Ekoloji sağlamlıq ölkəmizdə dövlət siyasəti prioritetidir

post-img

Cavanşir FEYZİYEV,
Milli Məclisin deputatı 

Artıq bir əsrdir ki, dünya öhdəsin­dən gələ bilmədiyi yeni reallıq­larla üz-üzədir. Söhbət geosiyasi və geostrateji qarşıdurmalardan getmir. İlk baxışdan çox sadə gö­rünən, lakin dünyanın gələcəyi­ni şübhə altına alan və bəlkə də mövcudluq dilemmasını meydana çıxaran ekoloji fəlakətdən bəhs olunur. 

Qlobal sənayeləşmənin sürətlən­diyi XIX əsrdən başlayaraq insanlıq özünün gələcək mövcudluğunun de­terminantlarını öyrənmədən iqtisadi inkişafa və daim zənginləşməyə can atır. İnkişaf və zənginlik iqtisadi güc və üstünlük qazandırır. İqtisadi güc isə, öz növbəsində, siyasi dominantlığın tə­min olunmasına gətirib çıxarır. 

Öz siyasətini bu trayektoriya üzrə planlaşdıran bir sıra dövlətlər və onla­rın transmilli şirkətləri artıq dünyanın iqtisadi güc nəhənglərinə çevriliblər. Qlobal miqyaslı siyasi qüdrətin həzzini yaşamağa başladıqları indiki zaman­da isə təbiətin dəfolunmaz gücü ilə qarşılaşıblar. Bu gün dünyanı və onun nəhəng güclərini narahat edən əsas məsələ bütövlükdə bəşəriyyətin möv­cudluğunu təhdid edən qlobal ekoloji fəlakət təhlükəsidir. Dünyanın inkişafı bu təhlükənin də proporsional olaraq artması ilə müşayiət olunur. Bəs bu dolanbacdan çıxış yolu varmı? Bu sual ətrafında dünyanın dörd bir tərəfində düşünən beyin mərkəzləri hesab edir­lər ki, çıxış yolu var. Lakin insanlığın bu çıxış yollarına doğru istiqamət gö­türməsi üçün dünya birliyini təşkil edən bütün dövlətlərin birgə səyinə ehtiyac var. 

Dünya birliyinin fəal, müstəqil və praqmatik siyasət yürüdən dövlətlərindən biri kimi Azər­baycan da bu yolda öz töhfəsini əsir­gəmir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı im­zaladığı Sərəncam ölkəmizinin qlobal ekoloji sağlamlaşdırma proseslərinə loyallığının və sadiqliyinin təsdiqidir. 

Bu çərçivədə 2024-cü ilin Azər­baycanda həyata keçiriləcək qlobal və yerli miqyaslı layihələrin sayı çoxdur. Cari il COP29 tədbirlərinin ölkəmizdə keçirilməsinin özü bu sahədə Azər­baycanın dünya miqyaslı layihələrdə aparıcı rolunu göstərir. Şübhə yoxdur ki, həmin tədbirlər çərçivəsində Azər­baycan dövləti dünya miqyasında eko­loji problemlərin həllinə yönəlmiş yeni ideya və layihələrlə çıxış edəcək və bəlkə də hansısa qlobal miqyaslı hərə­katın başlanğıcını qoyacaq. Bununla yanaşı, ölkə daxilində ekoloji mühitin sağlamlaşdırılması ilə bağlı həyata ke­çirilən tədbirlər də həmişə dövlətin və cəmiyyətin gündəmində olmuş və bu istiqamətdə çoxsaylı faydalı addımlar atılmışdır. 

2011-ci ildə Heydər Əliyev Fondu­nun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılmış “Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq” İctimai Birliyi (IDEA) ətraf mühit prob­lemləri ilə bağlı ictimai maarifləndirmə və təhsil xidmətləri göstərir, yerli və beynəlxalq müstəvidə cəmiyyətlərin diqqətini ekoloji problemlərin həlli is­tiqamətində səfərbər edir. IDEA ötən illər ərzində Azərbaycanda çoxsaylı ekoloji tədbirlərin təşəbbüskarı və təş­kilatçısı olmuş, ətraf mühitin sağlam­laşdırılması işinə böyük töhfələr ver­mişdir. 

Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu il Azərbaycan Respublikasının Pre­zidenti İlham Əliyevin Sərəncamına əsasən “Nəsimi ili” elan olunmuşdu. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbü­sü ilə mütəfəkkir şair İmadəddin Nə­siminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağac əkilmişdi. Bu təşəbbüsü yüksək qiymətləndirən BMT-nin ölkəmizdəki rezident-əlaqələndiricisi belə bir təşəb­büsü təkcə ölkənin deyil, bütövlükdə dünyanın ekoloji sağlamlığına mühüm töhfə kimi dəyərləndirmişdi. 

Azərbaycan dövləti daxili imkan­lar hesabına səhralaşmanın qarşısının alınması, torpaq­ların istifadə üçün yararlı hala gətiril­məsi istiqamətində bir çox layihələr həyata keçirir. Bu günlərdə təməli qo­yulmuş yeni Yuxarı Şirvan suvarma kanalı da belə iri həcmli layihələrdən biridir. Yuxarı Şirvan kanalı ilk dəfə 1958-ci ildə inşa edilmişdir. Ötən 70 ilə yaxın müddətdə kanal davam­lı olaraq istismar edilmiş və hazırda səmərəliliyi kifayət qədər azalmışdır. İllər keçdikcə kanalın böyük hissəsi sıradan çıxmışdır. İtkilərə və su sız­malarına görə, ətraf torpaq sahələri şoranlaşmış, əkin üçün yararsız və­ziyyətə düşmüşdür. Odur ki, Prezident İlham Əliyevin sərəncamı ilə kanal yenidən inşa ediləcək və beləliklə, on minlərlə hektar ərazidə vətəndaşların torpaqlardan səmərəli istifadəsi tə­min olunacaq. 120 kilometrlik kanalın uzunluğu təxminən iki dəfə artırılacaq və 200 kilometrdən çox olacaq. 

Müvafiq olaraq kanal boyunca yerləşən əkin sahələri də iki dəfədən çox artırılaraq 230 min hektar əkin sahəsini əhatə edəcək. Şirvan kanalı müasir texnologiyalar əsasında yenidən qurulub istifadəyə veriləndən sonra onun mənsəbində yerləşən Hacıqabul gölü də dolacaq və bunun da təbiətə və ətraf mühitə çox müsbət təsiri olacaq. Kanalın təməlqoyma mərasimində çıxış edən Prezident İlham Əliyev bildirib ki, “...Şirvan kanalı suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən bö­yük layihə olacaqdır. Yaxın gələcəkdə 10 rayon üzrə yerləşən məntəqələrdə yeni kanalın əhəmiyyətini hər kəs görə­cək”. Ölkə başçısı tikilməsi nəzərdə tutulan Qarabağ kanalı haqqında da məlumat verərək bildirib ki, “...Qarabağ kanalının inşası gələn il başlayır. Qara­bağ kanalı 115 min hektarı əhatə edə­cəkdir. Orada əhatə olunan rayonların sayı 9-a bərabərdir”.

Prezident İlham Əliyev yaxın müd­dətdə Azərbaycanda 10-dan çox su anbarının inşa ediləcəyini və bir neçə ildən sonra ən azı 500 min hektardan çox torpağa su veriləcəyini bildirib. Prezident qeyri-neft sektorunun və kənd təsərrüfatının inkişafını, məş­ğulluğun artırılmasını, vətəndaşların rifah halının yaxşılaşdırılması, habelə su ehtiyatlarımızdan səmərəli şəkildə istifadə edilməsini yaxın illərdə inkişa­fımızın əsas istiqamətləri kimi müəy­yənləşdirib. 

Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa işləri də ekologiya­nın sağlamlaşdırılması baxımdan çox mühüm layihələri əhatə edir. Otuz illik işğal müddətində torpaqlarımızın bö­yük bir hissəsi erməni işğalçıları tərə­findən ekoloji terrora məruz qalıb. Su hövzələrimiz çirkləndirilib və tükəndiri­lib, faydalı qazıntı yataqlarımız ekoloji baxımdan zərərli olan ibtidai üsullarla, qeyri-qanuni yollarla istismar edilib, meşələrimiz qırılıb və yandırılıb. İndi bu ərazilərdə aparılan abadlıq və qu­ruculuq işləri işğalın ağır nəticələrinin aradan qaldırılmasına və nəticə etiba­rilə ölkənin ekoloji sağlamlıq vəziyyə­tinin yaxşılaşdırılmasına yönəlib. Bu barədə danışan dövlət başçısı qeyd edib ki, “... Biz Qarabağda və Şərqi Zəngəzurda elə genişmiqyaslı işlər gö­rürük ki, bunun dünyada misli-bərabəri yoxdur. Həm yaşayış evləri, infrastruk­tur layihələri, suvarma layihələri, dəmir yolları, tunellər, hava limanları – cəmi üç il ərzində görülmüş işlər dövlətimizin gücünü, hökumətimizin və dövlətimizin iradəsini göstərir”.

Prezident Ilham Əliyevin Şirvan iqtisadi rayonuna səfəri zamanı etdiyi çıxışlar və verdiyi acıqlamalar bir daha göstərir ki, ekoloji sağlamlığın təmin edilməsi Azərbaycan dövləti tərəfindən aparılan siyasətin prioritet istiqamətlə­rindən biridir. Bu istiqamətdə aparılan fəaliyyətlər və onların nəticələri isə təkcə ölkəmizin ərazisində təbii-ekoloji mühitin sağlamlaşdırılması üçün deyil, bütövlükdə bəşəriyyətin üzləşdiyi qlo­bal ekoloji fəlakətin önlənməsi üçün dünya birliyi tərəfindən göstərilən qlo­bal səylərin tərkib hissəsidir.

Ekologiya