Revanşistlər dalana yuvarlandıqlarını görsələr də, anlamaq istəmirlər

post-img

Ermənistanda radikal müxa­lifət təmsilçilərinin aprelin 19-da Azərbaycanla sərhədlərin de­limitasiya və demarkasiyası sahəsində əldə olunan razılaş­maya etiraz əlaməti olaraq ya­ratdıqları “Vətən naminə Tavuş” hərəkatının fiaskoya uğradığı­nı radikallar özləri də getdikcə dərk etməkdədirlər. Hərəkatın başlanmasından artıq ay ya­rımdan çox vaxt keçir və revan­şistlər başa düşürlər ki, “Vətən naminə Tavuş” uğur qazanma­ğı bacarsaydı, bunu indiyədək edərdi.

Artıq nəinki etiraz aksiyalarının sı­ravi iştirakçıları, onun rəhbəri, erməni apostol kilsəsinin Tavuş yeparxiyası­nın arxiyepiskopu Baqrat Qalstanyan da jurnalistlərə açıqlamasında Nikol Paşinyan iqtidarını tezliklə devirəcəyi­ni bəyan etməklə tələskənliyə yol ver­diyini etiraf edib. Onun bu açıqlaması radikalların işlərinin rəvan getmədiyi­nin göstəricisi sayıla bilər: “Mənə çox deyirlər ki, uğur qazanmaq üçün 7-10 günə ehtiyac olduğunu demisən. Bəli, demişəm. Çünki bizim düşüncəmiz belə idi. Amma biz həmin 7-10 günlük müddətdə anladıq ki, hakimiyyəti də­yişməkdən daha ciddi problemlərimiz var”.

Baqratın digər etirafı hakimiyyət dəyişikliyinə nail olmağa yol açacaq kütləvilik yarada bilmədikləri ilə bağlı olub: “Qarşımıza min cür problem çıx­dı, indi də var. Əlbəttə, istəyimiz hə­dəfə çatmaq idi. Biz heç kimi aldatma­mışıq, aldatmırıq və aldatmayacağıq”.

Artıq keçmiş zamanda danışan Qalstanyanın bu açıqlaması ermə­ni media resurslarında revanşistlərin məqsədlərinə çatmadan geri çəkilmələ­ri kimi şərh olunur. Qeyd edilir ki, keşiş aprelin sonlarında aksiyalara başlayan­da qarşıdakı 7-10 gün ərzində baş na­ziri devirəcəklərini bəyan etmişdi. Ha­yastan jurnalistləri Baqratın, təxminən, bir ay əvvəl verdiyi “Aylarla küçələrdə dolaşmaq istəmirəm. Uzağı 7-10 günə məqədimizə çatacağıq. Söz verirəm, konkret tədbirlər görəcəyik” sözlərini xatırladaraq həmin sözlərin küləklə ha­vaya sovrulduğunu qeyd ediblər.

Buna baxmayaraq, revanşistlər orta­lığı qarışdırmaqdan, iğtişaş salmaqdan əl çəkənə bənzəmirlər. Onlar iyunun 9-da İrəvanın mərkəzindəki Respublika meydanında növbəti mitinq təyin edib­lər. Bunu iyunun 1-də Gümrüdə keçi­rilən mitinqdə Baqrat özü bəyan etmiş­di. Onun sözlərinə görə, iyunun 9-dan hərəkatın yekun mərhələsinə başlanıla­caq ki, bu məsələni yekunlaşdırsın: “Biz iyunun 9-da böyük mitinq keçirəcəyik və bu, yəqin ki, həqiqətin qələbəsinin (?) son möhürü olacaq”.

Revanşistlərin öz hərəkətlərini “müqəddəs mübarizə” adlandırmaları da diqqətdən yayınmır. Hərəkatın sosial şəbəkə hesablarında “Əziz həmvətən­lər, qələbə çox yaxındır” sərlövhəsi ilə yerləşdirilmiş elanda deyilir: “Bu günlər çox mühüm iş günləridir. Biz sıralarımızı artırmalı, informasiya resurslarının im­kanlarını genişləndirməli, yeni insanları cəlb etməli və iyunun 9-da keçiriləcək böyük mitinqə hazırlaşmalıyıq”.

Elanda erməni xalqından “Müqəd­dəs mübarizə”, “Milli cəbhə” adlı teleq­ram kanallarının və “Facebook” sosial şəbəkəsində “Vətən naminə Tavuş” adı ilə yaradılmış səhifənin paylaşıl­ması xahiş olunur ki, onların sıralarına daha çox şəxs qoşula bilsin. Həmçinin, vətəndaşlardan “böyük mitinq” haqqın­da məlumat verən plakatlar paylaşmaq xahiş olunur: “Bizim artıq bildirdiyimiz kimi, ən böyük mitinqimiz iyunun 9-da Respublika meydanında olacaq. Əziz həmvətənlər, qələbə çox yaxındır. Biz birlikdə arzularımızın “ruhani Ermənis­tanı”nı quracağıq”.

Dünən onlar növbəti dəfə İrəvandakı hökumət binası qarşısında etiraz və mə­lumatlandırma aksiyası keçiriblər. Təş­kilatçılar hamını iyunun 9-da keçiriləcək mitinqdə iştirak etməyə çağırıblar. Bil­diriblər ki, ölkədə uzun müddətdir baş verənlər indiki hakimiyyətin destruktiv siyasətinin nəticəsidir və “Azərbayca­nın xeyrinə davamlı birtərəfli güzəştlər” (?) Ermənistanın dövlətçiliyinə ziddir. Fəallar özləri ilə içərisində buz parça­ları olan qab gətiriblər. Deyiblər ki, bu buz parçaları Günəşin hərarətinə döz­mədiyi və əridiyi kimi, indiki hakimiyyət də ədalətli etiraz hərəkatı dalğasına tab gətirməyəcək.

Ancaq radikalların hansı şüarla çıxış etmələrindən, əhaliyə nə kimi çağırış ünvanlamalarından asılı olmayaraq, on­ların fiaskoya uğradıqları gerçəklikdir. Eyni zamanda, onların etiraz aksiyaları keçirdikləri müddət ərzində Qazaxın 4 kəndinin işğaldan azad olunması pro­sesi baş tutub. Mayın 24-dən etibarən həmin kəndlərdə dövlət bayrağımız dal­ğalanmaqdadır. Bu isə revanşistlərin arxasınca gedənləri ruhdan salan, on­ların sıralarını seyrəldən amildir. Onlar artıq başa düşürlər ki, iş işdən keçib və heç nəyə nail ola bilməyiblər.

Bu həqiqəti Ermənistanın ictimai-si­yasi sektorunda təmsil olunan az qala bütün rasional düşüncəli şəxslər qeyd etməkdədirlər. Politoloq Armina Ma­nukyan da B.Qalstanyanın rəhbərlik etdiyi hərəkatın baş naziri devirə bil­məyəcəyi qənaətindədir. Manukyan “Panorama.am” saytına açıqlamasın­da deyib: “Müxalifət çətin ki, Nikolun istefasına nail ola bilsin. Etirazların miqyası geniş olsa da, sistemli de­yil. Məsələn, Paşinyanın 2018-ci ildə keçirdiyi aksiyalar sistemli idi. Bunun nəticəsində o, hakimiyyətə gələ bil­di. Üstəlik, Paşinyan belə durumlarda necə davranmaq lazım olduğunu bilir. O, hakimiyyət uğrunda sona qədər mü­barizə aparmağa öyrəşib. Hətta, İkinci Qarabağ müharibəsindəki məğlubiy­yətdən sonra da indikindən daha güc­lü olan müxalifətə müqavimət göstərə bilmişdi”.

“Hraparak” qəzeti isə yazıb ki, hakim “Mülki müqavilə” partiyasında erməni apostol kilsəsinin gəlirlərinin və əmlakı­nın vergiyə cəlb edilməsi ilə bağlı qızğın müzakirələr gedir. Qəzet partiyadakı mənbəyə istinadən bildirib ki, bu barədə təklif baş nazirdən gəlib. Təklif edilən qanun layihəsinə görə, kilsə vergiyə cəlb olunmalı, qanunsuz mənimsənil­miş pullar qaytarılmalı və şəffaflıq təmin edilməlidir. Hakim fraksiyada kilsənin ianələrdən, şam satışından, vəftizdən (xaç suyuna salınma), toylardan və di­gər mərasimlərdən əldə etdiyi gəlirlər­dən, habelə ritual aksesuarların idxalın­dan və satışından vergilərin tutulması istiqamətində müxtəlif təkliflər səslən­dirilib. Qəzet qeyd edib ki, layihənin parlamentin növbəti payız sessiyasında müzakirəyə təqdim ediləcəyi gözlənilir.

Qeyd edək ki, kilsənin vergiyə cəlb edilməsi ilə bağlı Paşinyan parlamentlə hökumət arasında qanunverici orqanda bir neçə həftə əvvəl keçirilən sual-ca­vab sessiyası zamanı danışmışdı. Buna səbəb isə kilsənin və katolikos II Qare­ginin öz iş-gücünü bir tərəfə ataraq, son vaxtlar siyasi proseslərə qarışması, o cümlədən etiraz aksiyalarına üstüörtülü dəstək verməsidir. Təsadüfi deyil ki, Ni­kolu devirməyə çalışanlara hazırda kil­sənin yeparxiyalarından birinin rəhbəri başçılıq edir.

“Qafqaz Strateji Araşdırmalar Mərkəzi”nin sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy Ermənistandakı aksiyaların uğursuzluğa düçar olmasının səbəbləri barədə “XQ”-nin sualına cavab olaraq bildirdi ki, etirazçıların hakimiyyətə gələ bilmələri üçün daxili və xarici faktorlara ehtiyac var. Onun sözlərinə görə, xü­susilə daxili faktorların rolu əhəmiyyətli olur. Xarici faktorlar isə prosesə müəy­yən dəstək verir. Ancaq Ermənistan­dakı aksiyalar zamanı biz həm daxili, həm də xarici faktorların yetərli effekt vermədiyini gördük: “Daxili siyasət baxımından məsələyə yanaşsaq, görə­rik ki, bu dəfə keyfiyyətcə yeni fiqurlar – keşiş üzərindən kilsə dövriyyəyə gir­mişdi. Mövzu kimi, Azərbaycanla sər­hədyanı kəndlər məsələsini gündəmə gətirmişdilər. Regiondan başlayan proses gəlib paytaxt İrəvana çatmışdı. Müəyyən aktivlik var idi. Amma keşiş və onun arxasındakılar kütləni yetərin­cə səfərbər edə bilmədilər. Həmçinin, onlar sərhədyanı bölgədə gedən pro­sesi dayandıra bilmədilər. Zatən da­yandıra da bilməzdilər. Bu da onlarda inamsızlıq yaratdı. Onların təbii müttə­fiqi ola biləcək Koçaryan və Sarkisyan da prosesə kənardan yanaşmağa ça­lışdılar. Risk etmək istəmədilər. Çünki ən azı indiki mərhələdə onun uğuruna inanmadılar”.

N.Cəfərsoy qeyd etdi ki, proseslərdə əsas fəallıq göstərəcək qüvvə Qarabağ klanı və ya bölgədən getmiş ermənilər ola bilərdi. Hazırda ölkənin daxili si­yasətində Qarabağ erməniləri ilə İrəvan erməniləri arasında ciddi inamsızlıq var: “Erməni xalqı hazırda bu cür kasıb yaşamasının və problemlərinin çox ol­masında iki səbəb göstərir. Onlar qeyd edirlər ki, birinci səbəb Qarabağ klanı­nın 20 il ölkəni talan etmiş korrupsioner və rüşvətxor rejimidir. İkinci səbəb isə klanın Ermənistana “miras” qoyduğu Azərbaycan və Türkiyə ilə münaqişədir. Buna görə də erməni xalqının böyük əksəriyyəti bu məsələlərə passiv, seyr­çi və neqativ yanaşır. Bu kimi səbəblər üzündən etiraz hərəkatı xalq tərəfindən yetərincə dəstək ala bilmədi”.

Müsahibimiz bildirdi ki, digər tərəf­dən müxalif siyasi qüvvələr prosesdə lazımınca fəallıq göstərə bilmədilər. Bundan əlavə, hakimiyyət bloku da mo­nolit qaldı. Hakim düşərgədən heç kim istefa verib müxalifətə qoşulmadı. Eyni zamanda, proseslərin nəzarət altında saxlanılması üçün ölkənin hüquq-mü­hafizə və təhlükəsizlik orqanları ciddi əmək sərf etdilər. Onlar açıq mövqe or­taya qoydular və etirazçıların mümkün təxribatlarını əngəllədilər. Hakimiyyət ordunun proseslərdən kənarda qalma­sına da nail oldu. Bundan əlavə, Paşin­yan ictimaiyyəti yaxşı idarə edə, ictimai rəyi yaxşı yönəldə bildi. Nikol həmin dövrdə cəmiyyətlə dialoq qurdu, icti­mai televiziyaya çıxdı, regionlara getdi. Paşinyan xüsusilə, mayın 26-da Lori və Tavuş bölgələrində sel fəlakətindən dərhal sonra həmin bölgələrə getməklə, təbii fəlakətin nəticələrinin operativ şə­kildə aradan qaldırılmasına dair göstə­rişlər verməklə özünün populyarlığını gücləndirdi. Bir sözlə, Paşinyan ictimai diplomatiya yönündə vacib addımlar atdı. Bütün bunlar daxili siyasət baxı­mından Nikolun uğurunu təmin edən səbəblərdir.

Prosesin xarici amilləri barədə fikir­lərini bölüşən N.Cəfərsoy dedi ki, Qər­bin Paşinyana daha çox dəstək verdiyi aydındır: “Qərb, sadəcə olaraq, bəyan etdi ki, etirazçıları sərt şəkildə dağıtma­yın, demokratiyaya xələl gəlməsin. An­caq etirazçılara açıq dəstək vermədilər. Hətta, keşişin vətəndaşı olduğu Kana­da da proseslərdə çox səssiz davrandı. Paşinyan isə onsuz da ehtiyac olmadığı təqdirdə sərt gücdən istifadə etməyərək Qərbin dəstəyini qazanmış oldu”.

Politoloq, həmçinin bildirdi ki, Rusi­ya da ən azı indiki mərhələdə Paşinya­nın hakimiyyətdən getməsində maraqlı deyil. Moskvanın istəyi Paşinyanın Zən­gəzur dəhlizinin açılması istiqamətində addımlar atması, Rusiya–Ermənistan münasibətlərinin inkişaf etdirilməsi və İrəvanın KTMT-dən uzaqlaşmamasıdır.

Səxavət HƏMİD
XQ



Siyasət