YAP-ın təşəbbüsü – reallığa adekvat reaksiya əzmi

post-img

Növbədənkənar parlament seçkilərini zəruri edən məqamlar 

Yeni Azərbaycan Partiyasını (YAP) Milli Məclisdə təmsil edən deputatların altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunmasına dair təşəbbüsləri son dərəcə vacibdir, günün tələbləri ilə səsləşir. Məsələni bir neçə cəhətdən əsaslandırmaq mümkündür. 

Birinci məqam. Ümumən, növbədənkənar seçki praktikası özünü doğruldur. Nəzərə alaq ki, 2024-cü ilin fevralında reallaşmış prezident seçkilərini və YAP-ın hazırkı təşəbbüsünü eyni prizmadan qiymətləndirmək üçün əsaslar var. Əvvəla, Azərbaycan üçün tamamilə yeni dövrə start verilib. Bu dövrü şərtləndirən iki amil var: 2020-ci ilin 44 günlük müharibəsi və 2023-cü ilin lokal xarakterli antiterror tədbirləri. Hər iki hadisə Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və konstitusyon quruluşunun tam bərpası reallığını formalaşdırıb. 

Deməli, mövcud şəraitdə növbədənkənar prezident seçkiləri keçirildiyi kimi, parlament seçkilərinin də vaxtından əvvəl təşkilinə ehtiyac var. Çünki yeni dövrün tələblərinə adekvat fəaliyyətin gerçəkləşdirilməsi labüddür. Bunun həm də mənəvi tərəfi aktualdır. Məsələ ondadır ki, müstəqillik dövründə ilk dəfə olaraq Qarabağ və Şərqi Zəngəzuru təmsil edən deputatlar məhz həmin ərazilərdə keçiriləcək seçkilərin nəticəsinə uyğun olaraq mandat alacaqlar.

İkinci məqam. Bəzi problemlər qalsa da, bu gün yaşadığımız Cənubi Qafqaz regionunda humanizm dəyərlərini rəhbər tutan etimad quruculuğu tədbirlərinin reallaşdırılmasına şahidik. Söhbət Azərbaycan–Ermənistan sülh gündəliyindən gedir. Belə bir gündəliyin meydana çıxması nəinki Azərbaycanın, ümumən, bölgənin son iki yüz illik tarixində görünməmiş haldır. Kifayət qədər mürəkkəb regionda sülhün ayaq səslərinin eşidilməsi ona, belə demək mümkünsə, parlamentar reaksiyanı da qaçılmaza çevirir. Bu reaksiya tam zamanında olmalı, optimal və çevik mahiyyət daşımalıdır. 

Üçüncü məqam. Etiraf edək ki, mürəkkəb inkişaf yolu keçmiş Qafqazda heç vaxt regionun lokomotivi ola bilməmişdik. Hazırda durum tam fərqlidir. Necə deyərlər, bütün daşlar öz yerinə oturub. Bu gün Azərbaycan tarixinin ən güclü dövrünü yaşayır. Bu, ulu ­öndər Heydər Əliyevin başlatdığı siyasi kursun Prezident İlham Əliyev tərəfindən məharətli şəkildə reallaşdırılması  sayəsində olub. Ölkəmiz dövlətimizin başçısının qətiyyəti, siyasi iradəsi ilə işğala, təcavüzə, separatizmə son qoyub. Bu əzm, eyni zamanda, Azərbaycanın rəngli inqilablar və ərəb baharı kimi ənənəvi dağıdıcı ssenarilərdən etibarlı müdafiəsidir. Belə bir müdafiə öz növbəsində bütövlükdə Qafqaz regionunu yad ünsürlərin təsirindən sığortalayır. Deməli, bundan sonra elə fəaliyyət göstərilməlidir ki, Heydər Əliyevin formalaşdırdığı yeni siyasi münasibətlər sistemindəki axarın tarixi Zəfərimizdən doğan reallıqlarla zənginləşməsindəki müsbət tendensiya xalqımızın və dövlətimizin maraq və mənafelərinin daim zirvələrdə qalması baxımından daha tutarlı səciyyə daşısın. Bu, inkişafımızın qlobal məzmununu təhdid edən meyillərin tamamilə öz təsirini itirməsi baxımından da əhəmiyyətlidir. Mövcud fəaliyyət trayektoriyası üçün isə parlamentarizm ənənələrinin də möhkəm təbiətinin saxlanılması şərtdir. Nəzərə alaq ki, hər anın öz hökmü var. 

Dördüncü məqam. Məlum olduğu kimi, 2018-ci ildə start verilən və bizi böyük qələbələrə aparan islahatlar yeni mərhələyə qədəm qoyub. Prezident ­İlham Əliyevin islahat xətti çoxşaxəlidir, günün tələbləri ilə səsləşir. Bu səslənişə həm də Milli Məclis səviyyəsində də reaksiya verilməlidir. Yəni, parlament də daha çevik fəaliyyət göstərməlidir. Elə bir fəaliyyət ki, 2020-ci ildən sonra yeni tələbat seqmentləri ilə zənginləşmiş reformalar daim yüksək dinamikasını qorusun. 

Beşinci məqam. Yeni dövr yeni siyasi mədəniyyət tələb edir. Bu, özlüyündə həm siyasi, həm də mənəvi məsələdir. YAP fəaliyyətdə olduğu 1993-cü ildən bu məsələyə böyük önəm verərək inkişaf edir, təkmilləşir. Mövcud anlamda qurumun parlamentin də yeni siyasi təfəkkür tərzi ilə formalaşması təşəbbüsündə olması məntiqi qanunauyğunluq sayıla bilər. Yəni, YAP-ın belə bir təşəbbüsə tam haqqı çatır. 

Altıncı məqama keçid alaq. Dünya beş il əvvəkitək olmadığı kimi, heç iki ay qabaqkı da deyil. Dəyişikliklər, sanki, ildırım sürəti ilə gedir. Onlara  əsasən qlobal maraq və mənafe zəncirində də fərqliliklərin yaşandığının şahidiyik. Deməli, dəyişən dünyaya adekvat reaksiyamızın olması mütləqdir. Mövcud xüsusda Azərbaycanın idarəçiliyində monolitlik günümüzün təxirəsalınmaz tələbidir. Bu, elə bir tələbdir ki, hər anın öz hökmünün formalaşdırdığı reallığı da rəhbər tutur, ümumən inkişaf əzmini də.  YAP-ın növbədənkənar parlament seçkiləri təşəbbüsünə bu prizmadan da yanaşılmalıdır. 

Nəhayət, yeddinci məqam. Məlum olduğu kimi, Azərbaycanda parlament seçkiləri 2024-cü ilin noyabrında keçirilməli idi. Amma həmin ay ölkəmizdə dünyanın ən mötəbər tədbirlərindən sayılan BMT-nin İqlim Dəyişikliyi Sammiti – COP29 keçiriləcək. Nəzərə alaq ki, COP29 Azərbaycanın indiyədək evsahibliyini gerçəkləşdirdiyi ən nüfuzlu tədbirdir. 

Müqayisəli yanaşsaq, COP29 proqnozlaşdırılan iştirakçı sayının çoxluğu baxımından digər toplantıları xeyli geridə qoyacaq. Deməli, onunla eyni vaxtda seçki kampaniyasının təşkili və səsvermənin keçirilməsi praktiki cəhətdən mümkünsüzdür. Dünya miqyaslı mötəbər tədbirə evsahibliyinin gerçəkləşdirilməsi isə son dərəcə vacibdir. Deməli, YAP-ın parlament seçkilərinin vaxtının dəyişdirilməsi təşəbbüsü həm COP29-u layiqli şəkildə keçirməyə imkan verəcək, həm də tədbir müddətində ölkə parlamentinin tam funksionallığını şərtləndirəcək.

XQ-nın analitik qrupu

 

Siyasət