ABŞ “Xarici Agentlərin Qeydiyyatı Aktı”ndan imtina edərmi?

post-img

Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin media eksperti

Neçə gündür ki, Gürcüstanda etiraz aksiyaları davam edir. Qərbyönümlü fəal­lar, QHT, KİV və siyasi partiyalar parlamentə təsir göstərmək, "Xarici agentlər haqqında” Qanunun qəbul edilməsinə mane olmaq istəyirlər. Aprelin 15-dən etibarən vüsət alan aksiyalar getdikcə alovlanır, siyasi çalar kəsb edərək cəmiyyəti iki qütbə bölür, qarşı-qarşıya qoyur. 

Proseslərin qızışmasının bir səbəbi də qeyd olunan aksiyaların ABŞ tərəfin­dən dəstəklənməsindədir. Qərb mediası aksiyaya informasiya dəstəyi verir. Onu “demokratların avtokratlar üzərinə yürü­şü” kimi təqdim edir. Yəni, Gürcüstanda avtokrat idarəçiliyi tərəfdarları qanunu dəstəkləyirlər; demokratlar isə aktın qə­buluna etiraz edirlər. 

Etirazçılar Qərbdən təkcə informasiya dəstəyi deyil, həm də siyasi güc alırlar. “Gürcü arzusu” partiyası “Xarici agentlər haqqında” Qanun layihəsini parlamentə təqdim etdiyi ilk gündən–aprelin 3-dən etibarən ABŞ-dən təpgi görüb. Dövlət De­partamentinin sözçüsü Metyu Miller apre­lin 5-də açıqlama yayaraq “Biz Gürcüstan parlamentində “xarici agentlər haqqında” qanun layihəsinin qəbul edilməsindən də­rin narahatlıq keçiririk”, – deyib. Avropa İttifaqı da eyni mövqeyi sərgiləyib. İttifaq adından yayılmış bəyanatda vurğula­nır ki, “Xarici agentlər haqqında” Qanun qəbul edilərsə, bu, Gürcüstanın Avropa İttifaqına üzvlüyü yönündə aparılan danı­şıqlara zərbə vuracaq. 

Problemin əsl mahiyyəti də bu nöqtə­dən başlayır. Təcrübə göstərir ki, Qərb mediası hər hansı bir mövzunun üzərinə gedirsə, mahiyyəti dəyişir. Hadisəni kon­tekstdən çıxarır, təmsilçisi olduğu ölkənin maraqları mövqeyindən şərh edir. Belə­liklə, beynəlxalq ictimai rəyi çaşdırır. Ha­zırda Gürcüstanda baş verənlərə yanaş­ma da bu kontekstdəndir.

Əslində, Gürcüstan parlamentində müzakirəyə çıxarılan qanun layihəsinin adı və motivi fərqlidir. Onun gerçək adı “Xarici təsirin şəffaflığı haqqında” Qanun layihəsidir. Qərb mediası isə fərqli təq­dimat seçib, layihəni beynəlxalq ictimai rəydə qıcıq doğuran 2 fərqli adla tanıdıb. Bəzən “Xarici agentlər haqqında” Qanun, bəzən də “Rus qanunu” kimi adlandırıb. Məqsədləri bəllidir. Yanlış təqdimatlar verməklə beynəlxalq ictimai rəyi çaş­dırmaq, Gürcüstan hakimiyyətinə qarşı təzyiqləri artırmaq, fakt qarşısında qoyub layihənin qəbul etdirilməsindən yayındır­maq istəyirlər. Necə ki, bunu keçən ilin mart ayında etmişdilər. Qanun layihəsi 2023-cü ildə ilk dəfə gündəmə gətirilən­də beynəlxalq kampaniya keçirmiş, ha­kim partiyaya təzyiq göstərmiş, məsələni gündəmdən çıxarmışdılar. İndi də eyni­sini təkrarlamaq niyyətindədirlər. Elə rəy yaradırlar ki, guya, bu qanun qəbul edilər­sə, Gürcüstan Rusiyanın təsir dairəsinə düşəcək, Avropaya inteqrasiyadan üz döndərəcək. Beləliklə, emosiyaları coş­durur, etiraz aksiyalarını qızışdırırlar.

Hansı ki, qanun layihəsinin müza­kirəyə çıxarılmasına ciddi zərurət vardır. Məsələn, 2023-cü ilin oktyabr ayında Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti müəyyən edib ki, Tbilisidəki “İbis” otelin­də dörd gün ərzində qeyri-hökumət təşki­latlarının nümayəndələri üçün “hökuməti devirmək, polisə müqavimət göstərmək” mövzusunda təlimlər keçirilibdir. CANVAS və “Şərq-Qərb İdarəetmə İnstitutu” vasitə­silə təşkil edilmiş bu təlimlər USAID tərə­findən maliyyələşdirilib. Qəribə olan həm də budur ki, USAID bu tədbiri “xərçəng xəstəliyindən əziyyət çəkənlərə yardım” adı altında keçirib. Məqsəd hüquq-müha­fizə orqanlarının diqqətini yayındırmaq, gürcü fəallar üçün “iğtişaşları qızışdırmaq və hökumətin devrilməsinə yönəlmiş tə­limlərin” keçirilməsini təmin etmək olub. Təlim iştirakçılarına zorakı etirazlar, piket xətləri, nəqliyyatın pozulması və hökumət binalarının işğalı ilə bağlı dərslər veriblər.

Problem ondadır ki, bu insident Gür­cüstanda USAID-in və digər Qərb donor institutlarının adlarının qarışdığı ilk qal­maqal deyil. Qeyd edilən “donor institut­ların” müdaxiləsi ilə Gürcüstanda siyasi vəziyyət dəfələrlə qarışıb, siyasi katak­lizmlər yaşanıb. Gürcüstan hökuməti indi bu problemi birdəfəlik həll etmək istəyir. “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi qəbul edilərsə, imkan yaranacaq ki, ölkəyə daxil olan xarici “yardımların” tə­yinatı müəyyənləşdirilsin. Humanitar yar­dımlar adı altında dövlət çevrilişi üçün tə­limlər keçirilməsinin qarşısı alınsın və sair. 

Amma, bu, ABŞ və regionda mara­ğı olan digər beynəlxalq güc mərkəzləri üçün əlverişli deyil. Şəffaflaşma onların leqal əlaqələrini kəsir, QHT və KİV-dən sui-istifadə hallarının qarşısını alır. Onlar da güclərini ortaya qoyur, qanun layihəsi­nin qəbul edilməsini əngəlləmək istəyirlər. 

Bu arada qeyd edək ki, ABŞ-nin qa­nuna qarşı çıxması başqa bir paradoksal halı ortaya qoyur. Məsələ ondadır ki, Xa­rici agentlər haqqında qanun layihəsinin ideya müəllifi Amerika Birləşmiş Ştat­larının özüdür. Bu qanun Hitler Almani­yasına qarşı mübarizə fonunda ilk dəfə ABŞ-də gündəmə gətirilib və ilk nümunə kimi 1938-ci ildə məhz ABŞ-də qəbul edilib. “Xarici Agentlərin Qeydiyyatı Aktı” (FARA-Foreign Agents Registration Act) adı ilə bu gün də mövcuddur. 

İndi onun əhatə dairəsi daha da genişləndirilib. Maliyyə qaynaqları­nın, səhmlərinin 20 faizdən çox hissəsi ABŞ-dən kənarda formalaşan istənilən şəxs, qurum və şirkətlər “Xarici Agentlərin Qeydiyyatı Aktı”nın təsir dairəsinə düşür. Onlar Ədliyyə Departamentində qeydiy­yata düşüb fəaliyyətlərini bu əsasda qur­malıdırlar. Yəni istənilən prosesin maliyyə dövriyyəsinin ən azı 80 faizi ABŞ-nin nə­zarətində olmalıdır. Bu çərçivəni aşan­lar xarici agent kimi qeydiyyata düşməli, fəaliyyətlərini bu qanuna uyğunlaşdırmalı və daha ciddi nəzarət altında saxlanılma­lıdırlar. 

İndi “Xarici Agentlərin Qeydiyyatı Ak­tı”nın tətbiq olunmasına yönəlik nəzarət də gücləndirilib. Qanundan irəli gələn prinsiplərin qorunması üçün ABŞ Ədliyyə Departamenti, Milli Təhlükəsizlik Depar­tamenti (NSD), Daxildə Əks-Kəşfiyyat və İxrac Nəzarəti Bölməsi (CES) tərəfindən paralel nəzarət həyata keçirilir. 

Təqdimat formasından asılı olmaya­raq, xarici agent qanunu ABŞ-nin xarici və daxili siyasət kursunun qorunmasına xidmət edir. Bu kursdan kənara çıxan­lar, müəyyənləşdirilmiş prinsiplərin zid­dinə hərəkət edənlər həmin qanunun müddəaları üzrə cəzalandırılırlar. Təsir dairəsi genişləndirilən qanun indi ictima­iyyətlə əlaqələr, reklam, informasiya fəa­liyyəti, fandreyzinq, lobbiçilik və sair kimi ən müxtəlif sahələri, geniş spektrli fəaliy­yətləri əhatə edir.

2022-ci ilin aprel ayında ABŞ Kon-qresinin Hüquq Komitəsi “Xarici Agentlə­rin Qeydiyyatı Aktı” nı müzakirəyə çıxarıb. Müzakirəyə qatılmış VCT-lər tərəfindən qanun sərt şəkildə tənqid edilib. Ame­rika Hüquqşünaslar Assosiasiyası təklif edib ki, heç olmasa qanunda istifadə edil­miş terminlər, ifadələr dəyişdirilsin: “Ən azı “agent” sözü “nümayəndə/təmsilçi” sözü ilə əvəzlənsin. Çünki “agent” ifadə­si yanlış təəssürat yaradır. Bu ad altında Ədliyyə Departamentində qeydiyyatdan keçənləri ləkələyir, cəmiyyətin gözündən salır”. 

Çıxışçılar həmin qanunun KİV və QHT sektoruna, ifadə azadlığına neqativ təsirindən də narazılıq ediblər: “Bu qa­nundan siyasi məqsədlər üçün sui-istifa­də edilir, tənqidçilər susdurulur. KİV-lər məcbur edilirlər ki, bu qanun əsasında qeydiyyata düşmək üçün özlərinin fəaliy­yətləri ilə bağlı bütün təfərrüatları, o cüm­lədən, məlumat mənbələrini açıqlasınlar. Hansı ki, demokratik mühitlərdə media vasitələri məlumat mənbəyini açıqlama­ğa məcbur edilə bilməz. Məlumat mənbə­yini açıqlamaq yalnız məhkəmə hökmü ilə istisna hallarda olmalıdır”. 

“Xarici Agentlərin Qeydiyyatı Aktı”nda vətəndaş cəmiyyəti institutlarının, o cüm­lədən, kütləvi informasiya vasitələrinin fəaliyyəti ilə bağlı xüsusi müddəalar var­dır. Həmçinin, qanunun tətbiq edilməsinə nəzarəti həyata keçirən Ədliyyə Depar­tamentinin bu məsələ üzrə əlavə şərtləri də mövcuddur. Həmin şərtlərə əsasən, “Amerika siyasətinə təsir etməyə cəhd göstərən dövlətlərin ərazisində təsis edil­miş, ABŞ-də müxbir postu açmaq istəyən KİV qurumları da “xarici agent” kimi qey­diyyatdan keçməli, fəaliyyətlərini bu qa­nuna uyğunlaşdırmalıdırlar”.

Məhz bu şərtə uyğun olaraq, Çinin “Sinxua” Xəbər Agentliyi, Çin Mərkə­zi Televiziyası, “China Daily” qəzeti ABŞ-da “xarici agent qanunu” çərçivəsin­də hərəkət edirlər. Eyni prinsip Rusiyanın RİA Novosti , “Sputnik”, “Russia Today”, Koreyanın KBS telekanalına və digər bir sıra ölkələrin media vasitələrinə də tətbiq edilib. 2019–2020-ci illərdə Ədliyyə De­partamenti Türkiyə dövlət televiziyasının da xarici agent kimi qeydiyyata alınması­nın zəruriliyi barədə rəy verib.

Qanuna əsasən, Amerika ictimai rə­yinə və siyasətinə təsir etmək məqsədi ilə aparılan bütün fəaliyyətlər bu qanuna tabe olmalıdırlar. 

Paradoksal haldır ki, “Xarici agent­lər” mövzusunu əhatə edən qanunlar di­gər ölkələrdə – Rusiyada, Macarstanda, Bolqarstanda, Kanadada, Avstraliyada, Ukraynada, Gürcüstanda qəbul ediləndə və ya qəbul edilməsinə təşəbbüs göstə­riləndə hər dəfə ABŞ tərəfindən etirazla qarşılanır. Əgər bu qanun mahiyyəti üzrə azadlıqların ziddinədirsə, ABŞ özü nü­munə göstərərək, “Xarici Agentlərin Qey­diyyat Aktı”ndan imtina edə bilərmi?

Siyasət