deməli, “elmiləşmiş cəmiyyət” iki istiqamətdə toplumsal yaşamın fundamentində elmi yaradıcılığın dayanmasını tələb edir – toplumun funksional şəkildə elmi olmağı qəbul etməsi ilə cəmiyyətin və dövlətin elmi idarə edilməsi harmoniya (və ya ahəngdarlıq) təşkil etməlidir. Zira harmoniya ilə ahəngdarlıq arasında incə fəlsəfi fərq vardır: ahəngdarlıq daha böyük ölçüdə cəmiyyətin müxtəlif sferalarının avtonom funksionallaşmasını qəbul edir və bu əsasda onların bir-birinə qalıcı uyğunlaşmasına üstünlük verir. Harmoniya da əhəmiyyətli anlayışdır və o, cəmiyyətin müxtəlif sferaları arasında bir-birini tamamlayan, bir-birinə uyğun gələn və qalıcı olan sinxronluğu tələb edir.

Formasından asılı olmayaraq, cəmiyyətin elmiləşməsi iki mümkün yoldan birini seçməlidir: tam sərbəst elmi təkamül və öncədən dövlətçiliyi, cəmiyyətin fəzilətliliyini və vətəndaşın rifahını nəzərə alan elmi inkişaf yolunu. Bu üsullardan hansını seçmək konkret ölkənin və dövlətin işidir. Ancaq tarixi təcrübə göstərir ki, cəmiyyət o zaman qalıcı və gerçəkçi şəkildə elmiləşmiş olur ki, bütövlükdə dövlətin qüdrətlənməsinə, cəmiyyətin fəzilətliliyinə və fərdin rifahına, bu sferaların bir-biri ilə harmoniyası ( və ya ahəngdarlığı) şəratində inkişafına xidmət edir. Burada mühüm şərt sistemin harmoniya və ya ahəngdarlığın özünütəşkil formasında əlaqələrdə olan tərkib hissələri ehtiva etməsidir. Həmin məqamda sərbəstlik, avtonomluq, azad fəaliyyətlə kollektiv birgəyaşamın təbii tələbatı olan ortaq maraqların sinxronlaşması toplumsal kontekstdə nəticəverici vəhdət təşkil etmək imkanı qazanır.

Belə alınır ki, “elmiləşmiş cəmiyyət” anlayışının pozitiv elmi metaforalıqdan faydaverici sosial-mədəni gerçəkliyə çevrilməsi kifayət qədər əsaslı elmi yanaşma tələb edən mürəkkəb və çoxaspektli prosesdir. O cümlədən, müstəqil Azərbaycan üçün işlək anlayış olması xüsusi yanaşma və hətta, deyərdim ki, “intellektual, idarəetmə və funksional fədakarlıq” tələb edir. Çünki əsas məqsəd Azərbaycanın müstəqil qüdrətli dövlət və özəl tarixi təkamül dunamikası olan güclü vətəndaş cəmiyyəti kimi qalıcı tərəqqisinə nail olmaqdan ibarətdir. Bu məqam ölkənin 2030-cu ilə qədər strateji inkişafını nəzərdə tutan Milli Prioritetlərin ruhunda və reallaşma mexanizmlərində başlıca rol oynayır. Növbəti təhlil blokuna keçmədən öncə mühüm saydığımız bir məqamı da vurğulayaq.

İndi Rusiyada filosoflar, iqtisadçılar və digər sferanın alimləri ölkənin strateji inkişaf kursunun müddəaları ilə elmin strateji inkişaf prioritetləri arasında ziddiyyətləri çox araşdırırlar. Gəldikləri qənaət belədir ki, bu iki istiqamət uyğunlaşdırılmalı, harmoniya və ahəngdarlıq təşkil etməlidir. Deməli, ideya yaradan ölkə olmaq böyük dövlətlərin də aktual problemidir.

Azərbaycanın Rusiyadan fərqi ondan ibarətdir ki, öncədən elmin inkişaf strategiyası dövlətin strateji inkişaf konsepsiyası çərçivəsində müəyyən olunmuşdur. Məhz bu kontekstdə də bizim AMEA-nın yeniləşməsi kursunun başlıca müddəalarına dövlətçiliklə elmi fəaliyyətin təşkilinin vəhdətində yanaşma təcrübəsi olduğunu dəfələrlə vurğulamağımız təsadüfi deyildir. Və burada mənim üçün əsas sual belədir: “AMEA-nın yeniləşmə təcrübəsini genişləndirmək və ya daha dinamik məzmuna çatdırmaq mümkündürmü? Mümkündürsə, bütövlükdə, müstəqil Azərbaycanın tərəqqisi üçün faydalı olarmı?” Bu suallara mənim cavabım tam müsbət və inamlı “bəli”dir! Lakin mənim mövqeyim heç nəyi həll etmir və elə bir təsir gücü yoxdur. Əsas odur ki, həm idarəedənlər, həm də ölkənin “intellektual qaymaqları” kollektiv formada bu suallara cavab axtarışları üzərində düşünsünlər.

Fədakarlıq zamanı

Əhəmiyyətli və maraqlıdır ki, Azərbaycan artıq ideya yaradan dövlət, ölkə və cəmiyyət ola biləcəyini sübut etmişdir. Bu qənaətim bəlkə də qeyri-adi görünür, lakin faktlara əsaslanıram. Bəli, Azərbaycan diplomatiya sahəsində ideya yaradan dövlət və ölkə olduğunu bütün dünyaya sübut etmişdir! Faktlara baxaq.

Azərbaycan Avrasiya məkanında ilk olaraq sübut etmişdir ki, güclü dövlət modeli daha gerçək, reallığa uyğun və perspektivlidir. Dünya miqyasında buna şübhə edənlər onilliklərdir tökdükləri qanlar, yaratdıqları faciələr və perspektivi olan müstəqil dövlətçilikləri çökdürmələri (mən, ilk öncə Ukrayna və Gürcüstanı nəzərdə tuturam – F.Q.) fonunda indi qəlbən düşünürlər ki, “azərbaycanlılar müstəqillik məsələsində haqlı imişlər və onlar onu yeni ideyadan gerçəkliyə çevirə bildilər”!

Sonra, Azərbaycan Respublikası Avrasiyada sübut etdi ki, təkbaşına ən güclü dairələrə qarşı savaşmaqla da ərazi bütövlüyünü və tam suverenliyi bərpa etmək olar! Bu, müasir dövrdə dövlətçilik fəlsəfəsində və siyasi nəzəriyyəsində tam yeni ideyadır, müəllifi isə Heydər Əliyev – İlham Əliyev xəttidir!

Daha sonra. Azərbaycan Respublikasının lideri İlham Əliyev Qoşulmama Hərəkatı, MDB və Türk Dövlətləri Təşkilatı (TDT) nümunələri kontekstində yeni geosiyasi ideya irəli sürmüşdür: Elə regional təşkilatlanma forması yaratmaq mümkündür ki, birincisi, ziddiyyətsiz kollektiv inkişafa, milli təhlükəsizliklərin təmininə və regionlararası inteqrasiyaya xidmət etsin, ikincisi, ayrıca bir regionda elə əməkdaşlıq platforması yaratmaq mümkündür ki, onun əsasında daha geniş geosiyasi məkanda uğurlu əməkdaşlıq modeli yaratmaq olar (“3+3” və “Qafqaz evi”ndən daha geniş əhatəli platformalara keçid), üçüncüsü, müxtəlif təşkilatlar arasında əməkdaşlıqdan daha geniş kontekstdə faydalı əməkdaşlıq platformasına keçid də mümkündür (məsələn, MDB, TDT və Qoşulmama Hərəkatından BRICS-ə), dördüncüsü, Azərbaycan dünyaya sübut etdi ki, ərazicə kiçik və geosiyasi təsir gücünə görə böyük dövlətlər səviyyəsində olmayan müstəqil dövlət qlobal miqyasda ən güclülərlə mübarizə apara bilər. Qərbin böyük dövlətlərinin müstəmləkə siyasətinə qarşı real hərəkat yaratması çox güclü ideyadır. Neçə-neçə haqqı pozulan ölkələrə güc, ruh və mübarizə əzmi verəndir!

Bu faktlar sadə deyil, əksinə regional, regionlararası və hətta qlobal miqyasda geosiyasi dinamikanı yeniləşdirə biləcək potensiala malikdir. Onların hər birini Azərbaycan yaratmışdır və indi dünya miqyasında praktiki sınaqdan keçirlər.

Deməli, azərbaycanlıların kreativ düşünən liderləri vardır! Niyə liderdən nümunə götürülməsin? O cümlədən, həmin ideya yaratmaq təcrübəsi elmə transfer olunmasın? Burada başlıca məqam ondan ibarətdir ki, azərbaycanlılar bacarırlar.

Elmi ideya yaratmağın özəllikləri

Kimsə şübhə etmir ki, elmi yaradıcılıq və xüsusilə yeni elmi ideya yaratmağın özünəməxsus xüsusiyyətləri vardır. Ayrıca söhbət bir ölkənin ideya qaynağı olmasından gedirsə, qarşıda çoxməchullu və mürəkkəb bir tənliyi həll etmək vəzifəsinin dayandığını anlamaq gərəkdir. Ancaq heç bir ölkə və ya dövlət asan və yüngül üsulla ideya qaynağı olan məkan halına gəlməmişdir. Azərbaycan kimi ölkələr üçün də eyni sınaq və çətinliklər təbiidir. Ancaq hər hansı məqsədə nail olmağın ilkin şərti var: başlamaq!

Azərbaycanın əlində kifayət qədər dünya təcrübəsi vardır. Ölkəmiz müstəqil siyasət yeritmək kimi çətin bir yolda uğurla addımlayır və zəngin təcrübəsi mövcuddur. Azərbaycan qədim mədəniyyət və elm ənənəsi olan toplumdur. Əsrlərlə bu torpaqlarda akademiyalar, təhsil ocaqları mövcud olmuşdur və ideyalar yaradan elm adamları (və ya elm ocaqları) mövcud olmuşdur. Məsələn, Nəsirəddin Tusinin rəsədxanası dünya miqyasında sanballı və yeni ideyalı alimlər yetişdirmişdr. İndi dünyaya elmdə yaxşı mənada meydan oxuyan Çində ilk rəsədxananı N.Tusinin yetişdirdiyi alim yaratmışdır. Bu mənada “rəsədxana ideyası”nı Çinə Azərbaycan vermişdir. Tarix niyə təkrar olunmasın?

Deməli, yaradıcılıq potensialı var, ideya yaratmaq təcrübəsi mövcuddur və dövlət müstəqil siyasət yeritmək qüdrətindədir. Bəs ehtiyac olan nədir?

Əsas məqam, məncə, belədir: fərdi səviyyədə mövcud olan fədakarlıqdan, potensialdan, yaradıcılıq gücündən kollektiv miqyasda fəaliyyətin təşkilinə müasir tələblərə uyğun keçid etmənin modellərini tapmaq gərəkdir. “Azərbaycan elmi və təhsili praktikada fayda verməlidir”, – demək çox azdır. Bu, yeni ideya deyildir. Yeni ideya “qolları çırmalayıb” ölkənin inkişafına dəstək verə bilən elmi təşkilatlanmaqdan və fəaliyyət nümunələrini birgə formalaşdırmaqdan yarana bilər. AMEA buna görə yeniləşir, fəaliyyətində ən yeni elmi tələblərin və kriteriyaların strateji inkişafımıza xidmət edə bilmək kontekstində dərkinə yorulmadan çalışır. AMEA həm axtarır, həm də yaradır!

Təbii ki, əksəriyyət anlayır ki, yeni ideya məkanı olmaq tez və asan əldə edilən nailiyyət deyildir. Bunun üçün fəaliyyətdə toplumsal sinerji gərəkdir. Toplumsal sinerji isə çox sayda tərkib hissələrinin feili olaraq qarşılıqlı əlaqəsi nəticəsində yaranır. Nəzəri və ya qiyabi fikir alış-verişi praktiki nəticə vermir və bu mənada gerçək ictimai sinerji yaratmır.

Nəhayət, ölkənin yeni tarixi mərhələyə keçdiyinin təsbiti fonunda Azərbaycanın elmi ideyalar məkanı olmasını zəruri etmişdir. Biz Azərbaycan üçün yeni tarixi mərhələni yaratmalıyıq. Prezident İlham Əliyev müxtəlif kontekstlərdə məhz məsələni bu cür qoymuşdur. Liderin fikrində yeni tarixi mərhələni azərbaycanlıların özlərinin yaratmalı olduğunun ciddi ictimai vəzifə kimi qarşıya qoyulması həm də elmi tərəqqi üçün bir yol xəritəsidir. Elm bu prosesdə kənarda qala bilməz, abstrakt və ölkəyə aidiyyəti olmayan fəaliyyətlə məşğul olmaz. Müasir dünyada cəmiyyəti elm yaradırsa, yeni tarixi mərhələdə uğurlu cəmiyyəti kim yaramalıdır? Əsasən elm adamları! Bu artıq həm yaradıcılıq stimuludur, həm də məsuliyyətdir! Burada “Azərbaycanın yeni tarixi mərhələsini məhz azərbaycanlılar özləri yaratmalıdır” tezisinin məzmununu, mənasını, strateji məqsədini çox aspektlərdən anlamamız gərəkdir. Elmi ideya məkanına çevrilməyin strateji və praktiki önəmi buradan qaynaqlanır.

Qısaca yekunlaşdırım: qalıcı və gerçəkdən müstəqil olmaq istəyiriksə, yeni tarixi mərhələmizin yaradılmasını kimsənin ixtiyarına verməməliyik! Bu kontekstdə Prezidentin hər bir tövsiyə və tapşırığına incəliyinə qədər əməl etməliyik! Məsələnin bu aspekti nəzəri olaraq ayrıca araşdırılmalıdır!

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət