“Gallup”ın sorğusu: Nikol getsin, “yeni Paşinyan” gəlsin

post-img

Beynəlxalq qurum erməni baş nazirə hansı mesajı çatdırır?

Dünyanın məşhur sorğu təşkilatı olan “Gallup” Beynəlxalq Assosiasiyası Ermənistanda ictimai rəyi öyrənib və iki nəticəyə gəlib. Birincisi, baş nazir Nikol Paşinyanın reytinqinin həddən artıq aşağı düşməsi. İkincisi, ölkədə Rusiyanın nüfuzunun xeyli geriləməsi. Söhbətimiz bu barədədir. Mövzu ilə bağlı “Gallup”ın Ermənistan nümayəndəliyinin rəhbəri Aram Navasardyanın fikirlərini diqqətə çatdıracağıq. Əlbəttə ki, onun bildirdikləri əsasında formalaşmış qənaəti də həmçinin. Ancaq qənaətimizi möhkəmləndirmək üçün əvvəlcə “Gallup” barədə məlumat verək.

***

Beləliklə, “Gallup International Asso­ciation” adı ilə dünya brendinə çevrilmiş təşkilat 1935-ci ildə yaradılıb. 1947-ci ildə İsveçrənin Sürix şəhərində qeydiyyatdan keçib. Qeydiyyat məkanı kimi İsveçrə­nin seçilməsi təsadüfi deyil. Axı, ölkə o zamandan əbədi bitərəfliyini elan edib. “Gallup” da özünü tərəfsiz sayır. Görək necə?..

“Gallup”ın məqsədi daxili və xarici siyasət məsələləri ilə bağlı müntəzəm ictimai sorğular keçirməkdir. Təşkilat ABŞ-da ictimai rəyin vəziyyəti haqqın­da ən etibarlı məlumat mənbələrindən biridir. Çox güman, onun beynəlxalq nü­fuzunu şərtləndirən də elə məhz budur. Əlbəttə, başqa amillər də nəzərə alınma­lıdır... 

1984-cü ildə Corc Gallupun ölümün­dən sonra qurum 1969-cu ildə Donald Klifton tərəfindən qurulan psixoloji tədqiqat şirkəti olan Seleksiya Araşdırmaları Birliyi tərəfindən satın alınmışdı. Bundan sonra müxtəlif ölkələrdə “Gallup” bren­dinin mülkiyyəti ilə bağlı münaqişələr davam etmişdi. Hətta, C.Gallupun oğlu Aleks assosiasiyanın 50-dən çox üzvü­nün adında “Gallup” sözünün işlədilmə­si hüququna etiraza cəhd göstərmişdi. Mövcud istiqamətdəki proseslərin hansı nəticələri doğurduğu məlum deyil. Elə “Gallup” Beynəlxalq Assosiasiyasının ha­zırkı missiyası da məchuldur. 

***

Missiyadan söz düşmüşkən, dün­ya sorğu brendinə çevrilmiş “Gallup” sırf Qərbyönümlü təşkilatdır və onun müxtəlif ölkələrdə ictimai rəyin manipul­yasiyası ilə məşğul olduğuna dair fakt­lar yetərincədir. Ermənistana gəldikdə isə qurum bir vaxtlar keçirdiyi sorğularla sabiq prezident Serj Sarkisyan barədə “ölüm hökmü” çıxarmış, hazırkı baş nazir N.Paşinyanı və komandasını “göylərə qaldırmışdı”. Elə isə hazırda nə üçün Ni­kol, obrazlı desək, göylərdən yerə endiri­lir. Səbəb nədir? Bunu yazının gedişində bildirəcəyik, daha doğrusu, diqqətə çatdı­racaqlarımız fonunda məsələ ilə bağlı rəy formalaşacaq. 

Sual yaranır: Görəsən, “Gallup” nə üçün N.Paşinyanın reytinqi ilə Rusiya­nın Ermənistandakı nüfuzunu eyni tutur? Qəribə deyilmi? Nəzərə alsaq ki, “Gal­lup” bir Qərb təşkilatıdır, indiki həssas məqamda onun Nikolu gözdən salmaq cəhdində bir çox mətləblər var. Maraqlı nəticə hasil olur. Buradan Ermənistanın hazırkı iqtidarının boynuna biçilmiş missi­ya da açıq-aydın görünür. Söhbət Rusiya ilə mübarizədən gedir. “Gallup”ın Ermə­nistan nümayəndəliyinin rəhbəri Aram Navasardyan da vurğulayır ki, ölkənin hazırkı iqtidarı anti-Rusiya ritorikasını gücləndirmək üçün çox çalışır. “Əmma”­sı budur ki, Paşinyanın Rusiya ilə, həm də Ermənistandakı rus təsiri ilə müba­rizəsi Qərbdə müsbət qarşılanmır. Belə görünür, ondan daha qətiyyətli addımlar atmaq tələb olunur. Deməli, Nikolun rey­tinqində ciddi “eniş” həmin qətiyyətli ad­dımları ata bilmədiyi üçün yaranır. 

Əlbəttə, Paşinyan administrasiyası­nın ölkədəki nüfuzu aşağı düşüb. Bunun bir çox səbəbləri var. Nikolun hakimiy­yətə gəldikdən sonra verdiyi “dağı dağ üstə qoymaq” vədi yerinə yetməyib. 44 günlük müharibə acınacaqlı vəziyyət doğurub. Üstəlik, erməni cəmiyyətində xronoloji xəstəliyə çevrilmiş Qarabağ avantürizmi sıradan çıxıb. Mövcud fonda “Gallup”ın sırf Rusiya üzərinə köklənməsi onu göstərir ki, Qərbdə Nikoldan istəklər başqadır. Belə görünür və həm də tam aydındır ki, o, hakimiyyətə gətiriləndə qarşısına qoyulmuş məqsəd Ermənista­nı Moskvanın təsirindən uzaqlaşdırmaq olub. 

Əslində, erməni baş nazirin məqsədə doğru seçdiyi metod da aydındır. Nikol Qarabağ məsələsinin prinsipcə Rusi­ya ilə bağlılığını gözəl dərk edirdi. Ona görə onun hakimiyyətə gəldikdən sonra Azərbaycanla danışıqlar prosesini da­lana dirəməsi, habelə verdiyi avantürist bəyanatların təkcə ölkəmizə deyil, eyni zamanda, Rusiyaya qarşı yönəldiyini vur­ğulamaq mümkündür. Ancaq burada ma­raqlı nüans var. Paşinyan Qarabağdan tamamilə imtinanı düşünmürdü. İstəyi bu idi ki, bölgə xüsusundakı erməni avan­türizmi Kremlin patronajlığından çıxıb Qərbin egidası altına girsin. Elə indi də məqsəd eynidir. 

Ancaq Qərbin Ermənistanı anti-Rusi­ya cəbhəsinə çevrimək niyyəti və bu niy­yətdən irəli gələrək, Moskvanı tamamilə Cənubi Qafqazdan sıxışdırmaq məqsədi Ermənistanın Qarabağ avantürasından daha böyükdür. İkinci birincinin yanında lokal səciyyə daşıyır. “Gallup”ın sorğu­su da Qərbin başlıca məramının rəsmi İrəvanın identikləşdirdiyi ambisiyalardan yüksəkdə dayandığının təsdiqidir. Demə­li, assosiasiyanın nəticələrini Paşinyana mesaj kimi dəyərləndirmək mümkündür. Yəni, beynəlxalq sorğu brendi Nikola reallığı göstərir. Amma təkcə göstərmir, eyni zamanda, hədə-qorxu gəlir. Bu yer­də təşkilatın Ermənistandakı emissarı A.Navasardyanın fikirlərinə bir qədər əhatəli nəzər salaq. 

Əlbəttə, A.Navasardyan açıq şəkil­də deyə bilməz ki, Qərb Paşinyandan Rusiya ilə mübarizədə nəticə əldə et­mədiyi üçün narazıdır. O, baş nazirin reytinqindəki enişin gözlənilən olduğunu vurğulayır, hətta bildirir ki, nəticələr fərq­li, yəni müsbət olsaydı, təəccüblənərdi. Niyə? Çünki Navasardyanın sözlərinə görə, təhlükəsizliklə bağlı problemlərdən tutmuş sosial proqramların icrasınadək müxtəlif sahələrdə Ermənistanda uğur­suzluqlar var: “Hesab edirəm ki, Paşin­yan özü də resursunu artıq tükəndirib. Hətta yaxın altı ayda növbədənkənar seçkilər formasında təzahürlər olmasa belə, o zaman Paşinyanın hakimiyyət daxilində dəyişdirilməsi məsələsi ortaya çıxa bilər. Onun yerinə ehtiyat şəxslərdən biri təyin olunacaq. Çünki reytinqi artıq aşağı düşüb”.

Hesab edirik ki, A.Navasardyanın “sosial proqramların icrasındakı uğur­suzluqlar” məntiqindənsə, gətirdiyimiz iqtibasda vurğuladıqları daha önəmlidir. Təsəvvür edin, bu fikirləri söyləyən bir sorğu təşkilatının Ermənistandakı nü­mayəndəliyinin rəhbəridir. Prinsipcə, o, heç bir halda belə danışmamalıdır, öz gördüyü işdən, daha dəqiq desək, “Gal­lup”ın rəy sorğusunun xüsusiyyətlərindən söz açmalıdır... 

A.Navasardyan kənarda yox, məhz Ermənistanın hakim komandası daxilin­də Paşinyana “əvəz axtarırsa”, hər şey aydındır. Yəni, “Gallup”ın Ermənistan­dakı işi yalnız sorğu keçirmək deyil. Elə isə diqqət yetirək görək A.Navasardyan başqa nələrdən danışır. Beləliklə, “Gal­lup”ın Ermənistandakı başlıca fiqurun– “Paşinyanın dəyişdirilməsi” məntiqini genişləndirərək vurğulayır ki, Nikolu ha­kimiyyətə gətirənlərin indi görünməyən, lakin istənilən halda mövcud olan ehtiyat variantları var və bu dəyişiklik partiyanın özündə çox təcili həyata keçirilə bilər. 

A.Navasardyanın sözləri yalnız həd­dini aşmaq deyil. Ancaq onun söylədiklə­rindən, eləcə də, Ermənistandakı hakim komandanın təmsilçilərinin zaman-za­man dediklərinin tonundan bir neçə nə­ticə hasil olur. Birincisi, Qərbin ölkədə “Vətəndaş sazişi”ndən başqa siyasi qüvvəsi yoxdur və onun bütün tərəfdarları bu hakim partiyada birləşiblər. Deməli, A.Navasardyanın “daxildən dəyişiklik” məntiqi keçərli sayıla bilər. Əslində, bu şəxs hər şeyi tam aydın deyir. Məsələn, o bildirir ki, Paşinyanın reytinqinin aşağı­lığı heç bir halda müxalifət partiyalarının fəallığının nəticəsi sayıla bilməz və əks cinahdan Nikola alternativ yoxdur. Yəni, Qərb üçün başqa qüvvənin önə çıxması qəbuledilməzdir. 

İkincisi, “Vətəndaş sazişi” daxilində yeni Paşinyan, yəni yeni baş nazir olmaq uğrunda mübarizə gedir. Əslində, müba­rizənin işartılarını görmək mümkündür. Nəzərə alsaq ki, başlıca məqsəd Rusiyanı Ermənistandan çıxarmaqdır, hakim siyasi qüvvənin təmsilçilərinin, necə deyərlər, Roma papasından artıq katolikliyə can at­dıqları diqqətdən yayınmır. Məsələn, ölkə­nin təhlükəsizlik şurasının katibi Armen Qriqoryan və parlament sədri Alen Simon­yan. Bu iki şəxs Moskva ilə ziddiyyət do­ğuran fikirləri ilə Nikoldan qat-qat irəlidə­dirlər. Yəni, Qərbə özlərini Paşinyandan daha yaxşı anti-rus kimi göstərirlər, sanki baş nazirlə yarışa girişiblər.

***

Sonda bir təzadı vurğulayaq. Necə ola bilər ki, Paşinyanın da, Rusiyanın da Ermənistandakı nüfuzu kəskin şəkildə aşağı düşsün? Özü də eyni vaxtda. Ele­mentar məntiq var, axı. O məntiqə görə, Kreml Ermənistanda populyar deyilsə, deməli Nikol yaxşı işləyir. Ancaq Paşin­yan saydığını saysın, görək Qərb nə sayır. Bəli, bir daha vurğulayaq ki, “Gal­lup”ın sorğusunun nəticəsi Qərbin sırf Paşinyandan narazılığının nəticəsidir. Görünür, o, barıtı daha tünd edə bilmir. Bəs Nikolun başqası ilə dəyişdirilməsi necə həyata keçirilə bilər? Hər halda, A.Navasardyanın bildirdikləri Ermənis­tan parlamentinin iclasını çağırmaq kimi asan məsələ deyil. 

Ə.RÜSTƏMOV
XQ

Siyasət