VIII MƏQALƏ
Hər bir xalqın özünün böyük milli ideyası var.
İvan Oxlobıstin
Bundan əvvəlki məqalədə vurğuladığımız kimi, milli ideya ilə milli təhlükəsizliyin qarşılıqlı əlaqəsi kifayət qədər geniş faktorları əhatə edir. Onları iki qrupa – xarici (regional və qlobal miqyaslardan olan təsirlər) və daxili faktorlara bölmək olar. Daxili faktorları milli təhlükəsizlik kontekstində milli ideya stimullaşdıra bilər. Onun reallaşması isə güclü lider – güclü dövlət – güclü cəmiyyət vəhdəti sayəsində baş tutur. Burada aparıcı rol, təbii ki, güclü liderə məxsusdur. Çünki tarixən ən mürəkkəb situasiyalarda çıxış yolunu lider müəyyən edir və cəmiyyəti arxasında aparır. Hazırkı mərhələdə liderin rolu daha da artmışdır.
Beləliklə, milli təhlükəsizliyin təminatının daxili faktorları kimi güclü lider, güclü dövlət və güclü cəmiyyətin birgə fəaliyyəti üçün müvafiq “xarici mühit” olmalıdır. Burada “xarici mühit” və ya “ətraf mühit” dedikdə məsələnin geosiyasi kontekstini nəzərdə tuturuq.
Milli ideyanın geosiyasi konteksti
Burada dövlətin güclü olması mühüm şərtdir. XXI əsrdə dövlətçiliklə bağlı aparılan tədqiqatlarda geosiyasi problemlərin zəif dövlətlərin mövcudluğundan qaynaqlandığı haqqında tezis xüsusi yer tutur. Bu kontekstdə Frensis Fukuyama yazır ki, “dövlət özünü yeniləşdirə bilməlidir” ki, real gücü dinamik olsun və istənilən dəyişən situasiyaya yaradıcı tərzdə uyğunlaşa bilsin. Eyni zamanda, F.Fukuyama güclü dövlət kontekstində siyasi identiklik və suverenlik kimi faktorların mütləq nəzərə alınmasını ayrıca vurğulayırdı.
Belə çıxır ki, müasir Qərb politoloji fikrində müstəqil dövlətin güclü olmasını regional və qlobal miqyaslarda ciddi təsiri olan faktor hesab edirlər. Burada bir neçə məqam ön plana çıxır: dövlətin özünü yeniləşdirməyi bacarması, siyasi və mədəni identiklik (özünütanıma) və suverenlik. Bu faktorlar XXI əsrdə dövlətin güclü və müstəqil olması üçün vacib şərtlərdir.
Buradan belə məntiqi nəticə alınır ki, hər bir müstəqil dövlətin gücünün mütləq geosiyasi konteksti vardır. Dövlətin özünü daim yeniləşdirə bilməsi, suverenlik və siyasi-mədəni identikliklə bağlılığı isə məsələni birbaşa milli ideyaya yönəldir. Bununla Azərbaycan üçün yeni tarixi mərhələdə güclü dövlətçiliklə milli ideyanın həyata keçməsi arasında əlaqənin təbiiliyi və geosiyasi əsaslılığı aydın olur.
Bunlarla yanaşı, milli ideyanın geosiyasi kontekstinin iki səviyyəsinin mövcudluğu aydınlaşır. Birincisi, cəmiyyət və dövlətdə özünüinkişaf (özünü gücləndirmə mənasında) potensialının daim aktuallaşması və reallaşması şəraitinin mövcudluğu. İkincisi, dövlətin regional və qlobal inteqrasiya proseslərində milli təhlükəsizliyi təmin etmək şərti ilə fəal iştirakı.
İkinci faktor birincidən qaynaqlanır. Çünki cəmiyyət və dövlət daim özünü gücləndirmək mexanizmlərinə malik deyildirsə, başlanğıcda uğurlu görünən nailiyyətlər hansısa məqamda “qırıla” bilər. Dövlət ətrafdan olan mənfi təsirləri neytrallaşdırmaq qüdrətini bununla itirə bilər. O halda milli ideyanın reallaşması proses olaraq dayanır və bütövlükdə, deqradasiya mərhələsi başlayır.
Deməli, dövlətin və cəmiyyətin daxili gücü və onun daim aktuallaşa bilməsi regional və qlobal inteqrasiyada milli maraqlardan və milli ideyalardan çıxış edərək, iştirakın bazasıdır. Bu daxili əlaqə praktikada konkret inteqrasiya modellərinə dövlətin milli ideyanın mahiyyəti kontekstində aktiv reaksiya verməsi və mümkün variantlardan ən uyğun olanını seçməsi məsələsi ilə sıx bağlıdır. Buradan Cənubi Qafqazda hazırda hansı geosiyasi inteqrasiya modellərinin özünü göstərdiyi məsələsini milli ideya kontekstində araşdırmağın vacibliyi özlüyündə aydın olur.
Öncə onu vurğulayaq ki, indiki mərhələdə regionda inteqrasiya Avropa İttifaqı, ABŞ, Rusiya (Avrasiya inteqrasiya modeli çərçivəsində), Çin və Türk Dövlətləri Təşkilatı layihələrinin rəqabəti şəraitində özünü göstərir. Bir sıra tədqiqatlarda son illərə qədər regionda inteqrasiya layihəsi kimi TDT-ni nümunə gətirmirdilər. Lakin artıq TDT qlobal miqyasda qəbul edilən güclü inteqrasiya layihəsidir. İndi TDT olmadan Cənubi Qafqaz da daxil olmaqla geniş geosiyasi məkanda (Avrasiyada) hansısa real inteqrasiya layihəsindən danışmaq mümkün deyildir. Bunun geosiyasi-nəzəri sübutu vardır.
Məsələyə H.J.Makkinderin “Heratland” (Yer kürəsinin “ürəyi”) nəzəriyyəsi prizmasında baxsaq, Qafqaz və Mərkəzi Asiya qlobal geosiyasi proseslərin mərkəzi kimi təsəvvür edilə bilər. H.Makkinderin özü də Avrasiya kontekstində Xəzər hövzəsinə və Mərkəzi Asiyaya xüsusi qiymət verirdi.
Bundan başqa, Z.Bzejinski əsərlərində Azərbaycanı Qərblə Asiya arasında “əsas geosiyasi körpü” kimi təqdim edirdi. Henri Kissincerin də buna bənzər fikirləri mövcuddur.
Bu geosiyasi məkanda isə bir neçə türk dövləti yerləşmişdir. Avropanın cənubundan başlayaraq Qafqazdan keçməklə Mərkəzi Asiya və Çinə qədər geniş ərazidə, bir tərəfdən də şimalda Rusiya və cənubda İranla həmsərhəd məkanda türk dövlətləri yerləşir. Türk dövlətlərinin Avrasiya miqyasında geosiyasi yeri və rolu tam dəqiqləşmədən burada heç bir inteqrasiya layihəsi reallaşa bilməz. Buna görə də TDT-yə diqqət son zamanlar ayrıcadır.
Hazırda politoloqlar iki variantdan birinin reallaşacağı qənaətindədirlər. Birinci variant: mərkəzində TDT-nin olduğu geosiyasi inteqrasiya modeli, ikinci variant: TDT ilə yanaşı, Cənubi Qafqazda və Mərkəzi Asiyada pozitiv rol oynaya biləcək hansısa böyük geosiyasi gücün birgə iştirakı ilə yaranan inteqrasiya layihəsi. Hər iki variant üçün əsas rol oynayacaq dövlət Azərbaycandır. Çünki Azərbaycan həm coğrafi, həm geosiyasi, həm də mədəni aspektlərdə vurğulanan inteqrasiya layihələrinin mərkəzinə düşür.
Bütün bunlara baxmayaraq, mili ideya məsələsi olduqca geniş və strateji xarakterli faktordur və ona görə də indi mövcud olan hər bir inteqrasiya layihəsi konteksti araşdırılmalıdır.
Cənubi Qafqazda Aİ-nin inteqrasiya strategiyası
Avropa İttifaqının müxtəlif coğrafi və geosiyasi istiqamətlərdə yeritdiyi siyasətdə qonşuluq siyasəti və genişlənmə bir-biri ilə sıx əlaqədə həyata keçirilir. Burada əsas məqsəd Aİ-nin Şərq və Cənub istiqamətlərində təsirini artırmaq və özünə sərf edən geosiyasi mühit yaratmaqdan ibarətdir. Bu məqsədlə “Şərq tərəfdaşlığı” adlı xüsusi proqram da hazırlanmışdır. Bu proqrama Cənubi Qafqazın üç dövləti də daxildir (Azərbaycan, Gürcüstan və Ermənistan). Şərqi Avropadan isə Ukrayna və Moldova.
Belə çıxır ki, Aİ qonşuluq və genişlənmə siyasətlərini yaxın qonşuları öz geosiyasi təsir orbitinə daxil etmək kimi strateji bir məqsədə çatmaq üzərində qurur. İllərdir ki, Aİ-nin Cənubi Qafqazdakı fəaliyyətində məhz bu məqam üstünlük təşkil edir. Lakin meydana bir sıra ziddiyyətlər çıxmışdır ki, onlar Aİ-nin Cənubi Qafqazda inteqrasiya layihəsinin tam olaraq uğurlu olacağına ciddi suallar meydana gətirir. Həmin sualların bir qismi “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində Azərbaycan tərəfindən səsləndirilmişdir.
Prezident İlham Əliyev “Şərq Tərəfdaşlığı”nın Vilnüs (2013-cü il) və Praqa (2014-cü il) sammitlərində Aİ-nin assosiativ üzvlüklə bağlı qoyduğu şərtlər daxilində əməkdaşlığın davam etməsinin Azərbaycan üçün məqsədəuyğun olmadığını ifadə etmişdir. Assosiativ üzvlüyün yalnız bir tərəfin maraqlarını nəzərə aldığı və suverenliyə ziyan vurduğu Bakı tərəfindən bildirilmişdir. Bunun əvəzində Azərbaycan rəhbərliyi Aİ-yə yeni əməkdaşlıq paketi təklif etmişdir.
Əvvəlcə müqavimətlə qarşılanan təkliflər paketinin 2020-ci ilə qədər 90 faizi razılaşdırılmışdır. Azərbaycan rəhbərliyinin gətirdiyi arqumentlər göstərir ki, başlıca suallar məhz milli maraqlar və milli ideyanın reallaşması perspektivləri ilə bağlıdır. Konkret olaraq, Azərbaycan suverenliyin təmini və ərazi bütövlüyünün bərpası üçün geniş imkanların yaradılmasını (həmin mərhələ üçün milli ideyanın əsas tezisi) ön plana çıxarmışdır.
Bu məqamda Aİ-nin Cənubi Qafqaz siyasətində yerli dövlətlərin milli maraqlar və milli ideya kontekstində başlıca şərtlərini nəzərə almaq istəməməsi aydın olur. Bu, o deməkdir ki, Brüsselin inteqrasiya layihəsinin daxili ziddiyyətləri vardır. Həmin ziddiyyətlər təşkilatın qonşuları hesabına genişlənməsi planları ilə bunu reallaşdırma mexanizmləri arasındadır. O cümlədən, Cənubi Qafqazda geosiyasi inteqrasiya bu ziddiyyətlər fonunda reallaşa bilməz.
2013-2014-cü il Rusiya-Ukrayna böhranı bu tezisin doğrulunu təsdiq edən faktlardandır. Bundan əvvəl – 2008-ci ildə Aİ-nin Rusiyanın Gücüstanın iki bölgəsini işğal etməsinin qarşısını ala bilməməsi də ciddi faktlardandır. Məhz bu hadisə Qərbin siyasi şüurunu, sözün həqiqi mənasında, şoka saldı və Qafqaz istiqamətində siyasətə düzəlişlər etmək zərurətini qəbul etdilər. Nəticədə 2015-ci ildə Aİ “Yeni Qonşuluq Siyasəti” adlanan sənədi hazırladı. Lakin bu sənəddə də Cənubi Qafqaza ədalətli yanaşma və real inteqrasiya yaratmaq ruhu görünmür. Bundan başqa, milli maraqların qorunmasına və suverenliyə tam təminat verən Azərbaycanın təkliflər paketi də neçə illərdir ki, tam olaraq razılaşdırılmır. Əsas maneəni də Azərbaycan tərəfi bəyan etmişdir: Brüssel enerji sahəsində Azərbaycanın milli maraqlarına və suverenliyinə cavab verən mövqe nümayiş etdirmir.
Beləliklə, Avropa İttifaqının Cənubi Qafqazda inteqrasiya layihəsi milli maraqlar, suverenliyin tam təmini və milli ideyanın reallaşması üçün zəruri olan şəraitin yaradılmaması səbəblərindən gerçək perspektivli model təsiri bağışlamır. II Qarabağ savaşından sonra Brüsselin Azərbaycana və regiona münasibətdə tutduğu mövqe də bu tezisi təsdiq edir. Aİ, faktiki olaraq, Azərbaycanın haqlı qələbəsini nəinki qəbul etmək istəmədi, hətta regionu qarışdırmaq üçün addımlar atmağa başladı. Xüsusilə Fransa konstruktiv olmağın bütün şərtlərini pozaraq, birbaşa dağıdıcı işlər görməyə çalışdı. Əlbəttə, bu şərtlər daxilində hansısa həqiqi inteqrasiyadan bəhs etmək mümkün deyildir. Deməli, Cənubi Qafqazda Aİ-nin nüfuz qazanması şansı çox olsa da, səhv mövqeyi ilə bu imkandan özünü məhrum edir.
Bunlar onu ifadə edir ki, yeni tarixi mərhələdə Azərbaycan Brüsselin Cənubi Qafqazda inteqrasiya layihəsinə son dərəcə ehtiyatla yanaşacaqdır.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitki, fəlsəfə elmləri doktoru