“4”ün “44” olma ehtimalı və “dəmir yumruq” məntiqi

post-img

Azərbaycana qaytarılan kəndlərlə bağlı Ermənistan hakimiyyəti nə deyir, revanşistlər nə?

Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması ilə bağlı məsələ Ermənistanda geniş müzakirə predmetinə çevrilməkdədir. Elə təəssürat yaranır ki, baş nazir Nikol Paşinyan xalqa qarşı çıxıb. Şovinist və revanşist kəsimin aktivliyi fonunda hakimiyyət tərəfdarlarının susqunluğu, yaxud onların səslərinin ucadan çıxmaması səbəbindən belə söyləməyə əsas var. 

Yayılmış video görüntülərdə Azərbay­cana təhvil veriləcəyi rəsmiləşmiş kəndlə­rin erməni əhalisinin ərazini tərk etməmək üçün min cür hoqqadan çıxdığına dair səhnələr yer alır. Əlbəttə, bu səhnələrin hamısı qurmadır. O anlamda ki, kənd ca­maatını hakimiyyətin qərarına qarşı qal­dırmaq istəyənlər fəaliyyətdədir. Onlar yol kəsir, polisə qarşı müqavimət təşkil edirlər və s. 

Ermənistandakı revanşist-şovinist kəsimin nümayındələrinin kəndlərin qay­tarılması xüsusunda paytaxt İrəvandakı fəallıqlarında başlıca motiv isə budur: ha­kimiyyətin çıxardığı qərar ölkə konstitusi­yasına ziddir. Necə ziddir, bu barədə söz açacağıq. Ancaq əvvəlcə digər məqamları vurğulayaq.

***

Məsələ ondadır ki, Paşinyan admi­nistrasiyası Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətindəki fəaliyyətin ilk mərhələsi olan Qazaxın dörd kəndinin ölkəmizə təhvil verilməsində 1991-ci ilin Al­ma-Ata Bəyannaməsinə əsaslanır. Əlbəttə, bizim üçün vacib olan yaşayış məntəqələ­rimizə sahiblənməkdir. Rəsmi İrəvan du­rumu hansı tərzdə izah edir, məsələ Azər­baycan üçün bir o qədər əhəmiyyətli deyil. Ancaq hələlik. Nəyə görə hələlik? 

Məlum olduğu kimi, Ermənistan Al­ma-Ata Bəyannaməsinə ümumən Azər­baycanla sülh prosesinin mühüm istinadgahı kimi yanaşır, onu ehkamlaşdırmaq yolunu tutur. Bu, o sənəddir ki, ona əsasən müttəfiq respublikalar keçmiş SSRİ-nin süqutundan sonra bir-birinin ərazi bütöv­lüklərini və suverenliklərini həmin vaxta­dək malik olduqları sərhədlər daxilində tanıyırdılar. Lakin bir məqam var: rəsmi İrəvan otuz ilə yaxın müddətdə həmin bə­yannaməni heçə sayaraq, Azərbaycanın ərazilərini işğalda saxladı. 

Digər tərəfdən, Alma-Ata Bəyannamə­sinə birbaşa istinad həm də ona görə yolverilməzdir ki, bu razılaşma SSRİ-nin dağılmasından sonra imperiya subyekt­lərinin dövlətdən ayrıldıqları zaman malik olduqları ərazi prinsipini əsas götürürdü. Daha doğrusu, ərazilərin qarşılıqlı əsasda tanınmasını. Bəs SSRİ-yə daxil olarkən mövcud ərazilər? Nəyə görə onlar nəzərə alınmır. Nə üçün nəzərə alınmır ki, Azər­baycan Sovetlər Birliyinə qoşularkən daha geniş torpaqlara sahib idi və imperiya rəhbərliyinin ermənipərəst mövqeyi səbə­bindən ərazilərini itirdi. Hansı səbəbdən torpaqlarımız Ermənistan SSR-ə hədiyyə edilməli idi? Belə hədiyyələr reallaşdırı­larkən, Azərbaycan xalqının iradəsi saya salınmışdımı? Azərbaycan SSR bir yana, ümumən SSRİ konstitusiyasının müddəa­ları necə, gözlənilmişdimi? Əlbəttə ki, yox! 

Yəni, sözümüz ondadır ki, hazırda Ermənistan iqtidarının dörd kəndin qay­tarılması məsələsində hansı səbəbi gətir­məsinin önəmi yoxdur. Prinsipial məqam budur: Azərbaycan haqqı olana sahib­lənir və bundan sonra da sahiblənəcək. Deməli, bəzi erməni siyasi dairələrinin uydurduqları haqq heç bir önəm daşımır. Ancaq, necə deyərlər, milçək bir şey de­yil, amma könül bulandırır. Nəzərə alaq ki, “milçəklərin” könül bulandırmağının arxasında fərqli motivlər dayanır. Çox vaxt erməni iqtidarı da onların qaldırdıqları sər­səm ritorikanın əsirinə çevrilir. Daha dəqiq desək, həmin sərsəm ritorikanı xaricdə­ki havadarlarına ölkənin ictimai rəyinin reallıqla barışmaması şəklində qoyaraq dəstək istəyir. Çünki mahiyyətcə avan­türist xislət baxımından Ermənistandakı revanşist kəsimlə mövcud hakimiyyət ara­sında heç bir fərq yoxdur. Ötən müddətdə yaşananlar da fikrimizin təsdiqidir. Rəsmi İrəvanın Alma-Ata Bəyannaməsini eh­kamlaşdırması da məhz avantürizmdən qaynaqlanır.

Bəli, Ermənistandakı revanşistlər kəndlərin qaytarılması və Alma-Ata Bə­yannaməsi məsələsində hakimiyyətin ölkə konstitusiyasına zidd davrandığını iddia edirlər. Onlar bildirirlər ki, ölkənin ana qanununda hansısa ərazidən im­tinanın yalnız bir yolu var: referendum. Yəni, şovinistlərin fikrincə, Ermənistan iqtidarının əraziləri Azərbaycana verməsi konstitusiyaya zidd təmayüldür. Məsələni qaldıranlar Alma-Ata Bəyannaməsini də heçə sayırlar. Bu qütbün təmsilçilərinin sərsəm baxışlarına görə, konstitusiya qəbul edilərkən, ölkənin de-fakto malik olduğu bütün ərazilər Ermənistan torpağı kimi rəsmiləşib. Bu, nə deməkdir? 

Suala cavab kimi izahat verək. Er­mənistan konstitusiyası 5 iyul 1995-ci ildə keçirilmiş ümummilli referendum nəticəsində qəbul edilib. Sənəddə bildi­rilir ki, konstitusiyanın statusunun və ya sərhədlərin dəyişdirilməsi ilə bağlı qərar­lar referendum yolu ilə səsvermə əsa­sında həyata keçirilirir və belə bir haqq vətəndaşlara məxsusdur. Ermənistanın 1995-ci ilədək Azərbaycan torpaqlarını işğal etdiyi reallığını düşünsək, hazırda revanşist-şovinistlərin həmin torpaqla­rı ölkənin əraziləri kimi tanımalarında “məntiq” var. Yəqin bu məntiqə görə idi ki, baş nazir Nikol Paşinyan 2019-cu ildə “Qarabağ Ermənistandır və nöqtə” bəya­natını vermişdi. Digər tərəfdən, Ermənis­tan konstitusiyasının 116-cı maddəsinə əsasən, siyasi və hərbi xarakterli bey­nəlxalq sənədə hansısa məmurun imzası sənəd parlamentdə ratifikasiya olunana qədər hüquqi qüvvəyə malik deyil. 

Ermənistandakı revanşist-şovinistlər bir məqamı da vurğulayırlar ki, ölkə kons­tutusiyasında Alma-Ata Bəyannaməsi ilə bağlı heç nə yoxdur. O zaman biz məsələni həm də belə qoyaq: 1991-ci ilin Alma-Ata Bəyannaməsində ərazi konk­retliyi ilə əlaqədar müddəa da nəzərdə tutulmayıb. Sənəddə Ermənistanın hara­dan başlayıb harada bitdiyi dəqiq göstə­rilmir. Revanşistlərin de-fakto malik olan ərazilərə köklənmələri isə hüquqa deyil, sırf güc amilinə hesablanmış durumdur. O zaman bizdən güc tətbiqinə görə, yum­şaq desək, inciməməlidirlər. Prezident İlham Əliyevin də vaxtilə bildirdiyi kimi, sərhəd harada istəyiriksə, orada olacaq. Ermənistan konstruktiv davranmayınca, dövlətimizin belə yanaşması aktuallığını saxlayacaq. 

***

Fikrimizi ümumiləşdirərək deyə bilə­rik ki, hazırda Qazaxın dörd kəndinin geri qaytarılması rəsmi İrəvanın mövqeyin­dəki oturuşmuş müsbət dinamika göstə­ricisi deyil. Çünki prinsip etibarilə delimi­tasiya və demarkasiya prosesində çox da ziddiyyətli olmayan yalnız bir məsələ həllini tapmaq üzrədir. Digər problemlə­rin bu qaydada aradan qaldırılacağını düşünmək çətindir. Əvvəla, Paşinyan iqtidarı, vurğuladığımız kimi, Alma-Ata Bəyannaməsini ehkamlaşdırır. İkincisi isə Ermənistandakı revanşist-şovinist kəsim yuxarıda haqqında söz açdığımız məqamı qabardır və kəndlərin Azərbay­cana təhvil verilməsini konstitusiyaya zidd təmayül qismində dəyərləndirir. Yeri gəlmişkən, onlar bir şeyi də vurğulayırlar: müstəqil Ermənistanın konstitusiyasında “sərhəd” anlayışı Ermənistan SSR-in in­zibati sərhədi deyil. 

Deməli, revanşist-şovinistlər Paşin­yanın və komandasının Alma-Ata Bəyan­naməsinə istinadını yolverilməz sayırlar və bir yandan baxsaq, haqlıdırlar. Çünki Ermənistan konstitusiyasının söykəndi­yi istiqlaliyyət bəyannaməsi adlı sənəd mövcuddur. Həmin bəyannamədə nəinki Azərbaycana, eləcə də Türkiyəyə qar­şı ərazi iddiaları əksini tapıb. O zaman belə nəticəyə gəlirik ki, Qazaxın dörd kəndinin geri qaytarılması ilə başlanmış sərhədlərin delimitasiyası və demarka­siya prosesinin müsbət sonluğa çatması üçün kompleks tədbirlər görülməlidir. Elə tədbirlər ki, Azərbaycan–Ermənistan mü­nasibətlərini tam şəkildə qaydaya salsın. Ən başlıcası isə referendum yolu ilə Er­mənistan konstitusiyası dəyişdirilməlidir. Çünki Paşinyan bu gün var, sabah yox­dur. Sabah ölkədə hakimiyyətə gələcək hansısa qüvvə Nikolun və komandasının qərarını qeyri-legitim saya bilər. 

***

Rəsmi İrəvanın Alma-Ata Bəyan­naməsini ehkamlaşdırması, revan­şist-şovinistlərin hazırda çıxardığı oyunlar məsələsində gəldiyimiz daha bir qənaət budur ki, Azərbaycan və Er­mənistan sərhədlərinin delimitasiyası və demarkasiyası ilə bağlı prosesin davamı heç də rəvan müstəvidə getməyə bilər. Hər bir halda, ilk addımın atılması önəm­lidir və istər-istəməz müsbət presedent yaradır. Hazırda pozitivlik ab-havasını real və faktiki addımlarla gücləndirmək şərtdir. Əlbəttə ki, rəsmi İrəvan və onun xaricdəki havadarları sözügedən prese­denti Ermənistan üçün beynəlxalq imic məsələsi kimi təbliğ edib sülh prosesində manipulyasiyalara yol verməsələr. Əks halda, obrazlı ifadə etsək, 4 yenidən, 44 ola bilər. “Dəmir yumruq” yerindədir. 

Ə.CAHANGİROĞLU
XQ



Siyasət