Azərbaycan və Misir İslam həmrəyliyinin möhkəmlənməsinə fəal töhfə verirlər

post-img

Azərbaycan Prezidenti İlham Əliyevin Misirə rəsmi səfəri ikitərəfli münasibətlərin əhəmiyyətini təsdiqləyən və əməkdaşlıq üçün yeni üfüqlər açan mühüm hadisə ilə yadda qaldı. Bu səfər mövcud əlaqələri möhkəmləndirməklə yanaşı, müxtəlif sahələrdə tərəfdaşlıq əlaqələrinin daha da inkişafı üçün möhkəm zəmin yaratdı. Yüksək səviyyəli görüşlər və danışıqlar Bakı ilə Qahirə arasında əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş yeni təşəbbüslərin müzakirəsi və həyata keçirilməsi üçün növbəti təkan oldu. 

Bu fikirləri Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib. O qeyd edib ki, Azərbaycan ilə Misir arasında tarixən iki xalqın iradəsinə, zəngin mədəni irsinə və İslam sivilizasiyasının mütərəqqi dəyərlərinə əsaslanan ənənəvi dostluq əlaqələrinin mövcud olduğunu deyə bilərik. Qədim Alban və Misir kopt xristian kilsələri arasında yazışmalar, Azərbaycan ərazisində erkən orta əsrlərə və bu eradan əvvəlki dövrlərə aid Misir zərb sikkələrinin mövcudluğu, intensiv ticarət əlaqələri, erkən və eradan əvvəlki dövrlərdəki diplomatik münasibətlər buna sübutdur. Sovet rejimi dövründə məhdudiyyətlərə baxmayaraq, Azərbaycan ilə Misir arasında mədəni, elmi və ictimai əlaqələrin həmişə mövcud olduğu məlumdur. 

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr yeni müstəvidə inkişaf etməyə başladı. Bu, siyasi sistemlərdən asılı olmayaraq, iki xalq arasında dostluğun daha da inkişaf etdiyini göstərir. Müstəqil Azərbaycana rəhbərlik edən Heydər Əliyev 1994-cü ildə yenidən Misirə səfər etmiş, burada ölkə rəhbərliyi ilə danışıqlar aparmış, Bakı ilə Qahirə arasında əlaqələr və onların möhkəmləndirilməsi məsələlərini müzakirə etmişdi. Əminliklə demək olar ki, həmin tarixi səfər bu gün də uğurla inkişaf edən güclü və qarşılıqlı faydalı tərəfdaşlığın əsasını qoydu. Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 7-8-də Misirə rəsmi səfəri isə ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini təsdiqlədi, onların daha da möhkəmləndirilməsi və genişləndirilməsinin zəruriliyini sübut etdi. Mübaliğəsiz qeyd edim ki, bu əlaqələr regional və beynəlxalq siyasətdə mühüm rol oynayır. 

Xatırladaq ki, 2023-cü ilin yanvarında Misir Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycana səfər etmişdi. İki lider arasında keçirilən görüşün yekunu olaraq bir sıra sənədlər imzalanmışdı. Əs-Sisinin ötənilki Bakıya və dövlət başçımızın Qahirəyə səfəri ikitərəfli əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcını qoyan əlamətdar hadisələrə çevrildi. Bu səfərlər iki ölkənin əməkdaşlığı dərinləşdirmək və qarşılıqlı fəaliyyət dairəsini genişləndirmək əzmində olduğunu nümayiş etdirdi. Bu səfərlər zamanı keçirilən sammit görüşləri siyasi, iqtisadi və mədəni əməkdaşlığa dair geniş spektrli məsələlərin müzakirəsi üçün unikal imkan yaratdı. Tərəflər müxtəlif sahələrdə, o cümlədən enerji və ticarətdə tərəfdaşlığın gücləndirilməsi üçün səyləri aktivləşdirməyə hazır olduqlarını bildirdilər. 

Azərbaycan və Misir müxtəlif beynəlxalq təşkilatlar, məsələn, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində fəal qarşılıqlı fəaliyyət göstərir. Prezident Əliyevin Qahirədə vurğuladığı kimi, “bütün beynəlxalq məsələlərdə bizim fikrimiz Misirlə üst-üstə düşür”. Azərbaycan və Misir yuxarıda qeyd olunan təşkilatlarda fəal iştirakı ilə beynəlxalq hüququn inkişafına mühüm töhfələr verir. Bu təşkilatlar çərçivəsində həyata keçirilən birgə təşəbbüslər və layihələr üzv ölkələrin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına, eləcə də elmi-texniki tərəqqinin və mədəni mübadilənin təşviqinə yönəlmişdir. Belə sıx əməkdaşlıq hər iki ölkəyə daha ədalətli və davamlı dünya nizamının formalaşmasına fəal təsir göstərməyə imkan verir. 

Səfər zamanı müzakirələrin əsas aspektlərindən biri ticarət-iqtisadi əlaqələrin inkişafı oldu. Azərbaycan və Misir enerji, kənd təsərrüfatı, əczaçılıq, sənaye və nəqliyyat kimi sahələrdə əməkdaşlıq üçün böyük potensial görürlər. 100 milyondan çox əhalisi və əlverişli strateji yeri ilə Misir Afrika, Yaxın Şərq və digər regionları birləşdirən mühüm bazar və nəqliyyat mərkəzidir. Prezident İlham Əliyevin Qahirəyə səfəri zamanı qarşılıqlı faydalı əməkdaşlığın inkişafına, investisiyaların cəlb edilməsinə töhfə verə biləcək konkret layihələr və təşəbbüslər ətraflı müzakirə olundu. Danışıqların mühüm nəticəsi kimi birgə iqtisadi layihələrin həyata keçirilməsi üçün bir sıra konkret addımlar barədə razılığın əldə olunmasını göstərmək olar. 

Səfər zamanı dini-mənəvi əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirildi.  Prezident İlham Əliyevin Əl-Əzhər Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əl Tayyib ilə görüşu də mühüm məqamlarla yadda qaldı.

Bu görüşdə din və mənəviyyat sahəsində əməkdaşlığın vacibliyi vurğulandı. Azərbaycan və Misir dövrümüzün qlobal çağırışları kontekstində mühüm əhəmiyyət kəsb edən İslam həmrəyliyinin möhkəmlənməsinə və mötədil İslamın inkişafına fəal töhfə verirlər. Görüş hər iki tərəfin tolerantlıq, qarşılıqlı anlaşma və əməkdaşlıq ideallarına sadiq olduğunu göstərdi və xalqlarımız arasında mənəvi-mədəni əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş yeni layihə və təşəbbüslərin əsasını qoydu. 

Hamıya məlumdur ki, Azərbaycan müsəlman ölkələrinin beynəlxalq təşkilatlarda və forumlarda rolunun gücləndirilməsinin tərəfdarıdır, qlobal gündəliyin əsas məsələləri üzrə vahid və əlaqələndirilmiş mövqenin formalaşmasına töhfə verir. Məhz belə səylər sayəsində Azərbaycan ədaləti və beynəlxalq hüquq prinsiplərini dəstəkləyən etibarlı tərəfdaş və beynəlxalq arenada mühüm oyunçu kimi özünü təsdiq etmişdi. Bu kontekstdə Misirlə əlaqə müsəlman xalqları arasında birlik və həmrəyliyin gücləndirilməsinə yönəlmiş ümumi strategiyanın mühüm elementidir.

Deputat yekunda qeyd edib ki, Azərbaycan Prezidentinin Misirə səfəri ərəb dünyası ilə əlaqələrin yüksək səviyyədə olduğunu təsdiqlədi, əməkdaşlığı və qarşılıqlı anlaşmanı daha da dərinləşdirməyə hazır olduğunu nümayiş etdirdi.  Əminliklə qeyd etmək olar ki, Azərbaycan və Misir ümumi məqsədlərə nail olmaq və xalqlarımız arasında dostluğu möhkəmləndirmək üçün bundan sonra da birgə fəaliyyət göstərəcəklər.



Siyasət