Milli Məclisdə Rusiya Federasiyası və Qırğız Respublikası səfirləri ilə görüş

post-img

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Yevdokimov ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunaraq dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin əlaqələrin genişlənməsində mühüm rolu qeyd edilib. Söhbət zamanı ölkələrimizin digər sahələrdə olduğu kimi, qanunvericilik orqanları arasında da əlaqələrin inkişaf etdiyi bildirilərək, parlamentlərimizin bir sıra beynəlxalq parlament təşkilatlarında uğurlu əməkdaşlığı qeyd edilib.

Görüşdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a hazırlıqla bağlı görülən işlər barədə də söhbət açılıb. Rusiya Federasiyasının həm COP29, həm də COP29 çərçivəsində keçiriləcək parlament konfransında yüksək səviyyədə iştirak edəcəyi bildirilib. Bu mühüm beynəlxalq tədbirin siyasiləşdirilməsi cəhdlərinin yolverilməz olduğu qeyd edilib. Azərbaycanın qlobal problemlərin həllinə töhfələri yüksək qiymətləndirilib.

Söhbət zamanı Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərəzli sənədlər və təşkilatın anti-Azərbaycan fəaliyyəti tənqid edilib.

***

Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasının Azərbaycandakı səfiri Maksat Mamıtkanov ilə də görüşüb.

Söhbət zamanı ikitərəfli münasibətlərin inkişafında dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin və görüşlərin müstəsna rolu qeyd edilərək vurğulanıb ki, prezidentlərimiz arasında qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlər, fəal siyasi dialoq iki ölkənin əlaqələrinin dinamikasına çox mühüm təsir edir.

Görüşdə qeyd olunub ki, bu gün qanunverici orqanlarımız arasında səmərəli əməkdaşlıq qurulub. Parlament sədrlərinin və üzvlərinin qarşılıqlı səfərləri, deputatlarımızın müxtəlif beynəlxalq və regional təşkilatlar çərçivəsində daimi təmasları bu əməkdaşlığın inkişafına töhfə verir.

COP29-a hazırlığın yüksək sürətlə davam etdiyinin qeyd olunduğu görüşdə səfir Maksat Mamıtkanov qardaş ölkə kimi, Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərə sevindiklərini bildirib.

XQ

Son xəbərlər