Vətən müharibəsinin xronikası

post-img

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Vətən müharibəsi 30 illik işğala son qoyan şanlı Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm Zəfər Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

24 oktyabr

• Prezident İlham Əliyev Fransanın “Le Figaro” qəzetinə müsahibə verib.

• Müdafiə Nazirliyinin yaydığı məlumata görə, cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub. Azərbaycan Ordusunun bölmələri cəbhənin müəyyənləşdirilmiş istiqamətlərində döyüş fəaliyyətlərini davam etdirib. Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində mütəşəkkil müqavimət göstərə bilməyən Ermənistan silahlı qüvvələrinin bölmələrinə sarsıdıcı zərbələr vurulub. Düşmənin silah-sursat, yanacaq ehtiyatları anbarları sıradan çıxarılıb, bir neçə dayaq məntəqəsi dağıdılıb, əhəmiyyətli kommunikasiya xətləri nəzarətə götürülüb və mühüm yüksəkliklər azad olunub.

• Düşmənin məhv edilən çoxsaylı döyüş texnikalarının videogörüntüləri təqdim olunub.

• Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən Qubadlı istiqamətində Ermənistan hərbi hava qüvvələrinə məxsus döyüş təyyarəsi və Ağdərə istiqamətində uçuş keçirməyə cəhd göstərən pilotsuz uçuş aparatı sıradan çıxarılıb, Cəbrayıl rayonu istiqamətində “BZEZ” zərbə pilotsuz uçuş aparatı aşkarlanaraq xüsusi texniki vasitələrlə yerə endirilib.

• Artilleriyaçılarımızın dəqiq zərbələr ilə düşmənin atəş nöqtələri susdurulub.

• Müdafiə Nazirliyinin məlumatına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş aviasiyası cəbhənin Ağdərə və Ağdam istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 3 tankını, 2 sığınacağını və 4 dayaq məntəqəsini dəqiq aviasiya zərbələri ilə məhv edib.

• Laçın və Qubadlı istiqamətlərində Azərbaycan Ordusunun hücumlarına qarşı müqavimət göstərə bilməyən və döyüş mövqelərini itirərək geri çəkilməyə məcbur edilən düşmən Ermənistanın Gorus və Qafan rayonları ərazisindən raket və artilleriya qurğuları ilə Laçın və Qubadlı ərazilərini güclü atəşə tutub. Ordumuz əməliyyat planına uyğun olaraq cəbhənin müxtəlif istiqamətlərində əks-hücumu davam etdirib. Ermənilərin könüllülərdən ibarət dəstələri və döyüş texnikası məhv edilərək bir neçə vacib yüksəkliklər azad olunub. Peşəkar Azərbaycan Ordusu yalnız düşmənin silahlı birləşmələrini və legitim hərbi obyektləri hədəfə alır.

• Ermənistanın siyasi-hərbi rəhbərliyi uşaqları da Qarabağda gedən hərbi əməliyyatlara cəlb edir.

• Baş Prokurorluğun məlumatına əsasən, Ermənistan ordusunun Azərbaycanın yaşayış məntəqələrini ağır artilleriya və raket atəşinə tutması nəticəsində ümumilikdə 65 mülki şəxs həlak olub. Onların 18-i qadın, 10-u uşaqdır. Oktyabrın 4-də, 11-də və 17-də raket və ağır artilleriya hücumları nəticəsində Gəncədə 10-u qadın, 6-sı uşaq olmaqla 26 nəfər həyatını itirib, 138 nəfər yaralanıb.

• ANAMA cəbhəyanı ərazilərdə 175 partlamamış hərbi sursat və iki dron aşkarlayıb.

• Ermənistan ordusu Goranboyda yaşayış məntəqəsinə “Smerç” raketləri atıb.

Mustafa KAMAL
XQ





Siyasət