Şimal-Cənub Nəqliyyat Dəhlizi dünya qütblərini yaxınlaşdırır

post-img

Prezident İlham Əliyevin iqtisadi şaxələndirmə siyasətində əlverişli coğrafi mövqeyi olan ölkəmizin tranzit potensialının reallaşdırılması mühüm önəm daşıyır. Bununla bərabər beynəlxalq və regional nəqliyyat dəhlizlərinin inkişafı da iqtisadiyyatımızın səmərəliliyinin artırılmasına müsbət təsir göstərir. Eyni zamanda, nəqliyyat, infrastruktur və logistika sahələrində birgə layihələr dövlətimizin iqtisadi imkanlarını genişləndirir, əhəmiyyətini artırır.

Bu istiqamətdə həyata keçirilən təd­birlərin nəticəsidir ki, son 10 il ərzində nəqliyyat sektorunda orta illik artım tempi 3,5 faiz təşkil edib, yeni infrastruktur quru­lub, özəl investisiyalar artıb. Ölkə regional əhəmiyyətli nəqliyyat-logistika və ticarət qovşağına çevrilib və əsas ticarət marş­rutlarından bəhrələnməyin əsası qoyulub. 

Nəqliyyat sektorunun bütün sahələ­rində xidmət infrastrukturları modernləş­dirilib, yol təsərrüfatının yenidən qurul­ması ilə bağlı layihələr həyata keçirilib, çoxsaylı yol ötürücüləri, körpülər, tunel­lər, yeraltı və yerüstü piyada keçidləri inşa olunub. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşdırılması is­tiqamətində nəhəng infrastruktur layihəsi gerçəkləşdirilib.

Rusiya Prezidenti Vladimir Putin dün­ya xəbər agentliklərinin rəhbərləri ilə gö­rüşdə Şimal-Cənub Nəqliyyat Dəhlizinin əhəmiyyəti barədə fikir bildirərkən bu nəq­liyyat-logistikanın böyük tələbat duyulan beynəlxalq dəhlizə çevrilə biləcəyinə əmin­liyini ifadə edib. O, eyni zamanda, yüklərin Rusiyadan¬–Sankt-Peterburq limanından Azərbaycana, sonra isə İrana və Fars körfə­zinin sahilinə göndəriləcəyini diqqətə çatdı­rıb. Rusiya lideri daha sonra sözlərinə əlavə edərək bunun Süveyş kanalından, təxminən, 10 gün daha tez olduğunu və layihənin gəlir­liliyi ilə diqqət çəkəcəyini bildirib. 

Rusiya Prezidenti deyib: “Biz hər iki tərəfdən iş aparırıq. Mən bilirəm ki, Prezident Əliyev bu layihəni dəstəkləyir. Biz bu məsələni onunla dəfələrlə müzakirə etmi­şik. İran rəhbərliyi də bu layihəni dəstəkləyir. Bu dəhliz çox sərfəli olacağına görə həmin layihəyə xarici investorlar, regional olmayan, lakin yaxın olan ölkələr, o cümlədən suveren ərəb fondları da maraq göstərir. Aydındır, çünki suveren fondlar həmişə etibarlı investi­siya sahələri axtarır. Bu layihə etibarlı inves­tisiyalardan biridir, çünki onun gəlirliliyinə təminat və zəmanət var”.

Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə bağlı əlavə araşdırmalara ehtiyac duyuldu­ğunu vurğulayan V.Putin sözügedən nəq­liyyat-logistika sisteminin Azərbaycanın hansı əraziləri üzrə qurulacağı, onun necə maliyyələşdiriləcəyi, dəhlizin Azərbaycan ərazisindən Qərbə gedən yollarla necə birləş­diriləcəyi, habelə İran ərazisindən keçən bu yolun şaxələndirilmiş hissələrinin necə inşa ediləcəyi barədə müzakirənin aparılması zə­ruriliyini də xatırladıb.

Yeri gəlmişkən, ötən ayın əvvəlində Ru­siya və Azərbaycan arasında Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə bağlı prioritetlər mü­zakirə edilib. Hər iki ölkə yüklərin stabil da­şınmasını təmin etmək üçün zəruri tədbirlər kompleksinin həyata keçirilməsində maraqlı olduğunu və sözügedən dəhlizin prioritetlə­rini təsdiqləyib.

Xatırladaq bu məsələ Rusiya Baş na­zirinin birinci müavini Andrey Belousovla Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev arasında danışıqlar zamanı mü­zakirə olunub. Müzakirədə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində dəmir yolu infrastrukturunun modernləşdi­rilməsi üzrə prioritet vəzifələr nəzərdən ke­çirilib. Eyni zamanda, hər iki ölkənin dəmir yolları ilə yüklərin stabil daşınmasını təmin etmək üçün zəruri tədbirlər kompleksinin hə­yata keçirilməsində maraqlı olduğu bildirilib. Həmçinin danışıqların yekunu olaraq dəmir yolu daşımalarının və Şimal-Cənub Nəqliy­yat Dəhlizi infrastrukturunun inkişafı üçün zəruri olan normativ hüquqi bazanın yaradıl­ması üzrə birgə tədbirlər planı təsdiqlənib. 

Xatırladaq ki, 2000-ci il sentyabrın 12-də Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası saziş əsasında Şimal-Cənub Nəqliyyat Dəhlizinin təməli qoyulub. Azərbaycan bu sazişə 2005-ci ildə qoşulub. Ümumilikdə 13 ölkə tərəfindən sö­zügedən sənəd ratifikasiya edilib (Azərbay­can, Belarus, Bolqarıstan, Ermənistan, Hin­distan, İran İslam Respublikası, Qazaxıstan, Qırğızıstan, Oman Sultanlığı, Rusiya Federa­siyası, Tacikistan, Türkiyə, Ukrayna).

Sözügedən nəqliyyat dəhlizinin yara­dılması ilə bağlı müvafiq saziş imzalayan ölkələr qarşısında 2030-cu ilə qədər bu inf­rastrukturla 30 milyon ton tranzit və ikitərəfli yüklərin daşınması mühüm vəzifə kimi qoyu­lub. Tərəflərin dəhlizin inkişafı kontekstində öz əraziləri vasitəsilə nəqliyyat və tranzit əməliyyatlarının, habelə prosedurlarının asanlaşdırılması məsələləri ilə məşğul olmaq üçün Birgə İşçi Qrup da yaradılıb. 

Fikrət YUSİFOV,
iqtisad elmləri doktoru, professor

Bu gün dünya ticarətində ən önəm­li məsələlərdən biri və birincisi yüklərin vaxtında təyinat yerinə çatdırılmasıdır. Belə ki, yük təyinat yerinə nə qədər tez çatdırılarsa, investor da bir o qədər çox mənfət əldə etmiş olar. Bu baxımdan, son illər ərzində dünyada ənənəvi yük daşı­ma marşurutlarına alternativ layihələrin ortaya çıxması heç də təsadüf deyil. Ka­pital sahibləri onların yatrımları hesabına qurulmuş müəssisələrdə istehsal olunan məhsulların bazara daha tez çıxarılması yollarını axtarırlar. 

Bu sırada yer alan maraqlı yükdaşıma marşurutlarından biri də Şimal- Cənub Beynəlxalq Nəqliyyat dəhlizi ola bilər. Bu dəhlizinin təməli 2000-ci ildə Rusiya, İran və Hindistan arasında imzalanmış hö­kumətlərarası saziş əsasında qoyulub. Bu günə qədər, ümumilikdə, 13 ölkə sözüge­dən sazişi ratifikasiya edib. Azərbaycan bu sazişə 2005-ci ildə qoşulub. 

Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılmasında məqsəd Hindistandan Ru­siyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılması üçün hazırda sərf edilən zamanı 40-42 gündən 18-20 günə qədər – yəni iki dəfə qısaltmaqdır. Bu, yüklərin şimaldan cənub istiqamətin­də və əksinə daşınması sahəsində zaman baxımından inqilabi bir dönüş demək ola­caqdır. 

Azərbaycan hökuməti layihənin önə­mini yüksək qiymətləndirərək beynəlxalq nəqliyyat dəhlizinin ölkəmizin ərazisin­dən keçən hissəsində öz üzərinə düşən işlərin vaxtında və yüksək səviyyədə icra edilməsi istiqamətində yaxşı nəticələrə imza atıb. 

Lakin bu layihənin başa çatdırılma­sı üçün hələ çox işlər görülməlidir. Bu zaman reallaşdırılacaq tədbirlər təbii ki, layihənin təşəbbüskarlarından biri olan Rusiyanın və marşrutun keçəcəyi digər ölkələrin məsələnin həllinə necə yanaş­masından asılı olacaqdır. Bütün hallarda, müasir şəraitdə yüklərin bir istiqamətdən digər istiqamətə daşınmasına sərf olunan vaxtın iki dəfəyə qədər qısaldılmasını tə­min edən bir layihənin gec-tez başa çatdı­rılacağı şübhə doğurmur. Dünyada gedən proselər, böyük güclərin resurslara və kommunikasiyalara nəzarət uğrunda baş­latdıqları mübarizə fonunda bu nəqliyyat dəhlizi də tezliklə qurulub başa çatdırıla­caqdır. 

Şimal-cənub, şərq-qərb nəqliyyat dəh­lizlərini öz üzərindən keçirən Azərbaycan bu marurutların tam gücü ilə işə düşməsi ilə Avroasiya məkanında ən böyük nəqliy­yat habına çevriləcəkdir.

Məhəmməd ƏLİYEV, 
Azərbaycan Dövlət İqtisad Universiteti biznes və logistika kafedrasının müdiri, dosent

Şimal-Cənub Nəqliyyat Dəhlizi bütün region dövlətləri, o cümlədən qonşu İran üçün də mühüm önəm daşıyır. Bu baxım­dan təkcə Rəşt-Astara dəmir yolu həm Rusiya, həm Azərbaycan, həm də İran üçün çox əhəmiyyətlidir. 

Qəzvin–Rəşt–Astara (İran)–Astara (Azərbaycan) dəmir yolu xəttinin davamı olan Rəşt-Astara xətti İran, Azərbaycan və Rusiyanın dəmir yolu sistemlərini birləş­dirəcək. Avropa və Rusiyadan Hindistana və digər Cənub Şərqi Asiya ölkələrinə yüklər məhz bu yolla daşınacaq. Yüklə­rin əks istiqamətə də bu yolla daşınması neft ixracatçısı olan Rusiya, İran və Azər­baycanın qeyri-neft sektorunun inkişafına təkan verəcək, bu ölkələr logistika mərkə­zinə çevriləcək və büdcəyə əlavə valyuta axını təmin olunacaq.

Bir sıra dövlətlər, o cümlədən Rusiya tərəfindən ilk gündən Qəzvin–Rəşt–As­tara (İran)–Astara (Azərbaycan) dəmir yolunun tezliklə inşa etdirilib başa çatdı­rılmasına böyük maraq göstərilib. Rusiya tərəfindən bu yolun elektrik xətlərinin çəkilməsi ilə yanaşı, onun tikintisinin sürətləndirilməsi üçün yardım ediləcəyi bildirilib. 

Respublikamızın ərazisindən keçəcək bu marşrut Rusiya, Azərbaycan və İranın dəmir yolları sistemlərini birləşdirəcək. Yol hazır olduqdan sonra hər 3 dövlətin ticarət və tranzit əlaqələri artacaq ki, bu da büdcə gəlirlərinə valyuta axınını real­laşdıracaq. 

Planlaşdırılmaya əsasən, mühüm önəm daşıyan bu polad magistral Qəz­vin-Rəşt-Ənzəli-Astara marşrutu ilə Azər­baycanın dəmir yolu xəttinə qoşulacaq. Bununla da Şimal-Cənub Nəqliyyat Dəh­lizi beynəlxalq əhəmiyyətli dəmir yoluna çevriləcək. Çünki İran dəmir yolu xəttinin sözügedən marşrut ilə Azərbaycana birləş­məsi ilə Hindistandan Avropanın Helsinki limanınadək olan 5 min 200 kilometrlik dəmir yolu xətti yaranacaq. Bu, təbii ki, beynəlxalq dəmir yolu xətti sayılacaq. Bu birləşmə ilə yüklərin daşınma müddəti 45 gündən 20 günədək azalacaq, məsafə isə təxminən 3 min kilometr qısalacaq. 

Proqnozlara əsasən, layihənin yalnız birinci mərhələsinin başa çatması İranla Azərbaycan arasında yük daşımalarının 10 dəfəyədək artımını təmin edəcək. Bun­dan başqa, iki ölkənin dəmir yollarının birləşdirilməsilə mal mübadiləsinin həcmi ildə 5 milyon tonadək artacaq.

Dəhlizin yaradılmasında məqsəd Hin­distandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır (hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır, Şimal-Cənub Nəqliyyat Dəhlizi vasitəsilə 3 həftə olması gözlənilir).

Vaqif BAYRAMOV
XQ





İqtisadiyyat