Korrupsioner senatorların Qarabağ separatçıları üçün azadlıq tələbi

post-img

ABŞ ermənisevdalılarının Antoni Blinkenə məktubu və bəşəri dəyərlərlə manipulyasiya

Düzəlmişdi hər yarağı, qalmışdı saqqal darağı. Bir qrup ABŞ senatorunun ölkənin Dövlət Departamentinin rəhbəri Antoni Blinkenə ünvanladığı birgə müraciəti bu el misalımızın məna çalarları ilə üst-üstə düşür. Müraciətdə nədən söz açıldığını diqqətə çatdıracağıq. Hələlik isə qeyd edək ki, sənədlə bağlı məlumatı yayan Birləşmiş Ştatların Konqresi deyil, ölkədəki erməni lobbi və diaspor təşkilatlarının başında dayanan “Ay Data” Amerika ofisidir. 

İkinci diqqət çəkən məqam mü­raciətin Dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen və Ermənistan baş na­ziri Nikol Paşinyanın dünən Brüsseldə keçirilmiş görüşündən əvvəl tirajlanma­sıdır. Görünür, ermənipərəst senatorlar öz aləmlərində sözügedən təmas üçün gündəlik müəyyənləşdirmək fikrinə dü­şüblər. Beləliklə, senatorlar Ed Markın, Bill Kessidinin, Tom Tillisin və Hari Pe­tersin Birləşmiş Ştatların Dövlət Depar­tamentinin rəhbərinə birgə müraciətlə­rində Qarabağın artıq canını tapşırmış separatçı rejiminin Azərbaycanda həb­sdə olan liderlərinin azad edilmələrinə çağırış səslənib.

Əlbəttə, sözügedən çağırışda ümumən ölkəmizdə saxlanıldığı iddia edilən hərbi əsirlərin də azad olunması üçün kömək göstərilməsi tələb olunur. Eyni zamanda, belə görünür, senatorlar köhnə havadadırlar. Onlar məktublarında Qarabağ ermənilərinin hüquqlarının tə­min edilməsindən də söz açaraq bildirib­lər ki, Azərbaycanın, guya, bölgədə həya­ta keçirdiyi soyqırımı siyasəti məsuliyyət yaradır və mövcud istiqamətdə tədbirlə­rin görülməməsi ədalətin qərarlaşmasına yönələn səylərə zərbə vurur. Senatorlar, həmçinin cəzasızlıq mühitinin Bakını yeni işğallara həvəsləndirdiyi kimi cəfəng məntiqlərini də işə salıblar. Onların üzə­rində dayandıqları başlıca məqamlardan biri də Qarabağ ermənilərinin öz yaşayış yerlərinə dinc və təhlükəsiz qayıdışlarının təminatının fundamentallığıdır. Görəsən, fundamentallıq nə deməkdir? 

Aydındır ki, Azərbaycan dövləti dəfələrlə Qarabağın erməni əhalisinin bölgəyə qayıdışına təminat verdiyini açıqlayıb. Mövcud xüsusda onların Azər­baycan vətəndaşı kimi ömür sürmələri və vətəndaşlıq hüquqlarından yararlan­maları üzərində dayanılıb. Lakin bu, nə rəsmi İrəvanı razı salır, nə də Ermənis­tanın xaricdəki havadarlarını. Onlar əv­vəlcə xüsusi beynəlxalq təminat amilini qabardır və məsələni Bakı–İrəvan sülh gündəliyinə gətirmək istəyirdilər. Lakin iddianın gerçəkləşməsi mümkün olmadı­ğından, erməni iqtidarı mövcud ritorikanı sülh gündəliyindən kənar saxladı. Ancaq bu yanaşma rəsmi İrəvanın beynəlxalq miqyasda apardığı anti-Azərbaycan təb­liğatının başlıca tərkib hissəsi kimi qaldı. O cümlədən, ölkəmizin, guya, Qarabağ­da etnik təmizləmə siyasəti gerçəkləşdir­diyinə dair məqamlar da. 

Bəli, amerikalı senatorların Qara­bağ ermənilərinin hüquqlarının təminatı müstəvisindəki “fundamentallıq tələb­ləri”, haqqında söz açdığımız sərsəm baxışdan qaynaqlanmaqdadır. Sərsəmli­yin nəticəsidir ki, senatorların birgə mü­raciətlərində Ağ Evə ünvanlanmış ittiham da yer alıb. Sən demə, Birləşmiş Ştatlar administrasiyası bölgənin erməni əhalisi­nin geri qayıtmaq hüququnun olduğunu bildirsə də, mövcud istiqamətdə heç bir tədbir görməyibmiş. Başa düşmək ol­mur, ABŞ güclə onların yaşayış yerlərinə dönmələrini təmin etməli imiş? Rəsmi Vaşinqton nə deməli idi? Onun dediyini Azərbaycan dövlətinin təmsilçiləri də bil­dirirlər. Ancaq Ermənistan rəhbərliyi Qa­rabağ ermənilərinin ölkəmizin vətəndaşı olmalarını istəmir, onlara hesablanmış oyunlar qurur. Elə haypərəst senatorlar da həmin oyunların iştirakçılarıdırlar.

Əlbəttə, senatorların Ağ Evə ünvan­ladıqları mənasız kağız parçasının ən böyük həyasızlıq motivi, əvvəldə də vur­ğuladığımız kimi, artıq canını tapşırmış separatçı rejimin rəhbərlərinin həbsdən azad edilməsi ilə bağlıdır. Məktubda onla­rın hər birinin adı çəkilir. Maraqlı məqam budur ki, Ermənistan rəhbərliyi sırf bu məsələni irəli sürmür. Daha doğrusu, üs­tüörtülü qabardır. Axı baş nazir Nikol Pa­şinyan administrasiyasının təmsilçilərinin sabiq xunta rejiminin rəhbərlərindən zəh­lələri gedir, istəyirlər ki, separatçıbaşıları Bakı həbsxanalarında çürüsünlər. Görü­nür, bu istəyin ABŞ-dakı erməni lobbi və diaspor təşkilatlarının nümayəndələrinə heç bir aidiyyatı yoxdur. Necə deyərlər, onların öz havaları var. Hazırda Birləşmiş Ştatların senatorlarının həmin havalara, obrazlı desək, qol qaldırıb oynamaları isə son dərəcə miskin mənzərə forma­laşdırır. Çünki bəşəri dəyərlərlə aşkar manipulyasiyaya köklənmiş bu mənzərə beynəlxalq hüquq prinsiplərinə həqarət­dən başqa bir şey deyil. 

Ə.CAHANGİROĞLU
XQ

Siyasət