Beynəlxalq elmi əməkdaşlıq

post-img

Türk Dövlətləri Təşkilatı kontekstində

I məqalə

XXI əsrin elmi

Elmin bəşər tarixində rolu haqqında çox fikir söylənilmişdir. Onun möhtəşəmliyindən tutmuş cəmiyyət üçün faydasından, insana verdiyi mərifət və əxlaqdan xeyli bəhs edilmişdir. Lakin elmin bəşəri əhəmiyyətinin tarixi aspekti də vardır. Yəni hər bir tarixi dönəmdə elmin cəmiyyətdəki rolu yeni məzmun çalarları ala bilir. XXI əsr bu baxımdan daha çox müzakirə mövzusudur. Səbəb nədir?

İndi yaşadığımız yüzildə elmin strateji mövqeyə, ümumiyyətlə, insanın və bəşəriyyətin mövcud ola bilməsi kontekstində çıxdığını alimlər vurğulayırlar. Bu tezisin iki tərəfi vardır. Birincisi, elm o səviyyədə inkişaf etmişdir ki, faktiki olaraq müasir cəmiyyətləri formalaşdırır. İkincisi, elm həm də insan və bütövlükdə bəşəriyyət üçün yeni risklər, təhdidlər, təhlükələr yaradır. Hər iki aspekti əsaslandırmaq üçün arqumentlər irəli sürürlər.

Elm–zəka çırağı

Bu mövqedə olanlar, ümumiyyətlə, elmin “insan intellektinin bəşəriyyətin yolunu işıqlandırdığı” kimi obrazlı ifadə işlədirlər. Yəni bütün hallarda elmi biliklər insan üçün faydalıdır. Əsas məsələ insanların onlardan necə istifadə etməsi ilə bağlıdır. Elmi biliyi insana faydalı şəkildə istifadə edəndə xeyir verir, fəzilət gətirir. İnsanın niyyəti pis olanda isə elmi biliklər öldürücü silah yaradır və təhlükəyə çevrilir. Bunlar həqiqətdir, tarixin sınaqlarından keçmiş elmi gerçəklikdir.  

Elmi tərəqqinin riskləri

Elmə elə yanaşmalar vardır ki, biliyi cəmiyyət üçün risk və təhlükə qaynağı kimi təqdim edirlər. Məsələn, süni intellektin cəmiyyətdəki roluna neqativ yanaşma da mövcuddur. Hətta hesab edirlər ki, süni intellekt inkişaf etsə, insanları təsiri altına ala bilər. Bəşəriyyəti insan zəkası deyil, “süni zəka” idarə edər. Bu da ümumilikdə insanın dünyadakı yeri və roluna ciddi zərbə olar. Buna görə də bəşəriyyətin indi elmdə “sinqulyar nöqtə” adlandırılan mərhələyə necə gedə biləcəyinin özü aktual elmi problemə çevrilmişdir. Elmi əməkdaşlıq baxımından məsələnin aktuallığı da daha çox bu məqamla bağlıdır. 

“Sinqulyar keçid” 

Bu termin riyaziyyatdan götürülmüşdür. Mənası hər hansı göstəricinin minimum itki ilə öncədən müəyyən edilmiş xarakteristikaya maksimum yaxınlaşması ilə bağlıdır. Bu anlayışı daha geniş fəlsəfi, sosioloji, kulturoloji və s. anlamda işlədəndə, adətən, sivilizasiyanın elə strateji vəziyyətə yaxınlaşmasıdır ki, ondan sonra bütövlükdə həyat keyfiyyətcə indi proqnozlaşdırıla bilməyən keyfiyyətlər ala bilər. Bu anlamda sinqulyarlıq bəşəriyyətin sıçrayışla yeni keyfiyyət mərhələsinə keçməsini ifadə edir. Yəni o, müəyyən mənada indi ilə gələcəyin “ayırıcı zonası”dır. Bu zona zamanın və mədəniyyətin fərqli özəllikləri ilə xarakterizə oluna bilər. 

Sinqulyarlıq və elmin əsas vəzifəsi

Bütün bunları görən insan istər-istəməz cavabları da elmi müstəvidə axtarmağa çalışır. Niyə elmi? Çünki əmindir ki, vurğulanan reallıqları elm yaratmışdır və ondan xilası da elmi yanaşma təmin edə bilər. Bu, bir inancdır, mifdir yaxud zəkanın özəlliyidir, demək çətindir. Lakin reallıq ondan ibarətdir ki, hazırda elmi bilik fərdi, toplumsal, bəşəri və Kosmik miqyaslarda, ümumiyyətlə, var olmanın başlıca şərtlərini adekvat müəyyən edən fenomen kimi qəbul edilir. Olsun! Ancaq bu, asan məsələ deyildir. Çünki nəzəriyyədən konkret praktiki fəaliyyətə keçəndə qarşıya çox sayda dilemma çıxır. Aydındır ki, bunu hansısa fərdin təkbaşına və ya toplumun öz daxili imkanları hesabına etməsi mümkün deyildir. Problem qlobaldır və bütövlükdə, bəşəriyyət fəaliyyətdə olmalıdır. Yenə də eyni sual: necə, hansı mexanizmlərlə? Bu sualın arxasında müasir dövrdə bəşəriyyətin mövcudluq forması, təşkilatlanma özəlliyi dayanır.

Regionlaşmış dünyanın bütövlüyü

Əgər XX əsrin ortalarında hər hansı alimdən dünyanın bütövlüyü haqqında soruşsaydılar, onun regionlara bölündüyünü çətin ki, başlıca faktor kimi gətirərdi. O dövrün alimi əsas olaraq ayrı-ayrı dövlətlərdən və ya məhdud sayda dövlətlər qrupundan, BMT-dən, NATO-dan, sosialist düşərgəsindən bəhs edərdilər. XXI əsrin elm adamı isə dünyanın müxtəlif regionlarından və onların münasibətlərindən daha çox danışar. O cümlədən, Avropa, Yaxın Şərq, Qafqaz, Sakit okean, Mərkəzi Asiya, Cənubi-Şərqi Asiya və s. Daha geniş coğrafiyada Avrasiya, Asiya, Avropa, Afrika və digər bölgülərdən bəhs edilir. Hətta bir sıra nəzəriyyələrdə dünyanı artıq müxtəlif regionların təhlükəsizlik sistemi kimi təsəvvür etməyin daha doğru olduğu qənaəti yer almışdır.   

Maraqlıdır ki, bu cür “regionalizm” elmi fəaliyyətə də aid edilməkdədir. Bəşəri sayılan və adətən, dünyaya bütöv aid edilən elmi fəaliyyət hansı mənada regionalizmə uyğun ola bilər? Faktlara baxaq. 

“Horizon 2020”: Avropa elm məkanı

Hər şey 2000-ci ildə Lissabon strategiyasını qəbul etməkdən başladı. Avropa İttifaqı (Aİ) qlobal miqyasda rəaqabətədavamlı olmaq və 2010-cu ilə dünyanın ən dinamik iqtisadi infrastrukturunu yaratmaq məqsədini qarşıya qoydu. Tezliklə anladılar ki, buna nail olmağın yolu Aİ üçün elmin səmərəsini artırmaqla bağlıdır. Yəni Avropa özünün sosial-iqtisadi, mənəvi-əxlaqi, mədəni, hərbi və s. inkişafını elmi əsaslara tam oturtmaq yolunu seçdi. Qərara alındı ki, elmə büdcənin ən azı 3 faizi ayrılsın. Bununla Avropa müəyyən mənada elmi “regionlaşdırdı”, onu konkret bir təşkilatın tərəqqisinə xidmətə yönəltdi. Buna uyğun olaraq, elmin inkişafı ilə bağlı Aİ 7-ci çərçivə proqramını müəyyən etdi. Lakin 2008-ci il böhranı təşkilatı bu məsələyə yenidən baxmağa məcbur etdi. 

Nəticədə 2014-cü ildə Avropanın 8-ci çərçivə proqramı qəbul edildi və bütövlükdə, elmi-texniki və innovasiya siyasəti dövrün çağırışlarına çevik reaksiya vermək kontekstində müəyyən edildi. Bununla Aİ-nin təşkilat kimi öz elmi strategiyası tam formalaşdı və onun maliyyələşməsi 80 milyard dollar həcmində müəyyənləşdi. 

Bu prosesdə elmi baxımdan diqqətçəkən məqamlardan biri “Avropa elmi (və ya tədqiqat) məkanı” (European Research Area, ERA) anlayışının daxil edilməsi idi. Yəni faktiki olaraq Avropa elmi öz regional çərçivəsində və xüsusi inkişaf strategiyasına uyğun təşkilatlandırmaq prosesinə üstünlük verdi. 

Burada diqqəti çəkən digər məqam elmi araşdırmaları birbaşa Avropa İttifaqının strateji inkişaf kursu kontekstində görmələri ilə əlaqəlidir. Burada cəmiyyətin bütün sferaları üzrə inkişafı vahid elmi proqram çərçivəsində təmin etmək əsas yeri tutur. İndi dillər əzbəri olan “Horizon 2020” elmi proqramı məhz buna xidmət edir. Deməli, Avropada həm konkret strateji inkişaf kursu var, həm də ona nail olmağın elmi konsepsiyası mövcuddur. Bu konsepsiya prinsipcə yeni üzvlərə açıqdır, lakin bütün hallarda Avropanın strateji tərəqqisinə xidmət etməlidir. Proqram birbaşa ona hədəflənmişdir!    

Asiya ölkələri akademiyalarının birliyi

Başqa nümunə 1999-cu ildə yaradılmış Asiya Ölkələri Elmlər Akademiyalarının Assosiasiyasıdır (AASA). Bura bir sıra hallarda “cəmiyyətlərin birliyi”ni də əlavə edirlər və nəticədə AASSA alınır. Bütün hallarda ilk olaraq 12 Asiya ölkəsi (bura Rusiya, Çin, İran və Türkyə də daxildir, AMEA da indi onun üzvü olmuşdur) bu təşkilata üzv olmuşlar və əsas məqsədləri Asiyada elmi cəmiyyətin inkişafı istiqamətində səfərbər etməkdən ibarətdir.    

AASSA haqqında yazanda xüsusi vurğulayırlar ki, bu təşkilat Asiya cəmiyyətlərində sosial-iqtisadi, mənəvi-mədəni və s. sferalarda elmi araşdırmaları stimullaşdırır. O cümlədən, üzv ölkələrdə milli innovasiyalarda elm və texnikanın rolunu istiqamətləndirməkdən (koordinasiya etmək mənasında) ibarətdir. Bu sırada tətbiq edilən elmi yeniliklərin üzv ölkələrin cəmiyyətində hansı sosial-mənəvi, mədəni dəyişikliklər etdiyi də araşdırılır. 

Nəhayət, AASSA-da bir maraqlı məqam da vardır. Təşkilata üzv dövlətlərin alimlərinin həm üzv dövlətlər səviyyəsində, həm də onların beynəlxalq təşkilatlarla əlaqəsi miqyasında əlaqələrini təmin etmək nəzərdə tutulmuşdur. 

Yəni, aydın görünür ki, AASSA regional mahiyyətli elmi qurumdur.

Türk dünyası elm məkanı

Beləliklə, müasir dünya üçün alimlərin konkret elmi məqsədlərlə regional və regionlararası miqyaslarda müəyyən elmi təşkilatlarda birləşməsi müşahidə edilir. Avropa və Asiya nümunələri bu prosesin konkret təzahürlərini də göz önünə gətirir. Maraqlıdır, eyni məntiqlə Türk Dövlətləri Təşkilatı (TDT) üzvlərinin ortaq elmi fəaliyyəti haqqında danışmaq mümkündürmü? Bunu reallaşdırmağın hansı elmi mexanizmləri mövcuddur? Həmin kontekstdə “Türk dünyası elmi məkanı” anlayışı hansı məzmuna malikdir?

Sualların qoyuluşu nə qədər təbiidirsə, müsbət cavab da bir o qədər qəbulediləndir! Çünki TDT elə bir dinamik, xoşniyyətli, geniş bir geosiyasi məkanda inkişafa, qarşılıqlı faydalı əməkdaşlığa istiqamətlənmiş təşkilatdır ki, elm onun fəaliyyətində fundamental rol oynamalıdır. TDT üçün fəaliyyətin elmi əsaslar üzərində qurulması tarixi vəzifə olduğu qədər də, məsuliyyətdir.  

Bundan başqa, bu təşkilata üzv olan ölkələrin ortaq sosial, tarixi, siyasi, demoqrafik, mədəni, iqtisadi, təhlükəsizlik yapıları mövcuddur. Türkiyəni çıxmaq şərti ilə Mərkəzi Asiya ölkələri və Azərbaycan uzun müddət eyni geosiyasi, sosial-siyasi, mədəni-mənəvi və əxlaqi məkanda olmuşlar. Onların mədəni-tarixi, sosial, psixoloji, mental xüsusiyyətləri ilə yanaşı, siyasi mentalitetləri də oxşardır. Coğrafi olaraq da türk dövlətləri bir-biri ilə qonşudurlar. 

Bütün bu yaxınlıqlar onu deməyə əsas verir ki, TDT üçün elmi əməkdaşlıq ən aktual və vacib məsələlərdən biridir. Bununla yanaşı, türk dövlətləri elmi əməkdaşlığı müasir tələblər səviyyəsində rasional əsasda qurmalıdırlar. Strateji məqsəd davamlı olaraq elmi əməkdaşlıqdan təşkilatın hər bir üzvünün fayda götürməsi ilə bağlıdır. Bundan başqa, TDT üzvlərinin elmi əməkdaşlıq modeli başqa ölkələr üçün də açıq olmaldır. Deməli, söhbət faktiki olaraq, Türk dünyası üçün yeni əməkdaşlıq modeli fəlsəfəsinin yaradılmasından gedir. 

Bizim üçün çox əhəmiyyətlidir ki, bu prosesdə təşəbbüs Azərbaycanındır. Həmin  təşəbbüsün təməlində iki rəsmi sənəd dayanır. Onlardan birincisi, yeni tarixi mərhələdə Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri kimi TDT-nin gücləndirilməsi istiqamətinin müəyyən edilməsidir. Digəri isə Prezident İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf kursuna və xarici siyasətin prioritet istiqamətlərinə əsaslanaraq AMEA-nın yeni tarixi mərhələdə prioritetlərindən birini aşağıdakı kimi müəyyən etməsi ilə bağlıdır. AMEA-nın fəaliyyətinin 2-ci üstün istiqaməti belədir: “Dövlət başçımızın andiçmə mərasimində Türk dünyası ilə əlaqələri ölkəmizin ən mühüm prioritetlərindən biri kimi müəyyən etməsi akademiyada da Türk dünyası üzrə tədqiqatların miqyasının genişləndirilməsini, bu sahədə konkret proqramların hazırlanıb həyata keçirilməsini tələb edir.”

(ardı var)

Füzuli QURBANOV, 
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru 

 

Siyasət