Avropada türk kökənli tərəfdaşımız

post-img

Budapeşt Avropa İttifaqının ədalətli olmasına çalışır

Azərbaycanla Macarıstan arasında istər siyasi, istər iqtisadi, istərsə də mədəni əlaqələr ən yüksək səviyyədədir. Son illər iki ölkə arasında müxtəlif xarakterli tədbirlərdə, platformalarda qarşılqılı hörmətə söykənən sağlam və faydalı dialoqa şahidlik edirik. Doğrudan da, bu münasibətlər dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf etməkdədir. Macarıstan Azərbaycanın Avropa İttifaqında (Aİ) ən çox güvəndiyi və etibar elədiyi tərəfdaşlarından biridir. “Qoca qitə”nin qədim mədəniyyətə və Azərbaycanla soykökü bağlılığına malik bu ölkəsi ilə əlaqələrin hərtərəfli inkişaf etdirilməsi rəsmi Bakının xarici siyasətinin prioritet istiqamətlərindən sayılır. 

Macarıstan Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması prose­sində özünün ədalətli mövqeyi ilə daim seçilib və sülh danışıqlarında əldə olunan irəliləyişləri alqışlayıb. Bunu həm Baş na­zir Viktor Orbanın, həm də Xarici işlər na­ziri Peter Siyartonun çıxışlarındakı fikir­lər, səsləndirdikləri bəyanatlar sübut edir. 

Bakıya iki gün əvvəlki səfəri çərçi­vəsində azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi mətbuat konfran­sında nazir Siyarto Azərbaycan və Ermə­nistanın sülh yolunda atdıqları ciddi ad­dımları dəstəklədiyini, bölgədə anlaşma və sabitliyin bərqərar olmasını arzu etdi­yini dilə gətirib. Hər iki xalqın sülh şəra­itində yaşamağa layiq olduğunu diqqətə çatdıran cənab nazir Macarıstanın Aİ-yə sədrliyi dönəmində Cənubi Qafqazda bütün sülh təşəbbüslərini dəstəkləməyə davam edəcəyini vurğulayıb. 

Qeyd edək ki, Macarıstan Aİ-də özünün sanballı mövqeyi və çəkisi ilə fərqlənən ölkədir. Budapeşt yeri gələndə bu qurumda dominantlıq statusuna ma­lik Fransanın anti-Azərbaycan siyasətinə qarşı çıxmağı, ikili standartlı qərarların qəbuluna veto qoymağı da bacarır. Elə Xarici İşlər naziri Siyartonun Bakıda ver­diyi açıqlaması bunun bariz nümunəsi sayılmalıdır. Nazirin sözlərinə görə, Ma­carıstan Aİ-nin Cənubi Qafqaz regionu ilə bağlı balanslaşdırılmış siyasət yürütmə­sinə və “ocağa yağ tökməməsinə” diqqət yetirəcək: “Biz hesab edirik ki, Aİ-nin Sülh Fondu minalardan təmizləmə üçün Ermənistana 10 milyon avro ayırmaq istəyirsə, Azərbaycana da oxşar yardım ayrılmalıdır. Qurum sülh prosesinə heç bir halda mane olmamalıdır”.

ARAYIŞ: 2004-cü ildən Avropa İt­tifaqının üzvü olan Macarıstan 2007-ci ildən etibarən Şengen zonasına daxil edilib. Bu ölkə hazırda BMT, NATO, Dün­ya Ticarət Təşkilatı, Dünya Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, Avropa Şurası və başqa beynəlxalq təşkilatların üzvüdür. 

* * * 

Oxuculara xatırladaq ki, 2018-ci ildən Türk Dövlətləri Təşkilatında (TDT) mü­şahidəçi olan və təşkilatla əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət verən Macarıstanın paytaxt Budapeştdə TDT-nin Nümayəndəlik Ofisi fəaliyyət göstərir. Macarıstanın Baş naziri Viktor Orbanın 2018-ci ildə verdiyi tarixi bə­yanatı da yadımızdadır. Baş nazir çıxı­şında bildirmişdir ki, macarlar özlərini Hun hökmdarı Atillanın nəslindən hesab edirlər və macar xalqı hun-türk köklərinə əsaslanır. 

Son illər Bakının evsahibliyi etdiyi beynəlxalq miqyaslı bütün tədbirlərdə rəsmi Budapeşt yüksək statusda iştirak edir. Budapeştin Aİ üzvü olan bəzi ölkə liderlərində qısqanclıq yaradan Bakı və Ankara, eləcə də TDT ilə ilıq təmasları təkcə siyasi xarakterli deyil. Macarıstanın Azərbaycanla enerji daşıyıcıları ilə bağlı əməkdaşlığı da mövcuddur. Artıq bu ölkə Bakıdan mavi yanacağı qəbul edir. Bun­dan başqa, Macarıstan şirkətləri Qara­bağda aparılan geniş bərpa və quruculuq layihələrində yaxından iştirak edirlər. 

“Avropa İttifaqının (Aİ) Türkiyəyə ehti­yacı var”. Bunu isə Macarıstan Xarici İş­lər naziri Peter Siyarto Ankarada türkiyəli həmkarı Hakan Fidanla birlikdə keçirdiyi mətbuat konfransında deyib. Cənab na­zir onu da vurğulayıb ki, təbii qaz təda­rükü Türkiyəsiz mümkün deyil: “Ankara bu məsələdə bizim əsas tərəfdaşlarımız­dandır. Onun terrora qarşı mübarizəsini də dəstəkləyirik”.

Mühafizəkar avropalıların qitənin “türkkökənli ölkəsi” adlandırdıqları Maca­rıstanın məhz Türk Birliyinin bir parçası­na çevriləcəyi gün uzaqda deyil. Bunun üçün tarixi şərait və bütün zəruri şərtlər göz qabağındadır. 

Fikrət SADIXOV, 
Qərbi Kaspi Universitetinin professoru, politoloq

Avropa İttifaqı işğalçı dövlət olan Ermənistana bir avro da ma­liyyə ayırmamalıdır. Əgər ittifaq in­diki İrəvan rejimini demokratik rejim kimi qələmə verirsə, onda ortaya belə bir sual çıxır: Paşinyana qədər Koçaryan və Sarkisyan prezident olanda da Ermənistanın demokra­tik dövlət sayılmırdısa, niyə onlara münasibət adekvat deyildi? Bu mü­nasibət Avropanın Cənubi Qafqaz respublikalarına ikili yanaşmasının bariz nümunəsidir. Yəni, Aİ burada ikiüzlü, riyakar siyasətini nümayiş etdirir. Bu qurumun rəhbərliyi kor­rupsiyada ittiham olunur, bəzi yet­kililəri həbs olunub, bir çox deputat­lara qarşı cinayət işləri açılıb. Onlar özlərini çox obyektiv yanaşmaya mailk subyektlər hesab edirlərsə, kökündən səhv edirlər, ciddi şəkil­də yanılırlar. 

Macarıstan obyektivliyi, şəffaf­lığı və ədaləti yüksək qiymətlən­dirərək, eləcə də Azərbaycanla münasibətlərin inkişafında maraqlı dövlət kimi, Ermənistana birtərəfli qaydada 10 milyon avro maliyyə ayrılması ilə, əlbəttə, razılaşa bil­məzdi. Bu zaman rəsmi Budapeş­tin veto hüququndan istifadə etmə­si olduqca düzgün addımdır. 

Azərbaycan–Macarıstan müna­sibətləri çox yüksək səviyyədədir və bundan sonra da yalnız yüksələn xətlə inkişaf edəcək. Macarıstan Xarici İşlər naziri Peter Siyartonun Bakıya səfəri və burada verdiyi is­marıclar ikitərəfli münasibətlərin keyfiyyət göstəricisi sayıla bilər.

İ.HƏSƏNQALA
XQ



Siyasət