Moskvadan İrəvana əsəbi “əməkdaşlıq” mesajı

post-img

Rusiyanın Ermənistanı yenidən təsir dairəsinə qaytarmaq cəhdləri nə ilə nəticələnəcək?

Rusiyanın Ermənistanla gərginli­yin pik həddinə çatmış münasibətləri bir yolla nizamlamağa cəhd göstərə­cəyi gözlənilən idi. Sadəcə Moskvanın bunu hansı üsulla reallaşdıracağı ma­raq doğururdu. Hər iki ölkənin siya­si düşərgəsində təzyiqin hərbi, yoxsa diplomatik xarakter daşıyacağı sualı ətrafında qızğın müzakirələr gedirdi. Göründüyqü kimi, Kreml ikinci yolu seçdi. 

İrəvanın üzünü Qərbə belə kəskin bu­caq altında çevirməsi, iyulun sonlarında “Eagle Partner 2024” birgə hərbi təlimlərə ABŞ-nin Avropa və Afrikadakı ordusunun və Kanzas Milli Qvardiyasının hərbçiləri­nin cəlb edilməsi Moskvanın səbrini daşı­ran son damla oldu. Ermənistan Müdafiə Nazirliyi açıqlamasında bildirdi ki, təlimlər “beynəlxalq sülhməramlı missiyalarda işti­raka hazırlıq məqsədilə” keçirilir. ABŞ-nin İrəvandakı səfirliyi isə “təlimlərin ABŞ və Ermənistan arasında uzunmüddətli əmək­daşlığı gücləndirmək məqsədi” daşıdığını qeyd etdi. Yəni, İrəvan və Ağ evin birgə hərbi təlimlərin xarakteri ilə bağlı açıqla­malarındakı ziddiyyət göz qabağındadır. Ən böyük anlaşılmazlıq və ziddiyyət isə Ermənistan baş nazirinin Kollektiv Təh­lükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə əməkdaşlıqdan nümayişkaranə şəkildə imtina etməsindən sonra əmələ gəlmişdi. İrəvanın bu “siyasi şıltaqlığına” Moskva­nın adekvat reaksiya verməsi mütləq idi...

* * * 

Dünən Rusiyanın Ermənistandakı səfirliyinin yaydığı məlumatda deyilir: “Kreml 1997-ci ildə “Rusiya Federasiya­sı ilə Ermənistan Respublikası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım Müqaviləsi”ndə təsbit olunmuş prinsiplər əsasında ikitərəfli əməkdaşlığın inkişafını davam etdirməkdə qətiyyətlə israrlıdır”.

27 il bundan əvvəl iki ölkə arasında im­zalanmış müqavilənin ildönümü ilə bağlı yaydığı məlumatda səfirlik xüsusilə qeyd edib: “Bu sənəd dövlətlərarası münasi­bətlərimizin prinsiplərini və prioritetlərini müəyyənləşdirdi, eyni zamanda ikitərəfli tərəfdaşlığın həqiqi müttəfiqlik ruhunda qurulmasında mühüm mərhələ oldu. Xüsu­silə, Rusiya və Ermənistan ənənəvi dostluq münasibətlərini və siyasi, iqtisadi, hərbi, elmi, mədəni və digər sahələrdə əməkdaş­lığı hərtərəfli gücləndirmək barədə razı­lığa gəliblər. Ölkələrimiz, həmçinin həm TransQafqaz regionunda, həm də dünyada sabitliyin və təhlükəsizliyin gücləndirilmə­si istiqamətində əməkdaşlıq etmək öhdəli­yi götürüblər”. 

Bu, əslində, Moskvanın İrəvana xatır­latmadan daha çox ona xəbərdarlıq xarak­teri daşıyan hirsli “əməkdaşlıq” mesajıdır. Məlumatda Moskva ilə İrəvanın “Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin ar­tırılması istiqamətində əməkdaşlıq etmək öhdəliyi”nin yada salınması Rusiyanın böl­gədə özəl maraqlarını bərpa etmək planla­rından xəbər verir. Moskvanın diplomatik mesajının altında İrəvandan buna müvafiq cavab tələbi gizlənir. Kifayət qədər ciddi tələbdir. Göründüyü kimi, Kreml İrəvanla münasibətləri normallaşdırmaq fonunda bölgəyə müdaxiləyə cəhdlər edən Qərbin qarşısına yeni sipər çəkməyə hazırlaşır. Bəs, hazırkı məqamda Ermənistan 27 il əvvəlki öhdəliklərini yerinə yetirməyə razı olacaqmı? Paşinyan komandası yenə seçim qarşısındadır. Rəsmi İrəvan indi “kollektiv Qərb” və Rusiya ilə münasibətlərini əvvəl­ki tərzdə davam etdirə bilməyəcək. Onun üçün, nəhayət, hansı gücün yanında dur­malı olduğu barədə qərar vermək məqamı yetişib. Bu seçimi Azərbaycan da maraqla izləyir...

* * * 

“Moskva ümid edir ki, İrəvan və Bakı tezliklə sülh müqaviləsini imzalayacaq­lar”. Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov “RİA Novos­ti”yə müsahibəsində bildirib. Tərəflərin rəsmi bəyanatlarına əsasən, sülh sazişi layihəsinin praktiki olaraq razılaşdırıldığı­nı vurğulayan səfir bunun Cənubi Qafqaz­da möhkəm sülhün və əmin-amanlığın əldə olunması baxımından mühüm addım olacağını nəzərə çatdırıb: “Bakı və İrəvan arasında sülhün əldə olunmasına dair da­nışıqlar Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-2022-ci illərdə im­zalanmış üçtərəfli sazişlər qovluğuna tam uyğundur”.

Cənubi Qafqazdakı bütün diplomatik korpusunu məlum istiqamətdə hərəkətə gətirən Moskva Azərbaycandakı səfiri M.Yevdokimovun dili ilə həm də gələ­cək sülh sazişi ilə bağlı razılıqdan savayı, gündəlikdə bölgədə nəqliyyat kommuni­kasiyalarının qarşılıqlı açılması, sərhədin delimitasiyası və demarkasiyası, vətəndaş cəmiyyətləri vasitəsilə əlaqələrin qurulma­sı mövzularının da olduğunu qeyd edib. Bütün bunların reallaşması vaxtının Ermə­nistanın seçimindən asılı olacağı şübhəsiz­dir. 

Mövzu ilə bağlı “XQ”-yə açıqla­ma verən politiloq Fərhad Məmmədov diqqəti Ermənistanla Rusiya arasında siya­si və təhlükəsizlik müstəvisində olan mü­nasibətlərdə soyuqluğun yarandığına, ciddi geriləmə baş verdiyinə yönəltdi: “Maraqlı­dır ki, iki ölkə arasında iqtisadi əməkdaş­lıqda görünməmiş artım var. Cari ilin altı ayı ərzində 8,5 milyard dollarlıq ticarət dövriyyəsindən söhbət gedir. Digər tərəf­dən Moskva yaxşı görür ki, İrəvan onun cızdığı “qırmızı xətlərə” çox yaxınlaşıb. Doğrudur, Ermənistan iştirakını dondursa da, hələlik KTMT-dən çıxmayıb. Avrasiya İqtisadi İttifaqından çıxmaq barədə isə heç düşünmür. Əksinə, burada əməkdaşlığın miqyasını artırır. Hazırda Rusiya fəallaşıb və bu prosesdə Azərbaycan müstəvisi də mövcuddur. Əgər biz Ermənistan–Azər­baycan münasibətlərinin tərkibinə nəzər yetirsək görərik ki, danışıqlar üç əsas möv­zu ətrafında gedir. Birincisi sülh sazişi ilə bağlıdır. Burada Rusiyanın rolu, demək olar ki, yoxdur. İkincisi sərhədlə bağlı məsələdir ki, orada da Moskva dominant deyil. Rusiya yalnız kommunikasiyaların açılmasında tərəf kimi çıxış edir. Yəni, o, hökumətlərarası üçtərəfli komissiyanın üzvüdür. Burada vasitəçi deyil, tərəfdir. Məhz bu funksiyasından yararlanaraq yol­ların açılması prosesində iştirak etməyə çalışır. Söhbət onun sərhədlərini qoruduğu Ermənistan ərazisindən gedir”.

Tanınmış politoloq hesab edir ki, ha­zırda Moskvanın məqsədi iki ölkə arasın­da siyasi təhlükəsizlik və iqtisadi müttə­fiqlik münasibətlərini qoruyub saxlamaq, Azərbaycanla üçtərəfli formatda iştirakını davam etdirmək və kommunikasiyalar işə düşərkən Ermənistan ərazisində özünün rolunu önə çıxarmaqdan ibarətdir. 

* * * 

“Bəli, son vaxtlar İrəvan özünü çox məsuliyyətsiz aparır. Eyni zamanda, həm Qərb, həm də Şərqlə oynamaqda davam edir. Əsas məqsədi isə vaxt udmaqdır. Şəxsən Paşinyanın hədəfi növbəti seç­kilərə qədər hakimiyyəti əldən verməmək­dir”. Bunu qəzetimizə açılamasında siya­si şərhçi Tofiq Abbasov söylədi. Onun fikrincə, Ermənistan heç vaxt Rusiyadan qırılan deyil, o, sadəcə Kremlə müqa­vimət göstərdiyini Qərbə nümayiş etdirir: “Doğrudur, Zvarnots hava limanından Rusiya sərhədçilərini çıxardılar. Başqa nə edə bildilər? Heç nə! Bununla Qərbə lazım olduğunu göstərir. Yəni, Hayastanın əsas məqsədi özünü mümkün qədər baha qiy­mətə satmaqdır. Bu prosesdə onun müstəqil subyekt olmadığı faktını nəzərdən qaçır­malı deyilik. Bu səbəbdən də eyni vaxtda hamının sözünü eşitməyə, işinə yarımağa çalışır. İrəvan nə ABŞ-dən, nə Avropadan, nə də Rusiyadan qırılacaq. Ermənistanın Vaşinqtondakı səfıri Lilit Makunts isə həm demokratların, həm də respublikaçıların bütün tədbirlərində iştirak edir və hamı ilə münasibət saxlayır. O, Ermənistanın, guya, onların yanında olduğunu nümayiş etdirir. Məqsəd nədir? Dilənmək! Hamıya ağız açır, hamıdan dəstək umurlar. Aprelin 5-də Avropa İttifaqından istədiklərinin axırı nə oldu? “Qəpik-quruş”la yola salındılar. Bəs Rusiya niyə Ermənistanı yenidən yanına çağırır? Kreml ona xatırladır ki, 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanata imza atmısan. İndi zəhmət çək, öhdəliyini yerinə yetir. Bəli, bu gün Rusiya üçün ən vacib məsələ dəhlizdir. Paşinyan bu məsələni qəsdən uzadır. Çünki bilir ki, Rusiyaya “hə” desə, ABŞ ondan imtina edəcək. Ha­mını özündən asılı vəziyyətdə saxlamağa çalışır. Bununla həm də özünün təhlükə­sizliyini qoruyur”.

Azərbaycanın Ermənistandan fərqli olaraq, Qərb və Şərqlə balanslı siyasət yü­rütdüyünü deyən siyasi şərhçi Paşinyanın hamını aldatdığını bildirdi: “Bu, fırıldaq­çılıq siyasətidir. Hamıya söz verir ki, ya­nındayam, sonra nəsə qoparmağa çalışır ki, seçkilərə qədər siyasi ömrünü uzatsın”. 

Moskvanın Ermənistan isteblişmentinə qulaqburması verməsi gözlənilən idi. İntə­hası, indiki durumda Paşinyan iqtidarının dəyişməsi Kremlin özünə də sərf eləmir. Ona görə də Rusiya XİN səfirliklər səviy­yəsində İrəvana boynuna götürdüyü öhdə­liyi yerinə yetirməyin məqamının yetişdi­yini xatırladır. Hələlik bunu yumşaq tərzdə edir. 

Nə qədər ki, Paşinyan ölkəsini KTMT-dən çıxarmaq niyyətindən əl çək­məyib, onda təzyiqin get-gedə ciddiləşəcəyi qaçılmazdır. Sadəcə, o, bunu KTMT-nin öz əli ilə etməyə çalışır. Əgər bu variant alın­sa, onda İrəvan özünü bütün dünyaya “qur­banlıq quzu” kimi təqdim edəcək, üstəlik, NATO-dan imdad diləyəcək. Bəli, Paşinyan Rusiyadan birdəfəlik qırılmaq üçün əsl bey­nəlxalq qalmaqal yaratmaq istəyirdi, amma Moskva ona bu şansı vermədi...

İmran BƏDİRXANLI
XQ







Siyasət