Xalqımızın sülh məramı qalib gəlib

post-img

Bəs bəzi məramsızlar zəfərlərimizə niyə yas tuturlar?

Bölgəmizdə yeni gündəm yaşanır: Rusiya hərbçiləri Qarabağ torpağını nəzərdə tutulduğu vaxtdan il yarım əvvəl tərk etməyə başlayıblar. Nə baş verir? Kim inanardı ki, ruslar Qarabağı belə tez tərk edəcəklər? Nəyi, necə, nə vaxt etmək lazım olduğunu bütün fəaliyəti ilə sübuta yetirən Prezident İlham Əliyev isə şübhəsiz, rus sülhməramlılarının nə zaman, hansı şəraitdə gedəcəyini bilir və bu barədə vaxt yetişməmiş danışmağa lüzum görmürdü.

Sülhməramlılar bölgəyə gələn gün­dən Qarabağ zəfərimizə yas tutan müxa­lifət azlığı haray salmışdı ki, rus hərbi kontingenti heç vaxt Azərbaycandan getməyəcək. Prezident bu yüngül ağıl sahiblərinə sübut etdi ki, sülhməramlılar nəinki müvəqqəti gəliblər, hətta vaxtından qabaq gedirlər.

Baxın, 44 günlük savaş bitdikdən sonra Vətən müharibəsində misilsiz qəh­rəmanlıqla qazanılmış Zəfəri “natamam savaş” adlandıran siyası “piyadalar”a müzəffər Ali Baş Komandan zamanında necə cavab verdi? Öncə Laçın–Xankən­di yolunu ekofəallar nəzarətə götürdülər. Sonra işğalçı ölkə ilə arada sərhəd-keçid məntəqəsi qoyuldu və nəhayət, bir gün­lük antiterror əməliyyatı ilə separatçı xun­tanın son bandaları ölkəmizdən qovuldu, Qarabağ problemi birdəfəlik yekunlaşdı. Bütün bu uğurların kulminasiya nöqtəsi isə rus sülhməramlılarının Qarabağı tərk etməsi oldu. Bu, Qarabağda zəfər mara­fonunun möhtəşəm sonluğudur! Bu qədər böyük, əzəmətli hərbi və siyasi qələbə qarşısında kimin nə sözü ola bilər?

Lakin siyasət meydanında səriştəsi və rolu şahmat taxtası üzərindəki piyadadan da aşağı səviyyədə olan “siyasətçilər” bu qədər uğurun qarşısında da boşboğaz­lıq etməkdən çəkinmirlər, həqiqətə uyğun olmayan, bir-birinə zidd nəticələr çıxarır­lar. Çünkü nəyin necə baş verməsindən, hansı nəticənin hasil edilməsindən asılı olmayaraq, gerçəyə müxaliflik göstərmək bu başabəla tör-töküntünün mövcudluq formasına çevrilib. Belə zavallı özünüifa­dədən əl çəkmək isə onlar üçün yox ol­maq deməkdir.

Ruslar Qarabağdan getmək istəmir­dilər. Bunu hər kəs bilirdi. Əslində, bu bölgədə strateji maraqları olan hər hansı bir başqa ölkə də Rusiyanın yerində ol­saydı, buradan getmək istəməzdi. Ancaq indi ruslar iki dövlət başçısının qarşılıqlı razılığı ilə bu addımı atmalı oldular.

“İlham Əliyev Qarabağı qaytarsın, ömürlük prezident seçilsin”, “rusları torpaqlarımızdan çıxartsın ona əhsən deyək” söyləyənlər indi az qala Qaraba­ğı “ermənin, rusun Azərbaycana hədiyyə etməs”i qənaətindədirlər. Bu, siyasi iflasın ən rəzil bir nöqtəyə çatdığından xəbər ve­rir. Bu siyasi xəbislik, milli qeyrətsizlikdən əlavə, həm də kənar ağaların xalqımızın tarixi qəhrəmanlığını, misilsiz Zəfərini aşağılamaq sifarişinin xəyanətkar icrası­dır.

Qoy bu nökər xislətli müxaliflər bilsin­lər ki, Qarabağ münaqişəsinin xalqımızın köklü maraqlarına uyğun olaraq sona çatdırılması nəyi, necə və nə vaxt etmə­yi hamıdan yaxşı bilən dövlət başçımızın müdrik və qətiyyətli siyasəti ilə gerçəkləş­dirildi. Burada ikinci bir malahizəyə, şüb-həyə, uydurmaya yer ola bilməz. 

Son olaraq deyirik: xalqımızın indiki maraq və istəyinə uyğun olaraq, Rusiya sülhməramlıları gedirlər. Çünki ölkəmiz özü regionda sülhün təminatçısına çev­rilib. Başa çatmış Qarabağ münaqişəsi daha bir reallıq yaradıb: artıq sülh məramı və onun təminatı Azərbaycanın öz əlində­dir – sülhməramlılıq ümumxalq missiyası­dır. Belə olan halda sual yaranır: bəs sizin məramınız nədir, ey məramsızlar?!

Fikrət YUSİFOV,
professor

Siyasət