Destruktiv qüvvələrin bölgəyə müdaxiləsi Ermənistana yaxşı heç nə gətirməyəcək
Kanadanın xarici işlər naziri Melani Joli keçən ilin oktyabrında İrəvana səfərində Avropa İttifaqının Ermənistanla Azərbaycan sərhədində yerləşdirilmiş mülki missiyasına ölkəsinin da qoşulacağı barədə verdiyi vədə əməl etdi. Kanadalı ilk ekspert Aleksandr Qruşevski Aİ-nin Ermənistandakı mülki missiyasının sıralarına qoşulub. Bu barədə “X” sosial platformada paylaşım edən “ekspert” yeni səlahiyyətindən çox məmnun qaldığını sevincək şəkildə qeyd edib. Missiyanın İrəvandakı ofisinin “X” sosial şəbəkəsində dərc olunan bəyanatında isə deyilir: “Kanada bu missiyanı dəstəkləyən ilk üçüncü ölkədir (yəni, Aİ üzvü olmayan, kənar ölkə – red.)”.
Bunun erməni lobbisinin anti–Azərbaycan kampaniyasına cəlb etdiyi Ottavanın birinci və axırıncı “qələti” olmadığı şübhəsizdir. Okeanın o tayındakı uzaq və soyuq Kanadanın isti Cənubi Qafqazda baş verənlərdən xəbərsiz Azərbaycana qarşı qərəzli davranışına daha təəccüblənmirik. Bu qərəzin bariz nümunəsini ölkənin xarici işlər naziri Melani Joli keçən il oktyabrın 25-də İrəvana səfəri zamanı “nümayiş etdirmişdi”. Diqqətli oxucuların yadında olar. Həmin səfəri zamanı xanım Joli ölkəmizə qarşı yalan və iftiralar səsləndirməklə kifayətlənməmiş, həddini aşaraq, Azərbaycana sanksiyaların tətbiqi variantının da istisna olunmadığını demişdi. Azərbaycanla təhdid dilində danışmağa cürət edən ermənipərəst Melani Jolinin Qarabağdan könüllü çıxanların Bakıdan geri qayıtmasına şərait yaratmaq tələbini, Azərbaycanı “etnik təmizləmə”də günahlandırmasını da unutmamışıq.
Sülhə qənim kəsilənlər
Faktiki olaraq, ABŞ-ın ştatlarından biri hesab olunan, nəinki xarici siyasət kursunu, hətta diplomatik çıxışlarını belə Vaşinqtondan aldığı təlimatlara uyğun kökləyən Kanadanın Cənubi Qafqaza “müdaxiləsi” də həmin mərkəzin ssenarisinin tərkib hissəsidir. Məgər Ağ evin razılığı olmasaydı, nazir Joli altı ay bundan əvvəl Ermənistanın Azərbaycanla şərti sərhədinə baş çəkə bilərdi? Bəlkə də, o, bu hərəkəti ilə beynəlxalq konvensiyanın tələblərini pozduğunu heç anlamamışdı. Kanadanın beynəlxalq hüquqa saymaz münasibəti üçün, bu, ilk hal deyildi. Ölkəsindəki azsaylı xalqların hüquqlarının tanınmaması üçün hər cür oyundan çıxan, imzaladığı beynəlxalq sənəddən imtina edən dövlətdən ayrı nə gözləmək olar?
Bu gün Ottavanın Azərbaycana qarşı qərəzli davranışının arxasında, heç şübhəsiz, haypərəst Fransa dayanır. Məhz Parisin Kanadanı bölgəmizdəki məkrli oyunlarına ortaq edərək separatçıların dəyirmanına su tökməyə çalışdığı gün kimi aydındır.
“Ermənistanla Azərbaycanın şərti sərhədində İrəvanın törətdiyi təxribatlara göz yuman Avropa İttifaqının mülki missiyasına bir müşahidəçinin əlavə olunması heç nəyi dəyişməyəcək”. Mövzu ilə bağlı “XQ”-yə açıqlama verən Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxovun qənaətinə görə, kanadalının da qatıldığı o missiyadakıların məqsədi məlumat toplamaq, mövqelərimizə nəzarət etmək, eyni zamanda, öz ölkələrinə, İttifaqın rəhbərliyinə hesabat verməkdir: “Bəli, onların məqsədi kəşfiyyat xarakterli fəaliyyətdir. İndi, sadəcə olaraq, bu fəaliyyəti daha da genişləndirərək, məlumat bankını zənginləşdirməyə çalışırlar. Reallıq ondan ibarətdir ki, əgər sərhəddə sabitliyə nail olmaqdan ötrü missiyanı genişləndirməyi düşünürlərsə, ciddi yanılırlar. Çünki atdıqları addımlarla sabitliyə heç cür nail olmayacaqlar. İndi əsas məsələ iki ölkə arasında sülh sazişinin imzalanmasıdır. Bunu yaxşı anlasalar da, görünür, niyyətləri tamamilə başqadır. İrəvan buna razıdırsa, dünyanın bütün ölkələrindən Avropa missiyasına nümayəndələr cəlb eləsin. Onda Ermənistan hakimiyyəti nəyə nail olacaq?”.
Tanınmış politoloq hazırkı durumda rəsmi İrəvanın bölgədəki kövrək sabitliyə və sülh danışıqlarına kölgə salmağa xidmət edən hərəkətlərinin son olaraq, özü üçün acınacaqlı nəticələrə gətirib çıxaracağına diqqəti çəkdi: “Sadəcə, rəsmi İrəvan nəticələri düşünmədən addımlar atır. Amma burada söhbət, ilk növbədə, sülh sazişindən, sərhədlərin delimitasiyasından getməlidir. Bu məsələlərin sırasında Ermənistanın hələ də nəzarətdə saxladığı bizim kəndlərin qaytarılması da var. İrəvan Avropa İttifaqına üzv olmayan Kanada kimi dövlətləri missiyaya cəlb etməklə heç nəyə nail olmayacaq. Çünki həmin missiya gündəlikdə durmayan, aktual olmayan məsələlərlə tərəfləri əsas hədəfdən yayındırmağa çalışır”.
“Bu, Ermənistana dəstək mesajıdır”
ABŞ, Fransa və Avropa İttifaqının Azərbaycan–Ermənistan münasibətlərinə müdaxiləsi bölgədə qeyri-sabitlik mühiti yaradır. Paris və Brüssel geosiyasi ambisiyaları rəhbər tutaraq, Vaşinqtonla birgə Cənubi Qafqazda sabitliyin pozulmasına səbəb olacaq “sülhyaratma missiyası”nı İrəvana “sırımaqda” davam edir. Bu zaman ön cəbhəyə Aİ-nin mülki missiyası çıxarılır.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev Aİ-nin müşahidə missiyasının fəaliyyəti və müddətinin Bakı ilə razılaşdırılmadığını bir daha nəzərə çatdırdı: “Bu barədə fikrimizi əvvəlcədən bildirmişdik. Ermənistana göndərilən Avropa İttifaqı missiyasının tərkibindən danışmaq lazımdır. Ondan başlayaq ki, əvvəlcə həmin missiyanın fəaliyyəti ilə bağlı Azərbaycanla məsləhətləşmələr aparıldı. Amma sonradan Bakı ilə heç bir müzakirə və razılaşma olmadan mülki missiyasının fəaliyyət müddətinin uzadılmasına qərar verildi. İkincisi, ümumiyyətlə, bu mülki missiyanın otuz il işğal altında qalmış sərhəd zolağında yerləşdirilməsi, Ermənistanın ərazi bütövlüyünü dəstəklədiyi barədə açıqlamaları siyasi mesajdır. Yəni, həmin mesaj ondan ibarətdir ki, biz bu münaqişədə birmənalı şəkildə Ermənistanı dəstəkləyirik”.
F.Şəfiyev Aİ üzvü olmayan uzaq Kanadanın Ermənistanla Azərbaycanın şərti sərhədinə öz təmsilçisini göndərməsini İrəvana siyasi dəstək nümayişi kimi qiymətləndirdi: “İndi Kanada təmsilçisinin də şərti sərhəd zonasına göndərilməsi, sadəcə, siyasi mesajdır. Bəli, missiya Ermənistanı dəstəkləyə bilər, amma burada söhbət ondan gedir ki, əgər bu, Avropa İttifaqının missiyasıdırsa, Kanadanın orada nə işi var? Əlbəttə, bu, həm Avropa İttifaqının, həm də Kanadanın mesajıdır. Artıq aydın olur ki, vaxtilə işğala gözünü qapadan Avropa İttifaqı indi açıq-aydın Ermənistanı dəstəkləyir”.
İrəvan mövqesizliyinin altını çəkəcək
Ortada görünən çılpaq həqiqət həm də ondan ibarətdir ki, iki ölkə arasında üç il yarıma yaxındır davam edən normallaşma prosesinin ləngiməsi Ermənistan hakimiyyətinin ikibaşlı mövqeyi ilə birbaşa əlaqədardır. Sülhyaratma prosesində vasitəçilərin moderatorluğu ilə aparılan danışıqların nəticəsiz qalmasının səbəbi məhz rəsmi İrəvanın mövqesizliyidir. Bu gün sülhə sadiqliyini bildirən, sabah isə buna tərs mövqe nümayiş etdirən Paşinyan iqtidarı hələ də müstəqil qərar verməyə cürət eləmir. Amma bu “manipulyativ oyunların” fəsadlarını sonda özü çəkəcək.
Siyasi icmalçı Tofiq Abbasov hesab edir ki, Fransa Avropa İttifaqı və ABŞ-la birlikdə anti-Azərbaycan koalisiyasının tərkibini və təmsilçiliyinin sayını artırmağa çalışır: “Amma nəzərə almırlar ki, həmin Avropa İttifaqında Azərbaycanın mövqeyi kifayət qədər güclüdür. Bu qurumun üzvü olan doqquz ölkə ilə ikitərəfli faydalı əməkdaşlığımız var. Onlar həm də bu səbəbdən Aİ daxilindəki separat danışıqlardan çəkinirlər. Belə təxribata qol qoyan Kanadanın isə bölgədəki proseslərə qətiyyən aidiyyatı yoxdur. Doğrudur, Ottava Helsinki aktına imza atıb, Avroatlantik məkanda baş verənlərə bu ölkəni də cəlb ediblər. Amma üzdə görünən odur ki, Bakıya qarşı siyasi kampaniyada ABŞ-ın, eləcə də Avropanın bir çox dövlətlərinin daxili müşkülləri var. Məhz öz problemlərini aradan qaldırmaq üçün, belə demək mümkünsə, “effektli təəssürat” yaratmağa, Azərbaycanda bunun inikasını meydana gətirməyə çalışırlar”.
Rəsmi Bakının Qərbin bu tip avantürist fəaliyyətindən çəkinmədiyini dilə gətirən siyasi icmalçı Ermənistanın istənilən xarakterli naqolay hərəkətinə dərhal adekvat cavab veriləcəyinə əminliyini vurğuladı: “İndi Ermənistan ordusu “hücum” xarakterli təlimlər keçirir. Bu təlimlərə kifayət sayda zabit və əsgər cəlb olunub. Təbii ki, bütün bunlar faydasız güc nümayişidir. Aİ-nin müşahidəçilərinə gəldikdə isə, əgər Avropa və ABŞ bu işə xeyir-dualarını veriblərsə, istənilən halda həmin mülki missiyanı gücləndirməyə çalışacaqlar. Mənasız cəhdlərdir. Onlar, sadəcə, Ermənistan vasitəsilə Cənubi Qafqaza öz hərbi kontingentini gətirməyi hədəfləyirlər. Bu variantda loqistika və digər məsələlərdə, guya, mülki missiya öz rolunu oynayacaq. O cümlədən Azərbaycan–Türkiyə tandeminə təsir imkanlarını artırmaq barədə düşünürlər. Eləcə də Türkiyə ilə Rusiyanı, İranla Türkiyəni toqquşdurmaq planları üzərində də işləyirlər. Yəni, bu məkrli niyyətlərini reallaşdırmaqdan ötrü indi Qərbə bölgədə hərc-mərclik lazımdır”.
Qərbin anti–Azərbaycan koalisiyası öz planlarını qurmaqda olsunlar, fəqət Bakı “Qafqaz evi”nin sakini, “3+3” formatının əsas oyunçusu kimi, üzərinə düşən vəzifəni, atılacaq addımları çox yaxşı bilir. Eləcə də digər oyunçular da artıq anlayıblar ki, istənilən risklərin, mənfi təsirlərin qarşısı birgə səylərlə alınmalıdır. Yeganə Ermənistandır ki, bu sağlam yanaşma ilə barışmaqda çətinlik çəkir. Amma onu da anlamamış deyil ki, Cənubi Qafqazdan, sözün hər mənasında uzaq olan Fransa və Kanada kimi destruktiv ölkələrin bölgəyə müdaxiləsi İrəvana heç bir dividend gətirməyəcək.
“Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən! Qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın. Bu bölgə əsrlər boyu savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq! Biz bunu tələb edirik!”. Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü il sentyabrın 20-də xalqa müraciətində bu sözləri məhz Kanada kimi riyakar ölkələrə ünvanlamışdı. İşğalçıya dəstək verən Qərbin bəzi dövlətlərinin Azərbaycana qarşı hüquqa və məntiqə söykənməyən ittihamlar irəli sürmələri, ermənisayağı avantüralar səsləndirmələri Cənubi Qafqazı yenidən hərb meydanına çevirməyə hesablanıb. Həmin aktorlar hələ də anlamaq istəmirlər ki, onların məkrli “ssenarinın” gerçəkləşməsini şərtləndirə biləcək zaman və reallıq amilləri artıq bölgədə mövcud deyil.
İmran BƏDİRXANLI
XQ