Paşinyan və uydurma “erməni soyqırımı”

post-img

Mifdən imtina avantürizmə üstün gələcəkmi?

Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasının deputatı Andranik Koçaryanın söylədikləri ölkənin siyasi həyatında bomba effekti yaradıb, – desək, yanılmarıq. A.Koçaryan bildirib ki, baş nazir Nikol Paşinyan 1915-ci ildə Osmanlı İmperiyasından deportasiya zamanı 1,5 milyon erməninin öldüyünə inanmır: “Baş nazir Nikol Paşinyan 1915-ci ilə inanmır. Erməni “soyqırımı” (qondarma – red.) ilə bağlı tarixi faktlar dəqiq deyil. Bilinmir ki, Qərbi Ermənistanda (Türkiyədə) 1,5 milyon erməni həqiqətən də qətlə yetirilib, işgəncələrə məruz qalıb və öldürülüb. Paşinyanın, əslində, öz hökmü var. O, işgəncələrə məruz qalan ermənilərin şəxsi məlumatlarını tapmaq, oxumaq, saymaq və əmin olmaq istəyir. Tarixi faktlar, mövcud elmi əsərlər və qərarların çoxluğu onu qane etmir”, – deyə deputat bildirib. 

Koçaryanın sözlərinə görə, Paşin­yanın qondarma soyqırımı ilə bağlı real əsaslar qurmaq və daha obyektiv siyahı hazırlamaq məqsədi var: “İndi deyirik ki, 1,5 milyon erməni qırğına məruz qalıb. Arxivlərdən bu milyon yarımın ad və so­yadını tapmalıyıq, “Soyqırımı muzeyi”nin divarlarına onların ad və soyadları vurul­malıdır”.

Qeyd edək ki, Prezident Rəcəb Tay­yib Ərdoğan, o cümlədən Türkiyə rəs­miləri dəfələrlə bildiriblər ki, qondarma soyqırımı iddiaları ilə bağlı bütün arxiv­lərin açılmasına razıdırlar. Lakin bu fikir Ermənistan rəhbərliyi tərəfindən nəzərə alınmayıb. Ölkənin N.Paşinyana qədərki iqtidarı, ümumən xaricdəki erməni lobbi və diaspor təşkilatları rəsmi Ankaranın yanaşmasına əhəmiyyət verməyərək, “erməni soyqırımı” iddiasını Türkiyəyə qarşı siyasi dividend kimi istifadə ediblər. Görünür, Nikol durumu dəyişmək niy­yətindədir. O, çox yaxşı başa düşür ki, İrəvanın Ankara ilə münasibətlərinin sah­mana salınması üçün başqa çıxış yolu yoxdur. 

Məsələ ondadır ki, qondarma id­dianın ilhamvericisi qismində həm də Fransa çıxış edir. Ölkədə, hətta, “ermə­ni soyqırımı”nın kriminallaşdırılması da həyata keçirilib. Belə ki, saxta məsələni danan hər kəsin cinayət məsuliyyətinə cəlb olunması mütləqdir. Bu şəraitdə sual yaranır: Arxivlər açılsa və rəsmi qaydada müəyyənləşsə ki, soyqırımı adlı şey ol­mayıb, o zaman Fransa nə edəcək? 

Əslində, Qərbin “erməni soyqırımı”nı Türkiyəyə qarşı təsir vasitəsi kimi nəzər­də tutduğu və bununla bağlı oturuşmuş baxışın formalaşdığı hazırkı şəraitdə Paşinyanın A.Koçaryan tərəfindən ifadə olunmuş mövqeyi ilə bağlı suallar çox­dur. Onu da nəzərə alaq ki, məsələnin xəstə erməni ictimai rəyində ciddi müza­kirə predmetinə çevrildiyi hazırkı şəraitdə Nikol axına qarşı üzmək potensialından uzaqdır. Baş nazirin yekunda cəmiyyətin avantürist fikirləri ilə hərəkət etdiyi də aş­kar həqiqətdir. Yəni, Paşinyanın mövqeyi sürüşkəndir. 

Yeri gəlmişkən, “xəstələr” artıq fəaliy­yətə başlayıblar. Onlardan biri Ermənis­tanın xüsusi tapşırıqlar üzrə sabiq səfiri Edmon Marukyandır. Marukyan, necə deyərlər, açıb sandığı, töküb pambığı. O, ölkədə Azərbaycanın və Türkiyənin ma­raqlarına xidmət edən ekspertlərin adları­nı açıqlamaqla diqqəti özünə yönəldərək, xüsusi tapşırıqlar üzrə səfir kimi çalışdığı dövrdə potensial “vətən xainlərini” mü­şahidə etdiyini bildirib. Kimdir həmin xa­inlər? Ekspert Armen Çibuxçyan və so­sioloq Karen Sarkisyan: “Mən işlədiyim bütün dövr ərzində (xüsusi tapşırıqlar üzrə səfir – red.) müxtəlif şəxslərin özləri­ni ekspert və ya analitik adlandıraraq, Er­mənistanın maraqlarına uyğun gəlməyən açıq təbliğat apardıqlarının və aparmağa davam etdiklərinin şahidi oldum. Onların dediklərinin 80 faizi açıq-aşkar yalan və təbliğat, qalanı isə yarı həqiqət və təbli­ğat toplusudur”. 

E.Marukyan vurğulayıb ki, tutduğu vəzifəyə görə Ankara və Bakının bölgədə nə istədikləri haqqında gözəl məlumata malikdir. “Bu adamlar (A.Çibuxçyan və K.Sarkisyan – red.) isə bütün çıxışlarında açıq-aydın Türkiyə və Azərbaycanın əldə etmək istədikləri üçün lobbiçilik ediblər”, – deyən keçmiş səfir Bakı və Ankaranın potensial lobbiçilərinin adlarını davamlı olaraq açıqlayacağını diqqətə çatdırıb və hələlik A.Çibuxçyanın və K.Sarkisya­nın adlarını çəkməklə kifayətlənib, qonaq olduğu yerli televiziyanın efirindən hər ikisinə ittiham yağdırıb. Onun sözlərinə görə, ekspertin və sosioloqun fəaliyyəti ictimai əhvali-ruhiyyənin düzgün forma­laşmasına mənfi təsir göstərir. Bu da son nəticədə, guya, ölkəyə ziyan vura, qanla dolu ictimai-siyasi cərəyanların formalaş­masına gətirib çıxara bilərmiş...

E.Marukyan onu da bildirib ki, A.Çi­buxçyan təhlillərini yarı həqiqətlər və yarı yalanlar əsasında təqdim edir. Onun fikrincə, belə yanaşma Ankaranın və Ba­kının maraqlarının gözəl tərtibatlı təbliğa­tıdır. Qeyd edək ki, A.Çibuxçyan 2017-ci ilə qədər Ermənistanda yaşayıb və həmin müddət ərzində “Yerkir Media” və “İkin­ci” telekanallarında işləyib. İndi ömrünü ABŞ-da davam etdirir. Daha doğrusu, Birləşmiş Ştatlarda özünün “YouTube” kanalını açaraq fəaliyyət göstərir. Maruk­yan onun nə müvafiq təhsilinin, nə də be­yin mərkəzlərində işləmək təcrübəsinin olduğunu dilə gətirib. Keçmiş səfir, eyni zamanda, bildirib ki, özünü analitik kimi təqdim edən A.Çibuxçyan Azərbaycanın və Türkiyənin gündəliyini təbliğ etməklə pul qazanır. Marukyan Çibuxçyanı adi “macəraçı və fırıldaqçı” adlandırmaqdan da çəkinməyib.

İkinci personaj sosioloq K.Sarkisyana gəlincə, o, Ermənistanda yaşayır. Marik­yan nə qədər çalışsa da, bu şəxsin tərcü­meyi-halı ilə bağlı heç bir məlumat tapa bilmədiyini açıqlayıb. “Biz” blokunun tər­kibində seçkilərdə iştirak edərkən verdiyi açıqlama onun işsiz olduğunu göstərirdi. Həqiqətən sosioloq kimi fəaliyyət göstər­diyini fərz etsək belə, qeyd edə bilərəm ki, o, akademik bilik bazasına maliklik baxımından aidiyyatı olmayan mövzula­rı təhlil edən şəxsdir. Lakin bu şəxs aktiv fəaliyyət göstərir. O, adi bir avantüristdir, amma 100 min baxış toplayır”, – deyən E.Marukyan Sarkisyanın “Türkiyə bizim düşmənimiz deyil” kimi bəyanatlarının müəllifi kimi populyarlıq qazandığından söz açıb. Keçmiş səfir, həmçinin sosio­loqun “Bizim düşmənimiz Rusiyadır. Tür­kiyə Böyük Yeğernin arxivlərini açanda çoxları şokedici məlumatlarla qarşılaşa­caq” kimi bəyanatlarına diqqət çəkib.

Ən əsası isə Marukyan bildirib ki, istər A.Çibuxçyanın, istərsə də K.Sarkisyanın apardıqları təbliğat Türkiyənin üzərindən “erməni soyqırımı”nın törədilməsinə görə məsuliyyətin götürülməsinə hesablanıb. Onun fikrincə, bu işin gerçəkləşməsi başlıca məqsədə çatmaq üçün lazımdır: “Başlıca məqsəd Türkiyənin Ermənis­tanda hərbi bazasının yerləşdirilməsinə haqq qazandırmaq və “Zəngəzur dəhlizi” ideyasının gerçəkləşməsinə dəstək ol­maqdır”.

Göründüyü kimi, N.Paşinyanın “er­məni soyqırımı” ilə bağlı mövqeyinə qar­şı əks fikirlər baş qaldırmaqdadır. Baş nazirin dediklərini çatdıran A.Koçaryan isə vurğulayır ki, Ermənistan tərəfi 1,5 milyon erməninin soyqırımına məruz qal­dığını bildirirsə, həmin şəxslərin adlarını və soyadlarını təqdim etməlidir. “Yoxsa qarşı tərəf deyəcək ki, belə şey heç vaxt olmayıb. Elə deyirlər də…” fikrini bölüşən hakim partiyanın deputatının özünü də Türkiyəyə işləməkdə günahlandıranların aktiv hərəkətə keçdikləri məlumdur. On­lar Koçaryanın dilə gətirdiklərinin Ankara­nın tezisləri olduğunu vurğulayır, beləlik­lə, həm Türkiyəyə, həm də Azərbaycana nifrət aşılayırlar. Bu qüvvələr revanşizmi və şovinizmi təbliğ etməklə, bütövlükdə Cənubi Qafqaz regionunda sülhün for­malaşmasına əngəl yaradırlar. 

Əvvəldə də bildirdiyimiz kimi, iradəsiz və prinsipsiz baş nazir N.Paşinyan və ko­mandasının üzvləri nə qədər konstruktiv yüklü bəyanatlar versələr də, yekunda belə avantüristlərin çaldıqları havalara qol qaldırırlar. 

Ə.RÜSTƏMOV
XQ

Siyasət