Söhbət hansı “paritet”dən gedir?

post-img

Rəsmi İrəvan sülh axtarışlarını ictimai-siyasi, hüquqi sapmalara çəkir 

Baş qanununda qonşularına qarşı ərazi iddialarının əks olunduğu Ermənistan hakimiyyəti indi Azərbaycan Konstitusiyasında paralellik aparmaq sevdasına düşüb. Məqsəd beynəlxalq ictimai rəydə qəsdən çaşqınlıq yaratmaqla danışıqlar masasında Bakının haqlı tələblərinə qarşı “əks-arqumentlər” ortaya qoymaqdır. Gündəmi zəbt etmiş mövzu ilə bağlı suallarımızı “Konstitusiya” Araşdırmalar Fondunun təsisçisi və prezidenti Əliməmməd Nuriyev cavablandırır. 

– Əliməmməd bəy, sülh danışıqla­rının indiki mərhələsində rəsmi İrəvan Azərbaycan Konstitusiyasında, guya, Ermənistana ərazi iddialarının yer aldığı 2-ci maddəni əllərində dəsta­vüz edib. Zəhmət olmasa, əvvəlcə bu məsələyə aydınlıq gətirin. 

– Son vaxtlar Azərbaycan və Ermə­nistan arasında sülhün əldə olunmasına süni maneələrin yaradılması müşahidə olunur. Bu zaman rəsmi İrəvan iki ölkənin konstitusiyaları arasında paralellik apar­mağa çalışır. Guya, Azərbaycan Kons­titusiyasındakı bir sıra müddəalar sülh prosesinə mane olur. Amma onu qeyd etmək istərdim ki, belə müqayisələrin aparılması hüquqi cəhətdən qüsurludur. Bizim Konstitusiyamızın hər hansı müd­dəa və ya norması sülh müqaviləsinin imzalanmasına qarşı deyil. Əksinə, baş qanunumuzda sülh və əməkdaşlıq prio­ritet istiqamətlər kimi müəyyənləşdirilib. O cümlədən, təhlükəsizlik məsələləri, suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı məsələləri öz əksini ta­pıb. Azərbaycan bütün beynəlxalq plat­formalarda bu prinsiplərə sadiq olduğunu hər zaman nümayiş etdirib. Həm özünə, həm də ayrı-ayrı ölkələrə münasibətdə həmin prinsipləri gözləyir və onlara səs verir. Bu, BMT-nin sessiyasında Gür­cüstana, Ukraynaya münasibətdə, elə­cə də digər beynəlxalq platformalarda özünü göstərib. Azərbaycan özü işğala məruz qaldığı üçün son otuz ildə daim beynəlxalq hüququn təməl prinsiplərinin vacibliyini qeyd edib. Amma Ermənistan tərəfindən suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərin­dən kənara sapmalar baş verib. Xatırla­dım ki, ATƏT-in Lissabon Sammitində bu quruma üzv dövlətlərin ərazi bütövlüyü ilə bağlı bəyannaməyə qol çəkməyən ye­ganə iştirakçı Ermənistan olub. Bununla bağlı hətta ATƏT-in o zamankı sədri xü­susi bəyanat vermişdi. Bəli, beynəlxalq hüquq baxımından məhz Ermənistan konstitusiyasında, digər hüquqi-normativ aktlarda qonşulara qarşı ərazi iddiaları var. Yəni, sülh prosesinə mane olan on­lardır. Bütün hallarda Ermənistan kons­titusiyasının preambulasında Müstəqillik aktına istinad olunur və həmin normalar digər ölkələrin ərazi bütövlüyünə və su­verenliyinə birmənalı şəkildə xələl gətirən müddəalardır. Belə deyə bilərik ki, bunlar birbaşa qonşuya təcavüz imkanı yaradan normalardır. 

Türkiyəyə qarşı genosidin tanınması­nın yazıldığı on birinci maddədə onların “Qərbi Ermənistan”la bağlı iddiaları yer alır. 1989-ci ilin dekabrında Ermənistan SSR “Dağlıq Qarabağ”ın Ermənistana birləşdirilməsi barədə qərar qəbul edib. Şübhəsiz ki, bütün bunlar indiki vəziy­yətdə sülhə münasibətdə Ermənistan konstitusiyasındakı normalar, eləcə də əvvəllər qəbul etdiyi bəyannamə, akt və qərarlar maneçilik cəhdləridir. 

Azərbaycan Konstitusiyasının 2-ci maddəsində xalqın suverenliyindən da­nışılır. Yəni, bu, dünyanın bütün sivil dövlətlərinin baş qanununda təsbit olun­muş normadır. Həmin maddədə deyilir ki, Azərbaycan xalqı Azərbaycan Res­publikası ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir. Bu isə beynəlxalq hüquqla müəyyənləş­dirilmiş normaları istisna etmir. Amma hayların konstitusiyasında yazılıb ki, Er­mənistanda və Ermənistandan kənarda yaşayan ermənilər erməni xalqını təşkil edir. Orada vətəndaş məsələsi yoxdur. 

– Məlumdur ki, Ermənistan XİN-in başçısı Ararat Mirzoyanın dilindən səslənən bu iddia danışıqlarda, bir növ, “paritet” yaratmaq məqsədini daşıyır. Bununla İrəvan nəyə nail ol­maq istəyir? Daxildə ona yönəlmiş etiraz dalğasını zəiflətmək, yoxsa bey­nəlxalq ictimai rəylə manipulyasiya etmək? 

– Doğrudan da, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan tərəfindən səsləndirilən fikirlər sülh danışıqların­da “paritet” yaratmağa hesablanan xü­susi ssenaridir. Bunun siyasi tərəfini başa düşürük, amma bu cür paralellik aparmaq kökündən yanlışdır. Hazır­da Ermənistan daxilində təbəddülatlar baş verir, qarşıdurma yaşanmaqdadır. Revanşistlərin yenidən baş qaldırma­sı nəticəsində Ermənistan hökuməti böhranqabağı duruma düşüb. Bu və­ziyyətdə, şübhəsiz ki, rəsmi İrəvanın yüksək rütbəli dövlət xadimləri çalışır­lar ki, üzləşdikləri problemlərin həlli ilə bağlı elə formalar seçsinlər ki, daxildə daha geniş etiraz dalğası yaranmasın. Baş nazir Paşinyanın özü Ermənistanın konstitusiyasındakı müddəaların ölkənin suverenliyinə, hətta dövlət kimi mövcud­luğuna problem yaratdığını qeyd edib. Ermənitanın müstəqilliyi onun sərhəd­lərindən başlanır prinsipini məhz Nikol Paşinyan ürəli sürüb. Eyni zamanda, o, bütün çıxışlarında Ermənistanda ya­şayan erməni xalqından bəhs edir. Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında iki ölkə arasında sül­hə mane olan əsas amillərdən biri kimi Ermənistan konstitusiyasında və bir sıra aktlarda yer alan yersiz ərazi iddiaları­nın olduğunu vurğulayıb. Bu isə başqa ölkələrə münasibətdə təcavüzü körük­ləmək imkanını legitimləşdirir. Həmin norma və aktlar hər zaman sülh sazi­şinin imzalanmasına mane ola biləcək ciddi nüanslardır. Bu baxımdan rəsmi İrəvanın paritet yaratmaq, paralellik aparmaq cəhdləri uğurlu gediş deyil. 

– Paşinyan iqtidarının ölkə konsti­tusiyasında qonşularına qarşı ərazi id­diaları ilə bağlı maddələri referendum keçirməklə deyil, başqa yolla aradan qaldırmaq variantı varmı?

– Ermənistan konstitusiyası 1995-ci ildə ümummilli erməni referendumunda qəbul olunub. Şübhə yoxdur ki, orada öz əksini tapmış normaların dəyişdirilməsi də Ermənistan konstitusiyasının müvafiq maddələrinə uyğun olaraq, yalnız refe­rendum yolu ilə həll olunmalı məsələdir. Referendum konstitusiyadakı haqqında danışdığımız mövcud ziddiyyətləri aradan qaldırmağa imkan verəcək. Bəli, ermənilə­rin baş qanununun beynəlxalq prinsiplərə uyğun şəkildə hazırlandığı qeyd olunur, fəqət onun mətnində beynəlxalq hüquq normaları ilə ziddiyyət təşkil edən müd­dəalar var. Bu mənada, referendumda konstitusiyaya dəyişikliyin edilməsi zəru­ridir. Bu, Ermənistan hakimiyyətinin qon­şularla münasibətlərini artıq beynəlxalq hüquqa, eyni zamanda, beynəlxalq prin­siplərə söykənən yeni baxışın formalaş­masına gətirib çıxaracaq. 

Bir daha qeyd etmək istəyirəm ki, Er­mənistanın süverenlik Bəyannaməsində qardaş Türkiyəyə qarşı açıq-aşkar ərazi iddiaları var. “Qərbi Ermənistan”la bağlı müddəanın ora salınması bunu göstərir. Əlbəttə ki, Ermənistan və Azərbaycan arasında gələcəkdə imzalanacaq sülh müqaviləsində sənədin üstün hüquqi qüvvəyə malik olduğu da qeyd oluna bilər. Saziş parlamentdə ratifikasiya olun­duqdan sonra konstitusiyaya salınmış həmin ziddiyyətlərin aradan qaldırılması­na hüququ imkanları nəzərdən keçirmək olar. Əgər rəsmi İrəvan Azərbaycanla dayanıqlı və uzunmüddətli sülh müqa­viləsinin olmasını istəyirsə, Bakının irəli sürdüyü beş prinsip əsasında özünün qanunvericilik aktlarına yeni yanaşmanı həyata keçirməlidir. 

– Sonuncu sualımız hüquqi deyil, siyasi xarakter daşıyır. Necə düşünür­sünüz, Paşinyanın komandası indiki məqamda həm daxildən, həm də xa­ricdən edilən təzyiqlərin, hədə-qorxu­nun qarşısında duruş gətirərək sülh sazişini imzalaya biləcəkmi? 

– Bəli, bu gün Ermənistanda siyasi hərarət yüksəlməyə doğru gedir. Orada revanşistlərin kilsə ilə birləşməsi müşahi­də olunur. Hayastanda kilsə və cəmiyyə­tin millətçi kəsimi bütün dövrlərdə erməni xalqını bəlalara aparıb çıxarıb. Buraya xaricdəki diasporun dəstəklədiyi daş­nak-revanşitlərə başçılıq edən şəxslərin torpaqlarımızı işqal altında saxladıqları müddətdə hansı vəhşilikləri törətdiklərini unutmamışıq. Həmin qüvvələr yenidən baş qaldırıblar. Aydın məsələdir ki, onlar Paşinyan hökumətinə müəyyən problem­lər yaradırlar. Elə iqtidar komandasının daxilində də bəzi məsələlərə münasi­bətdə fikir ayrılıqları var. Narazı qrupun xaricdəki havadarlarına, xüsusilə, Fran­saya arxalandıqlarını görürük. Təsəvvür edin ki, Fransanın Ermənistandakı səfiri özünü, az qala, ölkənin baş naziri kimi aparır. Rəsmi qurumlara göstərişlər ve­rir, görüşlər keçirir, ən yüksək səviyyədə qərarların qəbulunda iştirak edir. Bu isə Paşinyan hökumətinin tam müstəqil ol­mamasının göstəricilərindən sayılmalıdır. 

Amma onu da deməliyik ki, iqtidar hələlik vəziyyətə nəzarəti əlində saxla­mağı bacarır. Keşiş Baqratın başlatdığı etiraz aksiyalarının hərdən güclənməsini xaricdən gələn maliyyə yardımı, eks-pre­zidentlərin aşkar dəstəyi ilə izah edə bilə­rik. Bölgədə maraqları olan bəzi ölkələrin xüsusi xidmət orqanlarının dəstəyi də buraya əlavə edilməlidir. İntəhası, bütün bunlar Paşinayn hökumətini yıxmaq üçün yetərli görünmür. Bizim fikrimizcə, rəsmi İrəvan elektoratın ona güvənini qoruyub saxlayıb. Müharibədən məğlub ayrılan Paşinyan seçkilərdə qalib gəlməyi baca­rıbsa, indiki durumda onun hakimiyyət­dən getməsi ağlabatan görünmür. 

*** 

Müsahibimizin sözünə qüvvət kimi onu da əlavə edək ki, Paşinyan iqtidarı­nın düşdüyü böhranlı vəziyyətdən xilas yolu məhz Azərbaycanla sülh sazişini mümkün qədər tez imzalamasından ke­çir. O zaman indi üzləşdiyi sualların ək­səriyyətinin cavabı sözsüz tapılacaq. Bir də ki, sülhün qaçılmaz reallıq olduğunu onun özü və xalqı kimi xaricdəki şovinist­lərin də anlaması vaxt məsələsidir. Bir el məsəlimizdə deyildiyi kimi: “Örkən nə qə­dər uzun olsa, doğanaqdan keçər”. 

Söhbəti qələmə aldı:
İmran BƏDİRXANLI
XQ

Müsahibə